Bugünkü qüdrətli, yenilməz Azərbaycanın
bünövrəsi 1969-cu il 14 iyul tarixində qoyulub
Azərbaycanın bugünkü uğurlarının
başlanğıc nöqtəsi
olan 14 iyul 1969-cu il tarixindən 54 il keçir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə
gəldiyi bu tarix ölkəmizin qarşısında geniş
üfüqlər açdı.
Dövlətimizin başçısının
2023-cü ilin “Heydər
Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncamında qeyd olunduğu kimi, Azərbaycana rəhbərliyinin
birinci dövründə
Ümummilli Lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı,
polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində,
uzaqgörən və
məqsədyönlü qərarları
ilə çox qısa müddətdə
respublikamızda sosial-iqtisadi,
elmi-texniki və mədəni sahələrin
inkişafında böyük
sıçrayışa nail
olmuşdur.
Tarixi hadisələr göstərdi ki, Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi sabitliyin, milli-mənəvi dəyərlərə bağlılığın, milli şüurun formalaşmasının qərinədən artıq bir dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayan Ulu Öndər imperiyanın təsir və təzyiqlərinə baxmayaraq, respublikamıza intibah dövrünü yaşatdı. Ondan sonrakı illər tariximizə Heydər Əliyev dövrü, xalqımızın milli özünüdərkinin, özünəqayıdışının başlanğıcı kimi xarakterizə olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Qeyd edilib ki, həmin illərdə ölkədə neft sənayesi, neftmaşınqayırma, elektronika sahəsi inkişaf etdirildi, yeni texnologiyalar əsasında təkmilləşdirilən, keçmiş İttifaq əhəmiyyətli kondisioner zavodu kimi onlarla iri sənaye müəssisələri şəbəkəsi yaradıldı. Cəmşid Naxçıvanski adına məktəbi yaratmaqla milli hərbi, elmi kadrların yetişdirilməsinə inkişafın təməl prinsipləri kimi diqqət yetirən Ulu Öndər gənc mütəxəssislərin ixtisaslara yiyələnməsini təmin etmək üçün önəmli addımlar atdı. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gəncləri müxtəlif ixtisaslara yiyələnmələri üçün keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil islahatlarının əsasını qoyması idi. Bu yolla Azərbaycanın elmi və kadr potensialı təmin olunduğu kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.
Diqqətə çatdırılıb ki, məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının ən gözəl nümunələri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük intibah olan bir sıra memarlıq nümunələri ilə paytaxtın və bölgələrin simasını dəyişən, milli arxitekturamızın cizgilərini əks etdirən binalar istifadəyə verilmişdir. Ulu Öndər Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını düşünərək, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün gördüyü mühüm işlərdən biri Azərbaycanın xarici ölkələrlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi səylər idi. Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlərin, xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin təşkili ölkəmizin digər dövlətlərlə və orada yaşayan azərbaycanlılarla əlaqələrin qurulması üçün zəmin yaradırdı.
V.Rəhimzadə bildirib ki, hakimiyyətə gəldiyi ilk günlərdən Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi diqqət mərkəzində idi. Məhz bu səbəbdən Ulu Öndərin ciddi səyi ilə Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr və şərait baxımından sözün əsl mənasında qətiyyət və siyasi iradə tələb edən belə bir addım Ümummilli Lider tərəfindən məhz müstəqillik naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, klassiklərin keçmiş İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliği milli dövlətçiliyimizin ideya təməli, dövlətçilik siyasətinin başlıca istiqamətləri kimi diqqətdə saxlanılırdı.
YAP Xətai rayon təşkilatının sədri o illərin reallıqları fonunda bu mühüm məqamı xüsusi qeyd edib ki, Ümummilli Liderin xidmətləri sayəsində Xəzər dənizində perspektivli yataqların kəşfi istiqamətində aparılan tədqiqat işləri sürətləndi. Bakı dərin özüllər zavodunun tikintisinə başlanıldı. Neft sənayesinin prioritetliyi Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra “Əsrin müqaviləsi”nin imzalanması istiqamətində göstərdiyi səylərdə özünün aydın ifadəsini tapdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, dərin tənəzzülün qarşısını aldı, müasir dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Təsadüfi deyil ki, Ümummilli Liderin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələ kimi dəyərləndirilir.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi Ümummilli Lideri var. Dahi şəxsiyyət Azərbaycanın gələcəyini düşünərək 2003-cü ildə xalqa tarixi müraciətində Prezident İlham Əliyevə özü qədər inandığını, onun sona çatdıra bilmədiyi işləri, planları məhz İlham Əliyevin başa çatdıracağını bildirdi. Son 20 ilə yaxın dövrün uğurlarının zirvəsində dayanan Vətən müharibəsində tarixi Zəfərimizə imza atmaqla Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bütün arzularını reallığa çevirdi. Dahi şəxsiyyətin görmək istədiyi bugünkü Azərbaycanı yaratdı. Bu gün Ümummilli Liderin ruhu şaddır. İki ildən artıqdır ki, Ulu Öndərin böyük inamını ifadə etdiyi torpaqlarımızın tarixi sahibinə qovuşması ilə bağlı arzusu reallığa çevrilib. Azərbaycanın müasir siması belə bir həqiqəti əks etdirir ki, Ulu Öndərin ölkəmizin gələcəyi ilə bağlı bütün arzuları gerçəkləşib.
İki sahil.- 2023.- 15 iyul.- S.4.