Qəlbi hər zaman Vətən,

xalq eşqi ilə döyünən lider

 

1990-cı il iyulun 22-  doğma ocağı Naxçıvana qayıdan Ulu Öndər Heydər Əliyev müəllifi olduğu  Azərbaycanı bütün dünyada tanıtdı

 

Ulu Öndər  Heydər Əliyevin dünyada tanınan siyasətçilərlə, dövlət xadimləri ilə müqayisə olunmayacaq qədər zəngin, daim öyrənilməyə ehtiyac duyulan  həyatı, siyasi fəaliyyəti  maraqlı, nümunə göstəriləcək qədər zəngindir.   Təsadüfi deyil ki, bu dahinin tarixi şəxsiyyət olduğunu müasirləri kimi özündən sonrakı  nəsillər də etiraf edirlər. Ağlı, zəkası, təcrübəsi ilə  müasirlərindən fərqlənən Ulu Öndərin həyatında  iz qoyan mühüm hadisələr çox olsa da, Ümummilli Liderin siyasi fəaliyyətinin dönüş nöqtələri olan bəzi məqamları xatırlatmaq yerinə düşər. İnsanlara inamı  siyasi fəaliyyətinin əsas amili kimi daim diqqətdə saxlayan müdrik şəxsiyyət Heydər Əliyevi düşündürən  «nə etməli» və  «nədən başlamalı» suallarının   əbədi cavabı, məntiqi nəticəsi  «uğur» olmuşdur.  Türk birliyinin, dünya azərbaycanlılarının  əvəzolunmaz lideri Heydər Əliyevin şəxsində  qələbə  formulu özünün ən yüksək ifadəsini tapmışdır.    Uinston Çörçilin bu  sözləri sanki Ulu Öndərin həyat formulunda  əbədiləşib: « Və bax, budur dərs: heç vaxt təslim olma… Heç vaxt, heç vaxt, heç vaxt… Heç nədə, kiçik və ya böyük, əhəmiyyətli və ya əhəmiyyətsiz- heç vaxt təslim olmayın, vicdanın hökmündən və yaxşı zövqdən başqa.»

Azərbaycana rəhbərliyinin  sovetlər müstəqillik dövründə respublikanı demokratiya, iqtisadi, siyasi  islahatlar yolu ilə  zirvələrə qaldıran Ulu Öndəri hər kəsdən fərqləndirən üçtünlüklər  rəqibləri tərəfindən  ona  qarşı qısqanclıqla yanaşması, qarşısında əngəllər yaradıb. Ancaq  bu dahinin zirvəsinə çatmaq istəyənlər heç vaxt niyyətlərinə çata bilməmişlər. Müdrik şəxsiyyət  başqalarının gördüklərini hiss etsə də,  müşahidələrini   açıqlamağa qorxanlardan fərqli cəsarətə malik idi. Onun  siyasi uzaqgörənliyindən qaynaqlanan düşüncələrində məzmunun inandırıcılığı ilə  formanın publisistliyi  vəhdət təşkil edirdi. Bu keyfiyyəti ilə seçilən , hadisələri dərin təhlil etmək təfəkkürünə malik  Ulu Öndər sağlam cəmiyyətin inkişafına necə nail olmaq yollarını əvvəlcədən  müəyyən edən dahi idi.  Onun siyasi iradəsi,  qabiliyyəti ilə müqayisədə özünün cılızlığını, savadsızlığını hər zaman hiss edən  Sov. İKP. MK-nın baş katibi Mixail Qorbaçovun ölkəyə rəhbərlik etdiyi dövrdə « bizim ölkədə kommunizm eksperimenti, sosializm yolu özünü doğrultmadı, zorakılıqla yaranan və saxlanılan respublikaların ittifaqı süquta uğramaqdadır» sözlərini yalnız  zəkası,  dövlətçilik təcrübəsi ilə həmkarlarına nümunə olan fenomen  Heydər Əliyev söyləyə bilərdi. Əqidəsini  çəkinmədən əməli işində də doğruldan Ulu Öndər daim özünün açdığı cığırla irəliləməyə üstünlük vermişdir. Onunla  eyni zamanda   Kremldə çalışan,  Ulu Öndərin taleyini yaşayan E.A. Şevardnadzedən, A.N. Yakovlevdən fərqli olaraq Ulu Öndər Sov. İKP sıralarından çıxmaq barədə  müraciətini Mərkəzi Nəzarət Komissiyasına deyil, ilk təşkilata ünvanlamışdır.

