Mən həmişə fəxr etmişəm
ki...
Xalqımızın Ümummilli
Lideri Heydər Əliyev sələfindən ötən əsrin 60-cı illərinin
sonuna doğru keçmiş İttifaq miqyasında adı
sonuncular sırasında çəkilən, durğunluq, ətalət,
geriləmə burulğanında boğulan bir Azərbaycan təhvil
almışdı. Ulu Öndərin 1969-cu ilin iyulunda
respublikaya rəhbərlik etməyə başlamasından
keçən qısa müddətdə bu durumda olan Azərbaycanı
istisnasız olaraq bütün sahələrdə tənəzzüldən
intibaha daşımaqla gələcək müstəqil
dövlətin əsasını qoyması artıq heç kəsin
dana bilməyəcəyi faktdır. Bu gün kainatın kahkəşanında
parlaq ulduz kimi bərq vuran Heydər
Əliyev adlı ZİRVƏNİN ən uca nöqtəsinə
hansı prizmadan baxsaq yalnız və yalnız
inkişafın, tərəqqinin, intibahın işıq
saçan şöləsini görərik.
Ulu
Öndər Azərbaycana birinci dəfə rəhbərlik etməyə
başlayanda bir tarixçi kimi yaxşı bilirdi ki, vaxtilə
Rusiya imperiyasının tərkibinə ayrı-ayrı
xanlıqlar şəklində qatılmasından sonra ölkəmizdə vüsət
alan maarifçilik hərəkatına qədər
xalqımızı vahid məqsəd uğrunda birləşdirən
milli ideologiya yox idi. Həmin vaxtlar ara-sıra elmi ədəbiyyatda
rast gəlinən azərbaycançılıq ifadəsi əsasən vətənçilik,
vətənsevərlik mənasında işlədilirdi. Bu
ideyanın milli səfərbəredici və azərbaycanlıların
gündəlik həyatına
praktiki təsiri son dərəcə
zəif idi. Həmin dövrdə yenicə formalaşan milli
aydınlarımız tarix boyu yadellilərin “ayır, buyur”
siyasəti nəticəsində
parçalanmış vəziyyətdə olan azərbaycanlıları
vahid ideologiya ətrafında
birləşdirməyin zəruriliyini anlayır, bu istiqamətdə
təbliğat aparırdılar. Bu təbliğatın ilkin nəticələri
1918-ci ildə real həyatda öz əksini tapmağa başladı. Azərbaycan Xalq
Cümhuriyyətinin qurucuları ilk dəfə azərbaycançılıq
ideyasını dövlət siyasəti səviyyəsinə
qaldırmağa cəhd göstərdilər. Lakin AXC-nin tezliklə
süqut etməsi azərbaycançılıq
ideyasını da gündəmdən çıxararaq
mentalitetimizə yad olan kommunist ideologiyasının kölgəsinə
saldı.
Belə
bir mürəkkəb şəraitdə respublikanın idarəetmə
sükanı arxasına keçən Ümummilli Lider onu da
yaxşı dərk edirdi ki, Azərbaycanı bütün sahələrdə
düçar olduğu tənəzzüldən
çıxarıb intibaha yönəltmək
üçün ilk növbədə xalqımızı zorla
cəlb edildiyi kosmopolit “marksizm-leninizm ideologiyası”nın iti
caynağından qoparıb onun
milli yaddaşını, milli kimliyini özünə qaytarmaq
lazımdır. Bunun üçün isə hər bir azərbaycanlıya
milli ruh, milli ləyaqət hissi aşılamaq tələb
olunurdu.
“Mən həmişə fəxr
etmişəm ki...”
Yuxarıda
qeyd etdiyimiz kimi, dahi lider Heydər Əliyev respublikamıza
birinci dəfə rəhbərlik etməyə başlayarkən
Sovet təbliğat maşınının fasiləsiz
şüurumuza yeritməyə
çalışdığı qondarma “marksizm-leninizm
ideologiyası”nın Azərbaycanda özünə həqiqi tərəfdarlar tapmamasının
fərqində idi. Eyni zamanda, onun da fərqində idi ki, uzun
illər əvvəlcə çar Rusiyasının, sonralar isə
“qırmızı imperiya”nın boyunduruğu altında əzildiyinə
görə azərbaycançılıq xalqın
yaddaşında yaşasa da milli ideologiyaya çevrilə bilməmişdi.
