MƏN HEYDƏR ƏLİYEV

MƏKTƏBİNDƏ NECƏ DƏRS ALDIM

 

Jurnalist Aslan Aslanov 45 ildən çox Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı olub. Əvvəlcə agentlikdə müxbir, baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə Heyətinin sədri işləyib.  Ulu öndər Heydər Əliyevin 1993-çü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında xarici ölkələrin səfirləri ilə ilk görüşündən başlayaraq, 2003-cü ilədək keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hazırda təqaüddə olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə yazdıgı “Mən Heydər Əliyev məktəbində necə dərs aldım” sərlövhəli xatirələrini oxuculara təqdim edirik.

 

Dördüncü mərtəbədə liftdən çıxan kimi dəhlizin o başından eşidilən telefon zəngi sanki məni çağırırdı. İş vaxtının başlanmasına hələ xeyli var idi. Dəhliz boyu yan-yana düzülmüş otaqların heç birindən kiçik hənirti belə eşidilmirdi. Addımlarımı yeyinlətdim ki, zəngə çatım. Zənnim məni aldatmırdı. Zəng elə bizim otaqdan gəlirdi. Özümü çatdırıb dəstəyi qaldırdım.

- Aslan, sənsən? – dəstəkdən baş direktorun katibəsinin səsi gəldi.

Katibə cavan olsa da, çox hikkəli idi. Sanki özünü baş direktordan sonra ikinci adam hesab edirdi. Hər halda onun sözünü çatdırırdı.

- Səhərin gözü açılmamış nə olub belə? Vacib tapşırığım var. Başqa tədbirə gedə bilmərəm.

Bizim işdə belə qaçdı-qovdu tapşırıqlar çox olurdu. Gözlənilmədən elə tədbirlər ortaya çıxırdı ki, yazıq qız kim əlinə keçirdisə, onu göndərməyə çalışırdı. Təki müdiri ona hirslənməsin.

- Yox, başqa tədbir yoxdur. Şef zəng edib bərk-bərk tapşırdı ki, Elmlər Akademiyasındakı görüşə gecikməyəsiniz. Əsas odur ki, agentliyin əməkdaşı orada olsun. Yazmaq lazım deyil.

Katibə qız düz deyirdi. Dünən keçirilən ayaqüstü iclasda da yuxarının tapşırığının belə olduğunu demişdilər.

Düzünə qalsa, ölkədə elə qarma-qarışıq vəziyyət yaranmışdı ki, iclas keçirmək kiminsə yadına düşmürdü. Əsrlərlə müstəqilliyini arzulamış, bunun üçün canından, qanından keçməyə hazır olduqları ölkə insanların gözü qarşısında parçalanıb dağılmağa doğru gedirdi. Millətin başbilənləri, alimləri, müəllimləri, fəhlələri, lap elə yazıçıları da, vəzifəsi olan da, olmayan da həyəcan keçirirdi. Şəhidlərin qanı-canı bahasına əldə olunmuş müstəqil dövlətimiz uçurumun bir addımlığında idi. Həm də dağılma elə sürətlə gedirdi ki, onun qarşısının alınması mümkünsüz görünürdü. Vətəndaş müharibəsi lap qapının kandarına gəlib çatmışdı. Xalqın respublika rəhbərlərinə inamı qalmamışdı. Meydanlardan gətirib yüksək vəzifələrə qoyduqları səriştəsiz, bacarıqsız kadrların televiziya ekranlarından bəlağətli çıxışları insanları bezdirmişdi.

Axı bu millət vaxtilə qüdrətli imperiyalar yaradaraq məğribdən-məşriqədək ucsuz-bucaqsız torpaqlara sahib olmuş bir millətdir. Əcdadlarımız Azərbaycan xalqının mədəniyyət abidələrindən ölməz-itməz nişanələr qoymuşlar. Bəs indi nə baş verir? İnsanları əli qoynunda qoyan, aciz məxluqlara çevirmək isəyənlər doğrudan əmindirlər ki, bu millət ayağa qalxıb öz qüdrətini bütün dünyaya göstərə bilməyəcək?

