İlahi, bu nə vəhşət, bu nə dəhşət...

 

31 ildir unudulmayan acılar, sağalmayan yaralar, kabus dolu “yuxular”, yarımçıq qalan insan taleləri Xocalı  soyqırımının silinməz izləridir

 

XX əsrin faciəsi olan  Xocalı qətliamının törədilməsindən 31 il ötür. Xocalıda dinc əhalinin heç bir fərq qoyulmadan qətlə yetirilməsi Ermənistanda dövlət səviyyəsində həyata keçirilən azərbaycanlılara qarşı etnik nifrət və dini ayrı-seçkilik siyasətindən irəli gəlir. Xocalı qətliamı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın ozamankı rəhbərliyinin üzərinə düşür. Bütövlükdə, Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa soyqırımları ilə bir sırada dayanır.

Xocalının strateji hədəf seçilməsi və şəhər sakinlərinə qarşı soyqırımının həyata keçirilməsi təsadüfi deyildi. Xocalı coğrafi mövqeyinə görə olduqca mühüm əhəmiyyət kəsb edirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Şəhərin strateji önəmini artıran növbəti amil isə bu idi ki, Qarabağdakı yeganə aeroport da burada yerləşirdi. Məhz bu, Ermənistanın Xocalıya təcavüzünü şərtləndirən geostrateji amil çıxış edirdi.

Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Ulu öndər Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması daim Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban  xanım Əliyevanın da müstəsna xidmətləri var. Fond Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Məqsəd bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsidir. Fondun dəstəyi  hazırlanan “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər xaricdə yayılır.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən, 2009-cu ilin fevralında fəaliyyətə başlayan və hazırda uğurla davam etdirilən "Xocalıya ədalət!" beynəlxalq informasiya və təşviqat kampaniyası da Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq, qətliama beynəlxalq səviyyədə mənəvi-siyasi qiymət verilməsinə və bu soyqırımının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Bunun nəticəsi olaraq, 2010-cu ilin yanvar ayının 31-də İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İKT Pİ) 51 ölkənin parlament heyətləri başçılarının iştirakı ilə keçirilən VI sessiyasında qətnamə qəbul edilib. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "İnsanlığa qarşı cinayət" kimi qiymət verilib. Qətnamədə "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapıb. Qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımını "İnsanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir.

Yeri gəlmişkən,  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının “Erməni əsirliyində: işgəncə və qətl anatologiyası “ nəşrində  Xocalı soyqırımı zamanı əsir və girov  götürülmüş insanların ifadələrindən müvafiq çıxarışlar dərc olunub. Həmin nəşrdə Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış ərazilərinin işğalı zamanı əsir-girov götürülmüş, onlara qarşı münasibətdə bütün insani dəyərlər və beynəlxalq humanitar hüquq normaları pozulmuş şəxslərin bir qisminin ifadələri toplanmışdır. Bu ifadələri təqdim edərək, onların müəlliflərinə qarşı ən alçaldıcı cinayətlər törətmiş Ermənistan silahlı qüvvələri hərbçilərinin, erməni terrorçu-quldur birləşmələrinin və nəhayət, Ermənistanın siyasi-cinayətkar rejiminin mühakiməsini beynəlxalq ictimaiyyətin öhdəsinə buraxırılıb.

Sözügedən nəşrdə dərc edilən çıxarışlarda soyqırımı şahidlərindən bəzilərinin  ifadələrini təqdim edirik: 

Abbasîv Aydın Mehdi îğlu - 1932-ci ildə Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuşdur. 17 fevral 1992-ci il tarixdə girov götürülmüş, 31 mart 1992-ci ildə azad edilmişdir. Yaşadıqları Xocavənd rayonu, Qaradağlı kəndi 17 fevral 1992-ci il tarixdə Ermənistan silahlı birləşmələri və terrorçu-quldur dəstələri tərəfindən işğal edilərkən adi silahlarla müdafiə olunan 117 nəfər kənd sakini ilə birlikdə girov götürülmüşdür. Girovluqda saxlanıldığı müddətdə Ermənistan hərbçiləri adi mismar kəlbətini ilə ağzındakı bütün dişlərini çıxarmışlar. Gün ərzində müntəzəm olaraq huşunu itirənə qədər döymüşlər. Ayaq barmaqlarının arasına qaynar dəmir parçası qoyub barmaqlarını möhkəm sıxaraq kəndirlə bağlamış və uzun müddət bu vəziyyətdə saxlamışlar. Antisanitar şəraitdə saxlanıldıqları yerdə saqqalları uzandığı üçün əsir-girovları döyə-döyə bir-birinin saqqalını əlləri ilə yolmağa məcbur etmişlər.

