Ayrılmadı könül candan...
Ulu Öndərimiz
qurucusu olduğu müstəqil Azərbaycanı ürəkdən
sevirdi
Ümummilli
Liderimiz Heydər Əliyevin qoyduğu polad kimi möhkəm təməlin
üstündə bərqərar olan müstəqil Azərbaycan xoşbəxt gələcəyinə
qovuşmaqdadır. Yaddan çıxarmamalıyıq ki, Ulu
Öndərimiz birinci hakimiyyəti illərində Azərbaycana
bir xilaskar kimi gələrək qıtlıq və qəhətlik
çəkən, aqrar və geridə qalmış
respublikanı inkişaf etmiş sənaye respublikasına
çevirmişdi. O illərdə belə bir çətin
missiyanın öhdəsindən yalnız fövqəladə
ağıla, yüksək təşkilatçılıq və
idarəetmə qabiliyyətinə və fərqli bacarığa malik dahi
şəxsiyyət gələ bilərdi. Belə fenomen şəxsiyyət
uca Allahın Azərbaycan xalqına bəxş etdiyi Heydər
Əliyev idi.
Ona görə də bu gün qürurla deyirik ki, dahi rəhbərimiz zəmanəmizin ən böyük azərbaycanlısı idi. Unudulmaz rəhbərimizin sevimli şairimiz Səməd Vurğunun məşhur "Azərbaycan" şeirini necə məhəbbətlə söylədiyi, hətta kövrəldiyi hamımızın xatirində hələ də canlanır...
El bilir
ki, sən mənimsən,
Yurdum,
yuvam, məskənimsən,
Anam,
doğma Vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan,
Azərbaycan!
Bəli,
ayrılmadı könül candan! Vətəninin
müdrik oğlu Heydər Əliyev Azərbaycanın hər
bir guşəsinin abadlaşması, çiçəklənməsi
və varlanması üçün əlindən gələni
əsirgəmədi...İndi müstəqil ölkəmizin
hansı guşəsinə üz tutsaq orada Ulu Öndərin
izlərini görərik. O izlərdə xeyir, bərəkət
və yüz ilə sığmayan inkişaf görərik.
…1960-cı
illərin əvvəllərində Azərbaycan elə bir
ağır sosial-iqtisadi böhran keçirirdi ki, hətta
çörək qıtlığı yaranmışdı. Əhali demək olar ki, qəhətlik və
aclıq çəkirdi. İnsanlar acından ölməmək
üçün arpa, darı, qarğıdalı
çörəyi yeməyə möhtac qalmışdı. Bunları da tapa bilməyən ailələr hətta
mal-qaraya verilən kəpəklə qidalanmağa məcbur
idilər. Həmin illər II Dünya müharibəsindən
sonra ən kütləvi aclıq illəri idi…
Respublika rəhbərliyi gözünü Sovet
İttifaqının anbarlarına və büdcəsinə
dikmişdi. Ancaq görünür Azərbaycanda əhalinin
aclıq çəkməsi, mal-heyvana verilən jmıx və
kəpək yeməkdən mədə-bağırsaq xəstəliklərinə
düçar olması yumşaq kreslolarda oturmuş kommunist məmurları
o qədər də narahat etmirdi. Azərbaycan
açıq-aşkar bacarıqlı rəhbər,
xalqını məhrumiyyətlərdən xilas edəcək
hakimiyyət yolu gözləyirdi. Belə bir ağır
zamanda tale xalqımıza gözlədiyi xilaskar rəhbəri
göndərdi…
1969-cu il iyulun 14-də Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə
irəli çəkilən Heydər Əliyev
qarşısına yalnız bir böyük məqsəd
qoymuşdu: Azərbaycanı gerilikdən çıxarmaq və
onu SSRİ-nin inkişaf etmiş respublikaları
sırasına çıxarmaq! Əlbəttə, o dövrdə
bunu sözdə demək asan olsa da reallığa çevrilməsi
möcüzə kimi görünərdi. Ancaq fikirlərində
həmişə dönməz və ardıcıl olan yeni rəhbər
özündə böyük inam və sarsılmaz güc
taparaq ilk növbədə kənd təsərrüfatının
dirçəldilməsindən başladı. O zaman
üçün bu, yeganə düzgün addım idi. Sadə
məntiq var: İnsanın yaxşı işləməsi
üçün ilk növbədə o tox olmalıdır. Ərzaq çatışmazlıqları tədricən
aradan qaldırıldı.
