MƏN HEYDƏR ƏLİYEV
MƏKTƏBİNDƏ NECƏ DƏRS
ALDIM
Jurnalist Aslan Aslanov 45 ildən
çox Azərbaycanın müxtəlif mətbuat
orqanlarında çalışıb. Ömrünün 30 ili
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə
bağlı olub. Əvvəlcə agentlikdə müxbir,
baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci
müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə
Heyətinin sədri işləyib.
Ulu öndər Heydər Əliyevin 1993-çü il
iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək
iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında
xarici ölkələrin səfirləri ilə ilk
görüşündən başlayaraq, 2003-cü ilədək
keçirdiyi görüşlərin, qəbulların,
iclasların və digər tədbirlərin, eləcə də
xarici ölkələrə səfərlərinin tam əksəriyyətində
AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci
ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hazırda təqaüddə
olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə
yazdıgı “Mən Heydər Əliyev məktəbində
necə dərs aldım” sərlövhəli xatirələrini
oxuculara təqdim edirik.
Əvvəli ötən sayda
Mən həmin illərdə AZƏRTAC-da işimizin necə gərgin, necə çətin olduğunu dedim. Deyim bunu da biləsiniz: heç kim bu çətin işdən yoruldum, usandım demirdi. Biz kasetlərdən Heydər Əliyevin səsinə qulaq asıb sözbəsöz kompüterlərdə yığır, dönə-dönə oxuyurduq, korrekturasına, redaktəsinin nizamına diqqət yetirirdik. Sübh tezdən bu materialların dərc olunduğu qəzetlər poçt göyərçinçləri kimi ölkənin hər yerinə çatırdı. İnsanlar onu maraqla oxuyub bir-biri ilə paylaşırdılar. Deyilənə görə, hətta bir qəzet gün ərzində neçə-neçə ailəyə oxumaq üçün verilirdi.
Bir qədər əvvəl qeyd etdiyim kimi, bütün xalq prezident seçkilərini səbirsizliklə gözləyirdi. Seçkilərə hazırlıq dövründə ayrı-ayrı idarə və müəssisələrin, iri zavod və fabriklərin kollektivləri Heydər Əliyevlə görüşmək istəyir və bu barədə səlahiyyətli orqanlara müraciətlər edirdilər. Prezidentliyə namizədliyi irəli sürülmüş Ulu Öndər sentyabrın 20-də hüquq-mühafizə orqanlarının nümayəndələri, ertəsi gün isə Milli Elmlər Akademiyasında ziyalılar qarşısında çıxış etdi. Sentyabrın 22-də Ali Sovetin binasının böyük salonunda respublika gənclərinin nümayəndələri ilə keçirilən görüş də indiki kimi yadımdadır. O vaxt Azərbaycan Gənclər İttifaqının sədri işləyən Sahib Ələkbərovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən həmin görüşdə gənclərin çox maraqlı çıxışları, ölkənin gələcəyinə dair yaradıcı fikirləri, təklifləri Heydər Əliyev tərəfindən böyük rəğbətlə qarşılandı.
Gənclərin bu fəallığını görəndə, ağıllı fikirlərini eşidəndə hiss olunurdu ki, Ulu Öndər bu ağır günlərin yorğunluğunu sanki bir anlıq unudur, mənən rahatlıq tapırdı.
Təxminən üç saatdan çox davam edən görüşdə Heydər Əliyev ölkənin hazırki ictimai-siyasi vəziyyət, gənc müstəqil Azərbaycan Respublikasında elm, təhsil, hərbi vətənpərvərlik, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə vacib proqramlar barədə gənclərə ətraflı məlumat verdi, qarşıda duran vəzifələrdən danışdı. Sahib Ələkbərovun moderatorluğu ilə keçən həmin maraqlı görüş sonrakı illərdə də tez-tez xatırlanırdı.
Heydər Əliyevin sentyabrın 28-də Bakı Kondisionerlər Zavodunda paytaxt sənaye müəssisələrinin əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışı zamanı deyirdi: “Mənim üçün bu zavodda olmaq, bu binada olmaq çox əzizdir. Bura mənim doğma yerimdir”.