Abbasova Humay Müseyib qızı - 1930-cu ildə Azərbaycan Respublikasının Xocalı şəhərində doğulmuşdur. 1992-ci ilin fevral ayının 25 də girov götürülmüş, mart ayının 2-də azad edilmişdir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbçiləri Xocalıya hücum edən zaman o, həyat yoldaşı Ümidvar ilə evdə, oğlanları Taleh və Vəliyəddin isə Xocalı şəhərini müdafiə etmək üçün postlarda olmuşlar. Əhalinin bir hissəsi ilə birlikdə onlar da yaxınlıqdakı beşmərtəbəli binanın zirzəmisinə girmişlər. Orada xeyli Xocalı sakini olmuşdur. Bir müddət zirzəmidə qaldıqdan sonra artıq gözləməyin mənasız olduğunu görüb meşəyə doğru qaçmışlar. Yolun kənarında və meşənin içində xeyli meyitlər var imiş. Onlar meşə ilə qaçarkən meyitlərin üstündən atılıb keçməli olurmuşlar. Bir müddət meşədə gizləndikdən sonra Əsgəran rayonu tərəfə getməyə məcbur olmuşlar.

Bu vaxt qaçanları görən Ermənistan hərbçiləri onları girov götürmüşlər. Əvvəlcə girovları qarət etmiş, pullarını və sənədlərini zorla almış, kişiləri döyməyə başlamışlar. Onun həyat yoldaşı Ümidvarın çənəsini qırmışlar. Sonra girovları maşınlara doldurub Əsgərana aparmışlar. Yolda maşını saxlayıb iki sakini öldürərək, qollarını bədənlərindən ayırmışlar. Sonra bir neçə cavan oğlanı da maşından düşürüb avtomatla güllələmişlər. Digərlərini isə yenidən maşına mindirib Əsgərana aparmışlar. Orada kişiləri ayrı, qadınları ayrı kameralara salmışlar. Ermənilər girovları rezin dəyənəklə, təpik və avtomatın qundağı ilə vəhşicəsinə döymüşlər. Cavan qız-gəlini aparıb zorladıqdan sonra gətirmişlər. Camaata dözülməz əziyyət və işgəncələr vermişlər. Ermənilər ac-susuz qalan uşaqların davamlı ağlamasına da əhəmiyyət vermir, yaşlı qadınları da döyür, təpikləyirdilər. Girovluqdan azad olunandan sonra xeyli vaxt özlərinə gələ bilmir, hamısı dəhşət, qorxu və stresdən keyləşmiş, şok vəziyyətində olmuşlar. Humay gecələr qorxudan yata bilmirdi. Gözünü yuman kimi o qorxunc hadisələr gözləri önünə gəlir, qışqırıb ayılırdı.

Şahidlərin həmin dəhşətli gecəni xatırlayaraq danışdıqlarını oxuduqca Xocalı soyqırımının qurbanlarının yaşadıqları dəhşət insanın nəfəsini kəsir. Həmin gecə göylərə ucalan məsum körpələrin fəryadı, günahsız anaların, bacıların, gəlinlərin ah-naləsi, çarəsiz ataların, ərlərin, qardaşların qəzəbli nərələri, tükürpədən hayqırtıları qulaqlarımızdan getməyəcək, boğazımızda düyün düşən əbədi qəhər, ürəyimizdə kəsmək bilməyən göynərti kimi qalacaq. Mənfur düşmənin Xocalıda yaşatdıqları insanlıq ayıbı, bəşər övladının xəcalət yerlərindən biridir, namərd qonşu xəyanətidir, kürəyə saplanan zəhərli xəncər, ən alçaq və namussuz təcavüzdür. Bu ləkəni ermənilər heç vaxt əllərindən, üzlərindən, vicdanlarından yuya bilməyəcəklər...

Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü. Xalqı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Amma hiyləgər və amansız düşmənin niyyətləri baş tutmadı. Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala son qoydu. Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına, yeni işğalçılıq planlarına birdəfəlik son qoydular və xalqımızın tarixinə parlaq Qələbə yazdılar. Haqq-ədalət bərpa olundu. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçıları var idi. Bu vandalların məhv edilməsi ilə bu dəhşətli faciənin günahsız qurbanlarının qisası alındı. Xocalıda, eləcə də Qarabağın digər ərazilərində həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir!.. Təsəllimiz Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatan 44 günlük savaşla alınan qisasımızdır.

Bu gün biz XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkənin vətəndaşları, qalib xalq kimi ziyarət edirik. Bəli, düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Xocalı soyqırımı qurbanlarının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.  Hər il ölkəmizdə, eləcə də Azərbaycanın sərhədlərindən kənarda Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir, şəhid olmuş qəhrəmanların xatirələri anılır. Hər il soyqırımı qurbanlarının əziz xatirəsinin ümumxalq səviyyəsində yad edilməsi onu göstərir ki, Xocalıda ermənilərin həyata keçirdikləri dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacaq, bu qətliamı həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlar. Xocalı faciəsinin qurbanlarını milli yaddaşımıza həkk edir və onların xatirəsini ehtiramla yad edirik. Allah rəhmət eləsin!

Yazımı Şərqin böyük mütəfəkkiri Sədi Şirazinin məşhur kəlamı ilə bitirmək istəyirəm:

“Ermənidir yer üzünün Əhriməni,

İnsanlığın düşmənidir, düşməni.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2023.- 17 fevral.- S.7.