Heydər Əliyevin kadr
siyasətində milli düşüncə
Ümummilli Lider Heydər
Əliyevin dövlətçilik ideyalarının elmi-nəzəri
əsasları müasir dövrümüzün tələbli
olduğu kimi, gələcək nəsillər
üçün də çox əhəmiyyətli
olacaqdır. İllər keçdikcə Heydər Əliyevin idarəçilik
məharətini daha aydın görür və dərk
edirik. Onun zəngin və
tükənməz olan təcrübə
məktəbindən gələcəkdə
hələ çox-çox nəsillər bəhrələnəcəklər.
Ulu Öndər Heydər Əliyev böyük təşkilatçılıq
məharəti və çoxcəhətli səmərəli
fəaliyyəti ilə idarəçilik elmini təkcə əməli
cəhətdən deyil, həmçinin nəzəri
baxımdan da zənginləşdirmişdir.
Heydər
Əliyevin siyasət fəlsəfəsində siyasi əxlaqın
ali tələbləri dövlət, xalq maraqlarına tabedir.
Heydər Əliyevin dövlətçilik düşüncəsinin
mayasını isə müstəqillik ideyası təşkil
edir. Heydər Əliyev müstəqilliyin ali məqsədi
kimi milli-mədəni və mənəvi dəyərlərin
bərpa olunmasına, xalqımızın özünü dərk
etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla,
vətəndaş hünəri ilə
çalışırdı. O, yalnız siyasi və iqtisadi
deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda
da əzmkar mübarizə aparırdı. Ulu Öndər Heydər
Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan
sonra siyasi reallıqdan çıxıb ideya formasında
yalnız insanlarımızın istiqlal duyğularında
qığılcım kimi közərən milli dövlətçilik
düşüncəsini məhz ötən əsrin 70-ci illərinin
əvvəllərindən başlamaqla əsrin sonlarına
doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli
bir reallığa qovuşdurmuş, qurub-yaratdığı bu
dövlətin sarsılmazlığını, demokratik
yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini,
daimiliyini, dönməzliyini təmin etmişdir.
Heydər
Əliyevin siyasi lider kimi Azərbaycan xalqı
qarşısında ən böyük xidmətlərindən
biri Sovetlər dövründə Azərbaycanın xüsusi
xidmət orqanlarında milli kadrların yerləşdirilməsi
idi. O, milli kadrların seçilməsinə xüsusi həssaslıqla
yanaşırdı. Xüsusilə
də Dövlət Təhlükəsizlik Komitəsinə
seçdiyi kadrlara münasibətdə daha həssas idi. Bu,
Heydər Əliyevin gizli strategiyası idi. O, bunu özü
üçün prioritet elan
etmişdi. Heydər Əliyev hər bir kadra fərdi
yanaşır, onun potensialını və əxlaqi keyfiyyətlərini
dəyərləndirirdi.
1953-cü
ilin sonunda onun şöbə rəisi təyin olunması nadir
hadisə idi. Şöbə rəisi kimi böyük çətinliklərlə
qarşılaşsa da, bu orqanda sağlamlaşma aparmaq, yeni gənc
kadrları işə qəbul etmək sahəsində
böyük fəallıq göstərir. Heydər Əliyev o
illəri belə xatırlayırdı: «Cəsarətli
addımlar atmağa, təmizləmə işləri görməyə
başladım, həmin şöbədə işləyən
bir neçə zabitin cinayətkar olduqlarına görə həbs
edilməsinə, cəzalandırılmasına, işdən
çıxarılmasına nail oldum. Xatirəmdədir,
1954-cü ilin əvvəli idi. Mən başladım təmizləmə
işləri aparmağa... Bir dəfə, iki dəfə,
üç dəfə bu addımları atdım və sonra,
1955-ci ildə də bunların, həmin o cəsarətli
addımlarımın qurbanı oldum. Amma öz inadımdan
dönmədim, həmin o təmizləmə işlərinə
başladım.” Məhz Onun bilavasitə iştirakı və
rəhbərliyi ilə 1953-cü ildən təhlükəsizlik
orqanlarında təmizləmə, milli kadrların irəli
çəkilməsi prosesi başlayıbdır. Heydər
Əliyev deyirdi: «Deyə bilərəm ki, təxminən 1953-cü
ildən saflaşma, sağlamlaşma prosesi gedib və mən
də bu prosesin bilavasitə iştirakçısı, son illərdə
təşkilatçısı olmuşam və o vaxtlar bu
işləri görmüşəm». 1960-cı ildə təhlükəsizlik
orqanlarında aparılan ixtisar nəticəsində beş
şöbə birləşdirildi və Heydər Əliyev
birləşmiş şöbəyə rəis təyin
edildi. Onun bilavasitə iştirakı ilə gənc kadrlar irəli
çəkildi. Rəhbər vəzifələrdə azərbaycanlıların
sayı artdı. Təhlükəsizlik orqanında işləyən
vaxt SSRİ-nin dövlət təhlükəsizliyinin təmin
edilməsində xidmətlərinə görə SSRİ Ali
Soveti Rəyasət Heyətinin 26 may 1962-ci il tarixli fərmanı
ilə Heydər Əlirza oğlu Əliyev “Qırmızı
Ulduz” ordeni ilə təltif edilmişdi. Bu dövrdən sonra
onun respublikaya, xalqına xidməti sahəsində daha
geniş imkanları yaranır, fəaliyyəti genişlənir.
