Novruz gözəlləməsi...
Novruz bayramınız mübarək!
Neçə vaxtdı yatağından tənbəl-tənbəl
qalxan, yorğun-yorğun
dolaşan, tez yorulub, öz taxtına tez qayıdan Günəş
yuxarıdan aşağı
boylanıb gördü
ki, insanlar daha soyuqdan, üşüməkdən bezib. Hamının ona
ehtiyacı var, hamı üzünü göylərə tutub onu axtarır, sevgiylə onu arzulayır. Bu sevgidən
əvvəl-əvvəl bir
nazlandı, bir nazlandı gəl görəsən. Sonra göy
boyda aynanın qarşısına keçib
bəzəndi-düzəndi. Rəngi-rufu açıldı, nuru artdı, yanaqlarını
allandıran hərarəti
yerə qədər gəlib çatdı.
Sonra isə...
Günəşin gözəlliyi, istisi, hərarəti qoca dağların, başı
göylərə dəyən
uca dağların üzünün ağı,
üstünün isti
yorğanı olan bəmbəyaz qarın gözlərini yaşartdı. Onsuz da son
vaxtlar kövrək olan qar ayrılığın vaxtı gəldiyini
anladığı üçün gizlin-gizlin,
oğrun-oğrun ağlamağa başladı. Göz yaşları sinəsinin üstündən
şırımlar açan axarlara çevrilib üz tutdu
üzünün bərli-bəzəkli buz naxışları
incəlmiş, çatlamış çaylara sarı, sellərə-sulara
qarışdı. Suyu bollaşan çaylarsa sevindiyindən
coşub-çağladı, məcrasına sığmaz
oldu...
Nazlı
Günəş, al yanaqlı
Günəş gülümsədi. Od nəfəsindən
hər tərəfə hərəsi bir tonqala çevrilən,
gecə-gecə yerin ulduzları kimi bərq vuran
qığılcımlar səpələdi. Soyuqdan,
üşüməkdən bezmiş insanlar
uşaqlı-böyüklü, nəvəli-babalı,
qadınlı-kişili xeyirxah günəşin zərrəsindən
alovları qaranlığın bağrını yaran
tonqalların başına yığışdılar.
Sevindilər! Halay çəkib oynadılar,
“ağırlığım-uğurluğum odlara, tonqaldan
bizimlə atdanmayan yadlara” deyib, od
üstündən atladılar, arındılar,
ağırlıqlarını-uğurluqlarını odda
yandırdılar. Tonqalların istisindən
kürəklərinin uyuşuğu açıldı,
damarlarındakı qan qaynadı.
Səhərisi mehriban Günəş,
sevgili günəş daha da gözəlləşdi,
daha çox bərq vurmağa başladı!
Tonqalların gecəyə yanıqlıq
verirmiş kimi göylərə yüksələn
dilləri, üstündən atlayanları qamarlamaq istəyən
əlləri bir o tərəfə, bir bu tərəfə yelləndikcə
meh yaratdı, Yel baba da yuxusundan oyandı. Bildi ki, bu hərarəti
hər tərəfə yaymaq vaxtı gəlib çatıb.
Əsgərlərinə necə əmr elədisə,
külək necə qalxdısa, elə bil Azərbaycanın hər
biri əfsanəyə çevrilmiş qəhrəmanları əliyalın
sıldırım qayalardan dırmaşıb
Şuşanı soysuzlardan, dinsizlərdən azad eləməyə
hazırlaşırlar. Yer-yerindən
oynadı, evlərin damı titrədi. Qoca
dağların, başı göylərə dəyən uca
dağların üzünün ağı, üstünün
isti yorğanı olan bəmbəyaz qar qorxusundan bir anda selə-suya
çevrildi. Ağaclar torpağın ürəyinə,
şirəsinə uzanmış köklərindən bərk-bərk
yapışdı, tumurcuqları çat verdi.
