ADA Universitetinin fəaliyyəti:
xalqa xidmət etmək kontekstində
Azərbaycanın təhsil sistemində
xüsusi yer tutan ADA Universiteti yarandığı gündən
sadəcə vəzifəsini yerinə yetirmək deyil, həmçinin
xalqa xidmət etmək məramı ilə fəaliyyət
göstərir. 2006-cı ildə Xarici İşlər
Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası
kimi təsis edilmiş, səkkiz il sonra universitet statusu
almış ADA bu gün ölkəmizin nəinki təhsil
mühitində, həmçinin ictimai-siyasi həyatında
mühüm yer tutur. Bütün bunlarda universitetin rektoru səfir
Hafiz Paşayevin mühüm xidmətləri var.
“İki sahil” ADA Universitetinin
uğurlu fəaliyyətini təmin edən amilləri nəzərdən
keçirir.
“ADA Universiteti insan və vətəndaş
yetişdirir”
Hafiz müəllimin mənsub
olduğu soy-kökün
nümayəndələri Azərbaycan
ictimai-ədəbi fikir
tarixində, elm və
təhsil sahəsində
böyük xidmətlər
göstərmiş şəxsiyyətləri
ilə tanınıb. Hafiz müəllim də böyük Mir Cəlal ocağının parlaq ənənələrini layiqincə
yaşatmaqdadır. Bu ənənələrin qayəsində
xalqa xidmət etmək missiyası dayanır. 2006-cı ildə Azərbaycan Diplomatik Akademiyasının
yaradılması da xalqa xidmət etmək, Azərbaycanı
beynəlxalq məkanda
təmsil edəcək
peşəkar kadrlar yetişdirmək məramından
qaynaqlanırdı. Bu təhsil ocağının
yarandığı gündən
bəri fəaliyyətini
zaman-zaman genişləndirməsi,
beynəlxalq təhsil
standartlarını əhatə
etməsi, dövrün
tələblərinə cavab
verən ixtisasları
diqqətdə saxlaması
ona Universitet statusunun verilməsi ilə nəticələndi.
Görkəmli alim və ziyalı
Hafiz Paşayev qurub-yaratdığı
və rəhbərlik
etdiyi ADA Universitetində
hesabatlılıq və
şəffaflıq mühiti
formalaşdırıb. Burada hər
bir işçi istedadı və bacarığına görə
seçilir, öz peşəkarlığını ən yüksək səviyyədə həyata
keçirmək üçün
ruhlandırılır. İnsanlara inanaraq onlara etibar etmək, cəsarətlə irəliləməyə
təşviq edərkən
onların yollarında
olan maneələri və çətinlikləri
aradan qaldırmaq - bütün bunlar Hafiz müəllimin xarakterini əks etdirən liderlik xüsusiyyətlərindəndir.
O, tabeliyində olan şəxslərin layihələrini
uğur hekayələrinə
çevirmələrinə yardımını əsirgəmir.
Rektor Paşayev
təvazökar və
sadə insandır. Tələbə və işçilərlə
birgə nahar edir, onlarla danışmağı,
uğurlarını və
qayğılarını dinləməyi
xoşlayır. Hafiz müəllim
deyir ki, biz, ölkəmizin gələcəyinin
bu günün sinif otağında qurulduğunu dərk edirik: “Buna görə də tələbələrlə
işlərimizdə addımlarımızı
məhz Azərbaycanın
gələcəyini düşünərək
atırıq. Yüzlərlə
gəncin qarşısına
çıxan müəllim
tək sahəsi üzrə biliyi deyil, həm də şərəf və ləyaqəti, ali tutduğu dəyərləri, sadiq qaldığı prinsipləri,
davranış tərzi,
tələbələrə yanaşması və qayğıkeşliyi, Vətənə
xidmət ehtirası və maarifçiliyi, elm və tətbiqdə yenilikçi ruhuna görə nümunə olmalıdır. ADA müəlliminin vəzifəsi
tək sinif otağında dərs saatları ilə bitmir. O, bu vəzifəni yaşayır.
Çünki ADA müəllimi tək mütəxəssis
yetişdirmir. O, ən
başlıcası, insan
və vətəndaş
yetişdirir”.
Universitetdə “Açıq qapı” siyasəti problemlərin vaxtında həllinə, rəylərin məqamında
alınmasına dəyərli
töhfə verir. Hafiz müəllim səbirlidir,
müsahiblərini anlayışla
dinləyir.
Rektor Paşayev
həqiqi bir alim kimi tədqiqat
və təlimin əsl dəyərini yaxşı bilir. Universitetin
prorektoru Fariz İsmayılzadə bu barədə deyir: “Bizim Universitetdə prioritetlərdən biri peşəkarlığın inkişafının
təşviqinə vəsait
ayrılmasıdır. Məsələn, ADA müəllim heyətinin imkanlarının artırılması
naminə həm fərdi tədqiqatlar, həm də beynəlxalq potensial inkişaf proqramları və təlimlər həyata keçirilir.
Tədqiqat işlərinə əksər hallarda özü rəhbərlik
edir”.
Rektor Paşayev
hər zaman innovasiya, yeni fikirlər, dəyişiklik
və inkişaf axtarışındadır. Daim qurmaq
və yaratmaq istəyir. Onun yeni proqramlar,
şöbələr, tədqiqat
mərkəzləri və
hətta ADA nəzdindəki
orta məktəbə
dair uzaqgörənliyi
Universitetin strategiyasını
gözəl müəyyənləşdirir.
Ən çətin vəziyyətlərdə
belə ümidini itirmir, həmişə məğrur və qətiyyətlidir.
