Heydər Əliyev və Azərbaycanda
məhkəmə hakimiyyəti
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı
ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi
elan etməsi ölkəmizin çoxəsrlik tarixinin bu
qeyri-adi təqvim ilini də əbədiləşdirmişdir.
"Heydər Əliyev İli"nin əsas prioritetlərini tam
şəkildə əhatə edən sözügedən Sərəncam
ölkə siyasətində və məhkəmə hakimiyyətində
qarşıdakı dövrdə həyata keçirilməsi zəruri
olan tədbirlərin əsl mahiyyətini real şəkildə əks etdirir.
Görkəmli dövlət xadiminin
keşməkeşli və mənalı həyatı,
çoxcəhətli dövlətçilik istedadı,
dönməz mübarizəsi və idealları ilə əlaqədar
məsələlərə yenidən və daha
əsaslı şəkildə baxılması zərurətini
meydana qoyur.
Azərbaycanın müasir tarixini Ümummilli Lider Heydər Əliyevin fəaliyyətindən kənar təsəvvür etməyin mümkünsüzlüyü ictimai fikirdə birmənalı şəkildə qəbul edilən real həyat həqiqətidir. Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruri idi. Lakin 90-cı illərin əvvəllərində ölkədəki mövcud vəziyyət qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə başlanılması ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasını zəruri edirdi. Məhz belə ağır vəziyyətdə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda ictimai-siyasi sabitliyi tam təmin etməyə nail oldu. Davamlı ictimai-siyasi sabitliyə nail olunması isə vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik və hüquqi dövlət quruculuğuna imkan yaratdı. Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması isə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin nəticəsidir.
Təsadüfi deyil ki, 1993-cü ildə Ulu Öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir". Bütün işlərində ardıcıl olan və qarşıya qoyduğu məqsədlərə nail olan Ulu Öndər 1997-ci ildə deyəcək: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir".
Yeni müstəqilliyini qazanmış, hüquqi dövlət ideyasının hərtərəfli tətbiqini qarşısına vəzifə qoymuş Ulu Öndərin əsas məqsədi məhkəmə-hüquq sistemində islahatların aparılması və yeni qanunvericilik aktlarının tətbiqinə münbit şərait yaradılmasından ibarət idi.
Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olmuşdur. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi Ulu Öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.
Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ki, ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Məhz buna görə də Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş Ümummilli Liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir.
Ümummilli Liderin ölkədə hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində atdığı ilk addımlardan biri məhz 9 avqust 1994-cü il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" Fərmanı olmuşdur. Həmin Fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir. O dövr üçün səciyyəvi olan bir sıra neqativ hallar fərmanda geniş əksini tapmış, onların aradan qaldırılması üçün daxili işlər, milli təhlükəsizlik və prokurorluq orqanlarının qarşısına mühüm vəzifələr qoyulmuş, habelə cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi məqsədilə yeni strukturların yaradılması vacibliyi önə çəkilmişdir.
Böyük Öndərin 1998-ci il 1 dekabr tarixdə imzaladığı "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsi barədə Fərmanı respublikamızda yeni məhkəmə sisteminin formalaşmasına mühüm töhfə olmuşdur. Qanun ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərinin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından olduqca mühüm əhəmiyyət daşımışdır. Məhkəmə fəaliyyətinin hüquqi əsaslarını və ədalət mühakiməsinin daha səmərəli təşkili qaydalarını özündə ehtiva edən qanunda hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər də əksini tapmışdır. "Məhkəmələr və hakimlər haqqında" Qanunun qəbulu məhkəmə orqanlarının sovet dövründən miras qalmış köhnə funksiyalardan azad olmasına, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, bir sözlə, ədalət məhkəmələrinin cəmiyyətdəki nüfuzunun möhkəmləndirilməsinə xidmət etmişdir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. 1995-ci ildə Konstitusiyamızın qəbulu ilə ölkəmizdə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolunun bütün atributlarını, o cümlədən hüquqi dövlətin prinsip və vəzifələrinə uyğun olaraq qanunverici və icra hakimiyyəti ilə eyni statusu əldə etdi.
BMT-nin 1985-ci il 29 noyabr tarixli qətnaməsi ilə bəyənilmiş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsipləri”ndə və başqa beynəlxalq sənədlərdə təsbit olunmuş normaları hüquqi baxımdan özündə əks etdirən, Konstitusiyanın qəbulundan qısa müddət sonra məhkəmə-hüquq islahatlarına başlanılmış, 1997-ci ildə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Qanunda hakim vəzifəsinə seçkilərin test üsulu ilə, şəffaf və obyektiv prosedur əsasında aparılması zəruri tələb kimi qarşıya qoyulmuş, bu fakt məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi baxımından ciddi siyasi iradə nümayişi olmuşdur.
“Məhkəmələr və hakimlər haqqında” Qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə Ulu Öndərin imzaladığı 1 dekabr 1998-ci il tarixli Fərmanla ədalət mühakiməsini həyata keçirən müstəqil məhkəmə sisteminin yaradılmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış və hakimiyyətin hər üç qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni müstəqil qurum kimi Şura hakimlərin obyektiv və ədalətli əsaslarla seçilməsi üçün tədbirlər görmüş, 2000-ci ildə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq hakim vəzifəsinə seçkilərin test üsulu ilə keçirilməsi isə məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi baxımından müsbət təcrübənin formalaşmasına yaxşı imkanlar açmışdır.
