İşğaldan azad olunmuş
ərazilərimizin yenidən
qurulmasında Heydər
Əliyev Fondu yaxından iştirak edir
Prezident İlham
Əliyevin işğaldan
azad olunmuş torpaqlarımıza ən son səfəri mayın 28-də reallaşdı.
Belə ki, ölkəmizin başçısı
mayın 27-də Kəlbəcərdə
olaraq burada bir neçə önəmli infrastrkutur layihələrin təməlini
qoyandan bir gün sonra Laçına daimi yaşamağa qayıdan laçınlı məcburi
köçkünlərlə elə Laçın şəhərində görüşdü.
Ali Baş Komandanımızın 28 May
Müstəqillik Günündə-
azad Laçından ilk dəfə həm Ermənistana, həm də onun havadarlarına ciddi mesajlar verməsi bir daha xalqımızda əminlik yaratdı ki, biz bir
dövlət və millət olaraq bölgədə əsl söz sahibiyik və geosiyasi məsələlərdə Azərbaycanla
hesablaşmaq qaçılmazdır.
Eyni zamanda, beynəlxalq ictimaiyyət Qarabağ və Şərqi Zəngəzurda
həyata keçirilən
bərpa və yenidənqurma işlərinin
fonunda Azərbaycanın
təkbaşına, yalnız
öz daxili imkanları hesabına necə nəhəng layihələr həyata keçirdiyini də heyrətlə izləyir.
Qeyd edək
ki, son 7-8 ay ərzində Laçında 700 bina inşa edilib ki, onlardan 620-si fərdi yaşayış
binası, 9-u çoxmənzilli
binadır. Ümumilikdə
ilkin mərhələdə
764 ailə Laçın
şəhərində yaşaya
biləcək. Bununla da bir daha
aydın göründü
ki, Qarabağda və Şərqi Zəngəzurdakı möhtəşəm
layihələrin sürətlə
həyata keçirilməsi
davam edir. Məlumdur ki, Prezident İlham Əliyev 2023-cü ildə
də Böyük Qayıdış üçün
genişmiqyaslı işlərin
həyata keçiriləcəyinin
anonsunu bu ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində
bildirib. Vurğulayıb
ki, Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq
işləri yenə də dövlətin əsas diqqət mərkəzində olacaqdır:
«Təqribən birinci
mərhələdə 100-ə qədər yaşayış
məntəqəsinin yenidən
qurulması nəzərdə
tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda
çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq.
Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük
Qayıdışın ilk
addımlarından biri
olacaq. Əlbəttə,
Ağalı kəndi birinci addım idi. Amma biz
bu il bunu,
inşallah, daha kütləvi surətdə
görəcəyik. Bununla
paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər,
xəstəxanalar hazır
olacaq… 2023-cü ildə
laçınlılar Laçın
şəhərinə, Zabux
və Sus kəndlərinə qayıdacaqlar.»
Qeyd edək
ki, Böyük Qayıdışın təməli
hələ Vətən
müharibəsinin davam
etdiyi günlərdə
qoyulmuşdu. Düşməndən
azad edilən Suqovuşan və Talış kəndlərinə
gedən yolların çəkilişinə start
veriləndə hələ
hərbi əməliyyatlar
davam edirdi. Tarixi Qələbəmizdən dərhal
sonra isə müxtəlif infrastruktur layihələrinin həyata
keçirilməsinə başlanıldı.
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri də Zəfər yolunun təməlinin qoyulması
ilə yadda qaldı. Bununla da Qarabağ
və Şərqi Zəngəzur əsl tikinti meydançasına çevrildi. Füzuli və Zəngilanda beynəlxalq
hava limanlarının
qısa müddətdə
istifadəyə verilməsi,
həmçinin Laçın
Beynəlxalq Hava Limanının təməlinin
qoyulması, Güləbird
Su-Elektrik Stansiyasının,
o cümlədən işğaldan azad edilmiş ərazilərdə daha 7 yarımstansiyanın inşası,
Şuşanın su və elektrik təchizatının təmin
edilməsi,
« Xarıbülbül» və «Qarabağ» hotellərinin açılışı
göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin
bərpası həm də kompleks xarakter daşıyır.
Hazırda işğaldan
azad edilmiş bütün əraziləri
əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa,
Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli,
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd,
Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu,
Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın,
Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları
ən müasir standartlar səviyyəsində
inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu
700 kilometrdən artıq
olacaq. Bu yolların bir qismi ən mürəkkəb
relyef şəraitində
inşa olunur. Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə
görülən işlər
bununla bitmir. Hətta orada yeni iş yerlərinin
yaradılması üçün
də istehsalat müəssisələrinin- aqroparkların
təməlləri qoyulur
ki, onlar da yaxın gələcəkdə
öz bəhrəsini
verəcəkdir.
Bir məsələni
də xüsusi qeyd etməliyik ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasını
Azərbaycan dövləti
öz maliyyə imkanları hesabına həyata keçirir.
2022-ci ildə bu məqsədlə dövlət
büdcəsindən 2,2 milyard
manat vəsait ayrılmışdı. 2023-cü ilin dövlət büdcəsində isə
bu vəsait daha 50 milyon manat artırılıb.
İşğaldan azad olunmuş ərazilərimizin yenidən
qurulmasında Heydər
Əliyev Fondu da yaxından iştirak edir, tarixi və dini abidələrin, məscidlərin bərpası
ilə bağlı layihələr həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri
ilə Fondun reallaşdırdığı layihələrin
əhatə dairəsi
olduqca genişdir. İndiyədək bu layihələrin bir qismi tam icra
olunub. Məsələn,
2021-ci ildə Şuşada
dahi Azərbaycan şairi və ictimai xadim Vaqifin
muzey-məqbərə kompleksinin
yenidənqurulması cəmi
bir neçə aya başa çatdırılıb.
Abidənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb. Fondun dəstəyi ilə Şuşada Vaqifin büstü və görkəmli
Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin
heykəli bərpa olunub. Üzeyir Hacıbəylinin Şuşadakı
ev-muzeyi, mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə
kompleksi, «Şirin su» hamamı da Heydər Əliyev Fondu tərəfindən bərpa
olunub. Azərbaycanın tanınmış
tarzəni Sadıqcanın
Şuşadakı evinin
bərpasını da
Fond həyata keçirir. Fondun işğaldan azad olunmuş ərazilərdə
reallaşdırdığı layihələrin bir qismi də məscidlərin
bərpası ilə əlaqəlidir. Hazırda
Şuşa məscidləri,
həmçinin Ağdam
«Cümə» və Zəngilan məscidləri
Heydər Əliyev Fondu tərəfindən bərpa edilir.
Bəli, bu
gün bütün dünya görür ki, Azərbaycan ermənilərin darmadağın
etdiyi torpaqlarımızda
gülüstan yaradır.
Bununla da hər iki xalqın
xarakteri aydın görünür: dağıdıcı
ermənilər və
qurucu azərbaycanlılar...
Təbii ki, buradakı tikinti-qurucuduq işləri həm də Xankəndidə yaşayan erməni əhalisinə bir mesajdır ki, siz qüdrətli Azərbaycanın himayəsində
daha rahat və firavan yaşaya bilərsiniz.
Elçin Zaman
İki sahil.- 2023.- 9 iyun. S. 3.