MƏN HEYDƏR ƏLİYEV

MƏKTƏBİNDƏ NECƏ DƏRS ALDIM

 

Jurnalist Aslan Aslanov 45 ildən çox Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı olub. Əvvəlcə agentlikdə müxbir, baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə Heyətinin sədri işləyib.  Ulu öndər Heydər Əliyevin 1993-çü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında xarici ölkələrin səfirləri ilə ilk görüşündən başlayaraq, 2003-cü ilədək keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hazırda təqaüddə olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə yazdıgı “Mən Heydər Əliyev məktəbində necə dərs aldım” sərlövhəli xatirələrini oxuculara təqdim edirik.

 

Biz Gəncənin hökumət binasına gələndə Rəhim Qazıyevi həyətdə gördük. Heydər Əliyev ondan buraya niyə gəldiyini soruşdu. Rəhim dedi ki, Sürət Hüseynovla görüşmək istəyir. Əslində onun cavabı pərdəarxası məqamlara işarə edirdi. Həqiqətən də bir neçə gündən sonra Sürət Hüseynov  bəyanat verdi ki, bu ağır günlərdə xalqın, dövlətin problemlərini yalnız o həll edə bilər. Gözlənildiyi kimi, Rəhim Qazıyev və Əlikram Hümbətov Sürətin bu bəyanatını alqışladılar.

Cənub bölgəsində separatçı qüvvələri öz ətrafına toplayıb qəbulolunmaz, qanunsuz tələblər irəli sürən Əlikramı başa salmaq və məsələni dincliklə yoluna qoymaq üçün Heydər Əliyev onunla görüşə razılıq vermişdi. Görüş bağlı qapılar arxasında keçmişdi, amma deyilənə görə, Əlikram orada özünü çox iddialı aparmış və bir sıra gülünc bəyanatlar səsləndirmişdi. Bir müddət sonra o, Azərbaycanın cənub bölgəsindəki altı rayonun ərazisində qondarma “Talış Muğan Respublikası” yaradıldığını elan etdi. Lakin Əlikramın heç özünün də xəbəri olmadan bölgənin müxtəlif kəndlərində, qəsəbələrində keçirilən mitinqlərdə, toplantılarda insanlar, əhalinin tam əksəriyyəti Hümbətovun silahlı quldur dəstələrinin ləğv olunmasını tələb etdilər. Onlar Heydər Əliyevi dəstəklədiklərini bildirərək Azərbaycanın bütün bölgələrini Ulu Öndərin ətrafında birləşməyə çağırdılar.

1993-cü il avqustun 13-də Heydər Əliyev cənub bölgəsinin bir sıra rayonlarından seçilmiş deputatlarla, həmin rayonların rəhbər işçiləri və ziyalılarla görüşdü. Bu görüş tezliklə öz nəticəsini verdi. Avqustun 23-də separatçı qüvvələr məğlubiyyətin qaçılmaz olduğunu görüb geri şəkildilər. Əlikram qaçıb Rusiyada gizləndi.

Azərbaycanın dövlət müstəqilliyinə qənim kəsilmiş, xaricdən idarə edilən qüvvələr Heydər Əliyevin xalq tərəfindən böyük dəstək aldığından daha da hiddətlənərək yeni xəyanətlərə və təxribatlara əl atmağa başladılar. Nəticədə 1993-cü ilin avqustunda Cəbrayıl, Füzuli və Qubadlı rayonları düşmən tərəfindən işğal olundu. 1993-cü il avqustun 23-də Heydər Əliyev Azərbaycan Milli Televiziyası ilə xalqa müraciət etdi, bir gün sonra isə Bakıda ümumrespublika müşavirəsi keçirdi. Belə tədbirlər, görüşlər, bəyanatlar bir-birini əvəz edirdi. Heydər Əliyev yorulmaq bilmədən gecə-gündüz işləyir, xaricdən maliyyələşdirilən xəyanətkarlara, Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələrə qarşı cəsarətlə döyüşürdü. Ölkəmizin daxilindəki satqın qüvvələr də sakit durmurdular. Sürət Hüseynov, Əlikram Hümbətov və başqaları Gəncədə yığışıb, plan qurub Bakıya hücum etməyi, Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmağı qərara almışdılar. Lakin onların xəyanətkar cəhdləri hər dəfə uğursuzluğa düçar olurdu. Heydər Əliyev ümumrespublika müşavirəsində belələrinə bir daha xəbərdarlıq etdi: “Mən dəfələrlə demişəm. Bu gün bir daha bəyan edirəm ki, heç bir kəs mənə təzyiq edə bilməz. Mən öz iradəmdən, - bu isə xalqın iradəsidir, bir namuslu vətəndaş kimi mənim şəxsi iradəmdir, - istifadə edərək Azərbaycanın bu vəziyyətdən çıxması üçün son damla qanıma qədər çalışacağam və heç kəs də məni qorxuda bilməz” (Müstəqilliyimiz əbədidir, səhifə 110).

