Qardaşlar arasında kim məsafə qoya bilər?
İki qardaş
ölkənin əlaqələrinin
inkişafında yol xəritəsi kimi dəyərləndirilən Şuşa
Bəyannaməsinin imzalanmasının
ikinci ildönümü
ərəfəsində cənab
Rəcəb Tayyib Ərdoğanın yenidən
Prezident seçilməsi
yeni hədəfləri
şərtləndirir
Dünya bir
daha Azərbayan-Türkiyə
qardaşlığının nümunəsinin şahidi
oldu. İyunun 3-də
Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına
başlaması mərasimi
keçirildi. Qeyd edək ki, Rəcəb
Tayyib Ərdoğan prezident seçkilərinin
mayın 28-də keçirilmiş
ikinci turunda 52,18 faiz səs toplayaraq
qalib gəldi. 80-dən
artıq ölkənin
dövlət və hökumət rəhbərlərinin
qatıldığı bu
mərasimdə Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın böyük
sevgi ilə qarşılanması dünyanın
diqqətindən kənarda
qala bilməzdi. Türkiyə Prezidenti səlahiyyətlərinin icrasına
başlaması mərasimində
iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə, digər dövlət, hökumət başçılarına
və qonaqlara bir daha minnətdarlığını
bildirdi.
Mayın 28-də keçirilmiş seçkilərdə
millətin iradəsinin
əksini tapdığını,
“Türkiyə yüzilliyi”nin başladığını
və ölkənin sıçrayış mərhələsinin
qapılarının açıldığını
vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan siyasi və dini baxışlarından,
etnik mənsubiyyətindən
asılı olmayaraq
85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün
səylə çalışacaqlarını
qeyd etdi. Türkiyə Respublikasının
yaradılmasının 100-cü ildönümündə sarsılmaz
həmrəyliyə daha
böyük ehtiyac duyulduğunu diqqətə
çatdıran dövlət
başçısı bu
gün elan olunacaq yeni hökumətlə
birlikdə “Türkiyə
yüzilliyi” istiqamətində
səylə çalışacaqlarını
bildirdi: “Gün bir olmaq, bərabər
olmaq, min illik qardaşlığımızı
daha da möhkəmləndirmək
günüdür. Gün
övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə
“Türkiyə yüzilliyi”nin inşası
üçün çiyin-çiyinə
çalışmalıyıq”. Türkiyə demokratiyasının
bütün azadlıqların
əksini tapdığı,
mütərəqqi və
əhatəli Konstitusiya
ilə gücləndiriləcəyini
qeyd edən Rəcəb Tayyib Ərdoğan növbəti
beş il ərzində Türkiyə
Respublikasının şanını
və şərəfini
qorumaq, etibarını
artırmaq və adını dünyada daha da ucaltmaq
üçün var gücü ilə çalışacaqlarını vurğuladı.
Son 20 ildə
qardaş Türkiyənin
bütün sahələrdə
qazandığı uğurlar
davamlılığı ilə
diqqətdədir. Azərbaycan-Türkiyə
birliyinin, həmrəyliyinin
fonunda daim bu məqam xüsusi
vurğulanır ki, Türkiyənin gücü
Azərbaycanın gücü,
Azərbaycanın gücü
Türkiyənin gücüdür.
Son 20 ilin uğurlarına söykənərək
qardaş ölkənin
daha sürətlə
inkişaf edəcəyinə,
hər bir sahədə dünyaya nümunə olacağına
əminik.
Azərbaycan-Türkiyə münasibətlərinin gələcək
inkişafının yol
xəritəsi kimi dəyərləndirilən Şuşa
Bəyannaməsinin ikinci
ilini qeyd etməyə hazırlaşdığımız
zamanlarda qardaş, dost ölkə gələcək inkişafında
əhəmiyyətli rol
oynayacaq prezident seçkilərinin uğurlu
nəticəsini yaşayır.
Bu sevinci Azərbaycan xalqı Türkiyə xalqı ilə eyni şəkildə
qeyd etdilər.
