Qayıdışa dəyərli ərməğan: “İrəvan
Müəllimlər
Seminariyası və
onun azərbaycanlı məzunları”
Pedaqoji elmlər doktoru, professor Fərrux
Rüstəmov müasir Azərbaycan pedaqoji elminin və təhsilinin tanınmış simalarından
biridir. O, pedaqoji elmlər sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin müvafiq Sərəncamı
ilə Əməkdar elm xadimi
fəxri adını alan yeganə pedaqoq alimdir. Tanıyanlar
yaxşı bilir ki, Fərrux
müəllimin yaradıcılıq fəaliyyəti (praktik-pedaqoji fəaliyyət sahəsi də daxil olmaqla) tükənməz
enerji, böyük zəhmətkeşlik,
yaradıcılıq idealına sadiqlik nümayiş etdirmək yoludur.
Fərrux müəllim elmi həqiqəti həmişə qorumağı, müdafiə etməyi bacarmış, öz məqsədlərindən yox, elmin mənafelərindən çıxış etməyi üstün tutmaqla özündən əvvəlki görkəmli alimlərin yaxşı ənənələrini qoruyub saxlaya bilmişdir. Heç kimin haqqını, çəkdiyi zəhməti digərinin adına yazmamış (indi bu hal baş alıb gedir), yaxud kiminsə uğurlarına kölgə salmamış, elmi obyektivliyi və ədaləti gözləmişdir. Təbii sayılmalıdır ki, hər hansı bir tədqiqatçının elmi yaradıcılığa ayırdığı gündəlik vaxt bölgüsü sabit və dayanıqlı olmaya bilər. Buna günün vacib situasiyaları, diktə etdiyi digər məsələlər təsir amilidir. Müşahidələrimizə əsaslanıb Fərrux müəllimin elmi işə macal tapmaq səylərini yüksək qiymətləndirir, üstün bir keyfiyyət hesab edirəm. Onda vaxta dəyər vermək heyranedicidir. Alimin yaradıcılığı boyu düşüncəsinə hakim kəsilmiş mənalı bir fikir var: Vaxtı itirmək olmaz.
Zəngin və məhsuldar yaradıcılığa malik Fərrux müəllimin elmi fəaliyyətinin məzmunu özündə pedaqogikanın, təhsilin tarixinin və müasir vəziyyətinin sintezini birləşdirir. O, Azərbaycan pedaqogikaşünaslığının yaradıcısıdır, həm də canlı ensiklopediyasıdır. Azərbaycan pedaqoji mühitinin böyük şəxsiyyətləri, ölkənin təhsil quruculuğu sahəsində əhəmiyyətli yeri və mövqeyi olan təhsil müəssisələrinin öyrənilməsi alimin çoxşaxəli yaradıcılığının tərkib hissəsidir. Professor F. Rüstəmov pedaqoji elminin yeniləşməsi və təhsilin modernləşməsi üzrə islahatların fəal iştirakçılarından biridir. O, dəyişikliklərə ehtiyac olduğuna inanır, alim və cəsarətli söz sahibi kimi bu istiqamətdə görülən işləri təbliğ və təqdir edir. F.Rüstəmovun yenicə çapdan çıxmış “İrəvan Müəllimlər Seminariyası və onun azərbaycanlı məzunları” monoqrafiyası qırx dörd günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığımız tarixi Zəfərdən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycana qayıdışa həm də mənəvi əsasların hazırlanması kimi konseptual ideyalarına, siyasi prinsiplərinə müəllifin layiqli töhfəsidir.
