Güclü hərbi potensial müstəqilliyin
və ərazi bütövlüyünün
qarantıdır
"Alpan-2023" birgə
təliminin keçirilməsi iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın
göstəricisidir
“Təbii ki, bizim gələcək işbirliyi proqramımız bu gün müzakirə olunan məsələlər arasındadır. Bütün sahələrdə konkret proqramlar əsasında işlər gedir. İlk növbədə, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.” Dövlət başçısı İlham Əliyevin bu günlərdə prezident seçkilərindən sonra Şimalı Kipr Türk Respublikasının ardınca Azərbaycana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatında səsləndirdiyi bu fikirlər iki qardaş ölkələrimizin münasibətlərinin dünəninə baxış əsasında perspektivlərin aydın mənzərəsini yaratdı. Təbii ki, bugünkü Azərbaycanın uğurlarından, hədəflərindən bəhs edərkən iki il bundan öncə imza atdığımız tarixi Zəfərə nəzər salmamaq mümkün deyil. 30 illik işğal dövrünü 44 gündə qalibiyyətlə əvəzləmək, dünyanın hərb tarixinə yeni səhifə yazmaq, ən əsası bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlamaq və qısa müddətdə soydaşlarımızın mərhələli şəkildə qayıdışının şahidinə çevrilmək dövlətimizin qətiyyətinin, siyasi iradəsinin, həyata keçirilən siyasətin möhkəm təmələ əsaslandığının göstəricisidir.
Bu fikri daim böyük əminliklə qeyd edirik ki, 44 günlük İkinci Qarabağ müharibəsi sözün əsl mənasında həqiqət anı oldu. Həmin müddətdə bu gün artıq arxivə atılan ATƏT-in Minsk qrupunun həmsədrlərinin belə vasitəçilik missiyasını unudaraq 30 illik işğal zamanı tutduğu qərəzli mövqeyi daha açıq şəkildə nümayiş etdirdiyi halda ölkəmizə dost, qardaş dövlətlər mənəvi və siyasi dəstəkləri ilə dünyanın diqqətində oldular. Bu sırada Türkiyə və Pakistanı xüsusi qeyd etməliyik. Müharibənin başlandığı andan küçə və meydanları bəzəyən hər üç dövlətin bayraqlarının bu gün də eyni mənzərə ilə dalğalanması dostluğumuzun, qardaşlığımızın nümayişidir.
İyunun 12-13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərindən bir gün sonra Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin gəlməsi bir daha dünyaya mesaj oldu. Hər iki səfər çərçivəsində müzakirə edilən məslələrdən biri müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, ən əsası birgə hərbi təlimlərin sayının artırılması oldu. Türkiyə Prezidenti ilə mətbuata birgə bəyanatında «Bu gün, eyni zamanda, müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında danışdıq. Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir. Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük» fikirlərinin davamı olaraq cənab İlham Əliyev Pakistanın Baş naziri ilə mətbuata bəyanatında «Biz müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik. Artıq qeyd etdiyim kimi, birgə hərbi təlimlərin sayının artırılması məsələsini müzakirə etdik, buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır» söylədi.
Təsdiq olunmuş plana əsasən, Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Alpan-2023" birgə təliminin keçirilməsi də iki qardaş ölkə arasında müdafiə sahəsində əməkdaşlığın göstəricisidir. Ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərinin uzaq və yaxın məsafədən məhvetmə tapşırıqlarını və digər epizodları icra edirlər. Təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılmasıdır.
Bölgədə sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən hərbi sahədə yüksələn xətlə inkişaf edir. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir. Cənab İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı belə bir əminliyi də ifadə etdi ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün həm görülmüş işlərə yekun vuruldu, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi aparıldı. Aparılan danışıqlar bir daha ortaq niyyətimizi ifadə edir. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə ilə Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.
