Kosmik irs: Tədqiqat
və inkişaf yolu
Heydər
Əliyevin təşəbbüsü ilə 1973-cü ildə
Bakıda keçirilən Beynəlxalq Astronavtika
Konqresinə 50 il sonra
paytaxtımızın yenidən ev sahibliyi etməsi böyük
rəmzi məna daşıyır
Azərbaycan
Respublikasının Kosmik Agentliyinin
(“Azərkosmos”) gəlirlərinin 90%-i xarici
bazarlardan formalaşıb. Bu
sahədə bütün diqqət xarici bazarlara yönəlib.
2013-cü ildən indiyədək “Azərkosmos” 515 milyon manat gəlir əldə
edib. Bunun 90%-i xarici bazarlardan daxil olub. Yəni, dollar və avro ilə gəlir
əldə edilir və ölkəmizə
valyuta axınına dəstək verilir. Azərbaycanın 42 ölkədə
182 müştərisi var. Bunların əksəriyyəti
Afrika, Mərkəzi Asiya
və Şərqi Avropa ölkələrindədir.
“Azərkosmos”la ABŞ-ın “SpaceX” şirkəti (Space Exploration Technologies
Corporation) arasında əməkdaşlıq
müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, bu şirkətin “Starlink” genişzolaqlı peyk
internet xidmətinin ölkəmizdə
təkrar satışı
üzrə razılıq
əldə olunub.
“Azərkosmos” tərəfindən
ölkəmizdə artıq
uğurla sınaqdan keçirilən “Starlink” peyk internet xidmətləri
dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində,
ucqar ərazilərdəki
iş və məlumat mərkəzlərində,
bir sözlə, kifayət qədər
internet əhatəsi olmayan
məkanlardakı istifadəçilər
tərəfindən istifadə
oluna bilər. Bu şirkətlər internet xidmətlərinin tərəfdaşı
olaraq ənənəvi
və çox vaxt məhdud telekommunikasiya infrastrukturlarının
yaratdığı maneələri
aradan qaldırmaqla dənizdə və quruda qabaqcıl peyk texnologiyası xidmətlərini genişləndirəcək.
“SpaceX” şirkətinin
prezidenti və baş əməliyyat direktoru Qven Şotvel qeyd edib ki, bu
əməkdaşlıq Azərbaycan
və “SpaceX” arasında kosmik sahənin davamlı inkişafı istiqamətində
mühüm addımdır. Xanım Şotvel
Bakıda keçiriləcək
Beynəlxalq Astronavtika
Konqresini qlobal müstəvidə önəmli
bir təşəbbüs
kimi qiymətləndirib.
O, “SpaceX” şirkətinin
Bakı Konqresində iştirak edəcəyini bildirib.
Xatırlatmaq yerinə düşər
ki, Bakı Beynəlxalq Astronavtika Federasiyasının Vaşinqtonda
keçirilən Baş
Assambleyasında 2023-cü ildə
74-cü Beynəlxalq Astronavtika
Konqresinə ev
sahibliyi edəcək şəhər seçilib.
Bakı Konqresi bu il oktyabrın
2-dən 6-dək davam edəcək. Bununla əlaqədar Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə Təşkilat
Komitəsi yaradılıb.
“Amazon”un təsisçisi
Ceff Bezosun, həmçinin “SpaceX” və “Tesla” şirkətlərinin
qurucusu İlon Maskın bu mötəbər tədbirdə
iştirak üçün Bakıya
gələcəkləri gözlənilir.
1259-cu ildə inşa
edilmiş Qədim Şərqin ilk rəsədxanası
Hülaku xanın əmri ilə Azərbaycan ərazisindəki
Marağa şəhərində
tikilib. Sözügedən Marağa Rəsədxanasının
banisi böyük filosof, alim və
astronom Nəsirəddin
Tusi olub. Dahi astronom N.Tusinin adını daşıyan
Şamaxı Astrofizika
Rəsədxanası 1959-cu ildə yaradılıb və astrofizika, Günəş sisteminin cisimləri, Günəş
fizikası və Günəş-Yer əlaqələrinin
tədqiqatını aparır.
İlk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
ilə 1973-cü ildə
Bakıda uğurla keçirilən Beynəlxalq
Astronavtika Konqresinə
50 il sonra
paytaxtımızın yenidən
ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Bakı
regionumuzda bu görkəmli tədbirə
ev sahibliyi
edən yeganə şəhərdir. Dünya
miqyasında ən mötəbər tədbirlərdən
biri olan bu mötəbər Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə
kosmik sənayenin inkişafına, qlobal kosmik icma və
onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın
genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində
əvəzolunmaz imkanlar
yaradacaqdır.
Ölkəmizdə aerokosmik sənayenin
inkişafına dəstək
vermək üçün
Prezident İlham Əliyevin 17 avqust 2009-cu il tarixli Sərəncamı
ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması
və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.
Azərbaycanın milli peyk operatoru “Azərkosmos” 3 may
2010-cu il tarixində yaradılıb.
Ölkəmizin ilk peyki
“Azerspace-1” 8 fevral 2013-cü il tarixində
Fransa Qvianasında yerləşən Qviana Kosmik Mərkəzindən
uğurla orbitə buraxılıb. Bununla da ölkəmizin
kosmik sənaye üzrə fəaliyyətinə
mühüm təkan verilib. Bu tarix
yerli və beynəlxalq səviyyədə
yüksək keyfiyyətli
telekommunikasiya xidmətlərinin
tərəfimizdən təmin
edilməsi, o cümlədən
ölkəmizin beynəlxalq
kosmik sənaye üzrə layiqincə tanıdılması ilə
yanaşı, bu irsin davam etdirilməsi,
sözügedən sahə
üzrə peşəkar
mütəxəssislərin yetişdirilməsi və dəyərlərin formalaşdırılmasını
təmsil edir.
Qafqaz regionunda ilk peyk operatoru kimi fəaliyyətə başlayan,
bu yolda bir məqsədə xidmət edən vahid komandanın ərsəyə gətirilməsi,
beynəlxalq təcrübəyə
əsaslanan iş prosesinin qurulması, xidmətlərin hansı sahələr üçün
yararlı ola
biləcəyinin dərindən
araşdırılması və
ölkədə kosmik
ekosistemin qurulması üzrə digər məqamların öyrənilməsi
nəticəsində yüksək
mövqeyə çatmışıq.
Görülən bütün işlərin
nəticəsidir ki, hazırda ölkəmizi uğurla təmsil edən 200-dən çox
üzvü olan peşəkar komanda Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada 40-dan çox ölkədə
180-dən çox müştəriyə
yüksək keyfiyyətli
xidmət göstərməkdədir.
Ölkəmizin ikinci peyki olan “Azersky” (Yerin müşahidə peyki) 30 iyun 2014-cü il tarixində
Satish Dhawan Kosmik Mərkəzindən,
üçüncü peyki
“Azerspace-2” 26 sentyabr 2018-ci il
tarixində Fransa Qvianasında yerləşən
Qviana Kosmik Mərkəzindən uğurla
orbitə buraxılıb.
Dövlət başçısı
İlham Əliyevin 27
aprel 2021-ci il
tarixli Sərəncamı
ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi yaradılıb.
Cavid Əkbərov
İki sahil.- 2023.- 13 may.- S.25.