İrəvan Müəllimlər Seminariyası böyük mədəniyyət və pedaqoji fikir abidəsi olsa da, məsələyə kommunist düşüncə tərzində münasibət, etinasız yanaşmalar və nəhayət ötən əsrin 80-ci illərinin sonlarında ermənilərin həmişə cəfəng iddialarla münaqişələr yaratmaq hərisliyi bu təhsil müəssisəsinin yaranma və inkişaf tarixi ilə bağlı arxivlərin üstünə pərdə çəkdi. Lakin qarşılaşdığı çətinliklərə baxmayaraq Fərrux müəllim təhsil tariximizdə kifayət qədər öyrənilməmiş problemin bugünümüzdən görünən mənzərəsini yarada bilmiş, problemlə bağlı hər nə qədər əl çatan mənbə varsa (dövrün mötəbər nəşrləri, qismən də arxiv materialları, nüfuzlu tədqiqatların nəticələri və s.) öyrənmiş, təhlil etmiş və beləliklə, müəyyən zaman üçün azərbaycançılıq idealına layiq etibarlı bir mənbə hazırlayıb təqdim edə bilmişdir.
Müəllif Prezident İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamında elmi mühitin və informasiya vasitələrinin qarşısına qoyduğu tələbləri, əsaslı şəkildə mənimsəmiş, təhlillər aparmış, yeni sənədlər, mənbələr əsasında pedaqoji fikrimizdə seminariyanın “pasportlaşmasını”, təhsil tariximizdəki yeri və mövqeyini müəyyənləşdirə bilmişdir. Əsərlə tanışlıq oxucunu inandırır ki, Sərəncamdakı bu sətirlər tədqiqatın hazırlanmasına stimul vermiş, əsərin yazılma səbəbinin ifadəsinə çevrilmişdir: “İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır”.
Monoqrafiyada tədqiqatçı alim İrəvan mühitinin öyrənilməsində belə bir məqsəd aydınlığını rəhbər tutmuş, bu əsaslara söykənəklik nümayiş etdirməklə seminariyanın, İrəvan şəhərinin, bütövlükdə Azərbaycan ictimai-mədəni mühitinin bir hissəsi kimi öyrənməyə nail olmuşdur.
Əsər maraqlı quruluşa, yüksək məzmun keyfiyyətinə malikdir. Professor Misir Mərdanovun və müəllifin “Ön söz”ündən sonra kitaba əlavə edilmiş “Milli yaddaşın bərpasına hədəflənmiş Sərəncam” adlı mətni tədqiqat üçün əsaslı bir yenilik, gərəkli tapıntı hesab etmək olar. Burada dövlət başçısının Sərəncamından irəli gələn milli ideologiyanın formalaşdırılması məsələləri və tarixi zəruriyyət kimi İrəvan Seminariyasının yaranması, fəaliyyəti və azərbaycançılıq üçün əhəmiyyəti haqqında əks olunmuş müəllif düşüncələri sonrakı mətnlərdəki problemlərin şərhinə aydınlaşdırıcı mahiyyət verir. Müəllifin qədim, doğma yurd yeri kimi İrəvan şəhəri, Rusiyanın işğalından sonra burada yaradılmış dünyəvi məktəblər, şəhərin maarifçilik mühiti, bu mühitin görkəmli simaları, məşhur ana dili məktəbləri ilə bağlı fikirləri də İrəvan ictimai-mədəni mühit mərkəzinin ümumi mənzərəsini tamamlamaq və beləliklə, bu zəngin təhsil mühitində, qabaqcıl pedaqoji ideyalarla süslənmiş şəraitdə İrəvan Müəllimlər Seminariyasının yerini və mövqeyini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Əsərdə İrəvan ictimai-mədəni və pedaqoji mühitində Müəllimlər Seminariyasının yaranma və inkişaf mərhələləri, onun tədris- tərbiyə işində uğurları, təhsil sahəsində verdiyi bəhrənin azərbaycançılıq məzmununun əsasları, müəllimlərin və tələbələrin şəhərin ictimai-mədəni həyatında iştirakı, müxtəlif illərdə seminariyaya rəhbərlik etmiş pedaqoqlar, seminariyanın azərbaycanlı müəllimləri və məzunları haqqında ilk mənbələrə əsaslanan mətnlər daxil edilmişdir. Bu mətnlər müəllifin İrəvan Müəllimlər Seminariyasının ümumi mənzərəsi haqqında oxucuda bilik və təsəvvürlər formalaşdırmaq istəyini lazımi səviyyədə əks etdirir. Təbii ki, onların hər biri ayrılıqda əsər boyu izlənilmiş məqsədin hissələridir.
