MƏN HEYDƏR
ƏLİYEV
MƏKTƏBİNDƏ
NECƏ DƏRS ALDIM
Jurnalist Aslan Aslanov 45 ildən
çox Azərbaycanın müxtəlif mətbuat
orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan
Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə
bağlı olub. Əvvəlcə agentlikdə müxbir,
baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci
müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə
Heyətinin sədri işləyib.
Ulu öndər Heydər Əliyevin 1993-çü il
iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək
iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında
xarici ölkələrin səfirləri ilə ilk
görüşündən başlayaraq, 2003-cü ilədək
keçirdiyi görüşlərin, qəbulların,
iclasların və digər tədbirlərin, eləcə də
xarici ölkələrə səfərlərinin tam əksəriyyətində
AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının
üzvüdür.
Hazırda təqaüddə
olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə
yazdıgı “Mən Heydər Əliyev məktəbində
necə dərs aldım” sərlövhəli xatirələrini
oxuculara təqdim edirik.
- Heydər
Əliyev indi Türkiyənin Azərbaycandakı səfirliyinə
gedir. Mətbuat nümayəndələrindən kim istəyirsə, gedə bilər.
Tanış səs idi. İstər-istəməz
dönüb baxdım, o da baxdığımı görüb
bığaltı gülümsədi:
- Aslan,
siz dövlət agentliyinin nümayəndəsi kimi yəqin
orada olmalısınız.
-
Haqlısınız, Aqşin müəllim, mən də gedirəm.
Milli Məclisin
mətbuat katibi Aqşin Babayevlə biz uzun illər bundan qabaq tanış idik. O, Azərbaycan
Televiziyasında məsul vəzifələrdə işləmişdi,
bir sıra maraqlı əsərləri ilə
tanınırdı.
İsmailiyyədən Yazıçılar Birliyinədək
yol elə də uzaq deyil. Amma Aqşin müəllim
əvvəlcədən tədbir görmüşdü.
Biz onun köhnə “QAZ-24”-nə oturduq.
- Sür
bala, biz tez çatmalıyıq. Türkiyə
səfirliyi Yazıçılar Birliyi ilə
qonşuluqdadır, - deyə Aqşin Babayev
sürücünü tələsdirdi.
Gecikmədik, səfirliyin binası qarşısına
başqaları ilə daban-dabana çatdıq. Hamımız Türkiyə
səfiri Altan Karamanoğlunun iş otağının
qarşısına toplaşdıq. Heydər
Əliyev görünən kimi hamı özünü
yığışdırdı. Bu dahi
insanın oturuşu-duruşu da, baxışı və
danışığı da sanki ilahi bir vergi idi. O, gəldi
və araya dərin sükut çökdü. Hamının
diqqəti ona yönəldi. Bu sükut
get-gedə uzanırdı. Bəzi xəlvəti
baxışlar səfirin kabinetinin kip örtülmüş
qapısına yönəlmişdi. Səfir
isə hələ otaqda idi. Heydər
Əliyev ona yaxın dayanmış jurnalistləri söhbətə
çəkdi. Bugünkü tədbirdə
mənimlə birgə iştirak edən dilli-dilavər
fotomüxbirimiz Oqtay Məmmədov sanki heç kimə
danışmaq imkanı vermək istəmir, elə bir ucdan
doğrayıb tökürdü.
- Bəs
sən hansı təşkilatdansan? Hamı
danışır, amma sən heç dinmirsən?
Sual mənə ünvanlanmışdı. Başımı
qaldırıb Heydər Əliyevə tərəf baxanda onun
nüfuzedici baxışlarını gördüm. Sanki məni ildırım vurdu, dilim tutuldu.
-
AZƏRTAC-dandır, Heydər müəllim, – Oqtay dadıma
çatdı.
- Demək
AZƏRTAC-dansan. Görürəm, səhər
tezdən bizimlə bir yerdəsən.
- Bəli,
- asta səslə dilləndim.
- Nəsə
yazmısan? – gülümsəyərək
mehribancasına soruşdu.