Tədqiqat
zamanı milli kadrlardan olan Yasif Nəsirlinin Dövlət Təhlükəsizlik
orqanlarına işə qəbul edilməsinin maraqlı tarixçəsi ilə
rastlaşdım. “Ulduz” jurnalının ilk baş redaktoru olan,
uzun illər Azərbaycan LKGİ MK-da, Azərbaycan KP MK-da və
DTK-da müxtəlif vəzifələrdə işləyən,
Əməkdar incəsənət xadimi, Yasif Nəsirli ilə bu mövzuda
söhbətimiz zamanı o maraqlı tarixə işıq
saldı.
UNUDULMAZ
İLK GÖRÜŞ
Y. Nəsirli: “Sovetlər dövründə
dövlət təhlükəsizlik orqanlarına əsasən
komsomol işçilərini qəbul edirdilər. Mən də
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi
Komitəsində şöbə
müdiri işləyirdim. Bir
gün Azərbaycan LKGİ MK-nın birinci katibi məni
yanına çağırıb dedi ki, Dövlət Təhlükəsizlik
Komitəsinə getməlisən.
Soruşdum ki, nə üçün. Cavab verdi ki, 5 nəfər
adamın adını vermişik. Onlar seçəcəklər
ki, kimi DTK orqanlarında işə götürsünlər.
Lakin DTK orqanlarında işləmək istəmədiyimi
bildirdim. O isə cavabında “artıq biz sənin adını
vermişik və DTK-nın sədri, general Heydər Əliyev
səni qəbul edəcək”-dedi. Beləliklə, axşam
saat 22.00-da Heydər Əliyev məni qəbul etdi. Bir xeyli
sorğu-suala tutdu, ailəmiz, atam, anam barədə suallar
verdi. Yeri gəlmişkən, bu görüşlə
bağlı maraqlı bir məqamı da xatırlatmaq istəyirəm.
Belə ki, atam Birinci Dünya müharibəsində həlak
olmuşdu. Lakin Heydər Əliyevlə görüşə qədər
biz atamın konkret olaraq harada dəfn edildiyini bilmirdik. Sadəcə,
“qara kağız”ını almışdıq. Ulu öndər
Heydər Əliyev məndən soruşdu ki, sən atanı
görmüsən, atan yadına gəlir? Dedim ki, atam müharibəyə
gedəndə 3 yaşım vardı. Yadımdadır ki, o,
bizim şah tutun altında məni qucağına aldı,
üzümdən öpdü və sonra anama verdi. Heydər
Əliyev soruşdu ki, bəs atan harada vəfat edib? Dedim ki,
biz SSRİ-nin Müdafiə Nazirliyinin arxivlərinə məktublar
yazdıq. Onlardan cavab ala bilmədik ki, dəqiq harada vəfat
edib. “Biz onu tapmışıq” deyən Ulu Öndər stolun
üstündə olan şəxsi işimin
toplandığı qovluğun içindən bir kağız
çıxarıb mənə göstərdi və “atan
1943-cü ildə Krımda həlak olub. Hazırda
Krımdakı qardaşlıq məzarlığında sənin
atanın adı yazılıb, Mirza Nasırov” sözlərini
əlavə etdi. Onu deyim ki, buna görə çox sevindim və
Heydər Əliyevə öz minnətdarlığımı
bildirdim, çünki məhz
Onun səyəsində atamın harada dəfn olunduğunu
öyrənə bildim və sonradan həmin yeri ziyarət edərək
“Adsız təpə” adlı kitab yazdım. Yəni, bunu bu
gün də deyirəm ki, atamın harada dəfn
olunmasını öyrəndiyim üçün Heydər
Əliyevə ömrüm boyu minnətdaram”.
