Qalib Azərbaycan Böyük

Qayıdış hədəfinə doğru irəliləyir

 

Dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi hal alan səfərləri də əyani şəkildə təsdiqləyir ki,  bu yurdların bərpasını, burada zəruri infrastruktur quruculuğunu öz gündəliyinin mərkəzində saxlayır

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan öz  maliyyəsi hesabına  üç ilə yaxındır ki, Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirir.  Tarixi ərazilərimizə səfərləri zamanı  dövlət başçısı İlham Əliyev yeni obyektlərin təməllərini atır, açılışlar edir.  Qurucu liderimiz mayın 2-də Ağdama, mayın 4-də isə Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına səfərləri zamanı da bu xoş ənənəni davam etdirdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdama növbəti səfərləri zamanı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində tikiləcək inzibati binanın, eləcə də şəhərdə salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin təməlini qoyub, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olublar.

Prezident İlham Əliyev mayın 4-də Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına səfəri zamanı  Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoyub. Dövlətimizin başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub, “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub. Dövlətimizin başçısı Xudafərin qəsəbəsinin təməlini qoyub, “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-ImportMMC-nin, “İmprotex Qarabağ Sənaye KompleksiMMC-nin, Şükürbəyli kəndinin təməlini qoyub, Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Horovlu kəndinin təməlini qoyub.

Qeyd edək , Ağdam, Füzuli və Laçın rayonlarında ən zəruri infrastrukturlar yaradılıb, o cümlədən yollar və körpülər salınıb, su anbarları və su elektrik stansiyaları tikilməkdədir. Tərtərçayın kanallarında təmizləmə işləri davam edir. Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün hazırlıq işləri görülür. Yaxın zamanda Qarabağ və Şərqi Zəngəzurda geniş sahələri təmiz içməli su ilə təmin edəcək Həkəri su anbarının və müvafiq su kəmərlərinin tikintisinə başlamaq planlaşdırılır.

Nazirlər Kabineti tərəfindən 2022-ci ildə “İşğaldan azad edilmiş əra­zilərin ümumi planı” təsdiq edilib, Zən­gilan, Kəlbəcər, Qubadlı şəhərlərində İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimləri keçirilib. Bun­lardan  əlavə,  görülən işlər nəticəsində Şuşa və Laçın şəhərlərindən, Laçın ra­yonunun ZabuxSus kəndlərindən, Tərtər rayonunun Talış kəndindən er­məni işğalı nəticəsində didərgin düşən 1400-dən çox ailənin bu il doğma yurd­larına qayıtması üçün şərait yaradılıb.

Xatırladaq ki, 2022-ci il noyabrın 16-da təsdiqlənən “Azərbaycan Res­publikasının işğaldan azad edilmiş əra­zilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 2026-cı ilə kimi görüləcək tədbirləri əhatə edir. Bu çərçivədə Ağ­dam, Füzuli, Şuşa, Xocavənd, Zəngi­lan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında müvafiq infrastruktur qurulur. Füzuli və Zəngilan beynəlxalq hava limanlarının istifadəyə verilməsi bunun bariz ifadəsidir. Avto­mobil və dəmir yolu infrastrukturunun qurulması, Zəngəzur dəhlizinin yaradıl­ması istiqamətində də ciddi aparılır.

Yeri gəlmişkən, Horadiz–Ağbənd dəmir yolunun, Horadiz–Cəbrayıl–Zən­gilan–Ağbənd avtomobil yolunun tikin­tisi üzrə indiyədək böyük həcmdə işlər görülüb. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib. Qara­bağ və Şərqi Zəngəzur iqtisadi rayonla­rının vahid enerji şəbəkəsinə qoşulma­sı təmin olunub. Bu işlərin nəticəsində 2026-cı ilə kimi 34 min 500 ailənin doğ­ma yurduna köçürülməsi nəzərdə tutu­lub.

Dövlət başçısı İlham Əliyev  aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində müasir tələblər səviyyəsində qurulan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edərək bildirib ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir.  Bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plana üzrə getdiyini vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla,  barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə qurmaq, yaratmaq üçün gəlmişik.  Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir.  Artıq iki yaşayış məntəqəsində - Ağalı və Talış kəndlərində keçmiş köçkünlərin hazırda yaşadıqlarına diqqəti yönəldən  Prezident İlham Əliyev bildirib ki,  bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük.

Göründüyü kimi, işğaldan azad edilən ərazilərimizdə dövlətimizin quruculuqla əlaqədar gördüyü mühüm işlərlə bağlı gətirdiyimiz bəzi nümunələrdən də aydın olur ki, Azərbaycan erməni faşiz­minin işğalı altındakı torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bər­pa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı tədbirlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıq­lı məskunlaşmasına və davamlı iqtisa­di fəallığının təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2023.- 6 may.- S.18.