 Azərbaycana qarşı  siyasi təcavüz olan 20 Yanvar hadisələrini antihumanist, konstitusiyaya və hüquqazidd hərəkət kimi ittiham edən Ulu Öndər  bu cəsarətli  ittihamından sonra  Qorbaçovun tapşırığı əsasında ələbaxan «partiya publisistlərinin müəllifliyi» ilə  müxtəlif  KİV-lərdə   başlanan çirkin, ideoloji təxribatları da təbii qəbul etdi. Özünə və yaxınlarına qarşı həcv dolu  cızma-qaraların müəlliflərini  Kremlin fitnə-fəsad mətbəxinin aciz və itaətkar qara fəhlələri adlandırdı.  Onları «qaynar qazanları qarışdıran ağ papaqlı  aşpazlar deyil», yuxarılarda tərtib edilən  «siyasi menyular»ın korrektorları hesab edirdi. Nikolay Zenkoviçin « Heydər Əliyev:Tale yolları» kitabında  vaxtıilə Mərkəzi Nəzarət  Komitəsi sədrinin  keçmiş müavini Mixail İvanoviç Kodinin açıqlamasından bir epizoda diqqət yetirək: «Deyilənə görə, ləkələyici materiallradan ibarət olan hansısa qovluq varmış. Yuxarılarda  işə salıblarmış…Bircə bunu deyə bilərəm ki,  yoxlama zamanı heç nə  təsdiq edilməyib. Əliyevi sadəcə nüfuzdan salmaq istəyirdilər. Qorbaçovun ondan xoşu gəlmirdi. Siyasi Büronun digər üzvləri də  baş katibə baxıb Əliyevə münasibətlərini dəyişirdilər.»

Ulu Öndəri millətçilikdə günahlandırmaq  istəyənlərin   ittihamları da  özünü doğrultmadı.  Hamı bilirdi ki, arzu olunmayan rəhbər işçiləri əvvəlcədən təşkil olunmuş  məktublara istinad etməklə  aradan götürmək Qorbaçovun iyrənc iş metodu idi. Baş katibi tanıyanların çoxunun söylədiklərinə görə  Mixail Sergeyeviç intriqanın mahir ustası, əsl qrosmeysteri idi. Yuxarıda adı çəkilən kitabdakı bir  epizod Qorbaçov üsul-idarəsinin məkrli mənzərəsini əks etdirir: « Qorbaçov aşkarlığı illərində acı bir zarafat dillərdə gəzirdi. Sual: milçəklə  nazir arasında ümumi cəhət nədir» Cavab: «Hər ikisini qəzetlə vurub əzmək olar.» Yəni arzuedilməz xadimlərə qarşı kampaniyalar elə  mətbuatdan başlanır. Ulu Öndərə qarşı aparılan kampaniyalar kimi.

 Təbii ki, belə ədalətsizliyə  tab gətirmək çətin idi.  Ulu Öndərin fitnə-fəsad yuvası Kremldəki fəaliyyətinin xronikası belə idi: 1987-ci ilin oktyabrın 21-də Sov. İKP. MK-nın  plenumunda  Heydər Əliyev « sağlamlıq vəziyyətinə görə pensiyaya çıxması ilə əlaqədar olaraq» Siyasi Bürodan çıxarıldı. 1989-cu ilin aprelində MK-dan kənarlaşdırıldı.   Yaşadığı çətin günlərin ağırlığına tab gətirməyən, dəfələrlə  xəstələnən, Azərbaycanda yaşayan qardaşları belə  gözümçıxdıya salınan  artıq İttifaq əhəmiyyətli pensiyaçı  Heydər Əliyev şərəfli və təmiz adı  uğrunda  mübarizəyə başladı.

