Yurd həsrəti bitəcək!

 

Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması məsələsi zamanın tələbidir və bu, ermənilər üçün qaçılmaz reallıqdır

 

Son iki yüz ildə qərbi azərbaycanlılar ermənilər tərəfindən dəfələrlə deportasiya və soyqırımına, mənəvi repressiyalara məruz qalmış, dədə-baba yurdlarını tərk edərək dünyanın müxtəlif yerlərinə səpələnməyə məcbur olmuşlar.

Bu proses 1905-1906,1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Çar Rusiyasına, sonrakı dövrlərdə Sovet hökumətinə arxalanan ermənilər Qərbi Azərbaycan torpaqlarını hissə-hissə zəbt etməklə, aborigen əhalini – azərbaycanlıları deportasiya və soyqırımına, mənəvi repressiyalara məruz qoymaqla kifayətlənmədilər. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib. Mənəvi xəzinəmizə uzanan məkrli erməni əlləri vaxtında kəsilmədiyindən folklorumuza, etnoqrafiyamıza, toponomiyamıza, mədəniyyət və incəsənətimizə ağır zərbələr vuruldu.  

Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsi Cənubi Qafqaz regionunda yeni siyasi reallıqlar yaratdı. İlk növbədə, Ermənistanın hərbi mifi darmadağın oldu. Ən əsası, erməni hərbi bandalarının 30 il işğalda saxladıqları torpaqlarımız azadlığına qovuşdu. Bunun ardınca, Azərbaycandan zorla qoparılıb Ermənistana birləşdirilən Zəngəzur ərazisindən dəhlizin verilməsi məsələsi siyasi gündəliyə daxil edildi.

Ermənistan rəhbərliyi unut­mamalıdır ki, onların bu gün sahib olduqları dövlət Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, bizim tarixi şəhərimiz olan İrəvanın ermənilərə güzəşt edilməsi nəticəsində mümkün olmuşdur. Bəli, tarixi olduğu kimi demək lazımdır. Son vaxtlar Zəngəzurdan əlavə, Vedibasardan, Zəngibasardan, İrəvandan, Dərələyəzdən, Göyçədən qo­vulmuş azərbaycanlıların öz doğma torpaqlarına qayıtması məsələsi prinsipial şəkildə qal­dırılır və bunun üzərində ciddi iş gedir. Müzəffər Ali Baş Ko­mandan, Prezident İlham Əliyev Qərbi Azərbaycanda boş qal­mış, xarabazara çevrilmiş yurd yerlərimizə qayıdışın təmin edilməsi ilə bağlı məsələləri ciddi tapşırıq kimi qarşıya qoyur. Qərbi Azərbaycan İcması təmsilçiləri ilə görüşdə bu məsələ strateji vəzifə kimi müəyyənləşdirildi. Heç bir qüvvə Qərbi azərbaycanlıların hüquqlarının bərpasının və doğma torpaqlara qayıtmasının qarşısını ala bilməz. 2022-ci il dekabrın 24-də Müzəffər Ali Baş Komandanımızın Qərbi Azərbaycan İcmasının bir qrup ziyalısı ilə görüşündə söylədiyi giriş və yekun nitqi bütün  Qərbi azərbaycanlıların sızlayan tarixi yaralarına məlhəm oldu.

Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə sözügedən tarixdəki görüşündə dövlət başçısı İlham Əliyev onu da vurğulamışdı ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur: "Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də, tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır".

Dövlət başçısının həmin mühüm tapşırığının üzərindən ötən bir aylıq qısa müddət ərzində indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi ilə bağlı Qayıdış Konsepsiyası hazırlanaraq təsdiqlənib və ictimaiyyətə təqdim olunub.

Bu konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün "Qərbi Azərbaycan İcması"nın (İcma) həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Konsepsiyada vurğulanıb ki, qayıdış prosesi qərbi azərbaycanlıların qovulmadan əvvəlki məskunlaşma konfiqurasiyasını bərpa etməlidir. Qovulmuş azərbaycanlıların qayıdış zamanı müxtəlif bəhanə və hüquqi fəndlərlə pərakəndə səpələnməsi cəhdləri irqçiliyin bir forması və reinteqrasiyaya mane olan zərərli yanaşma kimi rədd ediləcək. Bu prinsipdən yayınma ancaq aidiyyəti şəxslərin sərbəst iradəsi və razılığı əsasında baş verə bilər.