Hər iki ölkə arasında imzalanan «Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə»dən sonra əlaqələrin yeni istiqamətlər üzrə davamının nəticəsidir ki, qardaş ölkədə hərbi sahədə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayı artır. Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. «Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında» müqavilə və «Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması» çərçivəsində görülən işlər, hərbi təhsil sahəsindəki əməkdaşlıq ölkəmizin müdafiə qüdrətini gücləndirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən formalaşdırılması təmin edilir. Azərbaycan hərbçilərinin Türkiyədə keçirilən hərbi təlim-məşqlərdə iştirakı əsgər və zabitlərimizin peşəkarlığını, döyüş qabiliyyətini artırır. «Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında» müqaviləyə əsasən, atıcı silahların istehsalı, döyüş sursatlarının, mühəndis texniki vasitələrin, onların ehtiyat hissələrinin idxalı ilə bağlı layihələrin qarşılıqlı həyata keçirilməsi hər iki ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartları səviyyəsində modernləşdirilməsinə kömək göstərir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin qardaş ölkənin eyni profilli müəssisələri ilə əməkdaşlığı da ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir.
Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin rəsmiləşdirildiyi Şuşa Bəyannaməsində də hərbi əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət göstərilib: «Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.» Azərbaycanın əsgər və zabitlərinin Türkiyədə keçirilən «TUR-AZ», «Sarsılmaz dostluq», «Efes-2022» çoxmillətli hərbi təlim-məşqlərdə iştirakı hər iki ölkənin müdafiə qüdrətinin möhkəmlənməsinə göstərilən diqqətdir.
Güc amilinin öndə dayandığı müasir dünyamızda dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin qorunması prioritet məsələlərdəndir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyev prioritetləri açıqlayarkən ölkəmizin hərbi gücününün daha da artırılmasının vacibliyini bildirdi.
30 il davam etmiş işğal dövrünün arxada qalmasına, azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin vüsət almasına baxmayaraq Ermənistan təxribatlarını bu gün də davam etdirir. Sərhəd bölgələrində mütəmadi törədilən təxribatlar, atəşkəsin pozulması işğalçı dövlətin hazırkı dövrün əsas çağırışı olan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmini üçün Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanmasından yayınmasını nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsdən nəticə çıxarmayaraq törətdiyi hərbi təxribatların qarşısını almaq üçün Azərbaycan Ordusunun «Qisas», «Qətiyyətli cavab» əməliyyatları bir daha hərbi gücümüzü nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev postmünaqişə dövründə Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlardan bəhs edərkən Azərbaycan Ordusunun gücünün daha da artdığını xüsusi vurğulayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra ölkəmizə səfəri bundan sonrakı hədəflərin, əməkdaşlıq əlaqələrinin prioritetlərinin açıqlamasında əhəmiyyətli rol oynadı. Qardaş ölkənin Prezidenti iqtisadi, siyasi, xarici siyasət sahəsində əməkdaşlığın gələcəyindən geniş bəhs edərək «Bütün bunlarla yanaşı, müdafiə sənayesi sahəsində atılacaq addımlar da böyük əhəmiyyət kəsb edir. Bu sahədə atacağımız addımlarla birlikdə bu işin müdafiə sənayesi hissəsi ilə yanaşı, təhsil məsələsində də üzərimizə düşən vəzifələr var. Bu vəzifələri bu günə qədər necə yerinə yetirmişiksə, bundan sonra da eyni qaydada həyata keçirməkdə davam edəcəyik» söyləməklə bir daha hazırkı dövrdə bu sahənin inkişafının prioritetliyini təsdiqlədi.
Dövlət başçısı İlham Əliyev bu ilin aprelində İstanbulda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında da qardaş ölkənin uğurlarından geniş bəhs edərək bildirdi ki, bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcək: «Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Selçuk bəy Bakıda olarkən “Kızılelma”nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək “Kızılelma” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur.»
Bu gün böyük inamla bu mühüm məqamı da qeyd edirik ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə formalaşıb və bütün istiqamətlərdə uğurlu inkişafını davam edir. Bu baxımdan ilk dəfə olaraq keçirilən “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimini qeyd edə bilərik. Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç Qardaş - 2021” beynəlxalq təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması idi. Bu kimi mühüm addımlar dostluq və qardaşlığın növbəti təzahürü olaraq Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının hörmət və etimada söykəndiyini təsdiq edir.
Yeganə Əliyeva
İki sahil.- 2023.- 23 iyun.- S.5.