Həmin müşavirədə Heydər Əliyev çox açıq danışaraq, bəzi faktları açıqladı: “Dəhşətli vəziyyətdir və bunların hamısını mən dünən də dedim. Biri Rəhim Qazıyevə qulluq edir, biri, nə bilim, Əlisoy batalyonudur, biri xalq cəbhəsinə qulluq edir, biri, nə bilim, həmin o Əlikram Hümbətova qulluq edir, biri o birisinə qulluq edir. Təxribat təxribatın içərisindədir (Müstəqilliyimiz əbədidir, səhifə 111).

“...Bizim Azərbaycan xalqı tarix boyunca yüksək mənəvi keyfiyyətlərə malik xalq olub. İndi də belədir. Mən təxribatçıları xalqa aid edə bilmərəm. Ancaq bizim ayrı-ayrı azərbaycanlıların bu qədər satqın, bu qədər xəyanətkar, bu qədər ləyaqətsiz olması insanın ürəyini partladır, insanı dəhşətə gətirir. Görün biz nə qədər ləkələndik. Təkcə ona görə yox ki, torpaqlarımız əldən gedibdir. Ona görə ki, torpaqlarımıza təcavüz edən ermənilər deyirlər ki, sizin adamlarınız heç biz gəlməmiş çıxıb qaçırlar. Bunu onlar deyirlər” (Müstəqilliyimiz əbədidir, səhifə 111-112).

Ümumrespublika müşavirəsindəki çıxışında Ulu Öndər bu mürəkkəb vəziyyətdə ölkənin qarşısında duran əsas vəzifələri də elan etdi: “İndi bizim qarşımızda iki vəzifə durur. Birincisi erməni təcavüzünün qarşısını almaq, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq, xalqı bu qırğından qurtarmaq. İkincisi isə Azərbaycanın daxilində sabitliyi təmin etmək, bu çəkişmədən qurtarmaq, xalqı bu çəkişmədən yaranan əziyyətdən xilas etmək lazımdır. Bu vəzifələri yerinə yetirmək üçün sizin hamınıza müraciət edirəm, bütün Azərbaycan xalqına müraciət edirəm: “Düşünün, anlayın, ayılın. Bilin ki, Azərbaycan xalqı bir xalq kimi nəinki yaşamalıdır, daha da qüdrətlənməli, daha da inkişaf etməlidir... Biz, yəni, Azərbaycan xalqı böyük imtahan içindəyik və bu imtahandan ləyaqətlə çıxmalıyıq” (Müstəqilliyimiz əbədidir, səhifə 112-113).

1993-cü il avqustun 29-da Azərbaycanda prezident Əbülfəz Elçibəyə etimad haqqında ümumxalq referendumu keçirildi. Referendumda iştirak edənlərin 97,5 faizi Elçibəyə “yoxdedi. Beləliklə, yeni dövlət başçısının seçilməsi gündəmə gəldi. Konstitusiyaya görə, əgər Azərbaycan Prezidentinin səlahiyyətləri Ali Sovetin sədrinə verilibsə, bu halda o, həmin səlahiyyətləri üç aydan artıq icra edə bilməzdi. Ölkənin hər yerində, hətta ucqar kəndlərdə də vətəndaşlar bu taleyüklü seçkini səbrsizliklə gözləyirdilər. Çünki neçə illərdir ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət əhalinin demək olar, bütün təbəqələrinə ciddi təsir göstərmişdi. Ziyalı da, fəhlə də, kəndli də iş-gücünü ataraq vaxtının çoxunu siyasi müzakirələrə sərf edirdi.

Heydər Əliyev isə dinclik bilmədən işləyir, hər gün yeni bir tədbir keçirir, insanlarla görüşüb müzakirələr aparmaqdan yorulmurdu. Açığını deyim ki, bir-birini əvəz edən çoxsaylı tədbirlər barədə informasiyanın ölkə ictimaiyyətinə çatdırılması da asan deyildi. Amma o dövrün əsas media orqanları olan AZƏRTAC və Aztv-nin əməkdaşları gecə-gündüz, çox vaxt 15-20 saat işləyərək bu işin öhdəsindən gəlirdilər. O vaxt AZƏRTAC-ın maddi-texniki bazası çox zəif idi. Sovet dövründə agentlikdə əsasən başqa millətlərin nümayəndələri işləyirdi. Azərbaycan müstəqillik qazanandan sonra onların əksəriyyəti ölkəni tərk edib xaricə getmişdi. Peşəkarlar və texniki vasitələr çatışmırdı. Avadanlıqların xeyli hissəsi istismar müddətini çoxdan bitirmişdi, yenilərinin alınması üçün isə vəsait yox idi. Səs yazmaq üçün istifadə olunan diktofonlar və yazı makinaları çox köhnəlmişdi.

