Heydər Əliyev və Azərbaycan mədəniyyəti
Azərbaycanın ən yeni tarixinin
bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin şərəfli
adı ilə birbaşa bağlıdır.
Çünki bü dövrün özünü
məhz Heydər Əliyev yaratmışdır.
Ulu Öndərimiz bütün ömrünü,
mübarizəsini, bir
sözlə, fədakar
fəaliyyətini Azərbaycanın
siyasi, iqtisadi, mədəni həyatının
inkişafına sərf
etmiş, respublikamızın
beynəlxalq aləmdə
geniş miqyasda tanınması üçün
əlindən gələni
əsirgəməmişdir. Ümummilli Liderimizin xüsusi diqqət yetirdiyi sahələrdən
biri Azərbaycanın
mədəniyyəti və
incəsənəti olmuşdur.
Heydər Əliyev Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün iftixar mənbəyi hesab edirdi. Ona görə də bu sahədə qazanılmış uğurları dünya ictimai fikrinə çatdırmaq üçün böyük səy göstərirdi. Onun ədəbiyyat və incəsənət xadimlərinə göstərdiyi qayğı ulu öndərimizin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi idi. Hamıya məlumdur ki, məhz Heydər Əliyevin tövsiyəsi və dəstəyi ilə Azərbaycanın bir çox dahi şəxsiyyətləri - şairlər, yazıçılar, bəstəkarlar, müğənnilər və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd olunub, onların Bakıda və digər şəhərlərimizdə abidələri ucaldılıb. Ulu Öndərin böyük şəxsiyyətlərimizin yubileyləri ilə bağlı verdiyi sərəncamlar və bu sərəncamlardan irəli gələrək görülən işlər, hər imzanın ətrafında böyük bir hərəkat başlatması böyük anlam daşıyırdı. Məsələn, “Dədə Qorqud” dastanının 1300 illiiyinin keçirilməsi ilə bağlı Heydər Əliyevin imzaladığı Sərəncam ən unudulmazlar sırasındadır. Eyni zamanda, Məhəmməd Füzulinin 500 illik, Nizaminin 840 illik, Nəsiminin 600 illik, M.F.Axundzadənin 170 illik, Hüseyn Cavidin 120 illik yubileyləri bilavasitə Ulu Öndərimizin təşəbbüsü və təşkilatçılıq məharəti sayəsində həyata keçirilmişdir. Nəsiminin Bakıdakı heykəli, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi, Hüseyn Cavidin xatirəsinə ucaldılan xatirə kompleksi bunun bariz nümunəsidir. Repressiya qurbanı Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi də Ulu Öndərimizin adı ilə bağlıdır və bu hadisə xalqımızın tarixinə əbədi həkk olunmuşdur.
Heydər Əliyev fəaliyyəti dövründə Azərbaycan yazıçılarının da bütün qurultaylarında iştirak etmişdi. Onun Süleyman Rüstəmə, Mirzə İbrahimova, Rəşid Behbudova, Qara Qarayevə, Fikrət Əmirova, Yusif Səmədoğluya göstərdiyi qayğı xalqımızın yaddaşındadır.
Azərbaycan incəsənətinin mühüm sahələrindən biri olan rəssamlıq məktəbinin tərəqqisi üçün də Ümummilli Liderimiz çox işlər görmüşdür. O, bu sahəyə böyük dəyər verirdi. Heydər Əliyev deyirdi: “Azərbaycanda rəngkarlıq, rəsm sənəti böyük inkişaf yolu keçibdir. Bəhruz Kəngərlidən, Əzim Əzimzadədən başlayaraq, Azərbaycanda davamlı olaraq böyük rəssamlar dünyaya gəlib və böyük əsərlər yaradıblar.” Ümummilli Liderimizin rəssamlarımızın fərdi sərgilərində müntəzəm iştirakı sənətsevərlərin məsuliyyətini artırır, həm də onları daha da ruhlandırırdı.
Heydər Əliyev dahi bəstəkarımız Üzeyir Hacıbəylidən başlamış müasir musiqi xadimlərinə qədər bütün sənətkarlara yüksək dəyər vermiş, bu sahənin daha geniş miqyasda tanınması üçün böyük əmək sərf etmişdir. Bununla bağlı Ümummilli Liderimizin aşağıdakı sözlərini xatırlamaq yerinə düşər: “Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.” Əminliklə deyə bilərik ki, musiqi xadimlərimizin hər biri Heydər Əliyevin qayğısını hiss edib, həmişə minnətdarlıqlarını bildirirdilər.
Ümummilli Lider Heydər Əliyev teatr sənətinin də məna və mahiyyətini, onun insanların qəlbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini dərindən duyurdu, bu sənətin təcrübi və nəzəri əsaslarına yaxşı bələd idi. Onun tamaşalara hər gəlişi, fikir söyləməsi teatr kollektivlərini yeni-yeni yaradıcılığa səslədi. Teatrların repertuarları yeniləşdi, zənginləşdi, klassik əsərlərin yozumuna müasir baxış qüvvətləndi. Heydər Əliyevin dəyərli teatr-estetik görüşləri onun ayrı-ayrı iclaslarda, müşavirə və toplantılarda, plenum və qurultaylarda çıxışları zamanı teatr haqqındakı fikirlərində, ayrı-ayrı sənətkarlarla görüşlərində dediyi sözlərdə, görkəmli sənətkarların yubileylərində göndərdiyi təbrik teleqramlarında, baxdığı tamaşalar barədə mülahizələrində öz dolğun əksini tapıb.
Bir sözlə, Heydər Əliyevin Azərbaycanın mədəniyyət və incəsənət sahəsində fədakar əməyi və bu əməyin nəticəsində əldə edilən nailiyyətlər haqqında cild-cild kitablar yazmaq mümkündür. O, böyük siyasi, iqtisadi, ictimai problemlərlə yanaşı, çoxşaxəli fəaliyyətində Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük işlər görmüşdür.
Heydər Əliyevi görmək, onunla təmasda, ünsiyyətdə olmaq səadətdir, xoşbəxtlikdir. Fəxr edirəm ki, bu səadət mənə də nəsib olub. Mən Heydər Əliyevin keçirdiyi yüksək məqamlı toplantılarda bir neçə dəfə iştirak etmişəm. İlk dəfə 1978-cı ildə Ulu Öndərimizin keçirdiyi görüşdə iştirak etmişəm. Bütün bu dövr ərzində mən Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi böyük diqqətin canlı şahidi olmuşam.
Ümummilli Liderimiz Heydər Əliyevin ölməz ideyaları bu gün də yaşamaqdadır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev zəkasının izi görünməsin. Beləliklə, müstəqil Azərbaycanın mədəniyyətsiyasətinin banisi olan Heydər Əliyevin bu sahədəki böyük nailiyyətləri ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək daha da yüksək zirvələrə doğru ucalır.
İftixar Piriyev,
Sənətşünaslıq
üzrə fəlsəfə
doktoru,
Əməkdar mədəniyyət işçisi
İki
sahil.- 2023.- 17 iyun.- S.14.