Mən
bloknotumu vərəqləmək istəyəndə dedi:
Ver görüm nə yazmısan.
Mən həyəcandan pörtmüş halda birinci vərəqi
açıb ona tərəf uzatdım.
İnformasiyanın
sərlövhəsi belə idi: “Görkəmli dövlət
xadimi Heydər Əliyev Amerika və Böyük Britaniya səfirləri
ilə görüşüb”. Heydər Əliyev
yazdıqlarımı oxuyub təbəssümlə soruşdu:
- Elə
bilirsən sənin rəhbərlərin bunu buraxacaq?
Bu vaxt səfir foyeyə çıxdı. Heydər
Əliyevi üzrxahlıqla kabinetinə dəvət etdi.
Bəlkə də bu, bir tale qisməti idi. O gündən 30 ilə
yaxın vaxt keçib. Mən bu barədə
çox fikirləşmişəm. Qənaətim
belədir ki, bu tarixi şəxsiyyət Tanrı payı idi,
insanlara münasibətdə heç vaxt yanılmırdı.
O gündən başlayaraq, 2003-cü ilədək Heydər
Əliyevin respublikada keçirdiyi bütün tədbirlərinin
– görüşlərin, qəbulların, xarici ölkələrə
səfərlərin tam əksəriyyətində
AZƏRTAC-ın əməkdaşı kimi iştirak etdim və
onlar barədə xəbərlərin mətbuatda
işıqlandırılması üçün əlimdən
gələni əsirgəmədim.
Səfirlikdən çıxıb agentliyə gələndə
yadıma düşdü ki, bu gün nə çay
içmişəm, nə də nahar etmişəm. Amma qəlbən
çox rahat idim. Zarafat deyil, dahi bir insanla
lap yaxından təmasda olmuşam. Sonralar söz
düşəndə Oqtay yarızarafat, yarıciddi deyirdi:
“Bura bax, Heydər Əliyevlə səni mən tanış
etməmişəm?”.
Düz sözə nə deyəsən? Mənim
sonrakı 30 illik həyatım məhz həmin gündən
başladı. Nəinki mənim, elə Azərbaycanın
da gələcək taleyi həmin günlərdə həll
olunurdu.
93-cü ilin iyun günlərində Azərbaycan dərin
böhran içərisində boğulurdu. Sabah nə
olacaq? Bu ağır, acınacaqlı vəziyyət
nə qədər çəkəcək? Ümidlərin qırıldığı, öləzidiyi
bir vaxtda Heydər Əliyev axır ki, xalqın təkidli
çağırışlarına cavab verərək
Bakıya gəldi. Eşidib bilənlərin
qəlbində ümid qığılcımları
yaranmağa başladı. Elə bizim
agentlikdə də bir-iki nəfərdən başqa hamı
çox nigaran idi.
Qapıya
çatanda qarovulçunun canfəşanlıq göstərməsindən
hiss etdim ki, məni səbrsizliklə gözləyirlər.
- Aslan,
yuxarı qalxma, hamı qəbul otağına
yığışıb, səni gözləyirlər. Oqtay
da bir az bundan qabaq gəldi, oradadır.
Mən baş direktorun kabinetinə girənə qədər
Oqtay, əslində hər şeyi
danışmışdı. Agentliyin rəhbər
heyətinin hamısı orada idi. Bütün
ölkədə olduğu kimi, bizim kollektivdə də əksəriyyət
bu fikirdə idi ki, gənc, müstəqil respublikanı
uçuruma yuvarlanmaqdan yalnız Heydər Əliyev xilas edə
bilər.
Akademiyanın
Rəyasət Heyətindəki görüşdən bir xeyli
danışdıq, söhbət qızışanda həmişəki
kimi Şamil müəllim yekun vurdu:
-Ay
yoldaşlar, işlər tökülüb qalıb, bayaqdan bir
xəbər də buraxılmayıb, axşam
düşüb, belə olmaz axı.
Baş
direktor öz müavininin sözünə dəstək verdi:
- Hamı
iş başına.
Mən
otaqdan çıxanda bir daha soruşdum:
-
Bugünkü materialları buraxılışa verim?
