Namərd gülləsinin qurbanı olan ömürlər…
ADNSU-da 30 aprel terroru qurbanlarının
xatirəsi yad edilib
Aprelin 30-da Azərbaycan
Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel
terroru qurbanlarının
xatirəsinə həsr
olunan anım tədbiri keçirilib.
Universitetin professor-müəllim heyəti və faciə qurbanlarının yaxınlarının
iştirak etdikləri
anım mərasimi 30 aprel terror qurbanlarının
xatirəsinə qoyulmuş
barelyefin önündə
keçirilib. Abidənin önünə
ADNSU kollektivi adından əklil qoyulub, gül dəstələri
düzülüb.
Terror qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı
faciə qurbanlarının ailələrinə
və yaxınlarına başsağlığı verərək
14 il əvvəl törədilmiş terror hadisəsindən
danışıb və bu qətliam nəticəsində
ADNSU-nun çox dəyərli müəllim və tələbələrinin
həyatına son qoyulduğunu deyib.
Faciə
qurbanlarının xatirəsinin
universitetdə daim əziz tutulduğunu
qeyd edən rektor, professor Mustafa
Babanlının sözlərinə görə, faciə
qurbanlarının xatirəsinin əbədiləşdirilməsi
üçün bir sıra tədbirlər həyata
keçirilib. Universitetin terror aktının
törədildiyi ikinci tədris korpusunun foyesində faciə
qurbanlarının xatirəsinə həsr olunmuş barelyef
açılıb. Hadisədən bəhs
edən və universitetin istehsalı olan “Bir sal yadına” sənədli
filmi yaradılıb. Eyni zamanda, ADNSU-da hər il terror aktının ildönümü
müxtəlif tədbirlərlə qeyd olunur.
M.Babanlı Azərbaycanın tarixi
Zəfərində vətənpərvər
gəncliyin rolundan da bəhs edərək qanları,
canları ilə tarix yazan şəhidlərimizin ruhu
qarşısında baş əyib, qazilərimizə şəfa
diləyib. O, universitetdə Vətən müharibəsində
şəhidlik zirvəsinə ucalan 23 məzunun həyat yolunu özündə əks
etdirən sərgi açıldığını diqqətə
çatdırıb.
Rektor əlavə edib ki, 30 aprel terroru qurbanlarının
da Azərbaycanımızın bugünü üçün
böyük arzuları, istəkləri, özlərinin gələcək
planları vardı. Namərd gülləsinə qurban getməsəydilər
bu gün onlar da həmkarları kimi, ölkə
iqtisadiyyatının inkişafında əsl vətəndaş
kimi fədakarlıq göstərəcək, Vətənə
layiq olduqlarını xidmətləri ilə bildirəcəkdilər.
ADNSU-nun foyesində 30 aprel
terroru qurbanlarının xatirəsinə həsr olunmuş
barelyef gündəlik olaraq onun önündən keçən
minlərlə tələbəyə 14 il əvvəl bu təhsil
ocağında
yazılmış qəhrəmanlıq salnaməsini xatırladır,
onlara yaxşı təhsil alaraq,
elmin sirlərinə dərindən yiyələnərək
qalib Azərbaycanın gələcək inkişafına
böyük töhfələr verməyə
çağırışlar edir.
M.Babanlı bildirib ki,
dünyanın hər hansı bir ölkəsində həyata
keçirilən terror bütün bəşəriyyətə,
insanlığa qarşı törədilən faciədir.
Ona görə də dünya birliyi terrorizmə
qarşı qətiyyətlə mübarizə
aparmalıdır. Sağlam
düşüncə naminə bu gün geniş təbliğat,
maarifləndirmə tədbirləri həyata keçirilməlidir.
Anım tədbirində 30 aprel
hadisəsindən bəhs edən videoçarx nümayiş
olunub.
Anım
tədbirində çıxış
edən 30 aprel terror qurbanlarının
valideynləri, doğmaları, hadisənin şahidləri universitet rəhbərliyinə
minnətdarlıqlarını ifadə edib, faciələrimizin
unudulmamasında, gələcək nəsillərə
çatdırılmasında belə
tədbirlərin əhəmiyyətini
vurğulayıblar.
Qeyd edək ki, Azərbaycan
Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət
Neft və Sənaye Universitetində) 2009-cu il
aprelin 30-da törədilmiş terror aktından 14 il
keçir. Qanlı
terror aktı nəticəsində 12 nəfər həlak olub,
13 nəfər ağır xəsarət alıb.
Yaqut Ağaşahqızı
İki sahil.- 2023.- 3 may.- S.7.