Otuz il əvvəlki
qaynar iyun günlərində...
2023
Heydər Əliyev
İli
1993-cü ilin iyunu Azərbaycanın son yüzillik tarixində ən təhlükəli hadisələrlə
dolu bir səhifədir. O günlərin
təbii iqlimi kimi, siyasi atmosferi
də olduqca qaynar idi. Xalqın
gələcəyə olan
inamını qıran
qorxulu hadisələr
ard-arda gəlirdi. Torpaqlarımızın işğalı,
daxili hərki-hərkinəlik,
casus şəbəkələrinin
heç bir maneəsiz manevrləri, cinayətkarlığın baş
alıb getməsi, çörək qıtlığı...Hamısı bir-birindən
dəhşətli...1990-cı illərin
ilk illərində dörd dövlət başçısı dəyişsə
də, vəziyyət
dəyişmirdi.
Mürəkkəb tarixi şəraitdə zor gücünə hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün rəhbərləri qısa müddətdən sonra anladılar ki, bütün sahələrdə olduqca ağır vəziyyətə düşmüş dövləti idarə etmək üçün böyük idarəetmə təcrübəsinə malik güclü dövlət adamına ehtiyac var. Surət Hüseynovun qaldırdığı qiyamdan sonra bu həqiqət onlara gün kimi aydın oldu. Əlində hakimiyyət, ordu, silah olan dövlət rəhbərləri çıxış yolu tapa bilməyərək məntiqsiz hərəkətlər edir, bununla da vəziyyəti kritik həddə çatdırırdılar. Gəncədə baş verən 1993-cü ilin 4 iyun qiyamından sonra Surət Hüseynovun Bakıya doğru qoşun yeritməsi, hakimiyyət başındakıları boğazlarından asacağı ilə hədələməsi hakimiyyətdə olan“bəyləri” təşvişə saldı və onlar qiyamçı polkovnikin tələbi ilə vəzifələrindən istefa verdilər. Ölkəyə təcili olaraq yeni və bacarıqlı rəhbərlik lazım idi.
Gözlər yenə də Naxçıvana, SSRİ-nin saxlanılması əleyhinə səs vermiş və bütün dünyanın tanıdığı böyük dövlət xadimi Heydər Əliyevə dikildi. Xalq qətiyyətlə Heydər Əliyevi tələb edirdi. Dediyimiz kimi, 1993-cü ilin iyununda Gəncədə başlayan qiyamın yatırılması üçün edilən ilk cəhd uğursuzluğa düçar olan kimi son dərəcə üzücü olsa da siyasi hakimiyyətdəkilər depressiyaya düşdülər və son ümid kimi Heydər Əliyevi Bakıya, siyasi hakimiyyətə dəvət etməli oldular. Bundan çox əvvəl isə Azərbaycan xalqı ayağa qalxaraq öz dahi oğlundan dövlət başına gəlməyi təkidlə tələb edirdi. O zaman yığıncaqlarda irəli sürülən “Heydər baba, bizi bəladan qurtar!” şüarları indi də yaşlı nəslin yaxşı yadındadır. Millətinin səsinə hər zaman səs vermiş Ümummilli Lider xalqın təkidli tələblərinə müsbət cavab verərək Bakıya gəldi. Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü olmuş, SSRİ-də siyasi hakimiyyətin zirvəsinə yüksəlmiş, Kremlin güclü və zəif cəhətlərini, regionda və dünyada baş verən siyasi prosesləri dərindən bilən, xalqımızın mentalitetinə yaxından bələd olan Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk növbədə qısa müddətdə pozucu qüvvələri cilovladı , torpaqlarımızı işğal edən Ermənistanın hücumlarını dayandıra bildi, Azərbaycan MDB-nin üzvü oldu. Böyük siyasi xadim bölgədə marağı olan güclər arasında balans yaradaraq Azərbaycanda sabitliyin yaranmasına nail oldu. Çünki dahi rəhbər bilirdi ki, daxili sabitlik olmadan digər planları həyata keçirmək mümkün deyil. O zaman ölkə elə bir vəziyyətdə idi ki, xarici xüsusi xidmət orqanlarının qrupları silahlanaraq sözün əsl mənasında at oynadırdılar. Müdafiə naziri olmuş Rəhim Qazıyevin, polkovnik Əlikram Hümbətovun, daxili işlər nazirinin müavini Rövşən Cavadovun silahlı dəstələri dövlətə tabe olmur, silahlı çevrilişə hazırlaşır və yalnız öz maraqlarının təmin olunmasını tələb edirdilər. Həmin tələblər isə xarici bədxahlarımızın diktəsi ilə ölkənin kövrək müstəqilliyini beşiyində boğmağa yönəldilmişdi. Xarici ağalarının əmrlərini icra edənlər isə xəyanətə yuvarlandıqlarının fərqində deyildilər. Kürsü, sərvət həvəsi ilə onlar bütün milli dəyərləri tapdalamağa hazır idilər.
