Novruza doğru...
Bu gün Novruz çərşənbələrinin sonuncusu olan, xalq arasında "Yer
çərşənbəsi", "İlaxır çərşənbə"
adlandırılan torpaq çərşənbəsidir
Milli-mənəvi
dəyərləri ilə yer üzündə
tanınan Azərbaycan xalqı zaman-zaman
yaşatdığı və təbliğ etdiyi
bəşəri ideyaları, gözəl adət-ənənələri,
milli xüsusiyyətləri dünya xalqları arasında özünəməxsus
yer tutmuşdur. Tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim
köklərə malik Azərbaycan əsrlər
boyu öz maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir.
Bu zəngin
irsdə xalqın soykökünə bağlı olan adət-ənənələri
yaşayaraq günümüzə qədər gəlib
çatmışdır. Hər il müsəlman
dünyasının böyük həvəslə
qarşıladığı və yola saldığı Novruz
bayramı xalqın tarixi kökünü, adət-ənənələrini
özündə yaşadan gündür. Bu bayramın qeyd olunmasına
qədər dünyanın və insanın yaranması ilə
bağlı müqəddəsləşdirilmiş su, od, yel və
torpaq çərşənbələri qeyd olunurdu. Xalqın
erkən düşüncəsində yaratdığı
çərşənbələrlə bağlı ayin və
etiqadları, adət-ənənələri yaşatmaq hər
kəsin mənəvi dünyasının tələbatından
irəli gəlir. Belə bir mahiyyətə malik olan Novruz
bayramının beynəlxalq miqyasda Beynəlxalq Gün kimi qəbul
edilməsi artıq dünyada buna olan münasibətdə dəyişiklik,
eləcə də, astroloji faktlar buna marağın
yaranması ilə əlaqədardır. Bu dörd çərşənbənin
qeyd olunmasının arxasında böyük həqiqətlər
dayanır. Folklorşünas alimlərin fikrincə, bu çərşənbələr
insanın həyata gəlişi və həyatın
canlanması ilə əlaqədardır.
Qeyd
edim ki, dünyanın müxtəlif ölkələrində
Novruz bayramı qeyd olunur. Belə ki, bu bayram İranda,
Türkiyədə, Pakistanda, Orta Asiyada və digər müsəlman
dövlətlərində təntənəli bir şəkildə
yaşanır. Bu fakt da dünya miqyasında bir baxış
kimi diqqətdədir. Minilliklərin
sınağından çıxaraq, bu günə gəlib
çatmış Novruz bayramını hələ Azərbaycan
Sasanilər dövlətinin tərkibində olduğu zaman qeyd
etmişdir. Uzun illər aparılan arxeoloji qazıntılar
bunu təsdiqləyir. Daş dövrünə aid olan əşyalar
qazıntılar zamanı əldə olunan mənəvi mədəniyyət
abidələrimiz Novruz bayramının qədim tarixi
olduğunu bir daha təsdiqləyən əsas dəlillərdir.
Novruz süfrəsinin əsas bəzəyi olan şamdanın,
dörd ayaqlı səməni qabının və başqa əşyaların
tapılması, məhz tarixi baxımdan bu el bayramının
tarixi qədimliyini sübuta yetirir.
Novruz sözün etimologiyasına diqqət etsək, görərik ki, bu sözün həqiqi mənası yeni günün başlanması deməkdir. Novruz bayramına qədər insanlar dörd çərşənbəni qeyd edirlər. Bu da təsadüfi hal deyil. Belə ki, bayramın gəlişi zamanı bayram əhvali-ruhiyyəsi yaşanır və müjdə verilir. İnsan dörd ünsürdən yaranmışdır. Novruzaqədərki çərşənbələri ulularımız Su, Od, Yel, Torpaq deyə adlandırmışdılar. Rəmzi məna daşıyan çərşənbələri ulu babalarımız bayram hesab etmişdilər. Torpağa nəfəs gəlir. Təbiət, eləcə də, bütün canlılar oyanır. Su müqəddəslik rəmzidir, həyatın başlanğıcıdır. Elə Novruzun rəmzi olan səməni də su ilə göyərir. Bu da yeni bir həyatın başlanğıcı deməkdir.
Ardıcıllıqla qeyd edilən çərşənbələr sırasında bu gün qeyd etdiyimiz sonuncu çərşənbə torpaq çərşənbəsidir. Xalq arasında torpaq çərşənbəsi "İlaxır çərşənbə", "Yer çərşənbəsi", "Çərşənbə-suri" kimi də adlanır. Torpaq çərşənbəsində torpağa istilik gəlir və bütün təbiət oyanmağa başlayır. Bununla bağlı xalq arasında bir çox inanclar yaranmışdır. Dörd ünsürdən sonuncunun oyanması ilə Sel, Atəş, Yel və Torpaq daha böyük güc alır. İnsanlar yoxsulluq və qıtlıqdan, çətinlik və məhrumiyyətdən xilas olurlar. Çərşənbə axşamı ilə bağlı müxtəlif inanclar, ayinlər və s. mövcuddur. Brlə ki, axır çərşənbə günü ilin müqəddəs yeməkləri 7 cür xörək və ya şirniyyat bişirilir, səməni halvası hazırlanır. İlk olaraq göyərçinlər əkin-biçin sahəsindən uçarsa, həmin il bolluq ili olacağını göstərir. Əgər əks-halda quru yerlərə evlərin damına qonarlarsa, il quraqlıq, kasadlıq ili olacağını göstərir. Bayram süfrəsi üçün göyərdilmiş səməninin ortadan saralması qıraqlarının yaşıl qalması ilin taxıl qıtlığı olacağına işarədir. Son çərşənbədə həyət-bacada tonqallar qalanır, insanlar tonqalın üstündən atılıb ağrı-acılarının oda tökülməsini arzu edirlər: "ağırlığım-uğurluğum, qadam-balam tonqalda yansın", yaxud "ağırlığım-uğurluğum odlara, tonqaldan mənimlə atılmayan yadlara". Burada məqsəd qışdan qalan dərdin, ağrı-acının adamın canından tökülməsi, insanın sağlam ruhla, saf qəlblə bayrama qovuşmaq istəyidir.
Həmin gün bayram süfrəsində balığın olması bərəkət rəmzi hesab edilir. Bişmiş və ya qurudulmuş bütöv balığı süfrəyə gətirər, bir tərəfinə su, digər tərəfinə isə düyü qoyar, balığın gözünə baxıb, arzu tutarlar. Sonra balıqdan bir az yeyər və inanarlar ki, arzular tezliklə çin olacaq.
Qulaq falına çıxmaq, qapılara papaq atmaq bu bayramın tərkib hissələridir. Küsülüləri barışdırmaq, xəstələrə baş çəkmək, körpələrə yeni libas almaq da bu bayrama aid xüsusiyyətlərdəndir. Bu günə el arasında həm də niyyət, dilək çərşənbəsi deyilir. İnanca görə, həmin gün ürəkdə tutulan xoş diləklərin hamısı hasil olur. Odur ki, həmin gün mütləq xoş sözlər danışılmalıdır. Axı kimsə qulaq falına çıxıb qapıya gələ bilər. Çərşənbə axşamı ailədə könül açan sözlər danışıb, dava-dalaş etməzlər ki, qulaq falına çıxan şəxs xoşagəlməz ifadələr eşidib evinə ümidsiz dönsün. Evinizin xeyir-bərəkəti, ruzisi bol olsun, ocağınız gur yansın! Bayramınız mübarək!
S. Məmmədova
İki sahil.- 2023.- 14 mart.- S.6.