Bu zavodunun Bakıda tikilməsi heç də asanlıqla başa gəlməmişdi. Onun tikintisi ilə bağlı həm sovet hökuməti, həm də Yaponiya tərəfindən çox ağır şərtlər irəli sürülmüşdü. Deyilənə görə, əslində ittifaq respublikalarının bir çoxu kondisioner zavodu tikməkdə çox maraqlı idi. Amma şərtlər çox ağır olduğundan buna risk etmədilər. Zavod həm dünya standartları səviyyəsində, həm də çox qısa müddətdə (iki il yarıma) tikilib baş çatdırılmalı idi. Digər tərəfdən, Kremldə bir çoxları Heydər Əliyevin təklifinə hər vəcdlə mane olurdular. Onlar bu zavodun tikintisinin Azərbaycan Respublikasına etibar edilməsinə dair sovet rəhbərliyinin müvafiq qərar imzalamasına yol verməmək üçün nəyə desən əl atırdılar.
Mitinqdə bu barədə danışan Heydər Əliyev dedi: “Bu zavodun tikintisinə 1973-cü ildə başladıq. Ondan qabaqki dövrdə böyük müqavimətlərə sinə gərərək öz mülahizələrimizin üstündə durub zavodun məhz Bakıda tikilməsinin vacibliyini sübut etdik. Bu müəssisənin iki ildə tikib başa çatdırmağa dair verdiyimiz sözə sizinlə birlikdə hamımız – Azərbaycanın o vaxtkı fəhlələri, inşaatçıları, mühəndisləri, mütəxəssisləri ilə birlikdə əməl etdik. Nəhəng müəssisənin inşasını vaxtında başa çatdırdıq və beləliklə bütün dünyaya (mən bunu tam məsuliyyət hissi ilə deyirəm) sübut etdik ki, Azərbaycan xalqı böyük xaruqələr yaratmağa qadirdir və Azərbaycan xalqının daxilində böyük istedad, böyük elmi-texniki potensial var”.
Nəhayət, ölkə əhalisinin səbrsizliklə gözlədikləri seçki günü gəlib çatdı. 1993-cü il oktyabrın 3-də sübh tezdən ən ucqar kəndlərdən, yaşayış məntəqələrindən tutmuş paytaxt Bakıyadək hər yerdə insanlar böyük şadyanalıq və inamla seçki məntəqələrinə gəlirdilər. Bir-birini təbrik edən, gözaydınlığı verən insanlar uca Tanrıya dualar edirdilər ki, bu seçki bütün ölkəyə, xalqımıza firavanlıq, xoş güzəran gətirsin, torpaqlarımız işğaldan azad olunsun.
Bəli, xalq öz liderinə arxa-dayaq oldu, onun ətrafında sıx birləşməyə yekdil qərar verdi. Heydər Əliyev seçicilərin tam əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Andiçmə mərasimində Ulu Öndər böyük inamla deyirdi: “Mən bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq”.
Heydər Əliyev həmişə olduğu kimi bu dəfə də vədinə və sözünə sadiq qaldı. Xalqımızın dahi övladı, vaxtilə siyasi hakimiyyət elitasının zirvəsində qərar tutan, dövrünün ən parlaq siması olan Heydər Əliyev nəyə qadir olduğunu bir daha bütün dünyaya – dostlarımıza da, bədxahlarımıza da sübut etdi.
1969-1982-ci illərdə qurduğu abad, firavan Azərbaycandan 1993-cü ildə Heydər Əliyevə ağır miras qalmışdı. Respublika səbatsız və təsadüfi rəhbərlərin xalqa zidd siyasəti nəticəsində daxili və xarici düşmən təxribatları üçün poliqona çevrilmişdi. Xəyanət və satqınlıq ucbatından torpaqlarının bir hissəsi işğal olunmuş, yüz minlərlə soydaşımızın öz doğma yurdlarından didərgin düşdüyü ölkə - mənzərə belə idi.