Bu gün isə müstəqil ölkəmizdə azərbaycançılıq
vahid ümummilli ideologiya rolunu oynamaqdadır. Müasir müstəqil
Azərbaycan Respublikasında
böyükdən tutmuş kiçiyə kimi hər kəs
azərbaycançılıq məfkurəsinin
dünyadakı 50 milyondan artıq soydaşımızı
birləşdirən vahid platformaya çevrilməsini
haqlı olaraq Ümummilli Liderimiz Heydər Əliyevin adı
ilə əlaqələndirir. Amma açıq demək
lazımdır ki, günü bu gün də aralarında hətta
cəmiyyətdə böyük nüfuz sahibi olan
tanınmış ictimai-siyasi xadimlərin də yer
aldığı əksər vətəndaşlarımız
belə hesab edirlər ki, Ulu Öndər azərbaycançılığın
əsasını 1993-cü ildə xalqın təkidli tələbi
ilə respublikamızda yenidən hakimiyyətə gəldikdən
sonra qoymuşdur. Əslində bu fikrin həqiqəti tam əks
etdirmədiyini Ümummilli Liderin Azərbaycana rəhbərliyinin
birinci dövründə proseslərin şahidi olmuş
müxtəlif peşə sahələrini təmsil edən
yaşlı nəslin nümayəndələri, o cümlədən
həmkarlarım təsdiq edə bilərlər.
Mənim
özümə gəldikdə isə... Hər dəfə vaxtilə Ulu Öndərin sonsuz
qürur hissi ilə bəyan etdiyi və bu gün artıq
aforizmə çevrilmiş “Hər bir xalqın milli mənsubiyyəti
onun qürur mənbəyidir. Mən həmişə fəxr
etmişəm və bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam!” müdrik kəlamlarını dinləyəndə
45 il bundan əvvəl eşitdiyim epizodu xatırlayır, bir daha əmin oluram ki, müstəqilliyimizin
ilk illərində Ümummilli Liderimizin dahiyanə uzaqgörənliklə
işləyib hazırladığı azərbaycançılığın
konturları o dövrdə cızılmışdır...
Romanov nə üçün zəng etmişdi?..
...1978-ci ilin avqustu idi. Pambıq yığımı ərəfəsində
tərkibində Yevlaxda
çıxan “Təşəbbüs”
qəzetinin gənc müxbiri kimi mənim də olduğum rayonumuzun nümayəndə heyəti
“yarışdığımız” keçmiş Qasım İsmayılov
(indiki Goranboy) rayonunda “sosializm yarışı”nın şərtlərinin yerinə yetirilməsi vəziyyətini
yoxlamağa getmişdi. Günün sonunda yoxlamanın yekunları ilə bağlı müşavirədən
sonra “raykomun qonaq evi”ndə təşkil olunan ziyafətdə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin rəhbərliyi ilə bütün İttifaqa səs salan uğurlarımız barədə çox danışıldı. Söhbət əsnasında Qasım İsmayılov Rayon Partiya
Komitəsinin o zamankı
birinci katibi mərhum Vilayət
Seyidov Ümummilli Liderimizin keçirdiyi büro iclasında şahidi olduğu bir hadisədən söhbət açaraq dedi: “ İclasın gedişində köməkçi
arxa qapıdan zala daxil olub sakitcə yoldaş Əliyevə yaxınlaşdı və
qulağına nə isə pıçıldayıb
geri döndü. Ardınca yoldaş Əliyev üzrxahlıq edərək
tezliklə qayıdacağını
bildirib zaldan çıxdı. Təxminən
15 dəqiqədən sonra
əsəbi vəziyyətdə
zala daxil olub Rəyasət Heyətindəki yerini tutdu və özünü
ələ alıb sakit tonda dedi:
“Leninqrad Vilayət Partiya Komitəsinin birinci katibi, Sov.İKP MK Siyasi Bürosunun üzvü Qriqori
Romanov zəng etmişdi. Leninqradın bazarlarında alver
edən azərbaycanlılardan
şikayətlənirdi. Deyirdi ki, sizinkilər şəhərin bütün
bazarlarını zəbt
ediblər.
Şübhəsiz, mən Sov.
İKP MK Siyasi Bürosunun üzvləri arasında Azərbaycana qarşı neqativ münasibəti ilə seçilən Pomanovun bu ittihamları ilə razılaşmadım.
Soruşdum ki, siz niyə rəhbərlik
etdiyiniz vilayətin hakimiyyət strukturlarında,
elm və istehsalat sahələrində, hüquq-mühafizə
orqanlarında vicdanla çalışan, ali məktəblərdə
müvəffəqiyyətlə təhsil alan azərbaycanlılar haqqında
bircə kəlmə də danışmır, ancaq hansısa 5-3 nəfər alverçini gözümüzə soxmağa
çalışırsınız? Təbii ki, o, haqlı
sualıma cavab verə bilmədi. Amma gəlin, açıq danışaq. Bəli, xalqımızı
xaricdə ləyaqətlə
təmsil edən onminlərlə soydaşımız
var. Eyni zamanda, etiraf etməliyik ki, xoşagəlməz davranışları ilə
başımızı aşağı
edənlər də yox deyil. Mən istəyirəm ki, heç kim bir nəfər
azərbaycanlıya belə “alverçi”,
“dələduz” damğası
vurmağa cürət
etməsin. İstəyirəm
ki, xaricdəki hər bir soydaşımız
azərbaycanlı olmasından qürur duysun, xalqımızın
qədim olduğu qədər də zəngin milli-mənəvi dəyərlərini
davranışlarında təcəssüm
etdirsin, yüksək mədəniyyəti, mənəvi
və əxlaqi keyfiyyətləri ilə başqa xalqların nümayəndəsinə nümunə
göstərilsin.”
