Müstəqil Azərbaycan dövlətinin banisi

 

2023 Heydər Əliyev İli

 

Heydər Əliyevin bacarıqlı dövlət başçısı, təcrübəli siyasətçi, Azərbaycan Respublikasının dövlətçiliyini möhkəmləndirən və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti Azərbaycan tarixində mühüm mərhələ təşkil edir.

 

Müasir Azərbaycan tarixini, onun hər bir səhifəsini ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. İstər keçmiş sovetlər birliyi dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanın qazandığı bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, onun qüdrəti, dühası dayanıb.

Bu dahi şəxsiyyətin analitik təfəkkürü və uzaqgörənliyi ictimai-siyasi  həyatın müxtəlif istiqamətləri və sahələri üzrə ümumiləşdirmələr aparmağı, dünyada gedən mürəkkəb prosesləri vaxtında təhlil  edərək onlardan öz xalqı və dövlətinin mənafeyi naminə  nəticələr çıxarmağa imkan vermişdir. Ölkənin, xalqın ən çətin anlarında həmişə ulu öndər Heydər Əliyevə ehtiyac duyulubo, üzərinə düşən tarixi missiyanı, ona bəslənilən ümidləri hər zaman doğruldub.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil dövlətinin təməlini qoymağa hələ ötən əsrin yetmişinci illərində respublikamıza rəhbərlik etdiyi dövrdən başlamışdır. Sovet imperiyasının tərkibində olduğu müddətdə respublikamızda milli-hərbi kadrların hazırlanması üçün hərbi məktəblərin açılması, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi, ölkənin iqtisadi potensialından səmərəli istifadə məqsədilə yüzlərlə zavod, fabrik və emal sexlərinin qurulması, müstəqil energetika sisteminin yaradılması, insanların mənzil şəraitinin yaxşılaşdırılması üçün geniş miqyasda yaşayış evlərinin tikilməsi və yeni qəsəbələrin salınması, Bakıda metro stansiyalarının inşasının sürətləndirilməsi, yeni təhsil, səhiyyə və mədəniyyət obyektlərinin istifadəyə verilməsi, milli-mədəni dəyərlərimizin qorunub saxlanması, təbliği və inkişafı Ümummilli Liderin fəaliyyətinin əsas leytmotivi, aparıcı istiqamətləri olmuşdur.

1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi Azərbaycan üçün yeni perspektivlər açdı. O, nəhəng  bir ölkədə baş verən ən ekstremal vəziyyətlərin aradan qaldırılmasına bilavasitə rəhbərlik etməsi sayəsində SSRİ-nin ən nüfuzlu  siyasi xadimlərindən birinə çevrilmişdir.

Müstəqilliyimizin ilk illərində bir tərəfdən torpaqlarımız erməni təcavüzkarları tərəfindən işğal olunur, ölkə siyasiiqtisadi böhran içərisində çabalayır, digər tərəfdən hakimiyyət uğrunda gedən aramsız savaşlar, qanunsuz silahlı dəstələr ölkəni uçuruma aparırdı. Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. 1992-ci ildə məhz Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. 1993-cü ildə xalqın xahişi və təkidi ilə Ümummilli Lider yenidən Bakıya qayıtdı və iyunun 15-də Ali Sovetin Sədri seçildi. Həmin gün çağdaş tariximizə  Milli Qurtuluş Günü kimi əbədi daxil oldu. Heydər Əliyev qısa müddətdə vətəndaş müharibəsinin və dövlət çevrilişlərinə cəhdlərin qarşısını qətiyyətlə aldı. O dövrdə müdrik rəhbərin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlərlə cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Bununla da respublika ərazisində stabil, normal həyat bərqərar olundu.

Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, ilk Milli Konstitusiyanın qəbulu, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin edilməsi və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevin xidmətləridir.

Ulu Öndər peşəkar siyasətçiyə və dövlət başçısına xas olan bütün keyfiyyətlərlə yanaşı, fitri istedada malik idi. Qarşıya qoyduğu məqsədə doğru qətiyyətlə irəliləyir, hesablamalarında yanılmır, atdığı hər hansı addımın nəticəsini qabaqcadan görə bilir, geniş auditoriyanı ələ almağı bacarırdı. Ümummilli lider Heydər Əliyev siyasi uzaqgörənliyi, dövlətçilik bacarığı, mətin iradəsi, dərin məntiqi, fenomenal yaddaşı və digər mühüm keyfiyyətləri ilə də hər bir insana gözəl nümunədir. O, tarixi perspektivləri qabaqcadan görmüş, ən çətin məqamlardan yeganə düzgün qərarlar qəbul etmək bacarığı ilə çoxlarını heyran qoymuşdur.