Qeyd etdiyimiz
kimi, 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini
rəsmi şəkildə
elan etdi. Bəyannamədə diqqəti
çəkən ən
vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq
və müttəfiqliklə
bağlıdır. Bəyannamədə
deyilir: “Tərəflərdən
hər hansı birinin müstəqilliyinə,
suverenliyinə, ərazi
bütövlüyünə, beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına və
ya təhlükəsizliyinə
qarşı üçüncü
dövlət və ya dövlətlər tərəfindən təhdid
və ya təcavüz edildiyi təqdirdə, tərəflər
birgə məsləhətləşmələr
aparacaq və bu təhdid və ya təcavüzün
aradan qaldırılması
məqsədilə BMT Nizamnaməsinin
məqsəd və prinsiplərinə müvafiq
təşəbbüs həyata
keçirəcək, bir-birinə
BMT Nizamnaməsinə uyğun
zəruri yardım göstərəcəklər. Bu
yardımın həcmi
və forması təxirə salınmadan keçirilən müzakirələr
yolu ilə müəyyən edilərək
birgə tədbirlər
görülməsi üçün
müdafiə ehtiyaclarının
ödənilməsinə qərar
veriləcək və
Silahlı Qüvvələrin
güc və idarəetmə strukturlarının
əlaqələndirilmiş fəaliyyəti təşkil
olunacaqdır”. Sənəddə
Azərbaycan və Türkiyəni birləşdirən
Zəngəzur dəhlizinin
açılması ilə
bağlı əks olunan məsələlər
isə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin
bərpası, beynəlxalq
nəqliyyat dəhlizlərinin
inkişafına zəmin
yaratmaq baxımından
böyük əhəmiyyət
daşıyır. Azərbaycanla
Türkiyəni birləşdirən
bu dəhliz türk dövlətlərinə
böyük üstünlük
qazandıracaq. İki
qardaş ölkə arasında məsafə də yaxınlaşacaq, Cənub Qaz Dəhlizinin səmərəli
şəkildə istifadə
olunması və inkişaf etdirilməsi, yeraltı zənginliklərin
türk dünyasından
keçməsi, eləcə
də beynəlxalq nəqliyyat dəhlizlərinin
inkişafı hər
iki ölkənin həm siyasi, həm də iqtisadi qüdrətini artıracaq. Bu da yalnız iki türk dövlətinə
deyil, digər türk dövlətlərinə,
eləcə də dünyaya əhəmiyyətli
dəstək vermiş
olacaq.
«Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə
Allahın izni ilə çətinliklərin
öhdəsindən gəlməyə,
uğurdan-uğura çatmağa
davam edəcəkdir.»
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın şanlı
Qələbəmizin dünyaya
təqdimatı olan Zəfər paradında səsləndirdiyi bu fikirlər keçilən
yolun ümumiləşdirilmiş
ifadəsi və qarşıdakı dövrdə
görüləcək işlərin
təqdimatı kimi dəyərləndirildi. Türkiyə
Prezidenti, eyni zamanda, həmin səfəri zamanı sənədlərin imzalanmasından
sonra mətbuata bəyanatında bildirmişdir:
«Bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu
imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə
fərqli şəkildə
yüksəlişinə davam
edəcəkdir.”
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində
Türkiyənin dost, qardaş dəstəyini gördü və bundan qürurlandı. «Azərbaycan tək deyil» bəyanatı ilə dünyaya mesaj ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək mənəvi və siyasi dəstəyini davam etdirdi. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər
paradında iştirak
edən Türkiyə
Prezidentinin çıxışı
türk dünyasına
birlik, həmrəylik,
bütün məsələlərdə
bir-birinin yanında olmaq, problemini öz problemi, sevincini öz sevinci kimi qəbul
etmək çağırışı
idi. «Bu gün təbii ki, fərqli bir həyəcanın, hisslərin içindəyik»
söyləyən Rəcəb
Tayyib Ərdoğan bildirmişdir ki, Allaha şükür olsun ki, daha
əvvəl verdiyimiz sözümüzü bu gün yerinə yetiririk. Qırx dörd günlük məlum müharibənin nəticəsində Qarabağ,
çox şükürlər
olsun ki, sahiblərinə qovuşdu
və erməni zülmündən, erməni
işğalından azad
edildi. Rəsmi Ankara sonadək ədaləti müdafiə
etdi, Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərin
təbliğində, erməni
yalanlarının ifşasında
Azərbaycanla eyni mövqedən çıxış
edərək dünyanın
ən nüfuzlu təşkilatlarının tribunasından
beynəlxalq aləmi ikili siyasətə son qoymağa, münaqişənin həllində
vasitəçilik missiyasını
yerinə yetirən keçmiş ATƏT-in Minsk qrupunun həmsədrlərini neytrallığı
qorumağa çağırdı.
