İrəvanın mədəni
soyqırımına məruz
qalan tarixi-memarlıq
abidələri
XX əsrin sonlarında azərbaycanlıların
bu gün Ermənistan adlandırılan tarixi torpaqlarından
zorla qovulmasından sonra əzəli yurd yerlərimizdəki
türk mənşəli toponimlərin, maddi-mədəniyyət
abidələrinin adları dəyişdirilərək erməniləşdirildi,
milli-mənəvi dəyərlərimiz mənimsənildi, dini
ibadətgahlar, məscidlər, qəbiristanlıqlar
barbarcasına dağıdıldı.
Tarixçi
alimlərimizin də yazdıqları kimi, əzəli Azərbaycan
torpağı olan indiki Ermənistan ərazisində çoxlu
sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər,
məscidlər, qəbiristanlıqlar, məqbərələr,
qəbirüstü abidələr və s. mövcud
olmuşdur. İrəvan şəhərindəki Xan
sarayı, məscidlər, karvansaralar haqqında səyyahların,
sənətşünasların, arxeoloqların, rəssamların
əsərlərində geniş məlumatlar verilib. Rəsmi
məlumatlara görə, XX əsrin əvvəllərində
İrəvan quberniyasının ərazisində 310 məscid
mövcud olub.
Yüzilliklərin
şahidi və yadigarı olan, təlatümlü qərinələrin
sərt sınaqlarından çıxan İrəvan
qalasındakı bütün tarixi abidələr, Toxmax
göl qəbiristanlığı, Ağadədə qəbiristanlığı,
Aşağı Şorca qəbiristanlığı, VII əsrdə
Sisyan rayonu ərazisində tikilmiş Agudi qəbirüstü
abidəsi, 1413-cü ildə İrəvan-Eçmiədzin
yolunun üstündə inşa edilmiş Əmir Səəd
məqbərəsi, 1725-ci ildə İrəvanda inşa
olunmuş Rəcəb Paşa məscidi və 150-dən
artıq digər məscidlər ermənilər tərəfindən
vandalcasına dağıdılaraq məhv edilib.
Bu
gün Ermənistan ərazisində azərbaycanlılara məxsus
yalnız iki tarixi-memarlıq abidəsi qalmışdır. Ermənilər
onlardan birini - İrəvan şəhərindəki Göy məscidi
“fars məscidi”, digərini - İrəvan
yaxınlığındakı Əmir Səəd məqbərəsini
isə “türkmən abidəsi” kimi qələmə verməyə
çalışırlar. Ermənistan hökumətinin qərarı
ilə “heç bir əhəmiyyət
daşımadığı üçün” azərbaycanlıların
qəbiristanlıqlarının qorunmaması qərara
alınıb. Erməni vandalları azərbaycanlıların
qəbiristanlıqlarını ucdantutma dağıdıblar.
Göy məscid
İrəvan
şəhərini təsvir edən bütün səyyahların
və tədqiqatçıların əsərlərində həm
ölçülərinin miqyasına, həm də gözəlliyinə
görə şəhərin ən möhtəşəm
memarlıq abidəsi kimi Göy məscidin adı birinci
çəkilir. Şərq memarlığının nadir
nümunələrindən hesab edilən Göy məscidin
inşasına 1760-cı ildə başlanılmış,
1765-ci ildə Hüseynəli xanın hakimiyyəti
dövründə başa
çatdırılmışdır. Həmin məscid
1616-cı ildə Şah Abbas dövründə Gəncədə
inşa edilən Cümə məscidinə bənzəyir.
Onun ölçüləri 97,2 x 66 m idi. Məscidin adı
onun günbəzinin göy rəngli kaşı ilə üzlənməsi
ilə bağlı idi. Məscidin həyətində fəvvarəli
daş hovuz tikilmiş, ətrafına sıx kölgəli
ağaclar əkilmişdi. 1936-cı ildən Göy məscidin
binasında İrəvan Şəhər Tarix Muzeyi yerləşdirilmişdi.
İkinci Dünya müharibəsi başladıqdan sonra
Göy məsciddən bir müddət hərbi sursat anbarı
kimi istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə,
həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən
isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları
üçün Planetari fəaliyyət göstərmişdir.