Sonra
Ulu Öndər məndən bu
görüşə nə səbəbə
çağırıldığını bilib-bilmədiyini
soruşdu: “Cavab verdim ki, təxminən bilirəm və Azərbaycan
LKGİ MK-nın birinci katibinin mənə dediklərini
söylədim. Heydər Əliyev isə “bəs sən nə
üçün DTK orqanlarında işləmək istəmirsən?
Başqaları burda işləmək üçün can
atır, sən indi 80 manat maaş alırsan. Amma DTK-da işə
düzəlsən 350 manat alacaqsan. Məgər bunu istəmirsən?”
-dedi. Cavab verdim ki, mənim DTK-dan xoşum gəlmir,
çünki mən adamlarla oturub yeyib-içirəm, söhbət
edirəm. Belə çıxır ki, həmin yeyib-içməkdən
sonra gəlib nə danışdıqlarını deməliyəm.
Bu mənim təbiətimə yaddır. Ulu Öndər bunu
eşitcək xeyli güldü və “sənin DTK haqqında təsəvvürün
tamamilə yanlışdır. Elə bilirsən ki, biz burda
ancaq adam pusmaqla məşğuluq?” - dedi. Eyni zamanda, “İstəyib-istəməməyindən
asılı olmayaraq, biz səni DTK orqanlarına işə
götürəcəyik” - sözlərini əlavə etdi. Vəziyyəti
belə görüb “imkan verin bir az fikirləşim” dedim.
Y.Nəsirli
bu görüşdən bir müddət sonra yenidən Ulu
öndərin qəbulunda olub: “Həmin görüşdə
Ulu öndər yenə də mənim nə üçün
DTK-da işləmək istəmədiyim barədə suallar
verdi. Cavabımda bu dəfə də rus dilini bilmədiyimi bəhanə
gətirdim və xahiş etdim ki, məni bu orqanlara işə
götürmək fikrindən daşınsınlar. Bununla da,
hər şeyə nöqtə qoyuldu”.
Burada
Heydər Əliyevin məsələyə özünəməxsus
yanaşmasının şahidi oluruq. Sovetlər dönəmində
kiminsə DTK sədrinin təklifinə yox deyəcək
cürəti özündə tapması pis də
qarşılana bilər və həmin kadrın karyerasının sonu da ola bilərdi.
Lakin Heydər Əliyev öz peşəsini sevdiyi kimi, işə
qəbul etdiyi şəxsin də öz peşəsini sevməsini
istəyirdi. Y. Nəsirlinin vəzifədən imtina etməsi
şəxsi xarakter məsələsi idi. Bu isə Heydər
Əliyev kimi möhkəm xarakterli bir şəxsin xoşuna gəlməyə
bilməzdi. Çünki buna
oxşar hadisə məhz Heydər Əliyevində nümunəsində
baş vermişdir.
HEYDƏR
ƏLİYEV BAŞ PROKUROR
VƏZİFƏSİNDƏN
İMTİNA EDİR
Vaxtilə
Azərbaycan Dövlət Təhlükəsilik Komitəsinin sədri
olmuş Vladimir Yefimov Semiçastnının Heydər
Əliyev haqqında xatirələri maraq doğurur. Elə Azərbaycan
SSR Nazirlər Soveti yanında DTK-nın əks-kəşfiyyat
şöbəsinin rəisi vəzifəsinə təsdiq edilməsi
üçün namizədliyi respublika KP MK-ya təqdim
edilmiş Heydər Əliyevlə ilk dəfə o zaman tanış olmuşdular. Sonralar o, görüşdən
aldığı ilk təəssüratı belə
xatırlayırdı: “Baxdım ki, pis oğlana
oxşamır. Xülasə, təsdiq etdik”. Semiçastnı
Əliyevlə daha bir görüşünü
xatırlayır ki, bu görüş Heydər Əliyevin
peşəkarlıq məsəllərinə necə qiymət
verməsi nöqteyi-nəzərdən çox səciyyəvidir.