Qardaşlığımızın
sübutu üçün
təkcə 44 günlük
Vətən müharibəsi
dövründə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi bəyanatlara
diqqət yetirmək kifayətdir. Bir mühüm məqamı da qeyd edək
ki, işğalçı
Ermənistan zaman-zaman
Azərbaycanla yanaşı,
qardaş Türkiyəyə
qarşı əsassız
«erməni soyqırımı»
iddiasını irəli
sürür. Qardaş
ölkəyə qarşı
bu məsələnin
bir təzyiq vasitəsi kimi istifadə edildiyi məlumdur. Bu məsələ daim gündəmə gətiriləndə
rəsmi Ankara bütün dünya arxivlərinin açılmasının,
tarixçilərdən ibarət
Türkiyə-Ermənistan birgə
komissiyasının yaradılmasının
vacibliyini bildirdiyi halda, qarşı tərəf fakt qarşısında acizliyini
büruzə verərək
bu məsələ ilə tarixçilərin
deyil, siyasətçilərin
məşğul olmalı
olduğunu bildirir.
1915-ci il uydurma «erməni soyqırımı»ndan
Xocalı faciəsinədək,
eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi
dövründə Gəncə,
Bərdə, Tərtər
soyqırımı aktları
erməni faşizminin
nə qədər qana həris olduğunu ortaya qoyur. Fürsət düşən kimi özlərini «yazıq, məzlum, döyülən
və əzilən» millət kimi təqdim edən ermənilərin 108 ilin yalanlarını həqiqət
kimi təqdim etmək üçün hansı vasitələrə
əl atdıqları
məlum olaylardandır.
Uydurma «erməni soyqırımı» məsələsi
bu günün məsələsi deyil. Ermənilər uzun müddətdir ki, bu mövzu ətrafında
özlərinin uydurmalarını
yaymaqda davam edirlər. Tarix özü keçmişdən
ibrət götürməkdən
ibarətdir. Tarixdən
ibrət götürməyənləri
tarix özü cəzalandırır. Ermənilər
çox təəssüf
ki, tarixin dərslərindən ibrət
götürmürlər. Çünki
tarixdə heç bir yalan həqiqət
kimi qəbul oluna bilməz. Bu gün dünyanın
özü də erməni yalanlarını
açıq şəkildə
görməkdədir. Ermənilərin
uydurduqları yalanların
faş olunması üçün həm Türkiyədə, həm
də Azərbaycanda tarixçilər xeyli işlər görürlər.
Hər zaman Türkiyə-Azərbaycan alimləri
birgə konfranslar təşkil edirlər. Eyni zamanda, Türkiyə
tərəfi əvvəldə
də qeyd etdiyimiz kimi, bu məsələ ilə əlaqədar beynəlxalq miqyasda öz mövqeyini dəfələrlə açıqlayaraq
Türkiyə arxivlərini
açıq elan edir. Bildirilir ki, ermənilərdə də bu məsələ
ilə bağlı hər hansı sənəd varsa, ortaya qoyulmalıdır.
Azərbaycan - Türkiyə birliyinin zirvədə olduğunu təsdiqləyən Şuşa
Bəyannəməsində də bu müddəa
öz əksini tapır ki, Ermənistanın Türkiyəyə
qarşı əsassız
iddialarının, tarixin
saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi
cəhdlərinin regionda
sülhü və sabitliyi təhdid etməsi nəzərə
alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və
bu mövzuda tarixçilər tərəfindən
araşdırmaların aparılmasına
yönəlmiş səylərin
qətiyyətlə dəstəklənməsi
vacibdir. Tarixi sənəd özündə
Azərbaycan və türk diasporları arasında əməkdaşlığın
daha da inkişaf
etdirilməsini, ümumi
problemlərlə bağlı
birgə addımların
atılmasını, davamlı
həmrəylik göstərilməsini,
milli mənafelərin
qorunmasına dair tarixi həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsini və
qarşılıqlı dəstəyin
verilməsini də ehtiva edir.