Katibə qız dəstəyi çoxdan asmışdı. Mən isə elə dərin xəyala dalmışdım ki, əlimdə bərk-bərk sıxdığım dəstəyi yerinə qoymağı unutmuşdum.

- Ay xanım, mən hazıram, gedirəm, - saatı göstərib dedim. - Bax, vaxta hələ 20 dəqiqədən çox var. Buradan Elmlər Akademiyasının Rəyasət Heyətinin binasına 10-15 dəqiqəlik yoldur.

Bloknot və qələmi, diktofonu balaca əl çantasına birtəhər yerləşdirib qapıya tərəf çevriləndə ağ saçlı baş direktorun müavinini qarşımda gördüm. O, arıq, çəlimsiz, amma çox zəhmli insan idi. Hamımız ondan çəkinirdik. Şamil müəllimin iti baxışları mənə zillənmişdi. Nədənsə bu dəfə baxışlarında sərtlik görünmürdü. Agentlikdə hamı bilirdi ki, Şamil müəllimin mənə xüsusi hörməti və rəğbəti var.

- Salam, Şamil müəllim. Narahat olmayın, gecikməyəcəm, vaxtından qabaq çatacam.

Pəncərədən küçəyə ötəri nəzər yetirib düşüncəli halda dedi:

- Yox, mənim narahatlığım bunda deyil. Ölkə yaman qarışıb. Sən bilən, Elmlər Akademiyasının Rəyasət Heyətindəki bugünkü görüş bizi haraya aparacaq?

Şamil müəllimin məni söhbətə çəkmək istəyi aydın görünürdü. Onun bu gün işə belə tez gəlməyinin səbəbi bəlkə də elə bu idi.

Dərin hörmət bəslədiyim bu qocaman jurnalistlə söhbətimiz uzansaydı, gecikə bilərdim. Ona görə də yanından yavaşca sivrilib dəhlizə keçdim. Heç özüm də bilmədən uca səslə, bəlkə də qışqıraraq dedim:

- Şamil müəllim, Heydər Əliyev gəlirsə, demək, işlər yoluna qoyulacaq.

Birdən elə bil onun sərt, zəhmli baxışlarını kürəyimdə hiss etdim. İstər-istəməz dönüb ona tərəf baxdım - qışqırmağım acığına gəlmədi ki? Amma alaqaranlıq dəhlizdə onun sifət cizgilərini görə bilmədim. Liftlə aşağı düşəndə fikirləşdim ki, tədbirdən qayıdanda mütləq mənə bir-iki kəlimə “yağlı” söz deyəcək. Rəhmətliyin xasiyyəti belə idi. Sonra da düşündüm ki, eybi yox, qoy nə deyir-desin.

Liftdən enib Nizami küçəsinə çıxdım. Vaxtilə izdihamlı olan “Tarqovı”da tək-tük adam gözə dəyirdi. Bir gözüm saatda üzüyuxarı sürətlə addımladım. EA-nın Rəyasət Heyətinin yerləşdiyi binaya - memarlıq incisi olan İsmailiyyəyə çatanda dərindən nəfəs aldım. Hələ vaxta qalırdı.

Qapıda dayanan polis həyəcanımı hiss edirmiş kimi dedi:

- Ay qardaş, çox tələsmə, hələ gələn yoxdur.

Bir az rahatlıq tapdım. Demək, Heydər Əliyev gələndə onu lap yaxından görə biləcəkdim.

Yaxşı yadımdadır ki, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra respublika həyatının bütün sahələrində böyük dönüş başladı. İnsanların dolanışığı, güzəranı ilbəil nəzərəçarpacaq dərəcədə yaxşılaşdı. Mənim doğulub boya-başa çatdığım 30-40 evdən ibarət balaca kənddən tutmuş iri kəndlər, qəsəbə və şəhərlər sürətlə abadlaşırdı. Əhali kasıblığın daşını ataraq firavan həyat olan bir dövrə gəlib çatmışdı. Pambıqçının da, çobanın da, mexanizatorun da qapısında şəxsi minik maşınları dayanırdı. Bakının siması da göz önündə dəyişirdi. 1970-ci illərdə mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyurdum. Bütün bunları yaxşı xatırlayıram. Bəli, o vaxt - Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə sözün həqiqi mənasında inqilabi dəyişikliklər baş verirdi.

