Aleksandr Puşkin Dərələyəzdə...
Qərbi Azərbaycanın
şöhrətli qonaqları
Böyük
şair, rus ədəbiyyatının banisi Aleksandr
Sergeyeviç Puşkin Qafqaza iki dəfə səyahət
etmişdir. Birinci dəfə çar hakimiyyətini və
hökumət məmurlarını həcv etdiyinə görə
1820-ci ildə xidməti təyinat adı ilə Rusiyanın cənubuna
sürgün edilən zaman, ikinci dəfə 1829-cu ildə.
Şair ilk səfərində yalnız
Şimali Qafqazın Mineral Sular yaşayış məntəqəsində
(sonralar Mineralnıye Vodı şəhəri) olmuş, ikinci
səyahətində isə daha cənuba - Qafqazın içərilərinə
doğru getmişdir. İkinci dəfəki səyahətində
şairin əsas məqsədi Tiflisdə Nijeqorod draqun polkunda
xidmət edən qardaşı Lev Sergeyeviçlə və
general İvan Paskeviçin Qafqaz korpusunda xidmət edən
tanışları ilə görüşmək idi. Draqun polkunun komandiri general
Nikolay Rayevski şairin gənclik dostlarından biri idi. Həmin
vaxt rus ordusu Türkiyəyə qarşı hərbi əməliyyatlarda
olduğu üçün Aleksandrın hərbçi
dostları ilə görüşü baş tutmamışdı.
İki həftə
- mayın 26-dan iyunun 10-na qədər Tiflisdə qalan
Puşkin böyük çətinliklə də olsa,
dostlarının köməyi ilə arzusunu həyata
keçirə bilmiş, döyüşən ordu ilə
Türkiyənin Ərzurum şəhərinə qədər
gedib çıxmışdı. 1829-cu ildəki Qafqaz və
Ərzurum səfərləri şairin
yaradıcılığında müstəsna rol
oynamışdır. O, buraya həm birinci, həm də ikinci
səyahətində Fazil xan Şeyda, Abbasqulu ağa
Bakıxanov və başqa azərbaycanlı ziyalılarla
tanış olub dostlaşmış, yol qeydlərində təzə
tanışları haqqında xeyli məlumat vermişdir.
Şair, həmçinin rus ordusunun tərkibində
döyüşən könüllülərdən ibarət
I Qarabağ müsəlman polkunun birinci yüzlüyünə
komandirlik edən və sonralar polkovnik rütbəsinə qədər
yüksəlmiş, bir sıra döyüş orden və
medalları ilə təltif olunmuş yüzbaşı Fərəculla
bəy Uğurlubəyovla və məşhur Cavanşir nəslinin
hərbçi nümayəndəsi, qəhrəmanlıq
nümunəsi göstərərək yaralı rus zabitini
döyüş meydanından çıxarıb təhlükəsiz
yerə aparan iyirmi yaşlı poruçik Fərhad bəylə
də yaxından tanış olmuşdu. Onların
döyüş meydanında göstərdikləri əsl cəsurluq
Aleksandrı vəcdə gətirmiş və o, hər ikisini
general Rayevskinin çadır-qərargahına dəvət edərək
bu qarabağlı igidləri alqışlamışdır.
"Ərzuruma səyahət" əsərində Aleksandr
Sergeyeviç Puşkin yazır: "İyulun 17-də səhər
biz yenidən atışma səsi eşitdik və iki saatdan
sonra Qarabağ polkunu gördük. Polkovnik Fərəculla bəy
daş qalaqları arxasında gizlənmiş düşmənlə
vuruşmuş və onları oradan çıxarıb
qovmuşdu. Süvarilərin komandanı Osman paşa güclə
xilas olmuşdu".
Şair
elə ordaca çox xoşuna gələn Fərhad bəyə
"Cəng şöhrətinə məftun olma"
adlı gözəl bir şeir
də həsr edir:
Uzaqlaş,
vuruşma, şan-şöhrətindən,
Sən ey
gözəl cavan, ey gözəl cavan.
Qarabağ
dəstəsi arasında sən
Qanlı
döyüşlərə girmə, atma can!
Bilirəm
ki, ölüm rast gəlməz sənə,
Qılınclar
içində əzrayıl görcək.
Hayıfı
gələcək belə bir hüsnə,
Ölüm
caynağından nicat verəcək.
Ancaq
döyüş vaxtı qorxuram ki, mən,
İtsin
sadəliyin, cəld hərəkətin.
Sənin əbədilik
çıxsın əlindən
Bu gözəl
camalın, abrın-ismətin.