Hakimiyyət davası, cinayətkarlıq və terrorçuluq, qorxu və sabaha inamsızlıq, Qarabağın əliyalın azərbaycanlı əhalisinin silahlı Ermənistan ordusu qarşısında köməksizliyi, şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, ordu quruculuğuna cinayətkarcasına biganə münasibət, iqtisadi təxribatlar, milli strateji sərvətlərin talan olunması, tayfabazlıq və dövlət mafiyası o dövrdəki hakimiyyətin xarakterik cizgiləri idi.
Azərbaycan xalqının yaddaşına müasir müstəqil Azərbaycan dövlətinin banisi kimi əbədi həkk olunmuş ulu öndər Heydər Əliyev öz yeni tarixi missiyasına məhz belə ağır, mürəkkəb şəraitdə başlayırdı. Ölkənin müqəddəratının sual altında olduğu bir dövrdə Azərbaycan xalqının öz taleyini Heydər Əliyevə etibar etməkdə yanılmadığını Ulu Öndər hakimiyyətə qayıdışının elə ilk aylarından sübuta yetirdi. Ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə, hakimiyyət böhranına qısa müddətdə son qoyuldu. Sabitlik və əmin-amanlıq təmin edildi, siyasi və iqtisadi böhranın, erməni təcavüzünün Azərbaycanın dərinliklərinə irəliləməsinin qarşısı alındı. Ən başlıcası isə insanlarda gələcəyə inam yarandı. Bu inamın fəlsəfəsini o dövrdə meydana gəlmiş “xalq-Heydər” və “Heydər-xalq” deyimi çox aydın şəkildə təcəssüm etdirirdi. Beləliklə, 1993-cü il Azərbaycanın müasir tarixinə yeni dövrün başlanğıcı, qurtuluş anı kimi daxil oldu. Qüdrətli dövlət xadimi Heydər Əliyev çox böyük müdrikliklə ölkənin inkişaf vektorunu müəyyənləşdirdi, strateji hədəfləri dəqiqləşdirdi, mükəmməl xarici siyasət konsepsiyası işləyib hazırladı.
Xarici tərəfdaşlarımız sonralar etiraf edirdilər ki, Heydər Əliyev dövlətin xarici siyasət konsepsiyasını Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən körpü rolunu möhkəmləndirən, modernləşmənin əsasını qoyan konsepsiyanı son dərəcə tarazlaşdırılmış şəkildə quraraq, onu beynəlxalq inkişafın qlobal meylləri ilə əlaqələndirə bildi.
1993-cü il prezident seçkilərindən dərhal sonra başlanan müasir, milli Azərbaycan dövlətinin qurulmasının yeni mərhələsi ölkədə yaranmış ağır siyasi-iqtisadi böhranın yaratdığı dərin problemlər, respublikamızın ərazi bütövlüyü və dövlət müstəqilliyi üçün real təhlükə, həm də bu təhlükənin sönməyən ocağa çevrilməsi üçün xarici qüvvələr tərəfindən açıq-aşkar göstərilən cəhdlərin hansı nəticələr verə biləcəyi dərin təhlil tələb edirdi.
Digər tərəfdən, xalqı ölkənin ərazi bütövlüyünün və bərpası üçün ayağa qaldırmaq zərurəti yaranmışdı. Ona görə də Prezident Heydər Əliyev noyabrın 2-də dövlət radio və televiziyası ilə xalqa müraciət etdi. Bu müraciət xalq-iqtidar birliyinin yaranması və möhkəmlənməsi işinə çox güclü təkan oldu.
Bu məqamda 1990-cı illərin əvvəllərində Azərbaycanda çox məşhur olan Mirzə Xəzərdən aldığım müsahibə yadıma düşdü. Oxucu yəqin ki, xronoloji ardıcıllığı pozmağımı bağışlayar.
İnternetdə vikipedia azad ensiklopediyasında onun haqqında məlumata bir daha nəzər saldım: Mirzə Kərim oğlu Mikayılov 1947-ci ildə Azərbaycanın Göyçay rayonunda doğulub. Dağ yəhudisi olan Mirzə Xəzər radio jurnalisti, publisist, naşir, Bibliyanın, “Əli və Nino” romanının tərcüməçisi kimi həm bir sıra Qərb ölkələrində, həm də doğuub təhsil aldığı Azərbaycanda çox məhşur idi. Onun 20 Yanvar faciəsi zamanı televiziya, radio və qəzetlərin tamamilə qapadıldığı bir vaxtda sovet qoşunlarının Bakıda və bir sıra rayonlarda dinc insanlara qarşı törətdikləri vəhşiliklər barədə xəbərləri peşəkar jurnalist, Vətəni üçün canından keçməyə hazır olan rəhmətlik Elmira Əhmədova ilə birlikdə dünyaya çatdırması heç kimin yadından çıxa bilməz.