- Yox, bir az bundan əvvəl yenə soruşmuşam. Dedilər ki, AZƏRTAC heç nə verməsin.
Yazdığım xəbərlər buraxılmadı. Amma Heydər Əliyevin
1993-cü il iyunun 11də Bakıda
keçirdiyi ilk görüşdən çəkilmiş
fotoşəkilləri mən bu gün də əziz xatirə
kimi saxlayıram.
Heydər Əliyevin Bakıya qayıtması, bir sıra
görüşlər keçirməsi ilə bir qədər
rahatlıq tapan xalqın gözü həmin günlər Gəncəyə
dikilmişdi.
İyunun 4-də hərbi müxalifətlə
hökumət qüvvələri arasında atışma faciə
ilə nəticələnmişdi. Ölkə
vətəndaş müharibəsinin bir addımlığında
idi. Heydər Əliyevi də düşündürən
əsas məsələ bu idi: genişlənmək təhlükəsi
olan vətəndaş müharibəsini necə
dayandırmalı? İyunun 13-də o, Gəncəyə getdi, Surət
Hüseynovla, ağsaqqallarla, ziyalılarla
görüşdü, hadisənin baş verdiyi hərbi hissədə
oldu. Yaranmış böhranlı vəziyyət
çox ağır idi. Heydər Əliyev
bir daha əmin oldu ki, xalqı gözlənilən fəlakətdən
xilas etmək üçün yeganə yol nə qədər
səriştəsiz, ağılsız olsalar da bu iqtidarla birgə
işləməkdir, yəni başqa çarə yoxdur.
O, mövcud iqtidarla işləməyə razılıq verdi, düşünülmüş, müdrik
addımlar atmağa başladı.
İyunun 14-də Şamil müəllim məni
yanına çağırdı. Bizim iş otaqlarımız yan-yana
idi. Əvvəlki kimi qaş-qabaqlı deyildi, nə
qədər çox işləsə də,
üz-gözündə bir rahatlıq vardı. Mənə
növbəti tapşırıq verdi:
- Sabah Ali
Sovetin fövqəladə sessiyası olacaq. Baş
direktor da, mən də belə qərara gəldik ki, sən
gedəsən.
İyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri
seçildi. Bununla da Azərbaycan xalqının tarixində yeni
bir mərhələnin əsası qoyuldu. Həmin gün Azərbaycan tarixinə Qurtuluş
Günü kimi daxil oldu.
Heydər Əliyev
Milli Məclisin tribunasında əzəmətlə
dayanmışdı. Mənim əyləşdiyim
sıradan onun taleyüklü çıxışının
bu böyük salonda necə ecazkar bir ahəng
yaratdığı aydın görünürdü.
Göstərilən
etimada görə minnətdarlığını bildirən
Ulu Öndər qətiyyətlə deyirdi: “Ali Sovetin sədri
kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan
Respublikasının dövlət müstəqilliyini
qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi
özüm üçün ən əsas vəzifələrdən
biri hesab edirəm”.
Ağzınadək dolu olan salonda hamının
gözü onda idi, hamı bu dahinin hər bir kəlməsinə
diqqət kəsilmişdi. Bütün ölkənin,
eləcə də bu salonda əyləşənlərin gələcək
taleyi bu çıxışda deyilənlərdən çox
asılı olacaqdı. Uzun illərin
ağır, gərgin günləri insanları əzib elə
hala salmışdı ki, qorxu, təlaş, sabahkı günə
inamsızlıq hissi onları rahat buraxmırdı.
Tribunada həm
inamlı, həm də çox açıq danışan
natiq insanları aydın yola, azadlıq və müstəqilliyi
qorumaq uğrunda mübarizəyə səsləyərək deyirdi:
“Azərbaycan Respublikası bundan sonra onun başına nə gələcəksə
gəlsin, müstəqilliyini itirməyəcək, yenidən
heç bir dövlətin tərkibinə daxil olmayacaq,
heç bir başqa dövlətin əsarəti altına
düşməyəcək. Mən heç bir
kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm.