Azərbaycanın baş prokuroru vəzifəsi
boşalmışdı. Semiçastnı namizədlər
seçməyi tapşırmışdı. Müzakirə
üçün namizədliyi MK-ya təklif edilənlər
arasında tanış soyadı - Əliyev Heydər Əlirza
oğlu sözlərini görəndə, göstəriş
verdi ki, onu söhbət üçün dəvət etsinlər.
Semiçastnı Əliyevi səhhəti, qulluğu, ailəsi
barədə sorğu-suala tutdu. Cavablar qənaətbəxş
idi.
-
Əgər sizə respublika prokuroru vəzifəsini təklif
etsək, buna necə baxarsınız? - deyə soruşdu.
-
Prokuror? Əliyev fikrə getdi. O, zahirən həyəcansız
görünsə də, Semiçastnı başa
düşürdü ki, indi onun daxilində bir təlatüm
yaşanır.
- Vladimir Yefimoviç, istəyirsiniz
düzünü deyim?
- Bu
divarlar arasında başqa cür danışmırlar.
-
Bilirsinizmi, mən təhsil etibarilə hüquqşünas
deyiləm . Əməliyyat işçisiyəm . O dur ki, belə
bir məsuliyyəti üzərimə götürmək istəməzdim.
Özümü də, sizi də pis vəziyyətdə qoya
bilərəm. Ən əsası da
işə ziyan dəyər.
Semiçastnı
sonralar xatırlayırdı ki, belə səmimi etiraf onu heyrətləndirmişdi.
Axı, yüksək vəzifədən kim imtina edərdi? -
Eybi yox, yoldaş Əliyev, səmimiyyətinizə görə
sağ olun. Sizin mövqeyiniz hörmətə layiqdir.
Semiçastnı, özünün dediyinə görə,
Əliyevi daha narahat etməmiş, bu vəzifəni
tutmasını təkid etməmişdi. Onun mövqeyi Moskva
canişininin çox xoşuna gəlmişdi.
Qayıdaq
dövlət təhlükəsizlik sisteminə milli
kadrların seçilməsi məsələsinə. Gənc
kadr Y. Nəsirlinin xidmətdən mənəvi amillərlə
imtina etməsi, doğru söz söyləməsi, səmimiyyəti
Heydər Əliyevin diqqətini cəlb etmişdi. Y.Nəsirli qeyd edir ki, 1969-cu ilin isti yay günləri idi.
Artıq bir ay idi ki, Heydər Əliyev Azərbaycan KP
MK-nın birinci katibi vəzifəsinə seçilmişdi.
Dedilər ki, Azərbaycan LKGİ MK-nın birinci katibi rəhmətlik
Elmira Qafarova səni axtarır. Məni görən kimi dedi:
“Yasif, deyəsən, sənin üzünə gün doğub.
Saat 14.00 radələrində Heydər Əliyev səni qəbul
edəcək”. Düzü, bilmədim bu xəbərə
görə sevinim, yoxsa nə edim. Axı, məni
çağıran Azərbaycan KP MK-nın birinci katibi idi.
Qısası, Ulu Öndərin qəbuluna girdim. Məni
görəndə Heydər Əliyevin üzündə bir təbəssüm
yarandı. Məni bir xeyli süzəndən sonra “sən əsl
Çarli Çaplisən ki”-dedi. Sonra isə Ulu Öndər
məni çağırmağının səbəbini
söylədi və “indi səni bura, öz yanıma işə
götürmək istəyirəm. Teymur Əliyevə göstəriş
vermişəm ki, sənin sənədlərini
hazırlasın. Artıq sənədlərin hazırdır.
Burada işləməyə necə baxırsan”, deyə,
soruşdu. Cavabımda işləmək istədiyimi söylədim
və Heydər Əliyev yenidən xoş bir təbəssümlə
“saat 16.00-da Büroya gəl”-dedi. Onu da deyim ki, bu, Heydər
Əliyevin birinci katib kimi keçirdiyi ilk Büro idi. Beləliklə,
Azərbaycan KP MK-da təbliğat-təşviqat şöbəsində
təlimatçı kimi işə başlayan Y. Nəsirli
qısa zaman kəsiyində öz fəaliyyəti ilə Ulu
Öndərin ümidlərini doğruldub.