Məhkəmə-Hüquq Şurasının yaradıldığı ilk günlərdən həmin qurumun Katibliyində əmək fəaliyyətimə başladığım üçün, 2000-ci il tarixə qədərki məhkəmə hüquq sistemi, 2000-ci il islahatlarından sonrakı sistem və davamlı inkişaf, həmin dövrdən hazırkı vaxta qədər məhkəmə-hüquq islahatlarının keçdiyi bu yolun canlı şahidi kimi deyə bilərəm ki, məhkəmə-hüquq islahatları məhz Ulu Öndərin rəhbərliyi ilə uğurla davam etdirildi və aparılmış islahat nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, 3 instansiyadan ibarət müstəqil məhkəmə sistemi yaradıldı.
Bu sistem onu ehtiva edirdi ki, o, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququna təminat verir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan verir. Bu isə öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə zəmin yaradır.
Ulu Öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini yeni dövrün tələblərinə uyğun davam etdirən dövlət başçısı cənab İlham Əliyev fəaliyyətə başladığı ilk dövrlərdən məhkəmə-hüquq islahatlarına intensiv yanaşma göstərir və yeni konsepsiyalar yaradır.
Bununla da məhkəmə hüquq islahatları daim inkişafda olmuş, bu sahədə fəaliyyəti həyata keçirən qurumlar daha da təkmilləşmişdir, dövlət başçısı cənab İlham Əliyevin 28 dekabr 2004-cü il tarixdə imzaladığı “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunla yeni qurum yaradılmış, "Məhkəmə-Hüquq Şurası haqqında" və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yeni qurum kimi Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Komitə vakant hakim vəzifələrini tutmaq istəyən hakim olmayan şəxslərin sənədlərini qəbul edərək, bu sahədə fəaliyyəti həyata keçirərək, bununla da hakimlərin seçilməsi prosesinin yeni dövrü başlamışdır, bu proses uğurla davam etməkdədir.
Humanizm prinsiplərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti 2017-ci il fevral ayının 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalamışdır.
Sərəncamda cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki əsas istiqamət müəyyən edilib. İlk növbədə cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cinayət təqibi və cəzaların icrası zamanı qeyri-prosessual münasibətlərə yol verilməməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlərin görülməsi nəzərdə tutulub. İstintaq orqanları və məhkəmələr tərəfindən həbsin tətbiqi əsaslarına dair qanunun tələblərinə ciddi əməl edilməsi, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən, alternativ cəza və prosessual məcburiyyət tədbirləri tətbiq etmək yolu ilə nail olunması, ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, bu cəzanın və digər azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi kimi vəzifələr müəyyən olunub. Bununla əlaqədar olaraq məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərini rəhbər tutaraq cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri tövsiyə olunmuş, prokurorluq orqanlarının üzərinə isə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün araşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatların müstəsna hallarda və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda verilməsi vəzifəsi qoyulub.
Dövlət başçısının imzaladığı bu Sərəncamda da hər zaman olduğu kimi, şəxslərin azadlıq hüququ ön plana çəkilir, həbs edilən və azadlıqdan məhrum edilən şəxslərin sayının artması ilə bağlı narahatlıq duyulur. Bununla əlaqədar Sərəncamda qanunvericiliyə bir sıra, o cümlədən iqtisadi sahədə törədilən cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sansksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması ilə bağlı, habelə, mövcud alternativ cəzaların, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi nəzərdə tutulmuş, müvafiq qurumlar qarşısında tapşırıqlar qoyulmuşdu. Artıq ölkə başçısı İlham Əliyev tərəfindən 2017-ci il 20 oktyabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun təsdiq edilmişdir.
Prezident İlham Əliyevin imzaladığı 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanda məhkəmə hakimiyyətinin, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinin, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik olan ədalət mühakiməsinin formalaşdırılmasının bütün inkişaf istiqamətləri konkret müəyyən olaraq edilib.
Həmin Fərmanın 1-ci bəndində Prezident İlham Əliyev ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edib ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.
Dövlət başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamı "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinə geniş yol açmış, bu istiqamətdə ötən dövrdə xarici mütəxəssislərin iştirakı ilə xeyli işlər görülmüşdür. Hazırda sistem Naxçıvan Muxtar Respublikasını da əhatə etməklə ölkə məhkəmələrinin və icra qurumlarının əksəriyyətində tətbiq olunur.
Göründüyü kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində islahatlar uğurla davam etdirilir ki, bu islahatlar nəticəsində Azərbaycanda məhkəmələrin fəaliyyəti daha da müasirləşəcək, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksələcək, ədalət mühakiməsinin daha çevik, işlək mexanizmlər əsasında həyata keçirilməsi mümkün olacaqdır.
Hüseyn Səfərov,
Bakı Şəhəri
Yasamal
Rayon Məhkəməsinin hakimi
İki sahil.- 2023.- 3 may.- S.6.