Dövlət başçısı İlham
Əliyevin «Bir millətin iki diasporu ola bilməz»
çağırışı Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə
fəaliyyətinin dərinləşməsində
özünü qabarıq
şəkildə büruzə
verir. Bunun üçün həqiqətlərimizin
təbliğinə, birliyimizə,
həmrəyliyimizə söykənən
tədbirlərin miqyasının
genişlənməsinə diqqət yetirmək kifayətdir. 44 günlük
İkinci Qarabağ müharibəsi dövründə,
həmçinin qardaş
Türkiyə ilə bağlı hər hansı məsələ,
o cümlədən qondarma
«erməni soyqırımı»
gündəmə gətiriləndə
Azərbaycan-Türkiyə diaspor
təşkilatlarının fəallığı diqqət
mərkəzində olur.
Bu gün
Azərbaycan-Türkiyə diaspor
təşkilatlarının birgə fəaliyyəti nəticəsində ermənilərin
fakt qarşısında
acizlikləri daha aydın görünür.
Şuşa Bəyannaməsində
yer alan müddəalardan biri də Azərbaycan-Türkiyə
Media Platformasının imkanları
çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın
gücləndirilməsi, türk
həmrəyliyinin daha
da möhkəmləndirilməsi
məqsədilə Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurası (Türk
Dövlətləri Təşkilatı)
və əlaqədar qurumlar çərçivəsində
həyata keçirilən
fəaliyyətlərə təkan
verilməsidir. İki
ölkə arasında
media sahəsində strateji əməkdaşlıq
haqqında Anlaşma Memorandumunun imzalanması, həmçinin bununla bağlı qanunun hər iki ölkənin
dövlət başçıları
tərəfindən təsdiqlənməsi,
Azərbaycan-Türkiyə Birgə
Media Platformasının yaradılması
hədəflərə yüksək
səviyyədə nail
olmağa geniş imkanlar açır.
Atdığı addımlarla hər zaman Azərbaycanın yanında olduğunu təsdiqləyən Türkiyə
ilə ölkəmiz arasında əlaqələr
bütün sahələrdə
uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində
reallığa çevrilən
enerji layihələri
regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə
yanaşı, dünyanın
enerji təhlükəsizliyinin
təminatına böyük
töhfələr verir.
Azərbaycan və Türkiyə eyni köklər üzərində
böyüyən ulu bir çinara bənzədilərək vurğulanır
ki, həmin çinarın kölgəsi
həyata keçirilən
layihələrlə bu
gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ neft-qaz layihələrinin ardınca
əməkdaşlığın regional çərçivədən
çıxaraq coğrafiyasını
genişləndirməsi fonunda
Cənub Qaz Dəhlizinin, onun əsas seqmentlərindən
olan TANAP-ın, TAP-ın istifadəyə verilməsi və sair kimi biri-birindən
önəmli hadisələr
Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır.
Yuxarıda da
qeyd etdiyimiz kimi, Azərbaycan-Türkiyə
əlaqələrinin gələcək
inkişafı üçün
yol xəritəsi, ümumi işbirliyimizin təminatçısı kimi
dəyərləndirilən Şuşa Bəyannaməsinin
siyasi əhəmiyyətindən
bəhs edərkən
bu məqam xüsusi qeyd edilir ki, sənəddə
əksini tapan müddəalar təkcə
iki qardaş ölkəni deyil, ümumilikdə regionu əhatə edir. 44 günlük İkinci Qarabağ müharibəsinin
yaratdığı reallıqlar
fonunda yeni əməkdaşlıq formatlarının
yaradılması zərurəti
ortaya çıxır
ki, bu da
öz növbəsində
bölgədə sülhün,
təhlükəsizliyin təminatına
yol açır. Azərbaycan-Türkiyə birliyi
daim bölgədə
sülhün, təhlükəsizliyin
qarantı kimi dəyərləndirilir. Bütün
çıxışlarında tarixi Zəfərimizi Türkiyə-Azərbaycan birliyinin
təcəssümü kimi
dəyərləndirən dövlət
başçısı İlham
Əliyev Zəfər
paradındakı bəyanatında
bildirmişdir: “Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir, müstəqillik,
mərdlik, cəsarət
örnəyidir və
inkişaf örnəyidir.»