Peterburqa
qayıdandan sonra Aleksandr Sergeyeviç Puşkinin şərəfinə
verilən ziyafətlərin birində o, dostlarına
özünün Ərzurum səyahətindən
danışır, Qafqazda gördüklərindən, azərbaycanlılarla
tanışlığından, hərb meydanlarında
şahidi olduğu şuşalıların igidliyindən heyrətlə
və məftunluqla söhbət açır, onların
döyüş səhnələrini təsvir edir. Məclisdə
iştirak edən Novikov familiyalı istedadlı bir rəssam
dostu şairin obrazlı təsvirindən istifadə edərək
dərhal Fərhad bəylə Fərəculla bəyin cizgi
portretlərini çəkib ona verir. Bu sənət əsərlərinin
çox uğurlu alındığını görən
şair rəsmlərin qəhrəmanlarına çox bənzədiyini
etiraf edərək şəkillərin altında öz xətti
ilə həmin azərbaycanlı dostlarının
adlarını yazır. Həmin şəkillər şairin
arxivində indi də qalmaqdadır. Onların surəti
çoxaldılaraq yayılıb.
Ərzurum
səfərindən geri döndükdən sonra Azərbaycanın
Dərələyəz mahalından keçib Tiflisə getmək
istəyən Puşkin Herher kəndindən keçərkən
İranda farslar tərəfindən tikə-tikə
doğranmış Rusiya səfiri Aleksandr Qriboyedovun cənazəsini
aparan müşayiətçi dəstə ilə
qarşılaşır. Dəstəyə İran
şahının vəliəhdi və sarayın yüksək
mənsəbli əyanları daxil idi. Onlardan nə baş
verdiyini soruşur və eşitdiklərindən dəhşətə
gəlir: onun yaxşı tanıdığı səfir
Qriboyedov və səfirliyin otuz yeddi əməkdaşı
öldürülüb tanınmaz hala
salınmışdılar. Qriboyedovu yalnız sol əlindəki
bir nişanədən tanıya bilmişdilər.
Yaddan
çıxarmayaq ki, səfir Qriboyedovun
özbaşınalıqları həddini aşmış, hətta
şaha və onun məmurlarına həqarət etməkdən
belə çəkinməmiş, yerli əhalinin kəskin
nifrətinin qazanmışdı. Onun əxlaqı aşan
saysız-hesabsız qudurğan hərəkətləri
müsəlmanların səbir kasasını
daşdırmışdı. O, İranda yaşayan 500 erməni
ailəsinin Dərələyəzə
köçürülməsinə
çalışmış və 1828-ci il sentyabrın 7-də
bu çirkin məqsədinə çatmışdı. Qeyd
etməliyik ki, İrandakı fəaliyyəti dövründə
gürcülərlə və ermənilərlə dostluq edir,
bərabər eyş-işrət məclisləri düzəldir,
onları vəzifələndirib öz ətrafında
saxlayır, müsəlmanlara isə sonsuz nifrətlə
yanaşırdı.
Dərələyəzdən
Tiflisə gedən Aleksandr Puşkin orada Qafqazı idarə edən
generallarla görüşmüş və onlara azərbaycanlı
dostları barədə ağızdolusu
danışmışdır. Yəni böyük şair
qısa ömründə hər zaman azərbaycanlılara
hörmət və məhəbbətini bildirmişdir. Lakin
ermənilərə saxladığı kini və nifrətini
də açıq şəkildə ifadə etmişdir:
"Sən qorxaqsan, sən qulsan, sən oğrusan,
çünki ermənisən!"
Bu
sözlərinə görə ermənilər Puşkini
hayların əbədi düşməni elan ediblər. O
vaxtdan hazırkı dövrə qədər Ermənistanda
onun ruhuna belə hörmətsizlik təlqin olunur, adı
heç yerdə çəkilmir. Bakıda isə
böyük şairin heykəli ucalır, abad küçələrdən
birinə onun adı verilib, əsərləri azərbaycan
dilinə tərcümə olunaraq kütləvi tirajla nəşr
olunub, əsərləri kitabxanalarımızda oxucuların
istifadəsinə verilib, ədəbi irsi istər orta, istərsə
də ali məktəblərdə tədris edilir, yəni, onun
xatirəsi dərin hörmətlə əbədiləşdirilib.
Xalqımızın dostu olan ölməz şair qəlbimizdə
əbədi yaşayacaqdır.
Vəli İlyasov
İki sahil.- 2023.- 2 fevral.- S.6.