Ulu öndər Heydər Əliyev irsi

xalqımızın milli sərvətidir

 

Tarix yazmış və adını tarixə əbədi yazdırmış xalqların inkişaf yolu müxtəlif, rəngarəng və özünəməxsus olması ilə fərqlənir. Daha dəqiq desək, tarix səhnəsində yüksəlişi ilə nümunə yaratmış-bəşəriyyətin mənəvi-siyasi xəzinəsinin zənginləşməsinə mühüm töhfələr vermiş hər bir xalqın öz inkişaf yolu, mütərəqqi, unikal və nümunəvi təcrübəsi var. Onların hər biri fərqli örnək və model kimi dəyərləndirilsə də, ümumi cəhət liderlik amili və ya lider fenomeni ilə birbaşa əlaqədardır. Tarixə səyahətin nəticələri və bugünkü reallıqlar deməyə əsas verir ki, güclü lider amili olmadan xalqın intibahını və rifahını, dövlətin inkişafını və yüksəlişini təmin və təsəvvür etmək olmaz. Elə çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının təcrübəsi də bu nəzəri tezisi və praktik reallığı birmənalı şəkildə təsdiqləyir.

İnkaredilməz həqiqətdir ki, xalqımız istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri ulu öndər Heydər Əliyevin və Onun ideyalarına sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik ənənələrinə, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan siyasəti nəticəsində Azərbaycanın tərəqqisinin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasının, ölkəmizin strateji zirvələr fəth edərək dünya miqyasında söz və nüfuz sahibinə çevrilməsinin sonsuz iftixarını yaşamışdır.

Məlumdur ki, müasir müstəqil Azərbaycanın xilası və quruculuğu məhz xalqımızın ulu öndəri Heydər Əliyevin adı ilə bağlıdır. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Azərbaycan xalqının və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən məhz ulu öndər Heydər Əliyev olmuşdur.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1969-cu ilin iyulun 14-də Azərbaycan KP MK-nın I katibi seçildikdən sonra respublikanın iqtisadiyyatında böyük irəliləyiş başladı. Xilaskarlıq ali dəyər olmaqla bərabər, bir insanın taleyinə yazılmış məsuliyyət yükü, eyni zamanda, qürur təzahürüdür. Tarixin çətin sınaqlarına sinə gərmək, bütün təzyiqlərə baxmayaraq, var etmək və yaşatmaq gücü hər kəsə məxsus keyfiyyət deyil. Çətin sınaqlarda möhkəmlənmiş, zəngin siyasi təcrübəyə malik olan dövlət xadimi ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı qarşısında həmin məsuliyyətli tarixi vəzifəni qəbul etmiş, böyük xilaskarlıq missiyasını dönmədən, qətiyyətlə həyata keçirmişdir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür. Bu baxımdan ulu öndər Heydər Əliyevin bu fikiri daim öz aktuallığını qoruyub saxlayır: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər Heydər Əliyev ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin inkişafı üçün tarixi işlər görüb. Elm, ədəbiyyat, incəsənət korifeylərinin yubileyləri keçirilib, adları əbədiləşdirilib, İttifaq miqyasında təbliği mexanizmi müəyyənləşdirilib. Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə öz liderinə inanır, əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını bilirdi. Tale 1993-cü ildə Azərbaycan xalqını növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi ulu öndər Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, diqqət və başqa cəhətlər də ümummilli lider Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi.

Eyni zamanda, xarici investorların cəlb edilməsi, böyük perspektivə malik neft-qaz kontraktlarının bağlanması ilə neft-qaz sənayesinin, qeyri-neft sektorunun inkişafı, bütövlükdə iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində də əməli işlər görülmüşdür.

1993-cü ilin oktyabrın 3-də Xalqın böyük əksəriyyətinin səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyevin olduqca düşünülmüş və milli maraqlara əsaslanan siyasətinə əsasən qısa müddətdə beynəlxalq müqavilələr imzalanıb ki, bunlar da respublikanın iqtisadi inkişafına güclü təsir göstərib. Bu gün xalqımız əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi uğurların nəticəsini yaşayır və faydalanır. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək, fədakarlıq, işgüzarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi fövqəl keyfiyyətlərdən məharətlə bəhrələnən ulu öndər Heydər Əliyev xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, müasir tariximizə dövlətçiliyimizin Xilaskarı, Qurucusu kimi daxil olmuşdur. O, bütün həyatı boyu eyni yüksək prinsipləri və amalları, mənəvi dəyərləri rəhbər tutmuşdur. Bütövlük, tamlıq, ardıcıllıq, ədalətlilik və prinsipiallıq onun xarakterinin mühüm cəhətləri idi. Ulu Öndərin Azərbaycan qarşısında xidmətləri haqqında günlərlə danışmaq, cildlərlə kitablar yazmaq olar.