Konsepsiyada əks olunub ki, indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsini beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən, hüquqi baxımdan məcburi olan, müvafiq verifikasiya və zəmanət mexanizmini ehtiva edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir.

Eləcə də icma qayıdış prosesini nizamlı və effektiv şəkildə həyata keçirmək məqsədilə müvafiq beynəlxalq icraçı tərəfdaş tapmaq üçün səy göstərəcək. Bu tərəfdaşın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının olmasına üstünlük veriləcək.

Qərbi Azərbaycanda ermənilərin törətdikləri vandal­lıqları, tarixi, dini və mədəni abidələrin necə məhv edildi­yini dünya ictimaiyyəti olduğu kimi bilməlidir. Biz öz ədalətli mövqeyimizi dünyaya çatdır­maqla Qərbi Azərbaycana qayıdışımızı təmin etməliyik. Qərbi Azərbaycan torpaqları üzərində süni şəkildə yaradılan Ermənistan dövləti bilməlidir ki, bu torpaqların əsl sahibləri on­lar deyil və əgər mövcudluqları­nı saxlamaq istəyirlərsə, həmin torpaqları vaxtilə qovduqları əsl sahiblərinə qaytarmalıdırlar.

"Ermənistan Respublikası özünün milli hüquqi çərçivəsini azərbaycanlı icmasına əlçatan etməli, azərbaycanlıların bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etmək məqsədilə özünün qanunvericiliyinin təkmilləşdirilməsi üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində icma ilə konstruktiv dialoqa başlamalıdır", - deyə konsepsiyada qeyd olunub.

Soydaşlarımızın təhlükəsizliyinin təmin olunması məsələsi də sənəddə yer alıb. Bildirilib ki, Ermənistan hökumətinin azərbaycanlı əhaliyə qarşı etnik əsaslarla genişmiqyaslı və sistematik zorakılıq törətmiş olması səbəbindən icma təhlükəsizlik məsələlərində bu dövlətə etibar etmir və ona görə də müvafiq mandatla və qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət beynəlxalq təhlükəsizlik missiyasının qayıdış olacaq ərazilərə yerləşdirilməsini zəruri hesab edir.

Qayıdış konsepsiyasında mülkiyyət məsələləri, reinteqrasiya və reabilitasiya, mədəni irsin bərpası və qorunması, etnik icmalararası barışıqla bağlı məsələlər də hərtərəfli əks olunub.

Məhz Prezident İlham Əliyevin diqqəti və konseptual tövsiyələri əsasında Qərbi Azərbaycandan olan soydaşlarımızın təşkilatlanması, Qərbi Azərbaycan İcmasının yaradılması, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın qəbul edilməsi əsrlər boyu doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın tarixi torpaqlarımıza qayıdışını şərtləndirən mühüm amillərə çevrilməkdədir. Bu baxımdan Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin yanvarın 31-də BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur.

Müraciət BMT-nin bütün rəsmi dillərində adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Bu isə azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması baxımından zəruriliyinin beynəlxalq müstəvidə təsdiqidir.

Qeyd edək ki, sözü gedən müraciətdə Qərbi Azərbaycan İcması tərəfindən BMT-yə üzv olan dövlətlərdən, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin olunmasına yardım göstərməyi xahiş edilir. Qərbi Azərbaycan İcmasının müraciətinin BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılması ciddi tarixi nailiyyət və Azərbaycanın beynəlxalq platformada böyük nüfuzunun göstəricisidir.

Qərbi azərbaycanlılar nə qədər ağır məhrumiyyətlərə, etnik təmizləmələrə, görünməmiş məşəqqətlərə düçar olsalar da, heç vaxt ümid və inamlarını itirməyiblər. Çünki dövlətimizin başçısının qətiyyəti və əzmi sayəsində cəmi 44 gün ərzində torpaqlarını işğaldan azad edərək Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı gerçəkləşdirən Azərbaycan dövləti indi də qərbi azərbaycanlıların öz doğma torpaqlarına qovuşmaları üçün məqsədyönlü siyasət və təşkilatlanma işi həyata keçirir. Əminik ki, tarixi ədalətin bərpasına yönəlmiş bu qətiyyətli siyasət tezliklə  bəhrəsini verəcək və Qərbi Azərbaycandan olan soydaşlarımızın da yurd həsrəti bitəcək.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2023.- 8 fevral.- S.6.