Heydər Əliyevin Azərbaycan
qadınına verdiyi dəyər:
Ana aqillik zirvəsidir
Qadın bəşərə
yaraşıq, zinət, insanlığa şərəf,
şan-şöhrətdir. Qadın ucalıq, ülvilik
məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir. …Ana ilahi qüvvə, ulu varlıqdır, alilik, adilik, aqillik zirvəsidir, yaradan, yaşadan, ərsiyə
gətirən, kamala yetirəndir, saf duyğular, zərif
hisslər, incə mətləblər timsalıdır.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli
lideri
Dünyanın bir sıra ölkələrində qadına –
anaya hörmət olaraq
bir gün xüsusi olaraq qeyd edilir. Bizim
ölkəmizdə də əksər ölkələr kimi, qadınlarımıza həsr olunan gün kimi 8 Mart - Beynəlxalq
Qadınlar Günü keçirilir.
Bu ələmətdar günün
tarixçəsinə nəzər salaq: 8 Mart - Beynəlxalq
Qadınlar Günü Klara
Setkinin təklifi ilə 1910-cu ildə bir qrup qadının
Kopenhagendə keçirilən II Beynəlxalq konfransında təsis
olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik,
öz hüquqları uğrunda
mübarizədə həmrəylik günü
kimi yaradılıb. Dünyanın
bir çox ölkələrində
8 Mart məhz çalışan, əməkçi
qadınların günü kimi qeyd olunur.
İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya,
İsveçrə və Danimarkada,
1913-cü ildə isə Rusiyada bu gün qeyd
edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən
8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib. Azərbaycanda bu bayram 1917-ci ildən
mütəmadi qeyd edilməyə
başlanılıb.
1998-ci ildə Azərbaycanda
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi də yaradılıb. Azərbaycan həm də Avropa
Şurasının qadınlarla bağlı bürosunda
təmsil olunur, BMT-nin
qadın məsələləri üzrə
komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildən isə
ölkəmiz qadınlara qarşı münasibətdə
ayrı-seçkiliyin bütün
formalarının aradan qaldırılması
haqqında Beynəlxalq Konvensiyaya qoşulub.
Təbii ki, biz bu
gün dünya mədəniyyətinə
inteqrasiya olunuruq. Bu əsnada vurğulamaq
lazımdır ki, Azərbaycan
qadınının keçdiyi inkişaf yolu qloballaşan dünyadakı gender
siyasəti ilə başlamır. Uzun əsrlərdir ki, Azərbaycan qadını öz
iradəsi və mərdliyi, saflığı, sədaqəti
və qabiliyyəti ilə cəmiyyətimizin həyatında,
xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında
müstəsna rol oynamışdır.
Ulu Öndərin qurucusu
olduğu müasir Azərbaycanın
inkişafında qadınların rolu əhəmiyyətli
dərəcədə artmışdır. Bu
prosesdə onların rolunun
artırılmasını təmin etmək üçün
dövlət səviyyəsində çox
mühüm tədbirlər həyata keçirilmişdir və keçirilməkdə
davam edir. Yəni
ölkəmizdə insan hüquq
və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin
təmin edilməsi daim Azərbaycan
Respublikasının dövlət siyasətinin prioritet
istiqamətlərindən biri olmuşdur.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövr qadınların qarşısında yeni məqsəd və vəzifələr qoydu. Bazar iqtisadiyyatının təşəkkül tapması, ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını tələb edir. Bu baxımdan qeyd edilməlidir ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir. Qadın problemlərinin həlli zərurəti Azərbaycan qadınlarının 1998-ci il sentyabrın 25-də keçirilmiş ilk qurultayında qeyd olundu. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultay göstərdi ki, cəmiyyətdə qadınların rolunun artırılması yolunda hələ çox iş görülməlidir. Qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə Ulu Öndər 6 mart 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata leçirilməsi haqqında” Fərman imzalamışdır. Bütün bu görülən işlərin məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında” 21 maddədən ibarət Azərbaycan Respublikasının Qanununu imzalamışdır.
Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olmuşlar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri yetişmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş və fəaliyyətləri genişlənmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir. Ölkəmizdə qadınların fəal ictimai fəaliyyətlə məşğul olmalarını çoxsaylı faktlar da təsdiqləyir. Qanunverici orqanın rəhbərliyində qadınlar təmsil olunur, komitə sədri, ombudsman, nazir, nazir müavini, icra hakimiyyəti başçılarının müavinləri, ali və apellyasiya məhkəmələrinin, Dövlət İmtahan Mərkəzinin, QHT və KİV rəhbərləri olan qadınlar var.
Qadınların cəmiyyətdəki yeri və rolunun digər mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Qadın aktivliyini nümayiş etdirən ən müxtəlif məqamlar var ki, bu da yerli mentalitet, adət-ənənələr sarıdan özünü ən rəngarəng şəkildə büruzə verir. Azərbaycanda qadın ilk növbədə ailə ocağının qoruyucusu adı ilə xarakterizə olunur. Azərbaycan qadınına milli mənliyimizdə dərin kök salmış ənənələr məxsusdur ki, bu amil özünü tarix boyu göstərib. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik, insanpərvərlik – bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir.
Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə təsdiq etmiş ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir".