1991-ci ilin fevral ayında bu salonda bu tribunadan
çıxış edərkən demişdim: Azərbaycana
xalqımla bir yerdə olmaq və xalqımın bu ağır
günündə ona kömək etmək üçün
respublikaya qayıtmışam. Onda məni qəbul
etmədilər. Ondan sonra da dəfələrlə
demişəm. Mən heç bir vəzifə
tutmaq iddiasında deyiləm. Bu gün də
deyirəm. Bu dəqiqə buradan
çıxıb gedə bilərəm. Ancaq bəzi
adamların heç bir iş görmədən zalda oturub bu
ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi
məni hiddətləndirir. Mən heç kəsə
heç bir qarantiya vermirəm, mən özümü peyğəmbər
hesab etmirəm”.
O,
Bakıya gəlişinin səbəbini belə izah etdi: “Mən
buraya heç də partiyanın lideri kimi gəlməmişəm.
Mən buraya tamam könülsüz, tez-tələsik
yox, adamların təzyiqindən çox, yaranmış vəziyyətə
görə gəldim, çünki xalqın taleyi həll
olunurdu”.
Heydər Əliyev Ali Sovetin sədri kimi fəaliyyətə
başladığı ilk gündən bu bina ölkəni
idarə edən bütün icra və yerli orqanların
işini nizamlayan qaynar bir mərkəzə, qərargaha
çevrildi.
Bütün gün boyu qəbullar, görüşlər,
müxtəlif tədbirlər bir-birini əvəz edirdi.
Sədrin kabinetinin işıqları gecə
yarısınadək sönmürdü. Milli
Məclisin iclasları, müşavirələr, mətbuat
konfransları televiziya ilə birbaşa yayımlanır,
respublikadakı vəziyyət xalqa olduğu kimi
çatdırılırdı. Eyni zamanda əhalini
düşündürən, narahat edən məsələlər
öyrənilir, araşdırılır, onların həlli
diqqətdən kənarda qalmırdı. İctimai-siyasi
həyatdakı gərginliyin azaldılması
üçün atılan addımlar, görülən təsirli
tədbirlər insanların qəlbində ümid
işığı oyadırdı.
- Bəli,
bu gündən daha gərgin iş başlayır. Biz gücləndirilmiş
iş rejimi, ikinci, hətta üçüncü iş
növbələri haqqında düşünməli və
buna hazır olmalıyıq, –baş direktor bu axşamkı
çaparaq iclası bu sözlərlə
yekunlaşdırdı.
Qarşıdakı
günlərdə Heydər Əliyevin keçirəcəyi tədbirlərin
artması ehtimalı nəzərə alınaraq, onların işıqlandırılmasına mənimlə yanaşı, əlavə
əməkdaşların cəlb
olunması, xəbərlərin operativliyinə xüsusi diqqət
yetirilməsi vacib hesab olundu. Bu, o vaxtlar idi ki, mən,
həmkarlarım Elman Qədirli və Cavid Xaspoladov “Kommunist” qəzetindən
AZƏRTAC-a yenicə gəlmişdik. Üçümüz
də həmin qəzetin baş redaktoru Tofiq Rüstəmovun tələbələri
olmuşduq. Amma nədənsə
AZƏRTAC-da işləməyi üstün tutduq. Hörmətli müəllimimiz buna görə bizdən
çox incidi. Bu, bəlkə də adi
seçim yox, taleyin qisməti idi. İnsafən,
o vaxtlar ölkənin yeganə informasiya agentliyi, rəsmi xəbər
qaynağı olan AZƏRTAC çox böyük nüfuz və
hörmət sahibi idi, dövlət, hökumət adamları
onun işini daim diqqətdə saxlayırdılar.
Bu sətirləri yazarkən xəyalım məni xeyli əvvələ
- Ulu Öndərin qəbulunda mətbuat üçün
hazırlanmış materiallar barədə məruzə
etdiyim günlərdən birinə apardı.
Təxminən
15-20 dəqiqə çəkən belə məruzələrin
birində Heydər Əliyev qəflətən məndən soruşdu:
- Sən Yefin Qriqoryeviç Qurviçi
tanıyırdın?