Mən “Əli və Nino” romanının tərcüməsini də sonralar Azərbaycan jurnalında oxumuşdum. Amma bilmirdim ki, bu romanın tərcüməsini ona yazıçı Yusif Səmədoğlu sifariş edib. Hətta tərcüməçiyə çatacaq pul Mirzə Xəzərin xahişi ilə 20 Yanvar şəhidlərindən birinin ailəsinə verilibmiş.
1993-cü ili payızında Mirzə Xəzər Bakıya gəlmişdi. Oktyabrın 14-də mənə tapşırıq verildi ki, Prezident Aparatına gəlib ondan müsahibə götürməyin məsləhətdir. O vaxt Azərbaycanda Mirzə Xəzərin adı və səsi hamıya çox yaxşı tanış olsa da, əlavə məlumat tapmaq indiki qədər asan deyildi.
Deyilən
vaxtda Prezident Aparatında oldum. Məni Mirzə Xəzərə
təqdim etdilər, çox gülərüzlə
qarşıladı və dedi ki, özüm də istəyirdim
rəsmi dövlət agentliyinə müsahibə verim.
Xahiş etdi ki, söhbət çox uzun çəkməsin,
çünki bir azdan Prezident Heydər Əliyev onu qəbul edəcək.
Ona birinci
sualım uzun ayrılıqdan sonra Vətənə gəlməsinin
onda yaratdığı hisslər və təəssüratı
barədə oldu.
Sualıma
belə cavab verdi:
- On doqquz
ildən çoxdur ki, Azərbaycandan çıxmışam.
Vətənə gəlmək, onu yenidən görmək
çoxdankı arzum idi. Bunun üçün fürsət
tapa bilmirdim. Nəhayət arzum çin oldu. Vətənə
gəldim, Azərbaycan Prezidenti Heydər Əliyevin andiçmə
mərasimində iştirak etdim. Sevinirəm ki, yenidən
doğma Bakının havasını uduram, küçələrini
gəzirəm.
Vaxtın
azlığını nəzərə alıb əsas mətləbə
keçdim:
- Ermənistanın
işğalçı, cinayətkar hərəkətinin
ört-basdır edilməsində xaricdəki erməni
diasporunun mənfur rolu göz qabağındadır, sizcə,
Qərbdə Azərbaycan diasporunun yaradılmasına nə
mane olur?
Cavabı
belə oldu:
-
Bilirsiniz, Amerikada, habelə Avropanın hər yerində Azərbaycan
cəmiyyətləri çoxdur, yeni-yeni cəmiyyətlər
də fəaliyyətə başlayır. Amma bunun səmərəsi
o qədər də çox deyil. Çünki siyasi
baxışlar müxtəlifdir. Hər cəmiyyət
özünün rəğbət bəslədiyi ideologiyaya
üstünlük verir. Bu da pərakəndəlik yaradır.
Ona görə də Azərbaycan diasporunun formalaşması
böyük çətinliklər doğurur. Bu cəmiyyətlərin
fəaliyyətinin bir istiqamətə yönəldilməsinə
ciddi ehtiyac var.
Mirzə
Xəzərlə söhbətimiz təxminən yarım saat
çəkdi. Aramızda xoş münasibətlər
yarandı. Prezidentin köməkçisi yaxınlaşıb
onu cənab Prezidentin qəbuluna dəvət etdi. Sonralar
Prezident Heydər Əliyevin bir sıra xarici ölkələrə
səfərləri zamanı biz onunla dəfələrlə
görüşdük. Əslində o, həmişə azərbaycanlı
jurnalistlərlə bir yerdə olurdi, onların əksəriyyəti
ilə yaxşı münasibətləri vardı.
ardı var
İki sahil.-2023.- 15 mart.- S.12.