Hafiz müəllimin simasında
alim, pedaqoq, diplomat və rəhbər şəxs kimi xüsusiyyətlər bir insan kimi sadəliyi,
səmimiyyəti, təvazökarlığı,
yüksək mədəniyyəti
və əsl ziyalılığı ilə
üzvi şəkildə
birləşib. Yüksək təşkilatçılıq
qabiliyyəti, novatorluğu,
yeniliklərə və
təşəbbüslərə açıq olması ona həmişə hörmət, ehtiram və nüfuz qazandırıb.
Dünyanın aparıcı beyin
mərkəzlərinin
nümayəndələrini bir araya gətirən platform
ADA Universiteti 2021-ci il
aprelin 10-13-də “Cənubi
Qafqaza yeni baxış: münaqişədən
sonra inkişaf və əməkdaşlıq”,
2022-ci il aprelin 29-da “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq”, noyabrın
25-də “Orta Dəhliz
boyunca: geosiyasət, təhlükəsizlik və
iqtisadiyyat” mövzusunda
beynəlxalq konfranslara
ev sahibliyi edib. Bu tədbirlərin
hamısında Prezident
İlham Əliyev çıxış edib,
çoxsaylı sualları
cavablandırıb. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin,
analitiklərin, beynəlxalq
ekspertlərin iştirak
etdikləri bu konfranslar regionda baş verən hadisələrin müzakirəsi
üçün önəmli
platforma olmaqla, postmüharibə dövründə
sülh quruculuğu və yenidənqurma işlərinə xüsusi
diqqət yetirib.
İtaliya-Azərbaycan Universiteti - iki ölkə
arasında münasibətlərin yeni səhifəsi
İtaliya-Azərbaycan Universitetinin yaradılması
barədə razılıq
Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri
zamanı əldə olunub. 2022-ci il aprelin 2-də ADA Universitetinin
kampusunda İtaliya-Azərbaycan
Universitetinin təməli
qoyulub. ADA-nın bazasında fəaliyyət
göstərəcək İtaliya-Azərbaycan
Universitetinin təsis edilməsinə İtaliyanın
beş aparıcı ali təhsil ocağı - Luiss Universiteti, Alma Mater Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. ADA Universiteti
ilə həmin universitetlər arasında
anlaşma memorandumu imzalanıb.
Ötən il İtaliyaya işgüzar səfər edən Prezident İlham Əliyev sentyabrın 1-də
Romada İtaliya-Azərbaycan
Universitetinin yaradılması
ilə əlaqədar
imzalanmış sənədlərin
mübadiləsi mərasimində
çıxışı zamanı
İtaliya-Azərbaycan əlaqələrində
yeni səhifə açıldığını, təhsil sahəsində yeni genişmiqyaslı əməkdaşlığa başlanıldığını
söyləyib. Dövlətimizin başçısı vurğulayıb
ki, İtaliyanın aparıcı universitetləri
ilə ADA Universitetinin
əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək.
Prezident həmin çıxışında bir
mühüm məsələyə
də diqqət çəkib: “Heç kimə sirr deyil ki, hər
bir ölkənin inkişafını təbii
resurslar yox, bilik, savad, texnoloji
tərəqqi müəyyən
edir. Biz Azərbaycanda
təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik
və bugünkü tədbir bunun əyani sübutudur.
Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan
dostluğu mərkəzi
olacaq”.
“Bir müəllimin manifesti”:
Qazaxdan Vaşinqtonadək
Prezident
İlham Əliyevin “Qazax Müəllimlər Seminariyasının 100 illik
yubileyinin qeyd edilməsi haqqında”
2018-ci il 3 noyabr tarixli Sərəncamı ölkəmizdə
təhsil ənənələrinə
dövlət səviyyəsində
diqqətin bariz nümunələrindən biridir.
ADA Universitetinin 2021-ci ildə
Seminariyanın tarixi binasının bərpası,
eləcə də “Bir müəllimin manifesti” təhsil proqramına başlaması,
bu proqramın Qazaxda, ADA Universitetində
və Universitetin
ABŞ-dakı Mərkəzinin
yerləşdiyi Vaşinqtonda
reallaşdırılması təhsil tariximizin qürurverici səhifələridir.
Universitetin akademik işlər üzrə prorektoru Vəfa Kazdal deyir ki,
2021-ci il oktyabrın
1-dən fəaliyyətinə start verilən “Bir müəllimin manifesti” adlı təhsil proqramı, əslində,
rektor Hafiz Paşayevin
təşəbbüsü ilə yenidən bərpa olunan, təhsil tariximizin başlanğıc nöqtəsi
sayılan Qazax Müəllimlər Seminariyasının
100 ildən sonra tərtib edilən ilk proqramıdır. Bu təşəbbüs yalnız
Qazax Müəllimlər
Seminariyasının bərpası
deyil, həmçinin
milli tariximizin və irsimizin bərpası yolunda atılan addımların davamıdır.
ADA Universitetinin təşəbbüsü
ilə “Azərbaycan” qəzeti və “Vətən dili” dərsliyinin, eləcə
də “Azərbaycan” yazıları” seriyasından
“Ömər Faiq Nemanzadə” kitabının
latın qrafikasında
nəşr edilərək
ictimaiyyətə təqdim
edilməsi ölkəmizin
ictimai-siyasi və təhsil həyatında tarixən mövcud olmuş ən gözəl xüsusiyyətlərin
yeni nəsillərə
çatdırılması baxımından ADA-nın
həyata keçirdiyi
dəyərli layihələrdəndir.
İki sahil.- 2023.- 3
may.- S.3.