Bizlər bu gün ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin parlaq nəticəsi olaraq Azərbaycanın davamlı inkişafının şahidlərinə çevrilməkdəyik. Milli-mənəvi irsimizin dəyərlərini özümüzə qaytarması, çoxəsrlik adət-ənənələrimizi yaşatması və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olması Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindəndir.

Ümumiyyətlə, Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən Zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır.

Ulu Öndərin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı olmuşdur. Müdrik dövlət xadimi Heydər Əliyev o zaman işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoymuş, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlərə başlanılmışdır. Böyük siyasətin sirlərinə dərindən bələd olan Ümummilli Lider bilirdi ki, torpaqların işğaldan azad olunması - tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün güclü dövlət konsepsiyasını reallaşdırmaq lazımdır. Bunun üçün isə strateji hədəfləri dəqiq müəyyənləşdirmək, xüsusi olaraq bir neçə istiqamətdə milli məqsədləri gerçəkləşdirmək gərəkdir. Bunlardan biri və birincisi ilk növbədə ölkə daxilində sabitlik və təhlükəsizlik mühitinin təmin olunması idi. Ümummilli Lider həm daxili siyasətdə mühüm tədbirlər həyata keçirməklə, həm də Azərbaycanın dövlətçilik mənafeyini beynəlxalq miqyasda strateji maraqlarla dəqiq uzlaşdırmaqla buna nail oldu. Paralel olaraq mütərəqqi iqtisadi inkişaf strategiyasının hazırlanması və uğurla tətbiq olunması da Azərbaycanın milli gücünün artırılmasında və hədəfə doğru inamla irəliləməsində mühüm rol oynadı. Bu kontekstdə “Əsrin müqaviləsi”nin imzalanması, beynəlxalq əməkdaşlıq platformasının yaradılması, xarici tərəfdaşlarla iqtisadi-ticari münasibətlərin təməlinin atılması və digər addımlar da xüsusi vurğulanmalıdır. Uğurlu ordu quruculuğunun həyata keçirilməsi də böyük Zəfərə gedən yolda xüsusi əhəmiyyət kəsb edən işlərdən biridir. Digər tərəfdən, Ümummilli Liderin beynəlxalq tədbirlərdə və qurumlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələrin və bəyanatların qəbul edilməsinə nail olması da ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə, diplomatik müstəvidə üstünlük qazanmasına xidmət göstərdi. Nəticə etibarilə Ulu Öndərin əsl müstəqillik qazanmaq, dövlətçilik ənənələrini bərpa etmək və milli inkişafa nail olaraq sabaha inamla addımlamaq missiyasını öz üzərinə götürməsi ilə Qurtuluşdan tərəqqiyə, tərəqqidən Zəfərə aparan yolun əsası qoyulmuşdur. Müstəqillik dövrünün sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini inşa etmişdir. Bütövlükdə, Azərbaycan tarixinin müstəqillik zirvəsi bilavasitə Ümummilli Liderin adı, siyasəti və ideyaları ilə bağlıdır. Heydər Əliyev siyasəti çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə, dövrün ictimai və siyasi qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi nəticəsində milli tərəqqinin Azərbaycan nümunəsi adlı fenomen yaranıb. Bu nümunə öz cəlbediciliyinə görə bütün dünyada maraqla öyrənilən, nüfuzlu reytinq agentliklərinin və tədqiqat mərkəzlərinin hesabatlarında yüksək dəyərləndirilən strateji model kimi xarakterizə olunur. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 19 ildən artıq müddət ərzində bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyətə malik nailiyyətlər əldə olunmuş, respublikamızın sosial-iqtisadi göstəriciləri mütəmadi olaraq yaxşılaşmış, beynəlxalq reytinqi artmışdır. Dövlət başçısının müəllifi olduğu milli inkişaf modelinin uğurla tətbiq olunması nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi sistem formalaşmış, bölgələrin davamlı və tarazlı sosial-iqtisadi inkişafı təmin edilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına xidmət edən kompleks xarakterli islahatlar kursuna start verilmişdir. Yeni siyasi konfiqurasiyanın formalaşdırılması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların atılması həm Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinə, həm də milli həmrəyliyin gücləndirilməsinə təkan vermişdir. Respublikamız ötən müddət ərzində bəşəriyyət üçün taleyüklü məsələlərin həllində mühüm rol oynamış, bu istiqamətdə əhəmiyyətli təşəbbüslər irəli sürmüş və sistemli fəaliyyət göstərmiş, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr vermişdir. Bununla yanaşı, bir zamanlar xəyal kimi görünən nəhəng enerji-nəqliyyat və infrastruktur layihələri dövlətimizin təşəbbüsü və liderliyi ilə reallaşdırılmış, dünyada iqtisadi sahələrdə etibarlı tərəfdaş imicini qazanmışdır. Bundan əlavə, Azərbaycan regional güc mərkəzinə və Cənubi Qafqaz bölgəsinin aparıcı dövlətinə çevrilmişdir. Bu gün Azərbaycan dünyada təkcə davamlı və dayanıqlı inkişaf yolu tutan müasir, demokratik ölkə kimi, tolerantlıq nümunəsi və multikultiralizm diyarı olaraq tanınmır. Ötən əsrin sonunda müstəqilliyini bərpa etmiş respublikamız, eyni zamanda, öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmiş, müsbət beynəlxalq imicə sahib və müasir dünya siyasətinin nüfuz iyerarxiyasında mütəmadi yüksəlişə malik prestijli dövlət olaraq səciyyələndirilir.

