Qanunilik, obyektivlik, şəffaflıq...
Professor Zahid Məmmədov: Ali Attestasiya Komissiyasının fəaliyyəti
ən müasir beynəlxalq standartlara uyğundur
Alim olmaq,
elmin keçilməsi
səbir, dözüm
və iradə tələb edən keşməkeşli yollarında
irəliləmək arzulayan
hər kəsin qatlana bilməyəcəyi
qədər çətindir.
Elmi dərəcə və ya elmi
ada yiyələnmək
üçün birmənalı
olaraq yuxusuz gecələr keçirmək,
məşğul olduğun
sahə üzrə ciddi araşdırmalar, təcrübələr aparmaq,
yeniliklərə nail olmaq, irəli sürdüyün fikirləri
sübut etmək, əsaslandırmaq lazımdır.
Azərbaycan tarix boyu dünya elminə bəxş etdiyi görkəmli alimləri, elm xadimləri ilə qürur duya bilər. Bu gün də ölkəmizdə elmin inkişafı dövlətimizin
diqqətində saxlanılır,
yeni alimlərin yetişməsi üçün
lazımi şərait
yaradılıb.
Qeyd edək ki, Azərbaycanda elmi dərəcələrin və elmi adların verilməsi, həmçinin xarici ölkələrdə alınmış diplomların ölkəmizdə qeydiyyata salınması, onun nostrifikasiyasının (ekvivalentliyinin müəyyənləşdirilməsi və tanınması) həyata keçirilməsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məşğul olur. Komissiyanın fəaliyyəti xüsusilə son illər aşkarlıq və şəffaflıq prinsipləri əsasında müasir beynəlxalq standartlara uyğun təşkil edilib. Məhz bu standartların tətbiqi ilə, sadə dildə desək, alim olmaq əvvəlki illərlə müqayisədə daha mürəkkəb prosesdir. Həyata keçirilən islahatlar, tətbiq edilən qaydalar Azərbaycanın nüfuzu və beynəlxalq təhlükəsizliyi baxımdan da çox önəmlidir. Yəqin bəzi dırnaqarası “ziyalıları” narahat edən, onların sözügedən Komissiya haqqında böhtanlar yağdırmasının səbəbi də elə bu qeyd etdiyimiz məqamlardır. Necə deyərlər, pişiyin əli ətə çatmayanda məsəli...
Bəs Azərbaycanda elmi dərəcələrin, elmi adların verilməsi qaydaları kimlər üçün və niyə çətinliklər yarada bilər? Ali Attestasiya Komissiyasının fəaliyyətini bu Komissiyanın Ekspertlər Şurasının üzvü olmayan alimlərimiz necə qiymətləndirirlər? Elmi adlarla bağlı xaricdə alınmış diplomların ölkəmizdə nostrifikasiyasının keçirilməsi nə üçün vacibdir? İqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Zahid Məmmədovla müsahibəmizdə bu və ya digər aktual suallara aydınlıq gətirilir.
Dosye: Zahid Fərrux oğlu Məmmədov 31 mart 1965-ci ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə keçmiş SSRİ Nazirlər Şovetinin yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri namizədi, 1998-ci ildə Türkiyə Cümhuriyyətinin “Marmara Üniversitesi Bankaçılık və Sığortaçılık Enstitüsü”nün qərarı ilə Bankaçılık elmləri doktoru, 2007-ci ildə Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının qərari ilə iqtisad elmləri doktoru və 2 may 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent, 2012-ci ildə isə professor elmi adını alıb. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2020-ci ildə təhsilimizin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Müxtəlif ölkələrin ali təhsil müəssisələrində elmi fəaliyyətlə məşğul olub. 2023-cü ilin aprel ayında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən beynəlxalq elmi simpoziumda əsas məruzəçi kimi çıxış edib.
- Zahid müəllim, elə buradan başlayaq ki, sizcə, Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyasının işi
nə dərəcədə
qənaətbəxşdir?