Sual
gözlənilməz olsa da, özümü itirmədim:
- Bəli,
cənab Prezident. Azərbaycan Dövlət
Universitetində oxuyarkən iki dəfə onun yanında
olmuşdum.
Prezident bu gün mətbuata verilməsi nəzərdə
tutulan materialların toplandığı qovluğu kənara
qoyub “ovaxtki Azərinform sənə necə təsir
bağışlamışdı?” -deyə soruşdu.
Mən
harada, kimin qarşısına olduğumu bir anlıq unudaraq
dedim:
- Cənab
Prezident, o vaxt Azərinform sanki KQB-nin filialına bənzəyirdi.
Dərhal da düşündüm ki, deyəsən
bütün əndazələri keçmişəm. Məni soyuq tər
basdı. Gözlədiyimin əksinə
olaraq, Heydər Əliyev qəhqəhə çəkib
ürəkdən güldü; bu gülüş məni elə
bil yuxudan oyatdı, düşdüyüm ağır vəziyyətdən
dartıb çıxardı.
- Bilirsən,
Qurviç düz qırx il Azərinformun
direktoru olub. Çox qəribədir, ali təhsili
olmasa da, çox dərrakəli insan idi. Mən o vaxt Azərbaycana
rəhbərlik edəndə Mərkəzi Komitənin
binasında da ona iş otağı ayırmışdıq.
Məncə, AZƏRTAC-ın dövlət və
hökumət üçün nə dərəcədə
mühüm əhəmiyyət kəsb etdiyi barədə
başqa bir dəlil, sübuta ehtiyac qalmır.
Xatirələr məni qanadına alaraq daha əvvələ
- 1970-ci illərə qaytarır. Ulu Öndəri ilk dəfə
məhz o vaxtlar görmüşdüm.
Təhsil
aldığım ADU-nun Jurnalistika fakültəsinin beşinci
kurs tələbələri üçün təyinat
bölgüsü 1975-ci il iyulun
axırlarında aparıldı. O illər Azərbaycan
xalqının həyatında ən yadda qalan, yüksəliş
illəri idi. Azərbaycan müttəfiq
respublika kimi SSRİ-nin tərkibində olsa da, gələcək
müstəqil ölkə üçün ilk təməl
daşlarının necə uğurla atıldığı
bir çoxları kimi mənim də xatirimdədir. Azərbaycanın əldə edilən uğurlu nəticələr,
ittifaq respublikaları arasında hər bir sahədə önə
çıxması mərkəzi qəzet və
televiziyaların da böyük marağına səbəb
olmuşdu. Bu isə əslində o demək idi ki, Heydər
Əliyevin rəhbərlik etdiyi Azərbaycan
qazandığı nailiyyətləri ilə TASS agentliyi və
digər informasiya kanalları - “İzvestiya”, “Pravda”,
“Literaturnaya qazeta” və sair qəzetlər vasitəsilə
dünyaya çıxış əldə edə bilmişdi.
SSRİ mətbuatının rəhbərləri
çox sonralar özləri də etiraf edirdilər ki, Azərbaycan
dalğası elə sürətlə gəlmişdi ki,
heç kəs, hətta istəsə belə, onun
qarşısını ala bilmirdi. Beləliklə Azərbaycan,
Heydər Əliyev kəlmələri SSRİ və dünya
mediasında tez-tez görünməyə, hətta uzaq ölkələrdən
oxucuların diqqətini cəlb etməyə
başlamışdı. Əsl həqiqət bundan ibarətdir
ki, imperiya qadağalarını aşıb keçən bu
dalğa Azərbaycanın dünyaya tanınmasında misilsiz
rol oynayırdı...
Qayıdaq universitet məzunlarının təyinat
bölgüsünə. Allah rəhmət etsin, fakültəmizin ovaxtkı
dekanı, müasir jurnalistikamızın vicdanı hesab edilən
Şirməmməd Hüseynov iyul ayının o qızmar
günlərində yorulmaq bilmədən Mərkəzi Komitəyə,
Nazirlər Sovetinə, digər əlaqədar təşkilatlara
ayaq döyürdü ki, məzunların problemləri həllini
tapsın və biz göndərildiyimiz yerlərdə
boynubükük qalmayaq. Fikri belə idi ki, məzunların
tam əksəriyyəti bölgələrə göndərilsin
(respublika KİV-lərinə təyinat nadir hallarda verilirdi),
yüksəliş dövrünü yaşayan rayonlara ideoloji
cəhətdən kömək olsunlar.