“Bu dəfə
DTK-da işləmək
təklifinə “yox” deyə bilmədim”
Y. Nəsirli
deyir ki, bir zamanlar DTK orqanlarında işləməkdən
imtina etsə də, 1973-cü ildə Azərbaycan KP MK-nın
birinci katibinin tapşırığına əməl etməli
olub: “1973-cü ilin yanvar ayı idi. Mərkəzi Komitədə
işləyirdim. İsmayıllı Rayon Partiya Komitəsinin birinci
katibi Qardaşov barədə çoxlu neqativ materiallar daxil
olurdu. Məni bir neçə nəfərlə birlikdə
yoxlamaya göndərdilər. Arayışı gətirib
verdik. MK-nın bürosunda katibi işdən
çıxardılar və məni ora birinci katib göndərməyi
qərara aldılar. Səhəri geyinib-keçinib işə
gəldim və məni təşkilat şöbəsinin
müdirinin yanına çağırdılar. İçəri
girəndə şöbə müdiri Ramiz Məmmədzadənin
yerində həmin vaxt DTK-nın sədri olan general Krasilnikovun
oturduğunu gördüm. Yaxınlaşıb
görüşdüm. Təəccübləndiyimi
görüb “Əyləş, bir qədər söhbət edək.
Büro qərarını dəyişib. Heydər Əliyev məsləhət
gördü ki, sən DTK-ya işə gedəsən. Belə
qərara gəlmişik ki, səni Moskvaya SSRİ DTK-nın
F.Dzerjinski adına Ali Məktəbinə oxumağa göndərək.
Get fikirləş, qərarını bizə bildirərsən”-dedi.
Kor-peşiman sədrin yanından bayıra çıxdım.
Axı, belə təklif mənə komsomolda işləyərkən
bir neçə dəfə edilmişdi. Mən razılıq
verməmişdim. Lakin düşündüm ki, əgər
birinci katib belə məsləhət görürsə,
mütləq işləmək lazımdır. Beləliklə,
Heydər Əliyev məni qəbul etdi və işləmək
istədiyimi dedim. Bu, Ulu Öndəri xeyli məmnun etdi. Dedi
ki, öncə Moskvaya gedib, orada DTK məktəbində
oxuyacaqsan. 1973-cü ilin avqustunda Moskvaya oxumağa getdim. Ulu
Öndərin tapşırığına əsasən
oxuduğum müddətdə mənə yüksək məbləğdə
təqaüd kəsildi. Eyni zamanda, əməkhaqqım da hər
ay mənə göndərilirdi”.
“Həbs
olunmuş” dissertasiyalar...
1975-ci
ilin avqustunda Moskvadan qayıdandan sonra Yasif Nəsirli DTK-da əks-kəşfiyyat
şöbəsinə rəhbər təyin edilir: “Moskvadan
qayıdandan sonra Ulu öndər məni qəbul etdi. Dedi ki,
“sən respublikada əks-kəşfiyyata rəhbərlik edəcəksən”.
Həmin şöbə yaradıcı, elm, maarif, ali məktəb
və digər bu kimi təşkilatlara baxırdı. Bu
şöbədə işləri təhvil aldıqdan sonra sənədlərlə
tanışlıq məndə təəssüf hissi
oyatdı. çünki 17 doktorluq və namizədlik
dissertasiyasının üzərinə arayışlar
tikilmişdı. Bu arayışlarda isə həmin işlərin
millətçilik və antisovet ruhunda yazıldığı
qeyd olunmuşdu. Əsərlərin müəlliflərini
şəxsən tanıdığım üçün
sözügedən arayışların düzgün tərtib
edilmədiyinə əmin idim. Buna görə də 3 ay bu
işlə məşğul oldum. Sübut etdim ki, bu
dissertasiyalar nahaq yerə DTK-da “dustaq” ediliblər. Bununla
bağlı bir arayış yazıb DTK sədri Krasilnikova
verdim. O da həmin arayışı aparıb Heydər
Əliyevə təqdim etdi. Bundan sonra Ulu Öndər məni
çağırdı və ətraflı məlumat aldı.
Heydər Əliyev sənədin üzərinə dərkənar
qoydu və DTK-da “dustaq edilmiş” dissertasiyaların
hamısı növbədənkənar müdafiəyə
buraxıldı. Həmin vaxt, eyni zamanda, Bəxtiyar Vahabzadə,
Sabir Əhmədov, Anar, Məmməd Araz, Söhrab Tahir, Məmməd
Aslan, Mövlud Süleymanlı, Abbas Abdulla, Nüsrət Kəsəmənli
haqqında da xüsusi yoxlama işləri vardı. Bu yoxlama
işlərinin nəticəsi olaraq həmin şair və
yazıçılar dövlət mükafatlarından məhrum
edilməklə yanaşı, xaricə də buraxılmırdılar.