1990-cı illərin sonu və 2000-ci ilin əvvəlində TASS-ın baş direktoru Vitali İqnatenkobirinci müavin, əslən bakılı olan əziz dostum Mixail Solomonoviç Qusman ilə tanış oldum və aramızda çox möhkəm dostluq münasibətləri yarandı. Problemlərdən  söhbət düşəndə (Azərinform 70 ilə yaxın bir müddətdə TASS-ın filialı olmuşdu) deyirdilər ki, vaxtilə TASS-da da ən vacib avadanlıqlar sarıdan vəziyyət yaxşı deyilmiş. Xəbərlərin sürətlə yığılıb hazırlanması üçün lazım olan texnikanın bir çoxu xarici ölkələrdən gətirilirdi. Mən bir vaxtlar AZƏRTAC-ın tarixinə dair araşdırmalar aparanda bununla bağlı maraqlı bir faktla rastlaşdım. Sonralar İqnotenkoQusman da təsdiq edirdilər ki, 1970-ci illərin ortalarında TASS-ın və digər mətbuat orqanlarının müasir texniki avadanlıqlarla təchiz edilməsi məqsədilə SSRİ Nazirlər Soveti ilə İtaliya hökuməti arasında imzalanmış sazişə əsasən SSRİ-yə xeyli kompüter gətirilmişdi. Sovet hökumətinin qərarına əsasən TASS-dan sonra birinci növbədə Ukrinform və Azərinform İtaliyanın “Olivetti” firmasının kompüterləri ilə təchiz edilmişdi. Əlbəttə, bu, SSRİ rəhbərliyində, bütövlükdə sovet məkanında Heydər Əliyevə olan hörmətin ifadəsi idi.

1993-cü ildə və sonrakı illərdə biz məhz həmin “Olivetti” kompüterlərində işləyirdik. Düzünü deyim ki, onlar köhnə olsa da, işləmək rahat idi. Xüsusilə yığım funksiyası mətnin sürətli hazırlanmasına imkan verirdi. Yığılmış mətnin yaddaşda saxlanılması əlimizdən çox tuturdu. Amma gecənin yarısında qəflətən adi bir səhv ucbatından bütün mətnin itməsi isə təsəvvür edilməz dərəcədə üzücü bir hal idibu hallarla da çox rastlaşmışdıq.

Demək istədiyim odur ki, bütün çətinliklərə baxmayaraq, Heydər Əliyevin nitqlərini, müsahibələrini, görüşləri barədə materialları ictimaiyyətə vaxtında çatdırmaq bizim üçün şərəfli bir idi. Həm də axı Heydər Əliyev özü bizdən, əslində ölkədə hamıdan çox işləyirdi. Yadımdadır, biz gecə saat 3-4-də işdən çıxıb hamımız bir yerdə AZƏRTAC-ın mikroavtobusunda evə gedərdik. Yolumuz çox vaxt Ali Sovetin binasının yanından düşürdü. Görürdük ki, Heydər Əliyevin otağında işıqlar hələ də yanır. Hətta bir dəfə bizim mikroavtobusun sürücüsü Ali Sovetin binasının qarşısından keçərkən qəflətən maşını saxladı. Yaxınlıqda dayanmış mühafizəçidən nə isə soruşub qayıtdı:

- Bilirsiniz, bu oğlan mənim qonşumdur. Soruşdum ki, Heydər Əliyev hələ də işdədir? Dedi ki, ay qardaş, bəzən heç evə getmir, səhərədək işləyir.

Bax, sıravi sürücüdən, Ali Sovetin binasının AzTV ilə üzbəüz qapısında dayanan mühafizəçidən tutmuş, ölkənin ən ucqar dağ kəndində yaşayan insanlaradək hər kəs Heydər Əliyevin hər bir sözündən, hər bir cümləsindən, sadəcə görünüşündən qürur duyur, hər səhər, hər axşam onun üçün uca Tanrıya dualar edirdi.

 

ardı var

 

İki sahil.- 2023.- 14 mart.- S.9.