Boynubükük bənövşələr
kolların dibinə sığındı. Yel babanın əsgərlərinin
qovaladığı ağlı-qaralı buludlar bir-birinə
qarışdı, küləyin tozunu yatırtmaq
üçün yerə nur ələməyə
başladı. Göylərdən
tökülən yağışın damlaları Torpaq
ananı şirin qış yuxusundan oyatdı. Və beləcə,
bahar yurdumuza qədəm qoydu!
Ana torpağın, Torpaq
xatunun müqəddəsliyi və həyatvericilik
gücü ondadır ki, digər yaradılmışlar da
ondan dirilik tapıb, inkişaf edir. O, canlıdır. Biz daxil hər
şey onun bətnindən doğulur, sonunda hər şey ona
qayıdır...
Hə, bir də elimizin qədim inanclarına
görə, insanların məhrumiyyət və
qıtlıqdan əziyyət çəkdikləri bir gündə
Sel (Su), Atəş və Yel Torpaq xatunun yeraltı məbədinə
qonaq gəlirlər. Onlar burada yatmış Torpaq xatunu
oyadıb adamların ac olduqlarını ona söyləyirlər.
O isə yerindən qalxır və deyir: “İnsanları fəlakətə
salan özü fəlakətə düşər.” Daha sonra
Sel (Su), Atəş, Yel və Torpaq xatun əl-ələ verib:
Zəmzəm
gəldi, Atəş gəldi, Yel gəldi,
Təzə ömür, təzə
məhsul, il gəldi.
–
deyə
oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Çıxırlar ki, insanlar aclıqdan qurtulsun, əziyyət
çəkməsin, zəhmətə qatlaşıb ruzi-bərəkətə
qovuşsun.
...Axşam
olanda gecəquşuların oxuduğu, adaxlı
qızların bəy corabı toxuduğu Novruzun Vətəninə,
torpağına, elinə bağlı Azərbaycan insanı
üçün başqa bir sevinci, anlamı da var: İllər
boyu həsrətilə qovrulduğumuz, uğrunda
ölümü gözə aldığımız
Qarabağımızda, Şərqi Zəngəzurumuzda da – Zəngilanın
Ağalısında, Tərtərin Talışında Novruz
tonqalları qalanacaq. Gözəl
Şuşamız bayram sevinci yaşayacaq, Cıdır
düzü Yallı meydanına çevriləcək. Torpaq
da baxıb canlanacaq, “ölüb diriltməyə”, ruzi verməyə
hazır olacaq! Şəhid ruhları dinclik tapacaq!
...Kandardan utana-utana içəri boylanan Bahara
“xoş gəldin” deyin! Bizim qışla bir ədavətimiz
yoxdur, amma dünya çox üşüyür onun
soyuğundan. Yaz havasına, bahar təravətinə
“Yeni gün”ə elə çox ehtiyacı var ki
dünyanın!
Novruzun özü
kimi carçıları
da müqəddəsdir. Onların ruhlarına hörmətsizlik
etmək olmaz. Ona görə də suyun
ruhuna hörmətlə yanaşaq ki, qurumasın,
saflığını itirməsin. Qəzəblənib
selə bürüməsin dünyanı, təşnə
ürəklərin, zərif köklərin
yanğısını söndürsün! Odun
ruhuna hörmətlə yanaşaq ki, yandırmasın,
yaşatsın. İstisini, hərarətini
əsirgəməsin bizdən. Yelin ruhuna
hörmətlə yanaşaq ki, qəzəblənib
qasırğaya çevrilməsin, həyat toxumlarını
bir çiçəkdən alıb başqasına
daşısın. Və nəhayət torpağın
ruhuna hörmətlə yanaşaq ki, Anadır!
Qarşısında diz çöküb, baş əyəcək
qədər müqəddəsdir! Həyat
bəxş edəndir
torpaq, bizə qucaq açıb ağuşuna alandır!
Elimə,
obama xoş gəldin əziz Novruz, yurdumun gözəl bayramı!
Bahar bayramın mübarək, Azərbaycan!
Mahir Rəsuloğlu
İki sahil.- 2023.- 18
mart.- S.9.