Qeyd etməliyik ki, 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış torpaqlarımızın şərəfli milli mübarizə, haqq-ədalət mücadiləsi nəticəsində əsarətdən xilas edilməsi, tarixi ədalətin bərpası və ölkəmizin ərazi bütövlüyünün təmin olunması ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Şübhəsiz ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına və separatizmin məhv edilməsinə nail olmuşdur. Əlbəttə, bu Zəfər salnaməsinin yaradılması, Qələbə dastanının yazılması, yəni mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və kəsişən strateji maraqların fonunda Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə müvəffəq olunması çox böyük hadisədir. Biz qürurla və iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və rəşadətli Azərbaycan Ordusunun erməni faşizmini məhv etməsi, işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunmuşdur. Bu, XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əzmini və peşəkarlığını göstərən çox mühüm faktdır. Amma, eyni zamanda, xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara müvafiq strateji kursun məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin etmişdir.

Nəticə etibarilə, milli maraqlara əsaslanan xarici siyasət kursunun, güclü iqtisadiyyat və ordu quruculuğunun həyata keçirilməsi, həmrəyliyin, xalq-lider birliyinin təmin olunması və Azərbaycanın imkanlarının milli hədəflər uğrunda məqsədyönlü şəkildə səfərbər olunması nəticəsində qazanılan böyük Qələbə ölkəmizi yeni strateji nailiyyətlərə və zirvələrə aparır. Postmüharibə dövründə məqsədyönlü milli fəaliyyət bir neçə istiqamətdə sistemli şəkildə ardıcıl olaraq davam etdirilir. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdışın qısa müddətdə və yüksək səviyyədə təmin olunması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilərək bu istiqamətdə müvafiq işlər görülür. Digər hədəf Azərbaycanın yaratdığı reallıqlar əsasında Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Bu, siyasi, hərbi-strateji baxımdan mühüm əhəmiyyətə malik olmaqla yanaşı, iqtisadi cəhətdən də faydalı və perspektivlidir. Yeni şəraitdə geosiyasi və geoiqtisadi işbirliyi imkanları təkcə bölgə xalqları və dövlətləri üçün deyil, bir çox dövlətlər, o cümlədən regional və beynəlxalq güc mərkəzləri üçün də mühüm dividendlər vəd edir. Xüsusilə də Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası geniş formatda əməkdaşlıq imkanlarının formalaşması, Azərbaycan başda olmaqla çoxşaxəli işbirliyində maraqlı olan dövlətlərin mühüm iqtisadi mənfəət qazanması deməkdir. Bütün bunlar isə Azərbaycanın milli tərəqqisində yeni mərhələnin başlanmasıdır. Prezident İlham Əliyev bütün bu məsələlərin həll olunmasında, strateji hədəflərin reallaşdırılmasında güclü iradə nümayiş etdirir, qətiyyətli mövqe sərgiləyir. Reallıqlar və proseslər isə Azərbaycanın öz strateji hədəflərini addım-addım gerçəkləşdirir.

Beləliklə,  son olaraq qeyd etməliyik ki, əgər ulu öndər Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycandırsa, Ümummilli Liderin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyevin şah əsəri isə ulu öndər Heydər Əliyevin ideyalarının məntiqi nəticəsi olan  44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, ərazi bütövlüyünün bərpası və qüdrətli Azərbaycandır.

 

Bəxtiyar Nəbiyev,

YAP Yasamal rayon təşkilatının sədri

 

İki sahil.- 2023.- 8 fevral.- S.5.