Anara Türkiyəyə getməyi yasaq etmişdilər, səbəb
kimi onun orada qohumlarının yaşaması göstərilirdi
və.s. O dövrdə ziyalılarımızın hər
birinə köməklik göstərildi.
Y. Nəsirlinin
sadaladıqlarını dinlədikcə Heydər Əliyevin
bir nəfər milli vətənpərvər şəxsin
dövlət təhlükəsilik orqanına götürməsi
ilə nə qədər böyük işlərə imza
atdığının şahidi oluruq. Heydər Əliyevin
Moskvada işlədiyi dövrlərdə milli kadrların
SSRİ səviyyəsində vəzifələrə
təyin olunması ilə bağlı necə
çalışdığının şahidi oluruq. Belə
şəxslərdən biri də Telman Hüseyn oğlu Vəkilovdur.
Telman Vəkilov bir müddət Azərbaycan Qaz Komitəsinə
rəhbərlik etmişdi. Onun savadlı və təmiz bir
insan kimi tanıyan Heydər Əliyev SSRİ qaz sənayesi
nazirinin müavini vəzifəsinə təyin olunması
üçün namizədliyini verir. Mərhum Telman Vəkilovla bu barədə
söhbət edərkən o çox eyni anları
yaşayırmış kimi ehtiyatla danışırdı. T.Vəkilov
bildirdi ki, Heydər Əliyev mənə dedi ki sənin namizədliyini
vermişəm, amma unutma ki, ruslar bizim vəzifəyə təyin
olunmağımızda maraqlı deyillər, ona görə də
sən onlardan beş dəfə güclü olmalısan ki səni
seçsinlər. Mən sənə güvənirəm. Belə
də oldu, Heydər Əliyevin dəstəyi ilə daha bir azərbaycanlı
SSRİ səviyyəsində yüksək vəzifəyə
təyin olundu və işin öhdəsindən layiqincə gəldi.
Telman Vəkilov bir neçə il SSRİ qaz sənayesi
nazirinin müavini vəzifəsini ləyaqətlə həyata
keçirdi.
Heydər
Əliyevin general Kərim Kərimovla münasibətləri isə
çox maraqlı məqamlar, yaddaqalan tarixi hadisələrlə
zəngindir. SSRİ səviyyəsində yüksək post
tutan Kərim Kərimovla Heydər Əliyevin münasibətləri
çox yaxın olub, onlar uzun müddət dostluq münasibətləri
saxlayıblar. Kərim Kərimovun yaxın qohumu, ehtiyatda olan
xüsusi xidmət polkovniki Oktay Əhmədov maraqlı xatirələrə
işıq salır. Kərim Kərimov Moskvadan xüsusi olaraq
Bakıya gələrək buradan Naxçıvana, Heydər
Əliyevin görüşünə getmək istəyir.
Lakin o vaxtkı respublika rəhbəri
Ayaz Mütəllibov generala bildirir ki, mən sizə helikopter
verə bilmərəm, çünki Naxçıvana
uçmaq təhlükəlidir.
Çünki Ermənistanın üstündən
uçamalı olcaqsınız. Kərim Kərimov bu təhlükəni
gözə alaraq Heydər Əliyevin görüşünə
gedir. Görüşdən sonra Bakıya qayıtmaq istəyən
generala Heydər Əliyev
bildirir ki, sən İçərişəhərdə
böyümüsən, bilirəm ki, düşbərəni
çox sevirsən, sənə xüsusi olaraq düşbərə
bişitdirmişəm. Bunu yeyib gedərsiniz. Sonra Heydər
Əliyevin Prezidentliyi dövründə Kərim Kərimovla
Bakıda yenidən görüşürlər. Oktay Əhmədov bildiri ki, 2 saat nəzərdə
tutulan görüş 4 saat çəkdi. Həmçinin
Heydər Əliyev Kərim Kərimova “Şərəf” ordeni
verilməsi ilə bağlı Sərəncam imzalasa da Kərim
Kərimov Bakıda olmaması səbəbindən ordeni şəxsən
təqdim edə bilmir. Həmin dövrdə orden alan şəxslər
Kərim Kərimovun Bakıya gəlib ordenini almasını
gözləmək məcburiyyətində qalırlar.