Zənnimcə, təkcə
bu epizod 1-2 nəfər “bazar alverçisini” əlində
dəstəvuz edərək
azərbaycanlıları aşağılamağa
çalışan, keçmiş
SSRİ-nin iyerarxiyasında
vəzifə və titulca özündən yüksəkdə dayanan birisini dəmir məntiqi ilə susduran Ulu Öndərin hələ totalitar Sovet rejimi şəraitində
xalqımızın qədim
və zəngin milli-mənəvi dəyərlərinə,
yüksək mədəni,
əxlaqi keyfiyyətlərinə
əsaslanan azərbaycançılıq
ideologiyasının əsasını
qoyduğunu sübuta yetirməyə kifayət edər.
Millətçi, yoxsa milli ideologiya?..
Yazının bu hissəsinə təsadüfən belə
bir yarımsərlövhə
seçməmişəm. Məsələ burasındadır ki, müstəqilliyimizin ilk illərində
Azərbaycanı idarə
edənlər, xüsusilə
AXC-Müsavat cütlüyü
ölkənin milli-etnik
xüsusiyyətlərini nəzərə
almadan azərbaycançılığı
başqa səmtə istiqamətləndirirdilər. Qatı millətçilik şüarı
ilə hakimiyyəti zəbt etmiş “milli demokratlar” azərbaycançılığı milli müstəsnalıq kimi dəyərləndirərək
onu ümumtürkçülük
ideyası ilə eyniləşdirməklə ölkədaxili
etnik etimadsızlıq
mühiti yaradırdılar.
Beləliklə, Ümummilli Liderin hakimiyyətə qayıdışı
ərəfəsində kommunist
ideologiyasından imtina
edilsə də, xalqı müstəqil dövlətçilik ətrafında
birləşdirən, vətəndaşları
səfərbər etmək
gücünə malik
vahid ideya-siyasi təlim yaradılmamışdı.
Xarici təhdidlərə, separatçılığa qarşı
Ulu Öndərin mükəmməl
ideoloji silahı
Gəlin
bir anlığa
1993-cü ildə xalqın
təkidli tələbi
ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevə sələflərinin
hansı Azərbaycanı miras qoyduqlarına nəzər
yetirək. Ermənistanın
təcavüzü nəticəsində
getdikcə dərinləşən
hərbi-siyasi və iqtisadi böhran, vətəndaş qarşıdurması,
xaos, anarxiya, milli-etnik zəmində ixtilaf, bölücülük
tendensiyası idarəolunmaz
həddə çatmışdı.
Bu vəziyyətdə dahi
liderin özündə
"dövlətçilik" və "vətənpərvərlik"
kimi müqəddəs
anlayışları birləşdirən
azərbaycançılığı ümummilli ideologiya olaraq seçməsi gənc müstəqil ölkəmizə
qarşı müxtəlif
istiqamətlərdən yönələn
təhdidlərin qarşısında
güclü sipər oldu. “Bizim üçün
bir tarixi amil – azərbaycançılıq
ideologiyası var” deyən Ümummilli Lider təkcə bu ideologiyanı yaratmaqla kifayətlənmədi,
onu dünya azərbaycanlılarını vahid
amal naminə birləşdirən ümummilli
platformaya çevirdi.
Məhz bu platformada son 32 ildə dünya azərbaycanlılarının
paytaxtı statusunu qazanmış Bakıda Ümummilli Liderimizin və möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü
və təşkilatçılığı
ilə 5 dəfə həmvətənlərimizi bir
araya gətirən Dünya Azərbaycanlılarının qurultayları
keçirilmişdir. Bu qurultaylarda qəbul olunan qərarlar bugünkü qüdrətli, 2020-ci ildə
Ermənistanın 30 il
davam edən işğalına son qoymaqla
xalqımıza şanlı
Zəfər sevincini yaşadan Azərbaycan dövlətinin Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə qazandığı
uğurların dünyada
təbliğinə, eyni
zamanda, xaricdəki həmvətənlərimizin
vahid milli ideologiya ətrafında təşkilatlanmasına,
diaspor quruculuğuna böyük töhfələr vermişdir.
“Müstəqil Azərbaycan dövlətinin
əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı
– Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq.” Bu gün qürur hissi ilə deyirik ki, dünyadakı
50 milyondan artıq azərbaycanlının Prezidenti
olduğunu əməli
fəaliyyəti ilə
sübut etmiş cənab İlham Əliyev Ulu Öndərin bu tövsiyəsinə layiqincə
əməl etməklə
azərbaycançılığı dövlət siyasətinin
prioritet istiqamətlərindən
birinə çevirmişdir.
Əhməd Qurbanoğlu
İki sahil.- 2023.- 17
may.- S.4.