Kitabda problemin sistemli şərhinə “İrəvan Müəllimlər Seminariyasının təşkili” ilə başlanır. Bu mətn əsərin əvvəlki səhifələrində İrəvan ictimai-mədəni mühitinin müxtəlif aspektlərinin daha geniş şəkildə, özünəməxsus üslubda arxiv materialları və rəsmi sənədlər vasitəsi ilə traktovkasıdır. Belə ki, müəllif etibarlı sənədlərin, seminariyanın fəaliyyəti dövründəki nəşrlərin, sanballı elmi tədqiqatların və nəhayət, özünün elmi erudisiyasının imkanlarına əsaslanaraq qarşıya qoyduğu problemə aydınlıq gətirmiş, bu məsələ ilə bağlı elmi-pedaqoji fikri əsaslı şəkildə məlumatlandıra bilmişdir.
Tədqiqata bütövlük, tamlıq gətirmək məqsədilə müəllifin seminariyanın təhsil müəssisəsi kimi fəaliyyət sahələrinə nüfuz etmək, oxucuda təsəvvür yaratmaq səyləri həqiqi tədqiqatçı axtarışlarına layiq keyfiyyətdir. Baxmayaraq ki, zamanın diktə etdiyi mürəkkəb və ziddiyyətlərlə dolu çətinliklər daha çoxdur. Hər şeydən əvvəl, İrəvan arxivlərinin hansı zamanda, hansı gündə üzümüzə açılacağını demək çətindir. Böyük zəhmət tələb edən bu işin hazırlanmasında hissəciklərin, zərrələrin, yardımçı mənbələrin, dövri nəşrlərin əhəmiyyəti çoxdur. Müəllif araşdırmaları zamanı problemlə bağlı olan birbaşa mənbələrlə yanaşı, belə bir cəhəti də diqqətdə saxlamışdır. Nəticədə monoqrafiyada təhsilin məzmunu, tədris planı və proqramları, tədris ədəbiyyatı, təlimin əsas formalarının və pedaqoji təcrübənin təşkili, sinifdənxaric tədbirlər, pedaqoji şura, tələbələrin ictimai-siyasi fəaliyyəti, onların şəhərin və seminariyanın mədəni həyatında iştirakı haqqında ayrıca mətnlərin verilməsi problem haqqında ümumi görünüş, fon yaratmaq istəyi kimi uğurlu olmuşdur.
Müxtəlif illərdə seminariyaya rəhbərlik etmiş şəxslər, şəriət və Azərbaycan dili müəllimləri, azərbaycanlı məzunlar haqqında məlumatlar monoqrafiyanın maraqla oxunan səhifələridir. Burada seminariyanın azərbaycanlı müəllimləri Axund Məmmədbağır Hacı Mehdi oğlu Qazızadə, Axund Əbülhəsən Qazızadə, Rəhim Musarza oğlu Xəlilov, Həmid bəy Xəlil ağa oğlu Şahtaxtinski, Mirzə Cabbar Abbas oğlu Məhəmmədzadə, Həbib bəy Yusif bəy oğlu Səlimov haqqında təfsilatlı məlumatlar maraqla oxunur. Bir çox tədqiqatlarda Mirzə Məmmədvəli Qəmərlinskinin Seminariyanın ana dili müəllimi olduğuna aid yer almış fikir həqiqəti əks etdirmir. Tədqiqatda “Məmmədvəli Qəmərlinski İrəvan Müəllimlər Seminariyasının ana dili müəllimi olubmu” sualına etibarlı sənədlər əsasında aydınlıq gətirməsi də problemin elmi dəyərinə müəllifin necə əhəmiyyət verdiyini təsdiq edir.