Müstəqillik illərində Azərbaycan Milli Ordusunun formalaşdırılması da məhz Heydər Əliyevin səylərinin nəticəsidir. Respublika Prezidenti Heydər Əliyevin Fərmanı ilə 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı. 1993-cü il noyabrın 23-də Milli Şura “Müdafiə haqqında” Qanun qəbul etdi. Ümummilli Lider həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan və Cənubi  Qafqazda ən güclü ordudur.

Ulu öndər Heydər Əliyev dünyanın aparıcı dövlətləri ilə münasibətləri tarazlaşdırmağa nail oldu. Ardıcıl, düşünülmüş xarici siyasət kursu Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən  sülhsevər ölkə imicini qazandırmışdır. Azərbaycan  bu gün həm regional, həm də beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak edir.

Ermənistanın Azərbaycana təcavüz etdiyini, soyqırımı və terror  siyasəti yürütdüyünü dünyaya çatdırmaq üçün xarici ölkələrə, o cümlədən BMT Təhlükəsizlik Şurasının  daimi üzvü olan dövlətlərə səfəri zamanı Heydər Əliyev yorulmadan diplomatik bacarığını işə salaraq Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırırdı, bununla da Ermənistanın təcavüzkar dövlət olduğunu Avropa Şurasında və digər beynəlxalq təşkilatlar, eləcə də əksər dünya dövlətləri tərəfindən etiraf olunmasına nail olmuşdur. Heydər Əliyev bütün dünya ictimaiyyəti qarşısında “Biz Dağlıq Qarabağ ermənilərinin iddialarına güzəştə gedərək, onlara dövlət müstəqilliyi verə bilmərik” prinsipini irəli sürdü.

1996-cı ilin dekabr ayında ATƏT-in keçirdiyi Lissabon sammitində Heydər Əliyev dünya birliyinə Dağlıq Qarabağ münaqişəsinin və ümumilikdə Qafqazda mövcud olan münaqişələrin yalnız ədalətli prinsiplər əsasında həll edilməsinin mümkünlüyünü qəbul etdirməyə nail oldu. 2001-ci ilin aprelində Ki-Uest şəhərində görüşdə Heydər Əliyev bir daha  Azərbaycan dövlətinin dəqiq mövqeyini bildirdi: “Prinsipial razılığa gəlmək üçün Ermənistan Dağlıq Qarabağa olan iddiasından əl çəkməlidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər”.

Ulu Öndər həm də ölkəmizdə demokratiyanın  banisi hesab olunur. Məhz onun hakimiyyəti dövründə demokratik dəyərlərə əsaslanan ilk Milli Konstitusiya qəbul edilmiş, ilk milli Parlament formalaşdırılmış, Azərbaycan tarixində ilk dəfə olaraq azad və ədalətli prezident seçkiləri keçirilmişdir.

Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsində milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyası olduqca xüsusi əhəmiyyət kəsb edir. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”, 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış Saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynadı.

Heydər Əliyevin dəmir siyasi məntiqi, cəsarəti, qətiyyəti və uzaqgörən siyasəti sayəsində ərsəyə gəlmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TRASEKA və digər beynəlxalq əhəmiyyətli layihələr Qafqazda sülhün, sabitliyin qorunmasını şərtləndirən əsas amillərə çevrildi. Heydər Əlirza oğlu Əliyevin adı Azərbaycanın çağdaş dövr tarixinə bu tarixin gerçək yaradıcısı kimi yazılıb.

Nə qədər ki, dünyada müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev yaşayacaqdır.

Ulu Öndərin siyasi kursu onun ən layiqli siyasi varisi, Azərbaycanın və regionun yeni lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün qloballaşan dünyanın tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətcə uğurla davam etdirilir.

Prezident İlham Əliyev lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. 2020-ci il 27 sentyabr - 10 noyabr tarixlərində baş verən İkinci Qarabağ müharibəsində Müzəffər Azərbaycan Ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadirunikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu  bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb və  Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən  inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq  siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

 

İradə Nuriyeva,

professor, siyasi elmlər doktoru,

Azərbaycan Dövlət Neft Sənaye

UniversitetiHumanitar fənlərkafedrası

 

İki sahil.- 2023.- 2 fevral.- S.4.