1991-ci ildə Ermənistan müstəqilliyini əldə
etdikdən və müsəlman ölkələri ilə
diplomatik münasibətlər qurulduqdan sonra Göy məscidin
yenidən məscid kimi fəaliyyət göstərməsi zəruriyəti
meydana çıxmışdı. 1991-ci ildə Təbiət
muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən
çıxarıldı. 1995-ci ildə İranla Ermənistan
arasında imzalanan müqaviləyə əsasən, İran
hökuməti Göy məscidin yenidən qurulması xərclərini
öz üzərinə götürdü. Məsciddə
tamamlama işləri 2006-cı ildə başa
çatdırılmışdır. Rekonstruksiya işləri
məscid kompleksinin yalnız cənub-qərb və şimal
hissəsində aparılmışdır. Göy məscidin 24
metrlik minarəsi, 28 köşkü (hücrə),
kitabxanası, böyük zalı, günbəzi və həyəti
rekonstruksiya edilmişdir. Hazırda Ermənistan rəsmiləri
Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi”
kimi təqdim edirlər.
Səlim (Şah Abbas)
karvansarası
Səlim
karvansarası Dərələyəz mahalının
Keşişkənd (06.12.1957-ci ildən - Yeğeqnadzor) rayonu ərazisində,
Ələyəz dağının Səlim
aşırımında, 2410 metr yüksəklikdə, Ağkənd
(03.07.1968-ci ildən - Ağcanadzor) kəndinin
yaxınlığındadır. Səlim
aşırımının adı ilə Səlim karvansarası,
el arasında isə Şah Abbas karvansarası adlanırdı.
Yonulmuş bazalt daşdan tikilmiş karvansara iki binadan ibarət
idi. Uzunluğu 35,5 m, eni 5 m olan əsas bina şimaldan şərqə
doğru uzanırdı. Uzunluğu 31,5 m, eni 14,7 m olan ikinci
bina isə birinciyə perpendikulyar tikilmişdi. Karvansaranın
giriş qapısının üst hissəsində
yarımdairə şəklində eni 2 m, orta
hündürlüyü 1 m olan ərəb əlifbası ilə
yazılan kitabədən məlum olur ki, karvansara Əbu Səid
Xan Bahadur (söhbət Çingiz xanın varislərindən
olub, 1316-1335-ci illərdə Elxani dövlətinin taxtında əyləşmiş
Əbu Səid Xan Bahadurdan gedir) tərəfindən 1328-1329-cu
illərdə tikilmişdir. Karvansaranın
yaxınlığında yerləşən Ağkənd kəndində
1918-ci ilə qədər ancaq azərbaycanlılar
yaşamışlar. Bu kəndə ilk ermənilər
yalnız 1923-1925-ci illərdə köçürülüb
gətirilmişlər.
Ermənilər
bu abidənin “erməni knyazı” Çesare Orbelyan
dövründə inşa edildiyini iddia edərək, onu erməni
abidəsi kimi qələmə verməyə
çalışırlar.
Zal xan məscidi
İrəvanın
Qala ilə Təpəbaşı massivləri arasında yerləşən
Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən
biri Şəhər və yaxud Zal xan məscidi
adlanırdı. Məscidin üzərində ərəb əlifbası
ilə Azərbaycan dilində məscidin hicri tarixi ilə
1098-ci ildə tikildiyi – yəni miladi təqvimi ilə 1687-ci
ildə inşa edildiyi yazılmışdır. Bu məscid
1679-cu il zəlzələsindən sonra inşa edilmişdir. Həmin
dövrdə İrəvan bəylərbəyliyinin hakimi olan
Zal xan şəhərdəki tikililərin bərpası
üçün xeyli əmək sərf etmişdi. Onun
dövründə inşa edilən məscidlərdən
birini əhali Zal xan məscidi və yaxud Şəhər məscidi
adlandırmışdır. Xarici görünüşünə
görə Göy məscidə bənzəyən Zal xan məscidinin
də dincəlmək üçün həyəti, sərin
bağçası olmuşdur. Tədqiqatçıların
verdikləri məlumata görə, Zal xan, yaxud Şəhər
məscidi İrəvan şəhərinin mərkəzindəki
hazırda Respublika meydanı adlanan ərazidə olmuşdur.
1928-ci ildə Şəhər məscidinin böyük
zalı sökülərək onun yerində “Yerevan” hoteli
inşa edilmişdir. 1999-cu ildə rekonstruksiya edildikdən sonra həmin hotel
hazırda “Golden Tulip Hotel Yerevan” adlanır. İkimərtəbəli
binası və çoxlu hücrələri olan Zal xan məscidinin
mədrəsəsinin təyinatı İkinci Dünya
müharibəsindən sonra dəyişdirilmişdir.
Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu yerləşir.
Zahid Rza
İki sahil.- 2023.- 18 mart.- S.13.