Onu da xatırlayıram ki, Heydər Əliyev 1982-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçiləndə respublika əhalisinin sevinci yerə-göyə sığmırdı. Xalq haqlı olaraq öz dahi oğlu ilə fəxr edirdi.

Heydər Əliyev Moskvadakı yüksək vəzifəsindən istefa verən kimi Azərbaycanın qara günləri, – onları saymaqla qurtaran deyil, – başladı.

İndi isə gənc, müstəqil dövlət gözümüzün qabağında parçalanıb dağılır, insanlar qan ağlayırdı. Nicat yolu Heydər Əliyevin Bakıya qayıdaraq öz millətinə yiyə durmasında idi. Neçə aydır xalq öz təkidli tələbindən əl çəkmir - Heydər Əliyev qayıtmalıdır, vəssəlam! Hakimiyyətdə olanlar artıq xalqın bu tələbi qarşısında duruş gətirmək iqtidarında deyil. Onu paytaxta gətirən təyyarə dünən (iyunun 9-da) Bakı hava limanına endi. Bu xəbər ildırım sürəti ilə bütün ölkəyə yayıldı. Xalq həqiqətən sevinc içindədir, bayram edir. İnsanların gözündə bir ümid işığı yanmağa başlayıb.

Məni xəyallardan qapıdakı gözətçinin səsi ayırdı:

- Çəkilin, kənara çəkilin, qonaq gəlir.

Heydər Əliyevi gətirən avtomobil giriş qapısının önündə göründü.

Başqalarını bilmirəm, mənim ürəyim sürətlə döyünməyə başladı. Özümü birtəhər ələ alıb pilləkənin yanındakı sütuna tərəf getdim, ona söykənib müvazinətimi düzəltdim. Sanki möcüzəli bir aləmdə idim. Dayandığım yerdən giriş qapısı aydın görünürdü.

Qapı açıldı. Hündür boylu, yaraşıqlı, əsl general qamətli, üz-gözündən nur yağan Heydər Əliyev iri, sərrast addımlarla içəri daxil oldu. Onu qarşılayanlarla görüşdü. Mən də cəsarətlənib bir-iki addım qabağa gəldim, salam verib salam aldım.

Heydər Əliyev ətrafındakılarla birlikdə İsmailiyyənin geniş pilləkənləri ilə yuxarı qalxdı. Orada isə onu çox gərgin görüşlər gözləyirdi. ABŞ-ın, Böyük Britaniyanın Azərbaycandakı səfirləri Heydər Əliyevi böyük hörmət və rəğbətlə qarşıladılar.

Ulu Öndər görüşə gəldiklərinə görə onlara minnətdarlığını bildirdikdən sonra respublikanın qarşısında çox böyük və mürəkkəb vəzifələr durduğunu qeyd edərək dedi ki, müstəqilliyi, suverenliyi təmin etmək üçün Ermənistan tərəfindən işğal olunmuş torpaqlar azad edilməli, ölkənin ərazi bütövlüyü bərpa olunmalı, müharibəyə son qoyulmalıdır. İnsanlar sülh və əmin-amanlıq şəraitində yaşayıb demokratik, dünyəvi, hüquqi dövlət qurmalıdırlar.

Səsi indi də qulaqlarımda əks-səda verir:

- Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Azərbaycanda vəziyət çox gərgindir, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalıb, hər gün qan tökülür. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi, digər tərəfdən daxili çəkişmələr ölkəni ağır vəziyyətə salıb. Biz BMT Təhlükəsizlik Şurasının, böyük dövlətlərin və bütün beynəlxalq təşkilatların Azərbaycanı müharibə şəraitindən çıxarmaq, işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün səylərini artırmasını istəyirik.

Bayaqdan Heydər Əliyevin sözlərini diqqətlə dinləyən diplomatlar qələm-dəftər çıxarıb qeydlər etməyə başladılar.

Görüş çox gərgin keçdi, səfirləri maraqlandıran suallara da ətraflı cavab verildi.

Sonra EA-nın Rəyasət Heyətinin üzvləri ilə çox maraqlı bir görüş oldu.

 

Ardı var...

 

İki sahil.- 2023.- 7 mart.- S.4.