Ulu Öndər 20 Yanvar qırğınından bir gün əvvəl- yanvarın 19-da,   Kremlin «baş kommunisti» ermənipərəst  Mixail Qorbaçovla gözlənilməz danışığını   « 1987-ci ildən sonra ilk dəfə olaraq Qorbaçov mənə zəng etdi. Bizim çox kəskin danışığımız oldu… Qorbaçov dedi ki,  Azərbaycanda vəziyyət qarışıqdır və bu qarışıqlıqda  sən günahkarsan. Orada sovet hakimiyyətinin yıxılmasında guya mən günahkaram, buna görə də  bu hərəkatın qarşısının alınması üçün məhz mən təcili tədbir görməliyəm. O, məni hədələdi ki,  əgər mən bunu etməsəm, onlar bilirlər mənimlə nə edəcəklər, onlar onsuz da Azərbaycanda qayda-qanun yaradacaqlar, lakin günahkar mən olacağam. Mən ona çox kəskin cavablar verdim və bildirdim ki,  bunlar hamısı iftiradır» bu sözləri ilə  sonradan xatırladan müdrik siyasətçi Heydər Əliyevin «istefasından» sonra baş verənlər də təsdiqləyir ki, «Qarabağ məsələsi»nin başlanması  üçün ermənilərin ən çox ehtiyat etdikləri qətiyyətli siyasətçi Heydər Əliyev Kremldən uzaqlaşdırılmalı idi.

Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən  azad edilməsi barədəki qərarı özünə qarşı  ədalətsizlik hesab edən  Ulu Öndər «Vaşinqton post» qəzetinin Moskva müxbiri Devid Remnikin  sualına belə cavab verib : « Əsl səbəb təkcə səhhətimlə bağlı deyildir. Hərçənd  əlbəttə, mən həqiqətən xəstələnmişdim. Səbəblər odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən  özümə qarşı  qeyri-səmimi münasibət hiss edirdim. Bu, çox şeydə  özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, işimdə heç bir qüsur görmürdüm. Qorbaçov isə subyektiv  hisslərinin əsiri oldu, vəssəlam.» Ulu Öndər Siyasi Bürodan uzaqlaşdırıldıqdan  15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadiyyat üzrə müşaviri, milliyyətcə erməni olan  akademik Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında «Dağlıq Qarabağ Ermənistana verilməlidir» deməsi ilə  erməni daşnakları illərdən bəri hazırladıqları planlarının icrasına başladılar.»

Rəqiblərindən  fərqli olaraq müasirlərinin Ulu Öndər haqqında söylədikləri xoş sözlər  yoldaşlarının öz aralarında «Mişa»  adlandırdıqları  Qorbaçovu daha  da hiddətləndirirdi. Ulu Öndərin liderlik formulunun dünyada özünü doğrultduğunu təsdiqləyən amil isə tanınmış ictimai-siyasi  xadimlərin Heydər Əliyev haqqında  söylədikləri sözlər, siyasətinə  verdikləri dəyərdir. «Mən görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında  Azərbaycan öz müstəqilliyini daha da  möhkəmləndirəcək və əbədi edəcəkdir. Heydər Əliyevin uzaqgörən siyasəti xalqı və ölkəni firavanlığa, sürətli inkişafa gətirib çıxaracaqdır» söyləyən tanınmış amerikalı siyasətçi Henri Kissincerin sözləri qorbaçovları məyus edirdi.   «Kremldə sui-qəsdlər. Andropovdan Qorbaçova qədər» kitabının müəllifləri V. Solovyov və  Y. Klepikova  İttifaq miqyasında  yüksək vəzifə tutan,  fenomen biliyə malik Heydər Əliyevi belə xarakterizə etmişdilər: « Əliyev həqiqətən də Siyasi Bürodakı yoldaşlarının yeknəsəq çevrəsindən kəskin surətdə seçilirdi- özü də təkcə milliyyətinə görə yox.» Tanınmış telejurnalist Andrey Karaulov 1995-ci ildə yazırdı : « Əliyevin çox güclü, fantastik yaddaşı var.  Bunu tam ciddi deyirəm: o  öz yetmişillik həyatının hər bir gününü  ən xırda detallarına qədər xatırlayır, hər şey onun yadındadır.»