Təyinatın elan olunduğu gün gəldi. Adlar əlifba
sırası ilə oxunurdu. Hamımız
həyəcan içindəyik ki, görəsən hara
göndəriləcəyik.
- Adil
Ağayev. Ağsu rayonunda anadan olmusan, təyinatın
da orayadır.
– Aslan
Aslanov. Hazırda üç rayon – Bərdə,
Sabirabad və Ağcabədi rayonlarının hər biri 100
min tondan çox pambıq istehsal edir. Cəbrayıllı
olsan da, belə qərar alınıb ki, sən Ağcabədiyə
gedəsən. Həmin rayonda cəmi iki ali
təhsilli jurnalist var. Ağcabədi böyük
pambıqçılıq rayonlarından biridir, hətta
İttifaq miqyasında tanınır. Çalış,
orada işlərin gedişinə sən də öz köməyini
göstərə biləsən.
Təyinat siyahısı uzundur, amma bir neçə nəfərin
adını çəkməsəm olmaz.
Dağbəyi İsmayılov “Bakı” qəzeti
redaksiyasına, Gülşən Əkbərova və Şəlalə
Əlibəyli Azərbaycan Dövlət Televiziyasına,
Əminə Əhmədova Yevlax rayon qəzetinə təyinat
aldılar.
1975-ci il avqustun 15-də mən artıq Ağcabədidə
idim. Ağcabədi çox isti olan bir yerdir.
Pambıq yığımının ən qızmar
dövrü idi, şəhərdə, yol-irizdə heç kim gözə dəymirdi. İnsafən, ilk
iş yerimdə məni pis qarşılamadılar. İş gününün sonunda dedilər ki,
gözlə, bir azdan birinci katib səni qəbul edəcək.
Xəbər mənim üçün çox
gözlənilməz oldu.
Təbii ki, raykomda heç kimi tanımırdım. Birinci katibin
üçüncü mərtəbədəki qəbul
otağında orta boylu bir kişi (sonralar
bildim ki, o, ümumi şöbənin müdiridir) sənədimi
yoxladı. Sonra qarşısındakı ağ
şalvar, ağ gödək qollu köynək geymiş
jurnalisti mehriban baxışlarla süzüb
gülümsündü:
-
Keç bala, keç, yoldaş İsmayılov səni
gözləyir.
Çox
da böyük olmayan, amma səliqə-sahmanlı kabinetdə
hündür boylu, yaraşıqlı bir kişi
kreslodan qalxıb mənə tərəf gəldi və
çox mehribancasına görüşdü. Məlumatım
var idi ki, Ağcabədinin birinci katibi respublikada təsərrüfat
işini yaxşı bilən, adamların böyük hörmət
bəslədikləri, özlərinə arxa-dayaq hesab etdikləri
Vahid İsmayılov idi. Bir qədər söhbətdən
sonra telefonunun dəstəyini qaldırıb kiməsə
tapşırıq verdi:
-
Bilirsiniz ki, bizim ali təhsilli jurnalistlərə
ehtiyacımız var. Ona görə də bu cavan oğlana
işləmək üçün lazımi şərait
yaradın.
Beləliklə jurnalist həyatım Ağcabədidən
başladı.
O illərdə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev tez-tez rayonlara gəlir, görülən işlərlə tanış olur, sadə insanlarla görüşürdü. Əmək adamları heç nədən çəkinməyərək onunla açıq söhbətlər edir, bu dahi insanı həm rəhbər, həm də dost kimi qəlbən sevirdilər.
Tale elə gətirdi ki, mən də Heydər Əliyevin əmək adamları ilə belə söhbətlərinin şahidi oldum.
/ardı var/
İki sahil.- 2023.- 8 mart.- S.4.