Heydər Əliyev ölkənin şimalında, şimal-qərbində, cənubunda baş qaldırmış etnik separatizmin, vətəndaş qarşıdurmasının qarşısını aldı, ayrı-ayrı şəxslərə tabe olan qanunsuz silahlı dəstələrin quldur fəaliyyətinə birdəfəlik son qoyuldu. Dövlət intizamı, qanunçuluq böyük siyasi intellekt, səbir, təmkin, qətiyyət və gərgin fəaliyyət sayəsində bərpa olundu. Ancaq gənc müstəqil dövlətin daxilində xaricə işləyən qüvvələr bunu həzm etmək istəmədilər. O zaman Heydər Əliyevə qarşı dəfələrlə terror və dövlətə qarşı silahlı çevriliş cəhdləri və qiyamlar da oldu. Ancaq Heydər Əliyev xalqın güclü dəstəyi ilə bu təhlükələri adlatdı, ölkəmizi qorudu, onu dinc inkişaf yoluna çıxardı. Ölkəmizin təhlükəsizliyinə, Qarabağı azad edəcək Milli Ordu quruculuğuna əsas təminatlardan ən mühümü olan “Əsrin müqaviləsi”ni böyük dövlətlərin başçıları və Qərbin nüfuzlu transmilli neft şirkətləri ilə imzalamağa nail oldu. Yeni milli, demokratik Konstitusiya qəbul edildi, dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ölkədə baş alıb gedən cinayətkarlığın qarşısına sədd çəkildi, güc strukturları sözün əsl mənasında gücləndirildi. Dağılmış iqtisadiyyat sürətlə dirçəldildi, aqrar sahəyə diqqət artırıldı, torpaq islahatı aparıldı, o əsl sahiblərinə-kəndiliərə paylandı.
Heydər Əliyev ölkəmizi və dövlətimizi böyük təhlükələrdən qoruyub inkişaf yoluna çıxarmaqla adını Azərbaycanın tarixinə qızıl hərflərlə yazdı. Yüksək insani keyfiyyətlərə malik Heydər Əliyev tariximizi, mədəniyyətimizi, milli ənənəmizi mükəmməl bilirdi . O, lerikli çoban Xanışla təmaslarında nə qədər səmimi və sərbəst idisə Putinlə, Buşla, Mitteranla, digər dünya liderləri ilə görüşlərində bir o qədər özgüvənli idi. Hamı ona böyük siyasət xadimi kimi hörmətlə yanaşırdı. Xalqımız onun xidmətlərini heç vaxt unutmayacaqdır. Onun hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində başlatdığı işlər müsbət bəhrəsini verdi, Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının üzvlüyünə qəbul edildi. Ulu Öndər siyasi mədəniyyətin, dövlət ədəb-ərkanının bir çox nümunələrini yaratdı.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına son ən böyük xidməti isə Prezident İlham Əliyevi böyük dövlət xadimi kimi yetişdirməsi oldu. Ulu Öndərin yarımçıq qalan işlərini Prezident İlham Əliyev səriştə ilə yerinə yetirdi. İyirmi ildir ki, hamımız Azərbaycanımızın necə sürətli bir yol keçməsinin iştirakçısı və şahidiyik. Ana Vətənimizin bir parçası olan Qarabağı işğal etməklə heysiyyatımıza toxunan düşmənin başı əzilmiş, ordusu cəmi 44 gün ərzində darmadağın edilmişdir. Azərbaycan Ordusu qüdrətini artıraraq dünyanın güclü orduları sırasına yüksəlmişdir. İkinci Qarabağ müharibəsində ordumuzun tətbiq etdiyi taktiki manevrlər və nöqtə vuruşu hətta dünyanın superdövlətlərinin baş qərargahları tərəfindən öyrənilir və öz ordularında istifadə etmələri planlaşdırılır.
Düşmən əsarətindən azad olnmuş ərazilərdə genişmiqyaslı tikinti, abadlıq, yenidənqurma və bərpa işləri aparılır. Artıq Azərbaycan dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə ucalmış və beynəlxalq arenada söz sahibi olmuşdur. İndi dünyada Azərbaycanın mövqeyi möhkəmdir. Hazırda azad ölkəmiz işıqlı gələcəyə doğru inamlı addımlarla irəliləyir.
Bütün bunlara görə bu gün 1993-cü ilin məşum iyun günlərini belə parlaq qələbələr və sürətli inkişaf fonunda yad edirik.
Vəli İlyasov
İki sahil.- 2023.- 20 iyun.- S.5.