Bu misalları səbəbsiz xatırlatmadım. Necə deyərlər, görünən dağın zirvəsinə çatmaq deyil, yaxınlaşmaq üçün  heç olmasa bu yolun yarısına qədərki məsafədə  görünənləri düzgün qiymətləndirmək həqiqətin etirafıdır.

14 iyul 1969-cu ildə   respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanı beynəlxalq aləmin subyekti kimi tanıtmağı qarşısına məqsəd qoyan və sözünün sahibi olan Ulu Öndərin Vətəninə dönməkdən başqa çarəsi yox idi. Amma Qorbaçovun tapşırığına əsasən ona Moskvanı tərk etməmək qadağası çatdırılmışdı. Özü haqqında söylənilən « Tarixi  bəsirət, irəlini görmək nadir bir hissdir, Siyasi xadimlərin heç də hamısında –nə qədər çox istedadlı olsalar da ,- bu hiss olmur. Təbiət bu keyfiyyəti  yalnız seçilmiş adamlara- yeni dövlətlərin baniləri olacaq insanlara, dünyanı dəyişən iqtisadi və fəlsəfi təlimlərin yaradıcılarına, zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Heydər Əliyev , şübhəsiz bu böyük insanların sırasına daxildir» sözləri bütün çətinlikləri aşmaq qabilliyinə malik olması ilə bildirən  Ulu Öndərin doğma yurduna, elinə- obasına bağlılığının qarşısını heç bir təhdid ala bilməzdi.  Moskvanı tərk etməklə bu sahədə də Kremldəki rəqiblərinin bacarıqsızlıqlarını təsdiqləyən Ulu Öndər 1990-cı ilin 20 iyulunda  min bir zəhmətlə qurub-yaratdığı Bakıya qayıtdı. Fərdi təqaüdçü  Heydər Əliyevin Moskvanı tərk etməməsi üçün güclü nəzarətin, təzyiqlərin olmasına baxmayaraq,  Ulu Öndərin doğma  Vətəninə məhəbbət duyğuları  bütün qadağalara  qalib gəldi.  Xatırladaq ki, təkcə Kreml deyil,   Azərbaycanın o dövrdəki  rəhbərliyi də  bu qüdrətli şəxsiyyətin Bakıya dönüşünə qarşı idi.

1990- ilin 20 iyulunda  doğma Vətənində  «istənilməyən şəxs» kimi qarşılanan fərdi pensiyaçı Heydər Əliyev   Naxçıvan Muxtar Respublikasının   partiya strukturlarından Azərbaycan Kommunist Partiyasının XXXII qurultayına  nümayəndə seçilməsi ilə yaranan toxunulmazlıqdan istifadə edərək ata-baba yurduna üz tuturdu.

 1990-cı il  iyul ayının 22-də  Naxçıvana gələn  Ulu Öndəri  100  mindən artıq  həmyerlisi  xilaskar kimi qarşıladı. Görüşdə  həmyerlilərinə müraciət edən Ulu Öndərin nitqi tarixi  dönüşün zəfər çağırışı idi: « Doğma vətən torpağına heç də  yenidən hakimiyyətə  qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm» söyləyən,  Vətənini canından artıq sevən  Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasına xalqının  xeyir-duası ilə başladı. O missiya ki, yalnız muxtar respublikanın deyil, bütünlükdə Azərbaycanın müstəqilliyinin əbədiliyini şərtləndirdi. 

 Doğma yurdunda  el ağsaqqalı, sonra deputat, nəhayət,  Naxçıvan MR Ali Məclisinin Sədri  kimi xalqın taleyüklü  problemlərinin  əsl mahiyyətini müdrikcəsinə dərk edib, çıxış yollarını müəyyənləşdirib, alternativ yollar axtaran Ulu Öndərin  həyata keçirdiyi islahatların hər biri özlüyündə  Azərbaycanın gələcək inkişafı üçün təməl idi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990- ildə keçirilən  sessiyasına  deputat kimi sədrlik edən Heydər Əliyev bir müddət sonra söylədiyi «Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» sözlərinin real həyatda həlli üçün yaranan imkanlardan  zəkasının qüdrəti ilə istifadə edərək düşüncələrini gerçəkləşdirdi. Həmin sessiyada «Naxçıvan MSSR»nin  adından «sovet, sosialist»»  sözlərinin çıxarılması, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının, himn gerbinin bərpası barədə qərarın qəbulu o dövr üçün  müdriklik, cəsarət tələb edirdi.