- Adından da göründüyü kimi, Komissiya Azərbaycan Prezidenti yanında fəaliyyət göstərir. Bu, dövlətimizin başçısının ölkəmizdə elmin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının göstəricisidir. Əminliklə söyləyə bilərəm ki, bu gün Ali Attestasiya Komissiyası öz işini qanunilik, obyektivlik, şəffaflıq və peşəkar-etik normalara əməl edilməsi prinsipləri üzərində qurur. Bir müddət əvvəl Komissiyanın sədri, professor Famil Mustafayevin qurumun son üç illik fəaliyyəti ilə bağlı açıqladığı statistik məlumatlar da bu sahədə aparılmış islahatların müsbət nəticə verdiyini göstərir. Təsəvvür edin ki, sözügedən dövrdə 900 şəxsə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 427 nəfərin elmi dərəcəsindən isə imtina olunub. Yəni, az qala yarısının. Bəs imtinanın səbəbləri nə olub? Hər şeydən öncə tədqiqat etikasının pozulmaları. Bura plagiat, uydurma, mən bunu “fabrikasyon” adlandırıram və falsifikasiya (saxtalaşdırma) daxildir. Məlumat üçün bildirim ki, plagiat daha əvvəl nəşr olunmuş işi bütövlükdə və ya qismən istinad edilmədən öz “məhsulun” kimi təqdim etmək, fabrikasyon elmi tədqiqata əsaslanmadan saxta nəticə əldə etmək və falsifikasiya tədqiqatların manipulyasiyası, tədqiqat qeydlərinin və əldə edilmiş məlumatların, nəticələrin dəyişdirilməsi deməkdir. Elmi dərəcələrin verilməsindən imtina edilməsinə səbəblər sırasına prosedur pozuntuları, iddiaçıların bilik səviyyələrinin iddia etdikləri elmi dərəcəyə uyğun gəlməməsi, nəticələrin elmi xarakter daşımaması və s. daxildir. Ümumilikdə son üç il ərzində sadalanan səbəblərə görə 600-dən artıq elmi işə imtina cavabı verilib.
- Belə çıxır
ki, şərtlər
o qədər də asan deyil...
- Bəli, bu sahədə aparılmış islahatlardan sonra elmi dərəcələrin və elmi adların alınması nisbətən mürəkkəbləşib. Niyə? Çünki həmin qaydalar dünya standartlarına uyğundur. Yəni, dosent və ya professor elmi adı almaq istəyirsənsə, həmin standartların tələblərini yerinə yetirməlisən. Qeyd edim ki, qayda və tələblər açıq və şəffaf şəkildə Ali Attestasiya Komissiyasının saytında yerləşdirilib, bu məlumatlar hamı üçün əlçatandır. Girirsən sayta və bilirsən ki, məsələn, fəlsəfə doktoru üçün hansı tələblər var? Hansı jurnalda elmi məqalə çap etdirməlisən ki, Komissiya tərəfindən qəbul edilsin. Bütün bu məlumatları orada tapa bilərsiniz. Ancaq məhz bununla bağlı bəzi hallarda problemlər yaşanır. Şərtlərə uyğun olmayan müraciətlərə təbii ki, imtina cavabı veriləcək. Bəzən şahidi oluruq ki, hansısa elmi işlə bağlı rəy verirlər, müzakirələr keçirilir, sonra seminarda rəy verirlər, Dissertasiya Şurasında müsbət rəy alır. Ancaq müraciət Ali Attestasiya Komissiyasına gəlincə, sənədlərin qaydalara uyğun olmadığı ilə bağlı məktublar yazılır, şikayətlər edilir. Sonradan isə bu şikayətləri edən şəxsin özünün həmin müzakirələrdə iştirak etdiyi məlum olur. Axı, sənə göstərilən etimadı doğrultmaq üçün birinci özün qaydalara akademik şəkildə əməl etməlisən.
Dünyada üç məslək sahibinin cübbə daşımaq haqqı var: alimlər, hakimlər və din xadimləri. Bu sahənin insanları vicdanları qarşısında ədaləti təmin edirlər, onların hər bir qərarı insanların həyatını dəyişdirə, cəmiyyətin inkişafına təsir edə bilər. Ona görə də cübbə daşıyan alimin verdiyi rəy vicdanı qarşısında ədalətli olmalıdır. Axı Ali Attestasiya Komissiyası işlərə bu rəylərə əsasən qiymət verir. Bura qədər işlər müxtəlif proseslərdən, belə demək mümkünsə, filtr sistemindən keçir.