Heydər Əliyev Kərim Kərimova
“Şərəf” ordenini şəxsən təqdim edir və
təqdimat mərasimində söyləyir: “Sənin Azərbaycan
xalqı qarşısında xidmətlərin
böyükdür. Sən Azərbaycan xalqınn bütün
dünyaya öz işlərinlə tanıtmısan. Səni
Azərbaycanda çox qiymətləndiririk. Sənə bu qədər
orden-medallar böyük elmi və digər fəaliyyətinin
nəticəsində verilib!”.
Ulu
Öndərin Azərbaycan xaqlının qiymətli irsinə
münasibəti Onun uğurlu siyasi varisi cənab İlham
Əliyevin dönəmində davam etdi. 30 yanvar 2017-ci il tarixdə
Prezident Kərim Kərimovun 100
illik yubileyinin keçirilməsi haqqında Sərəncam
imzaladı. Sərəncamda deyilirdi: “2017-ci ilin noyabr ayında
kosmik proqramların gerçəkləşdirilməsinin fəal
iştirakçısı, görkəmli alim və hərbi
xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət
Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı,
Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan
Milli Elmlər Akademiyasının fəxri üzvü,
general-leytenant Kərim Abbasəli oğlu Kərimovun anadan
olmasının 100 illiyi tamam olur.
Kərim
Kərimov kosmik aparatların və raket texnikasının yaradılması,
kosmosa uçuşların intensivləşməsi və
kosmonavtikanın inkişaf etdirilməsi sahəsində
müstəsna xidmətlər göstərmişdir. Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, kosmik fəzanın tədqiqi işinə
mühüm töhfələr vermiş Kərim Kərimovun
100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının
Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə
birlikdə Kərim Kərimovun 100 illik yubileyinə həsr
edilmiş tədbirlər planını hazırlayıb həyata
keçirsin”.
Kadrlara münasibətdə
xüsusilə bir nəfərin adını çəkmək
istəyirəm . Vaxtıilə BDU-nin rektoru olmuş professor Mirabbas Qasımov.
Tələbəlik
illərimdə gəncləri Heydər Əliyevin ətrafında
birləşdirərək mübarizə apardığım
üçün məni universitetdən qovmağa bir neçə
dəfə cəhd etmişdi Mirabbas Qasımov. M.Qasımovun
Ayaz Mütəllibova regional mənsubiyyət nöqteyi-nəzərdən
bağlılığı və Heydər Əliyevə
patoloji mənfi münasibəti heç kimə sirr deyildi. Hətta
mənim universitetdən qovulma məsələmdə qiymətlərimin
hamısının 4-5 olmasını əsas gətirən mərhum
alim Arif Babayev bildirmişdi ki, bütün qiymətləri
yaxşı və əladır biz bunu necə qova bilərik.
Bu halda mənə bildirdilər ki, sən universitetin 100-cü
otağını yandırmısan. M.Qasımov nə
olursa-olsun heç kim Heydər Əliyevi müdafiə etməsin
prinsipini özü üçün əsas
götürmüşdü. Biz
gənclər isə Heydər Əliyevin müstəqillik
çağırışlarını özümüz
üçün mübarizə kredosu seçərək belə
çətinliklərdən çəkinmirdik. Ayaz Mütəllibovun
hakimiyyəti dönəmində deputat olan professor Mirabbas
Qasımov Ali Sovetdəki çıxışında heç
bir ədəb-ərkan qaydalarına sığmayan belə bir
çıxış edir:
“Əziz həmvətənlər, bu gün Azərbaycan
tarixində böyük bir hadisə baş verir, gəlin biz
xırda hisslərə qapılmayıb bu hadisəyə qiymət
verək. Burada sözlər gedir ki, bu xalqın iradəsidirmi? Bəli,
biz deputatlar burada xalqın iradəsini ifadə etməkdən
ötrü toplanmışıq və xalq bizə bu
etimadı göstərib, bura seçib. İkincisi referenduma
gedəndə biz suveren respublikaların və suveren dövlətlərin
ittifaqı haqqında sözə “hə” “yox” demişdik,
suverenlik elə fransız dilində müstəqlllik deməkdir.