Bu fikirlərin davamı olaraq isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixi Zəfərimizdən
sonra Azərbaycanın
cənab İlham Əliyevin qətiyyətli
rəhbərliyi ilə
dastan yazmaqda davam edəcəyini bildirmişdir.
Ölkə Prezidenti
İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığının
təhlili fonunda bu fikri də
xüsusi qeyd edir ki, bir
də təvazökarlıqdan
kənar olsa da, hesab edirəm
ki, bu gün
daha iki nümunə var - o da mənim qardaşımla
mən: «Biz ölkələrimizi müstəqillik
yolu ilə irəliyə aparırıq.
Mən dəfələrlə
demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə
çevrildik… Bizim aramızdakı qardaşlıq
bütün Türkiyə
və Azərbaycan xalqına örnək olmalıdır.» «Bir ananın iki oğlu, bir ağacın iki qolu» kimi dəyərləndirilən
Azərbaycan və Türkiyə dostluğunu,
birliyini geniş təhlil edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikri də xüsusi
qeyd etmişdir ki, göylərdə nazlı-nazlı dalğalanan
ayparalarımız kimi,
biz eyni inancı bölüşən
qədim bir millətin mənsublarıyıq:
«Eynilə Anadolu kimi, bura da
bizim torpağımızdır.
Eynilə Türkiyə
kimi, bura da bizim Vətənimizdir.
Eynilə doğulduğumuz
yerlər kimi, bura da bizim
öz yurdumuzdur. Eyni qaydada Türkiyənin
hər bir qarışı da sizlərin Vətəniniz,
yurdunuzdur. Türk millətinin qəlbindəki
Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında
kim sərhəd çəkə bilər?»
İki dost ölkənin əlaqələri
təkcə bölgəyə
deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyədədir.
Dünya bu
qardaşlığın daim
şahidinə çevrilir.
Bu ilin fevral
ayında Türkiyədə
baş verən dəhşətli zəlzələ
zamanı Azərbaycanın
nümayiş etdirdiyi
əsl qardaşlıq
nümunəsi diqqətdən
kənarda qalmadı. Bu diqqət və qayğı yalnız dövlətlərarası
münasibətlər deyil,
sadə insanlar tərəfindən də
yüksək səviyyədə
nümayiş olundu. «Türkiyəli qardaşlarımızın
yanındayıq» söyləyən
xalqımız bu qayğını əməli
ilə sübut etdi.
Dünyaya örnək
olan Azərbaycan-Türkiyə
dostluğunun, qardaşlığının
sarsılmazlığını təsdiqləyən faktlar
o qədər bitib tükənməzdir ki, onları sadalamaqla qurtarmaz. Ən əsası bu sarsılmaz birlik gələcəyə daha
böyük inamla addımlamağa əsas verir. Hazırda cənnət məkana çevrilən azad Qarabağımızda və
Şərqi Zəngəzurumuzda
bərpa-quruculuq işləri
iki qardaş ölkənin birgə səyləri əsasında
həyata keçirilir.
Cənab Rəcəb
Tayyib Ərdoğanın
yenidən Prezident seçilməsi iki qardaş ölkənin münasibətlərinin yüksələn
xətlə inkişafını
daha da sürətləndirəcək,
hədəflərə doğru
atılan birgə addımlar uğurlu nəticələrini verəcək.
Azərbaycan-Türkiyə qardaşlığı
əbədidir, sarsılmazdır,
dünyaya nümunədir.
Yeganə Əliyeva
İki sahil.- 2023.- 7 iyun. S. 3.