Heydərbaba,
ildırımlar şaxanda…
M.Şəhriyarın “Heydər babaya
salam” əsərinin Azərbaycan dilində yazılması o
dövrdə böyük inqilab idi
Böyük Azərbaycan şairi Məhəmmədhüseyn
Şəhriyar-əsl adı Seyid Məhəmməd Hüseyn
Behcəti Təbrizi 1906-cı ildə Cənubi Azərbaycanın
Təbriz şəhərinin Bağmeşə bölgəsində,
o zamanın tanınmış hüquqşünaslarından
Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir.
Məşrutə inqilabı illərində ailəsi Şəhriyarı
Heydərbaba dağının ətəyində yaşayan nənəsinin
yanına yollayır. İnqilab yatışandan sonra o, ailəsinin
yanına geri qayıdır.
İlk təhsilini
Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində
alan M.Şəhriyar Tibb kollecində təhsil aldıqdan sonra
Xorasanda, daha sonra yenidən Tehranda notarius və bank işlərində
çalışır.
M.Şəhriyarda
ədəbiyyata maraq uşaqlıqdan var idi. Bu sahədə
peşakarlaşmasında valideynlərinin az rolu
olmamışdır. Hələ uşaq yaşlarında Hafiz
Şirazinin, böyük Azərbaycan şairi Məhəmməd
Füzulinin qəzəllərini oxuyur və onlardan bəhrələnir.
O, 7 yaşından azərbaycanca, 9 yaşından farsca
şeirlər yazırdı. Şəhriyar gənc
yaşlarından artıq istedadlı şair kimi
tanınırdı. Məhəbbət lirikasının
böyük korifeyləri Hafiz və M.Füzulinin qəzəlləri
ilə müqayisəyə qadir olan sevgi şeirləri,
dünya həyatının mahiyyəti barədə fəlsəfi
düşüncələri əks etdirən hikmətli qəsidələri,
real həyat müşahidələrinin məhsulu kimi yaranan
lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan
şeirinin ən yüksək zirvələri sırasına
ucaldan, ilk növbədə onun vətənpərvərlik
duyğuları aşılayan, milli həmrəylik ideyasını
təbliğ edən əsərləri olmuşdur. M.Şəhriyar
klassik şeirin bütün şəkillərində
yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl,
qəsidə, məsnəvi, qitə və rübailərlə
zənginləşdirmişdir.
M.Şəhriyarın
ilk şeirlər kitabı 1931-ci ildə Tehranda nəşr
olunub. Kitab xalqın məhəbbətini qazanıb.
Çünki Şəhriyar özü də ağır, məşəqqətli
həyat keçirmişdi. Atası öləndən sonra on nəfərdən
ibarət böyük bir ailəni o saxlamalı olmuşdu. Buna
görə də şair hələ çox gənc
yaşlarından işləmiş və hər cür əzab-əziyyətə
qatlaşmışdı. Elə buna görə də Şəhriyar
xalqının dərdi-sərinə, ehtiyac və istəklərinə
dərindən bələd olan şair idi.
Şeirlərinin
əksəriyyətini farsca yazan şairə bir gün
anası deyir: “Oğlum, analar dilsiz uşaqlarını belə,
dilindən anlayırlar. Sən şeirlərini hansı dildə
yazırsan ki, mən onlardan bir şey anlamıram?” Doğma
anasının bu sözləri şairə təsir etdi, o
sanki yuxudan ayıldı. Çox keçmədi ki, Şəhriyar
özünün dillər əzbəri olan “Heydərbabaya
salam” əsərini yazdı. Sonralar böyük ustad
deyirmiş ki, “Heydərbabaya salam” əsərini yazana qədər
elə bil ürəyimdə bir tikan ilişib
qalmışdı. Nədən yazsam da, necə yazsam da,
ürəyimdən bu tikan çıxmırdı ki,
çıxmırdı.