- Xarici ölkələrdə
elmi iş müdafiə etmiş şəxslərin diplomlarının
tanınması üçün
nostrifikasiyasının aparılması
hansı zərurətdən
gəlir?
- Bu, eyni zamanda, milli təhlükəsizlik məsələsidir. Təsəvvür edin, kimsə Azərbaycan əleyhinə dissertasiyanı, elmi tədqiqat işini hansısa xarici dövlətdə müxtəlif üsullardan istifadə etməklə müdafiə edib. Müəyyən müddətdən sonra ölkəmizin əleyhinə fəaliyyətdə maraqlı olan xarici qüvvələr bundan istifadə edə bilərlər ki, buyurun, filan Azərbaycan vətəndaşı filan ölkədə müdafiə etdiyi “elmi işində” Azərbaycanla bağlı bunları yazıb. Daha sonra həmin materiala “fakt” kimi istinad edilməsi mümkündür. Məsələn, Qarabağ məsələsi ilə bağlı belə təxribat xarakterli xüsusi sifarişlər olunurdu. Kimlərəsə deyirdilər ki, siz bu cür yazın və s. Ancaq müəyyən ölkələrdə indi həmin qüvvələr də bilirlər ki, orada qəbul edilmiş dissertasiyalar sonra Azərbaycanda ciddi şəkildə yoxlanılır. Belə faktlar var. Hətta elə şəxslər var ki, vaxtilə bəzi Azərbaycana qonşu dövlətlərdən aldıqları diplomlarını nəinki istifadə etmirlər, hətta ortaya çıxarmaqdan ehtiyat edirlər, nostrifikasiyadan keçirmək istəmirlər. Çünki yaxşı bilirlər dissertasiyalarında ciddi problemlər olduğunu, yoxlama zamanı bütün bunların üzə çıxacağını. Təkcə son üç ildə xaricdə elmi dərəcə almış 25 nəfərin diplomunun tanınmasından imtina edilib.
İndi təsəvvür edin ki, xaricdə Azərbaycan əleyhinə yazdığı “elmi iş” hesabına “elmi dərəcə” almış kimsə Azərbaycana qayıdır və diplomu heç bir yoxlamadan keçmədən başlayır ölkəmizdə işləməyə, hansısa universitetdə dərs deməyə, Azərbaycandan maaş almağa. Bu baxımdan xaricdə təhsil alan şəxslərin diplomlarının ekvivalentliyinin müəyyənləşdirilməsi və tanınması son dərəcə vacibdir. Özünə güvənən hər kəs də bu işdə maraqlı olmalıdır. Deyirlər ki, diplomu xaricdə almışam, bütün dünya tanıyır. Çox gözəl, Azərbaycanda yaşamaq, fəaliyyət göstərmək istəyirsinizsə sizin diplomunuz qanunvericiliyə uyğun olaraq Azərbaycanda da tanınmalıdır.
- Və son
olaraq, Ali Attestasiya Komissiyasının
əleyhinə səslənən
böhtan və qarayaxmalara münasibətiniz...
- Bu gün Azərbaycanda bu sahə ilə məşğul olan qurumun iş prinsipi ən müasir beynəlxalq standartlara uyğundur. Elmi adların və elmi dərəcələrin verilməsi ilə bağlı da müsbət mənada çox böyük yeniliklər var. Yeniliklər, islahatlar hər zaman köhnə sistemə öyrəşmiş insanlar tərəfindən çətinliklə qəbul edilir. İndi də elədir.
Bundan başqa, məlum olduğu kimi, Ali Attestasiya Komissiyası cənab Prezidentə tabedir. Möhtərəm Prezidentimiz hansı qurumun hansı səviyyədə fəaliyyət göstərdiyini yaxşı bilir. Üstəlik, bu qurumların fəaliyyəti aidiyyəti qurumlar tərəfindən də çox ciddi şəkildə nəzarətdə saxlanılır, lazımi səviyyədə qiymət verilir.
- Maraqlı müsahibə üçün
təşəkkür edirik.
- Sağ olun.
Mahir Rəsuloğlu
İki sahil.- 2023.- 22 iyul.- S.6.