O illərdə  görülən işləri inkişafımızın təməli adlandıran Prezident İlham Əliyevin bu sözləri daha xarakterikdir: « Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır  Ulu Öndərin   fəaliyyətinin Naxçıvan dövrünü əhatə edən illərdə ən böyük xidmətlərindən biri, diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik birliyi barədə qərarın qəbulu idi.  SSRİ-nin cənub sərhədlərini qoruyan sovet ordusunun hərbi  arsenalı, silah-sursatı  muxtar respublikada qalmaqla bütün ordu  hissələrinin Naxçıvandan çıxarılmasına nail oldu. İlk Sərhəd Dəstəsi yaradıldı.  O dövrdə  Ulu Öndərin Azərbaycana böyük xidmətlərindən biri respublikanın sərhədlərinin , Naxçıvanın ermənilər tərəfindən  işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi, İran Türkiyə ilə əməkdaşlığın  gücləndirilməsi oldu. Hər iki qonşu dövlətdən  Naxçıvana ərzaq , sənaye malları, ən başlıcası isə enerji verildi.  «Ümid   körpüsü» inşa edildi. Naxçıvan hava limanı,  Bakıda isə muxtar respublikanın nümayəndəliyi açıldı. Bazar iqtisadiyyatının başlıca tələblərindən olan özəlləşdirmə siyasəti o illərdə Ulu Öndərin imzaladığı «Naxçıvanda zərərlə işləyən kolxoz sovxozların ləğv edilməsi onların əsasında şəxsi təsərrüfatların yaradılması», «Rentabelli işləyən kolxoz sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi» haqqında qərarların qəbulu ilə başladı.            

Naxçıvanda olarkən Ali Məclisin Sədri kimi 1992-ci ildə  antimilli qüvvələrin təhdidlərinə xalqla birliyi sayəsində qalib gələn  Ulu Öndər Heydər Əliyev  növbəti dəfə xilaskarlıq missiyasını   1993-cü ildə yerinə yetirdi. Həmin il, iyunun 9-da   parçalanmaqda olan  ölkəni  daxili qarşıdurma   xarici dövlətlərin məkrli  müdaxilələrindən qorumaq üçün  xalqın təkidli tələbi Bakıya qayıdan Ümummilli Lider Heydər Əliyev  Azərbaycanın müstəqilliyi naminə  daha mühüm xidmətlər göstərdi.   Bu gün Azərbaycanın dünyada  qüdrətli dövlət kimi tanınması Ulu Öndərin ideyalarının reallaşması deməkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Ulu Öndər  Heydər Əliyevin Naxçıvandan Bakıya -böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasının başlanğıcı oldu.

Qəlbi hər zaman Vətən, Azərbaycan naminə döyünən Ulu Öndər torpaqlarımızın  Ermənistanın işğalından azad olunmasını özünün xalqı qarşısında müqəddəs borcu hesab edirdi. "...Şuşa Azərbaycanın ən əziz böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir" sözləri ilə ifadə etdiyi istəyini  Ali Baş Komandan kimi yerinə yetirən Prezident İlham Əliyev  İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə ilə  Ulu Öndərin, həm xalqımızın inamını doğrultdu. Prezident İlham Əliyevin Cərəncamı ilə 2023-cü ilin «Heydər Əliyev İli» elan olunması Ulu Öndərin yubileyinin Azərbaycanda , ölkəmizdən kənarlarda böyük təntənə ilə qeyd olunması xalqımızın Ümummilli Liderinə  əbədi inam sədaqətinin  ifadəsidir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2023.- 22 iyul.- S.5.