“Heydərbabaya
salam” əsəri əslində bütöv Vətən
haqqında bir dastan idi. Bildiyimiz kimi, Heydərbaba dağ
adıdır və Şəhriyarın uşaqlığı
bu dağın ətəklərində-ata-baba yurdunda
keçmişdi. Bu poema Şəhriyara böyük
şöhrət gətirdi. Bu əsər, eyni zamanda, Cənubi
Azərbaycanda anadilli ədəbiyyatın, xüsusilə
şeirin inkişafına geniş yol açdı. “Heydərbabaya
salam” əsəri dünyanın əksər dillərinə tərcümə
olunmuşdur. O, dünya şeir sənətinin zirvəsinə
ucalmışdır. Cənubi Azərbaycanda hələ dahi
şairin sağlığında 7 mart “Şəhriyar
günü” elan olunmuşdu. Təbriz məktəblərindən
birinə, Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin
böyük salonuna şairin adı verilmişdir.
Mehdi
Rövşənzəmir poema haqqında yazırdı: “Heydərbaba
dağı bir gün yerlə-yeksan ola bilər, yer üzərindən
silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan
xalqının həssas qəlbi döyünür, Şəhriyarın
bu şeri nəsildən-nəsilə ötürüləcək
və yaddaşda qalacaqdır”.
M.Şəhriyarın
şeirləri xalqın istəyini, arzusunu ifadə edirdi.
Böyük şairi ən çox narahat edən,
düşündürən ana Vətənin, doğma
xalqının ikiyə parçalanması idi. Şəhriyar
Arazı iki qardaş arasında çəkilən pərdəyə
bənzədirdi. Dostları Şəhriyarı İranın
paytaxtı Tehrana dəvət edirdilər. O, dəvəti qəbul
edib Tehrana gəlmiş, bir neçə il paytaxtda
dostlarının himayəsində yaşamışdı.
Tehran həyatı, bu nəhəng şəhərdə
yaşayan şair və yazıçıların təşkil
etdikləri ədəbi-mədəni dərnəklər Şəhriyarın
yaradıcılığında yeni səhifə
açdı.
Şəhriyar
doğma vətəni Azərbaycanı böyük məhəbbətlə
sevirdi. 1979-cu ildə Tehranda ustad M.Şəhriyarın
arzularına qanad verən Azərbaycan dilində “Varlıq”
adlı bir jurnal nəşr olundu. Jurnalın
yaradıcısı və baş redaktoru dünya şöhrətli
cərrah, tarixçi, alim, doktor Cavad Heyət idi. Şair
jurnalın ilk sayını böyük sevinclə
qarşılayaraq çox keçmədən özü də
onun əməkdaşına çevrilir.
M.Şəhriyar
azərbaycanlı şair və yazıçılarla tez-tez məktublaşır,
yazışır. Böyük şair Molla Pənah Vaqifin 250 illik
yubileyinə gəlməyi planlaşdırsa da, fars
şovinistləri buna mane olurlar. Azərbaycan
Yazıçılar Birliyi onun Bakıya gəlişi
üçün dəvətnamə göndərir. Amma dəvətnamə
M.Şəhriyara yox, başqa birinə çatır. Bu səbəbdən
də Şəhriyar çox arzulasa da, Azərbaycana gələ
bilmir. Onun gələ bilməməsindən məyus olan həmkarı
Məmməd Araz “Gəlmədi” adlı şeir də
yazır.
M.Şəhriyar
uzun sürən xəstəlikdən sonra 1988-ci il
sentyabrın 18-də 82 yaşında Tehranda vəfat edir.
Böyük ustad öz vəsiyyətinə görə Təbrizdəki
Surxab qəbiristanlığında “Məqbərətüş-şüəra”-
“Şairlər məqbərəsi”ndə dəfn edilir.
Böyük
Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın
xatirəsi xalqımızın yaddaşında daim
yaşayacaq.
Heydərbaba, ildırımlar şaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə…
Zahid Rza
İki sahil.- 2023.- 22
fevral.- S.2.