Böyük Qayıdışın Zəfər
yürüşü
Aparılan bərpa-quruculuq
işləri ilə xarici görkəmi dəyişən,
memarlıq nöqteyi-nəzərindən daha müasir, gözəl
olan rayonlarımızda infrastruktur layihələri, investiya
proqramları uğurla icra edilir
Vətən
müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə
aparılan bərpa-quruculuq işlərini diqqət mərkəzində
saxlayan, infrastruktur layihələrinin nəzərdə
tutulduğu müddətdə həyata keçirilib başa
çatdırılması üçün
tapşırıqlarını verən Prezident İlham
Əliyev rayonların Baş planlarının təsdiqini
Böyük Qayıdışın tərkib hissəsi
adlandırır.
Zəngilanda «ağıllı kənd» layihəsinin həyata keçirilməsi ilə keçmiş məcburi köçkünlərin mərhələlər üzrə doğma yurdlarına qayıtması, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Ağdam və digər rayonlarda yol- nəqliyyat infrastrukturunun yenilənməsi, «yaşıl enerji» layihəsinə diqqətin artırılması davamlı prosesdir. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin əsaslı təmiri, yolların və tunellərin çəkilməsi, Qarabağ və Şərqi Zəngəzur bölgələrində, eləcə də Qarabağın digər ərazilərində mühüm investisiya proqramlarının icrası Ermənistanın işğalından azad edilən torpaqlarımıza yeni nəfəs, həyat bəxş edir.
Strateji əhəmiyyətə malik Naftalanın Talış və Suqovuşanla birləşdirilməsi, Zəfər yolunun Füzuli–Hadrut, Füzuli–Cəbrayıl, Horadiz–Ağbənd, Zəngilan–Qubadlı-Laçın yolları kimi digər rayonlarda da yol infrastrukturunun yenilənməsi aparılan bərpa-quruculuq işlərinin tərkib hissəsidir. Xəbər verildiyi kimi, Zəngəzur dəhlizində tikinti işlərinin 73 faizinin tamamlanması isə xüsusilə əhəmiyyətlidir. Mədəniyyət mərkəzimiz Şuşada davam etdirilən quruculuq işləri buraya gələnləri heyrətləndirir.
Bu günlərdə Tərtər rayonunun Talış kəndində aparılan bərpa-quruculuq işləri ilə maraqlanan Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olublar. Dövlət başçımız bildirib ki, kənddə daha 178 ev tikiləcək. İlkin mərhələdə Bakıda, Bərdədə, Tərtərdə, Samuxda, Goranboyda müvəqqəti məskunlaşan keçmiş köçkünlər fərdi evlərlə təmin olunacaqlar. İşğaldan azad olunan Suqovuşana da səfər edən Prezident İlham Əliyev burada yeni yaşayış məhəlləsinin təməlini qoyub.
Hazırda bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi rayonlardan biri də Laçındır. Laçın rayonunun işğaldan azad edilməsinin ölkəmiz üçün əhəmiyyətini «Ermənistan tərəfi Laçını Azərbaycana qaytarmaq haqqında heç danışmaq da istəmirdi. Əfsuslar olsun, keçmiş Minsk qrupunun həmsədrləri də hesab edirdilər ki, Laçın rayonu Ermənistana verilməlidir. Ona görə laçınlılar daha ümidsiz idilər. Onu da bildirməliyəm ki, danışıqların işğal dövründə belə çox davam etməsi və yəni, uğursuzluqla nəticələnməsi də məhz, o cümlədən Laçına və Kəlbəcərə görə idi. Çünki onlar 5 rayonu boşaltmağa elə bil ki, hazır idilər. Amma o şərtlə ki, Laçın və Kəlbəcər əbədi qalsın onların əlində. Yəni, biz laçınlılara, kəlbəcərlilərə görə, tarixi torpaqlarımıza görə, ərazi bütövlüyümüzə görə bu qədər dözmüşük. Amma məncə, ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq. Çünki dərhal göstəriş verildi, indi Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir və indi baxacağıq, bu il biz Laçın şəhərinə ilk laçınlıları nə vaxt qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq» sözləri ilə bildirən Prezident İlham Əliyevin vədi artıq reallaşır.
Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan Laçın rayonuna xüsusi nümayəndə təyin olunan Məsim Məmmədovu qəbul edən Prezident İlham Əliyevin əminliklə söylədiyi sözlər yurd həsrətli laçınlıları sevindirib. İşğaldan azad olunan Laçın ermənilərin qanunsuz məskunlaşdırıldığı rayon olduğu üçün burada görüləcək işlər daha çox, vacib və əhəmiyyətlidir. Respublikamızın ən böyük rayonlarından olan Laçın iqtisadi, turizm, təbii ehtiyatlar baxımından böyük potensiala, zəngin meşə fonduna malikdir.
Xatırladaq ki, Şuşanın işğalından bir neçə gün sonra o dövrdə iqtidarda olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi üzündən Kəlbəcərin, Laçının düşmənin nəzarətinə keçməsi Azərbaycanda çox ciddi siyasi böhran yaratmaqla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan arasında coğrafi bağlantını asanlaşdırdı. Buna görə də Ermənistan Laçın rayonunu boşaltmaq istəmirdi. Laçının döyüş meydanında və siyasi yollarla qaytarılması xalqımızın, Prezident, Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfəri idi.
Hazırda laçınlıların doğma evlərinə qayıtması, əhalinin təhlükəsizliyinin qorunması üçün rayon ərazisində aparılan bərpa-quruculuq işləri sürətlənir. Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri yekunlaşır. Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası, eyni zamanda hərbi mövqelərə istiqamətlənən yollar salınır.
İkinci
Qarabağ müharibəsi başa çatandan sonra rayonda
alternativ yol çəkildi. Laçın şəhərində,
Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış
ermənilərin çıxarılması ilə rayonunun
yenidən bərpası üçün müəyyənləşdirilən
yenidənqurma işləri planauyğun davam etdirilir. 2025-ci ildə
istifadəyə veriləcək Laçın Beynəlxalq Hava
Limanı inşa edilir. Kəlbəcər-Laçın yolu
yenidən qurulur.
«Ümumiyyətlə,
Kəlbəcər və Laçın rayonlarında bizim ən
çox tunellərimiz məhz o bölgədədir və
Murov dağının altından keçən tunelin
uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz
Göygöl rayonundan da Şərqi Zəngəzura yol
açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da
sürətlə inşa edilir» söyləyən Prezident
İlham Əliyev bildirdi ki, laçınlıların evlərinə
qayıtması üçün şəhərdə
çoxmərtəbəli səkkiz yaşayış
binası yenidən qurulur. 30-dan çox ictimai bina, Heydər
Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək.
Laçın
şəhəri ilə birgə rayonun Zabux və Sus kəndlərinin
də siması dəyişir. Zabuxda 1000-dən, Susdə isə
300-dən çox sakinin yerləşdirilməsi nəzərdə
tutulur. Rayonun Güləbird və Qorçu kəndlərinin
Baş planları də təsdiqlənib.
Siması
memarlıq üslubunda daha da gözəlləşəcək
şəhərin infrastrukturu yenilənir. Su , kanalizasiya xətləri
çəkilir, yollar yenidən qurulur. Rayonda birinci mərhələdə
bərpa ediləcək kəndlər müəyyənləşdirildiyini
diqqətə çatdıran Prezident İlham Əliyev bu sahədə
qabaqcıl təcrübədən istifadə ilə səmərəli
məskunlaşma prosesinə nail olunacağını bildirdi:
«Ancaq Azərbaycan dövləti öz üzərinə
düşən vəzifəni bunda görür ki, biz
yaxında yerləşən kəndlərin sakinlərini bir
yerə yığıb onlar üçün gözəl
şərait yaradaq. Yəni, biz şəhər tipli kəndlər
quracağıq və mən qurulacaq bütün kəndlərin
Baş planını təsdiqləmişəm. Eyni zamanda, kəndlərin
xarici görkəmi də təsdiqlənib və yenə də
deyirəm, həm rahat, həm də memarlıq nöqteyi-nəzərindən
çox gözəl olacaq.» Laçın və Kəlbəcər
rayonlarının su ehtiyatlarından istifadə ilə
yaradılacanq yeni mənbələr hesabına bölgənini
enerji təchizatı təmin ediləcək. Artıq
Laçın, Kəlbəcər, Zəngilan və digər
rayonda Su Elektrik stansiyalarının tikintisi sürətlənib.
Xuraman İsmayılqızı
İki sahil.- 2023.- 31
mart.- S.3.