Yoldaş Əliyev, siz danışanda mən
danışmadım və xahiş edirəm qulaq asın, mən
bilirəm ki, mənim savadım sizinkindən çoxdur. Bunu
ixtiyarı yerdə sübut eləyə bilərəm. Ona
görə də mən üzümü deputatlara çevirərək
deyirəm, gəlin xırda hisslərdən əl çəkək,
bu gün biz müstəqlliyə addım atırıq. Bu
addımın arxasında böyük hadisələr durur,
böyük işlər durur. O, işlərin
hamısını biz bir gündə görmək istəyirik.
Bir gündə o işləri görə bilmərik, bundan
ötrü komissiyalar düzəlməlidir,
bundan ötrü müxtəlif işlər
aparılmalıdır, bundan
ötrü gələcək ordunun yaradılması
haqqında addımlar atılmalıdır və. sair və
ilaxır. O, ki, qaldı İttifaq Müqaviləsinin belə bir söz deyək,
dünyada dostsuz insan yoxdur və dostsuz da heç bir dövlət
ol bilməz. Hər dövlətə bir dost lazımdır.
İndi iqtisadi əlaqələrimiz
olan yaxşı əlaqələr yaradılmış
respublikaların arasından çıxsaq heç bir iqtisadi əlaqəmiz
olmadan biz tam məhv ola bilərik.
Ona görə də gəlin eyforiyaya qapılmayaq”.
Göründüyü
kimi, Mirabbas Qasımov müstəqlliyin əleyhinə gedərək
Rusiya ilə dostluğu önə çəkir. Lakin Heydər
Əliyevin bütün çıxışları məhz
müstəqilliyə çağrış idi. Heydər Əliyev hakimiyyətdə
qayıtdıqdan sonra M. Qasımovun qərəzli münasibətinə
müdrik bir cavab verdi. Bununla əlaqədar bir xatirəmi
bölüşmək istərdim. Bir dəfə BDU-nin rektoru mərhum Murtuz Ələsgərov
bu məsələ ilə bağlı heyrətini gizlədə
bilmədi. O qeyd etdi ki, kafedra müdiri işləyən
Mirabbas Qasımovun kafedradan uzaqlaşdırılmaq istədiyimi
Dahi Liderə söyləyəndə, O buna qarşı
çıxaraq dedi ki, işin olmasın qoy işləsin. Mənə
deyiblər ki, riyaziyyatın bir sahəsi olan “ Spektr analiz” üzrə mütəxəssisdir.
Düzdür, siyasətdə naşı olsa da qoy öz sahəsində
Azərbaycana xidmət etsin.
Heydər
Əliyevin “Qarabağ indiki kimi bizim olmayıb. Gəl mindirim səni
vertolyota aparım gəzdirim” deyən Bayram Bayramova cavabı
“Deyirsən ki, Qarabağ indiki kimi bizim olmayıb. Qabilin
yazısını özün çap eləmisən ki... “Yar
bizim, dad özgənin” olsada onun keçmiş xidmətlərinə
görə hakimiyyətə qayıtdıqdan sonra Ümummilli
Lider Heydər Əliyev yenə
həmin müdrikliyi göstərdi. Bayram Bayramov 1994-cü il
noyabrın 9-da uzun sürən xəstəlikdən sonra
Bakı səhərində vəfat etmiş, Ümummilli
Liderin göstərişi ilə Fəxri xiyabanda qələm
dostlarının sırasında dəfn olunmuşdur.
Belə
hadisələrlə dolu çox misal çəkmək olar.
Bu tarixi faktlar da göstərir ki, xalqımızın yetirdiyi
nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı
bütün həyatı boyu hər zaman xalqını, Vətənini
düşünmüşdür. Onun ürəyi Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsi, doğma
xalqının xoşbəxtliyi üçün
çırpınmışdır. Azərbaycanı
inkişaf etdirmək, şöhrətləndirmək,
xalqın tükənməz potensialını üzə
çıxarmaq Heydər Əliyevin ən böyük
amalı olmuşdur. Məhz belə amallar, bu düşüncələr dövlətə və xalqa xidmət
baxımından real siyasətlə
məşğul olan hər bir kəs üçün tarixi
örnəkdir.
Bu gün
iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev
siyasəti, qurucusu olduğu milli dövlətçilik
strategiyası Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu siyasətin davam etdirilməsi Azərbaycan dövlətinin və
xalqının tərəqqisi üçün ən
böyük təminatdır.
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədri
İki sahil.- 2023.- 3 may.- S.4.