İrəvan Müəllimlər Seminariyasının (və Qori Müəllimlər Seminariyasının) azərbaycanlı məzunlarının müxtəlif mənbələrdən sistemli adlı siyahısını üzə çıxarmaq, onların azərbaycançılıq ideyalarının yaranması və inkişafında yerini, xalqın maariflənməsi işində mübarizə yolunu işıqlandırmaq, Vətən, millət yolunda xidmətlərinə dəyər vermək pedaqoji fikrimizin, təhsil tariximizin problematikası olmalıdır. Nəcib ideal, ali məqsəd və möhkəm əqidə, dönməz iradəyə malik seminariyaçıların həyat və fəaliyyəti əsl fədakarlıq nümunəsi olmuşdur. Bu maarif fədailərinin ömür yolu ilə tanış olduqca aydın olur ki, həyat onlara bir başqa üzünü göstərmiş, onların taleyinə ölüm qorxusu, əzablar, işgəncələr yazmış, təhqirlərlə dolu günlər yaşatmışdır. Seminariya məzunları mahiyyətcə eyni olan iki quruluşun-çar imperiyasının məngənəsində, sovetlərin represiya maşınının çarxında mənən əzilmiş, cismən məhv edilmişlər. Belə bir aqibətlə qarşılaşmış məzunların uğrunda mübarizə apardıqları ideyalar bu gün yaşamaq hüququ alıbsa, gələcəyin idealları kimi yaşayırsa, deməli məzunların həyat və fəaliyyətinin öyrənilməsi aktuallaşmalı, daha geniş səpkidə və məzmunda silsilə tədqiqatlar hazırlanmalıdır. İnanırıq ki, professorun bu sahədə atdığı addımlar özünün və tələbələrinin timsalında yeni tədqiqatların yaranması işinə zəmin yaradacaq.
Monoqrafiyada seminaristlərin rus dilli nəşrlərdə iştirakı, sonralar ali təhsil almış seminariya məzunları, onların ana dilinin təbliği və tədrisində rolu, 1918-ci ildən 1948-ci ilədək məkrli erməni siyasətinə məruz qalmış seminariyanın (pedaqoji texnikumun) Azərbaycana deportasiya edilməsi də müəyyən səviyyədə işıqlandırılmışdır. 240 səhifəlik kitabda seminariyanın təhsil həyatının mənzərəsini və seminaristlərin həyatından anları yaddaşda möhkəmləndirmək üçün fotolardan da istifadə edilmişdir. Əsər “...140 ildən sonra” mətni ilə başa çatır ki, burada 2022-ci ildə ali və orta təhsil müəssisələrində və elmi-kütləvi kitabxanalarda seminariyanın 140 illiyi ilə bağlı tədbirlərdən söhbət açılır.
Tədqiqat zamanı irəli sürülən fikri, köklü-əsaslı düşüncə məhsulunu tarixi həqiqətə sökənəklik ətə-qana gətirir, onu fakt, tarixi həqiqət dəlil-sübutlu edir. Və bu cəhət yaxşı tədqiqatçı üslubu və yazı texnikası ilə birləşəndə əsərin kamilliyinə tamamlayıcı mahiyyət verir, ona təravət gətirir. Fərrux müəllimin oxucu ilə fikrimizi bölüşmək istədiyimiz monoqrafiyası də belə bir keyfiyyətə, yüksək məzmuna malik əsər, ictimai fikrin, elmi mühitin rəğbətini qazana biləcək tədqiqatdır. Yekun qənaətimiz belədir ki, uzun illər təhsil tariximizin öyrənilməmiş sosial-pedaqoji problemi haqqında yazılmış monoqrafiya bu təhsil ocağına qayıdışa bir ərməğan, elmi mühit və oxucu üçün müəyyən zaman, vaxt çərçivəsində etibarlı mənbə olacaqdır.
Vahid Rzayev,
Naxçıvan Dövlət Universiteti,
pedaqogika üzrə fəlsəfə
doktoru, dosent
İki sahil.- 2023.- 10
mart.- S.6.