Minnətdarlıq hissi ilə qeyd etmək olar ki, Ulu Öndərimiz respublikamıza rəhbəlik etdiyi illərdə nəinki qadınlarımızın xidmətlərini yüksək qiymətləndirir, həm də onların uca zirvələr fəth etmələrinə əlverişli mühit yaradır, xanımları daha məsul vəzifələrə irəli çəkirdi.
Qadın ana olmaqla bərabər, eyni zamanda, cəmiyyətin əsas dayaqlarından biridir. Ulu Öndər qadınları şahlıq kimi qiymətləndirdiyi halda, müqəddəs Ananı həmişə şahlığın tacı kimi nəzərdə tuturdu və deyirdi: "Ana ilahi qüvvə, ulu varlıqdır, alilik, adilik, aqillik zirvəsidir, yaradan, yaşadan, ərsiyə gətirən, kamala yetirəndi, saf duyğular, zərif hisslər, incə mətləblər timsalıdır". Qadınlarımız bu gün ailənin, ocağın sədaqətli qoruyucularıdır. Azərbaycan qadınının mərd, qeyrətli, ağıllı və mədəni nümunəsi xalqımızın simasıdır. Çünki analar bəşəriyyətin ilk tərbiyəçiləridir. Qadın düyaya yeni nəsillər gətirir, onu böyüdür və tərbiyə edir.
Tariximizə bir çox parlaq səhifələr yazmış Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu vardır. Qadın adını hər bir azərbaycanlı həmişə uca tutmuş, Ana məfhumunu Vətənin təcəssümü saymışdır. Azərbaycan qadınının gözəlliyi, sədaqəti, mərdliyi ana məhəbbətinin ülviliyi xalq yaradıcılığının nümunələrində, görkəmli sənətkarlarımızın əsərlərində dönə-dönə vəsf olunmuşdur. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Hər bir ailədə cəmiyyətə vətəndaş yetişdirilir. Ailə cəmiyyətin içində kiçik bir dövlətdir. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, milli-mənəvi dəyərlərin təbliğində qadınların, ələlxüsus da anaların üzərinə böyük məsuliyyət düşür. Çünki xalqaməxsus adət-ənənələr, milli dəyərlər qorunmalı, hər bir ailədə dünyaya gələn körpə bu ruhda böyüməli və tərbiyə edilməlidir. Uşaq və gənclərin bütün mənəviyyatı bu istiqamətə köklənməlidir. Qadınlarımız və analarımız bu müqqəddəs amalın məsuliyyətin dərindən və bütün incəlikləri ilə dərk etməli və bir-birlərini maarifləndirməlidirlər. Çünki qloballaşan dünyada müasir mədəniyyətə inteqrasiya olmaq öz milli mədəniyyətimizdən uzaqlaşmaq deyil. Elm və texnikadan faydalanmaqla yanaşı sosial həyatda milli mentaliteti də qorumaq lazımdır. Bu isə ana olan qadınların təbliğatından və inandırma qabiliyyətindən çox asılıdır. Çünki tabeliyində olan uşağı ram etmək, onu döğru yönə yönləndirmək Azərbaycan qadının imkanları daxilindədir. “Qadın çox ülvi bir məfhumdur. Qadına hörmət hər bir insanın ən yüksək mənəvi keyfiyyətə malik olmasını göstərir. Bizim ölkəmizdə - Azərbaycanda qadına hörmət günü-gündən artır və insanlar qadının həyatda, cəmiyyətdə rolunun əhəmiyyətini daha da dərindən dərk edə bilirlər. Amma ən əziz amil odur ki, hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur. "Ana" sözü müqəddəsdir. Anaya hörmət, hər bir insanın həyatda ana qarşısında borcunu yerinə yetirməsi onun ali vəzifəsi olmalıdır.” Bu nəsihətamiz fikirlərin işığında qeyd etmək lazımdır ki, bu gün Azərbaycan qadını öz ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur. İnanırıq ki, qeyrətli Azərbaycan qadınları bu mövqeyi qoruyub saxlayacaq, öz keyfiyyətləri, uğurları ilə dünyanı həmişə heyrətə gətirəcəkdir.
Bu deyilənlərdən hasil olan yekun nəticə odur ki, Heydər Əliyev Azərbaycan qadının dünyadakı mədəni proseslərə inteqrasiyası, nüfuzlu tədbirlərdə yaxından və səmərli iştirakı, firəvan həyat tərzi və s. üçün dövlətimiz tərəfindən bütün rəsmi addımları atıb. Biz Azərbaycan qadını olaraq bir nüansı da aydın şəkildə dərk edirik ki, bütün zamanların ən böyük azərbaycanlısının dövlət qadın siyasətinin təməlində bir məqsəd, bir amal və bir istək dayanardı: Azərbaycan qadınınını daim zirvədə görmək.
Əziz qadınlar, daim zirvədə olun çünki Azərbaycan xanımına zirvədə olmaq yaraşır. Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınlarımızı ürəkdən təbrik edir, onlara cansağlığı, xoşbəxtlik, firavanlıq və ailə səadəti arzulayırıq!
Zülfiyyə
İsmayıl,
AMEA
Naxçıvan Bölməsi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
İki sahil.- 2023.- 8 mart.- S.5.