Ondan sonra pambıq, taxıl, qarğıdalı, soya, yem
bitkiləri sahələri genişləndirilməklə bərabər,
onların məhsuldarlıqlarının
artırılmasına ciddi diqqət yetirildi. Bunun
üçün becərmədə mütərəqqi
üsullardan, texnikadan istifadə olundu, torpağın məhsuldarlığının
daha da artırılması üçün müxtəlif
üzvi və qeyri-üzvi gübrələrdən istifadə
genişləndirildi. Qısa müddətdə
həyata keçirilən tədbirlər öz müsbət
nəticələrini göstərdi. Sonrakı
illərdə təsərrüfatlara daha məhsuldar toxum
sortları və növləri paylandı. İpəkçiliyin inkişaf etdirilməsi məqsədi
ilə milyonlarla yeni tut tingləri əkilib becərildi. Kümçülərə daha çox məhsul
verən ipəkqurdu növləri verildi. Dağ
rayonlarının iqtisadiyyatının inkişafı
üçün tütünçülüyün və
maldarlığın dirçəldilməsi vacib idi. Təbii ki, Ulu Öndər Heydər Əliyev bu və
digər problemlərin həllini hamıdan yaxşı
görürdü. Bir sözlə, bol məhsul
alınması üçün kənd əməkçilərinə
hər cür lazımi şərait yaradıldı. Onlar isə alın təri axıdaraq
çalışdılar, nəticədə hər sahədə
uğur qazanıldı, bol məhsul alındı. Əldə edilən məhsul bolluğu
kolxozçuların həyat səviyyəsinin yüksəldilməsində
özünü göstərdi. Əhalinin
pul gəlirləri artdı, rifah halları ildən-ilə
yaxşılaşdı. Əvvələr
respublikanın pambıq plantasiyalarının hər
hektarında cəmi 15-20 sentner məhsul yetişdirilirdisə
bu rəqəm bir neçə ildən sonra 35-40 sentnerə
çatdırıldı. Taxılın hər
hektarında orta məhsuldarlıq 13-18 sentnerdən 30-35 sentnerə
yüksəldildi. Bunlar quru rəqəm və
statistika deyildi. Axıdılan alın tərinin
arxasında milyon manatlarla pul dururdu və həmin pullar kənd
təsərrüfatı əməkçilərinin rahat həyatını
təmin edirdi. Kənd əməkçiləri köhnə
torpaq kərpic evlərin yerində ağ
mişar daşından geniş və işıqlı evlər
tikir, minik avtomobili, mebel alır, telefon çəkdirirdilər.
Bir sözlə, kənd zəhmətkeşləri
öz əməklərindən yetərincə
barınırdılar.
O zaman kəndlərin
sosial siması da sürətlə dəyişdi. Palçıqlı kənd yolları asfaltlanır,
müasir tipli inzibati binalar tikilir, məktəblər, xəstəxanalar,
uşaq bağçaları klublar, mədəniyyət evləri,
kitabxanalar, poçt-rabitə şöbələri
açılır, marşrut avtobusları işləyirdi.
1970-ci illərin əvvəllərində
respublikanın bir çox rayonları
qazlaşdırılmışdı. Elektrik
təsərrüfatları yaxşı təmin olunduğundan
kəndlərdə əvvəlki illərdəki kimi
işıqlar sönmürdü. 60-cı
illərdə hər kəndə bir-iki şəxsi
avtomaşın olurdusa 70-ci illərdə artıq şəxsi
avtomobillərin sayı 15-20-yə çatırdı. Əhalinin çörəklə təminatının
daha da yaxşılaşdırılması üçün hər
rayonda bir neçə elektrik dəyirmanı tikilib istifadəyə
verilmişdi. Kənd camaatı daha köhnə
su dəyirmanlarında günlərlə vaxt itirmir, tonlarla
taxılı bir neçə saat ərzində üyüdərək
illik çörək ehtiyatını bəri başdan tuta
bilirdi. Qısaca desək, əhalinin sosial
vəziyyəti tanınmaz dərəcədə dəyişirdi.
1970-ci illərdə Tərtərçay Su
Anbarının tikilməsi ilə Ağdərə, Tərtər,
Goranboy, Bərdə, Naftalan və Yevlax rayonlarının
yüz min hektarla əkin sahələri yayda susuzluqdan korluq
çəkməməsi nəticəsində bölgəyə
yeni nəfəslik açıldı.
Bütün bunları ona görə yada salırıq
ki, gələcək nəsillər inkişaf tariximizi
düzgün və əhatəli bilsinlər. Bilsinlər ki,
bugünkü sürətli inkişaf, əldə olunmuş
nailiyyətlər birdən-birə qazanılmayıb. Bunun üçün lazımi əsas
yaradılıb.
1970-ci illərdə Azərbaycan Heydər Əliyevin
müdrik rəhbərliyi ilə SSRİ-nin inkişaf etmiş
respublikalarından birinə çevrildi. O illərdə respublikamızda
1 milyon tondan çox pambıq istehsal edilirdi ki, bu da Özbəkistandan
sonra ikinci göstərici hesab olunurdu.
Azərbaycan müttəfiq respublikalar arasında
keçirilən sosializm yarışlarında 13 dəfə
qalib adını qazanaraq bütün yüksək məqamlarda
adı hörmətlə çəkildi. Əmək
adamları SSRİ-nin ən yüksək mükafatlarına
layiq görüldülər, bir çoxları Sosialist Əməyi
Qəhrəmanının Qızıl Ulduzu ilə təltif
edildilər. Məşhur
pambıqçılardan əllə yığım
ustaları Bəsti Bağırova və Şamama Həsənova
isə bu fəxri ada iki dəfə layiq görüldülər.
Maldarlıq və qoyunçuluq sahəsində də
diqqətəlayiq nailiyyətlər qazanıldı. Hər baş
qoyundan bala və yun alınması sahəsində Azərbaycan
nümunəsi bütün SSRİ-yə yayıldı.
Ölkədə tanınmış Çoban Boran, Çoban
Möhsün və başqaları SSRİ-nin ali orden və
medalları ilə təltif olundular. Xalq
artistimiz Arif Babayevin oynaq və şirin melodiya ilə bəstələdiyi
və ifa etdiyi "Çoban Möhsün" mahnısı
dinləyənlər tərəfindən indi də sevilir.
Bilirik ki, pambıq strateji məhsuldur və ondan hərbi
sənayedə barıt və digər partlayıcı maddələr
hazırlanır. Ona görə də o, dünya
bazarında olduqca baha qiymətə gedirdi. İndi də pambıq dünya bazarında əsas
strateji məhsullardan biri sayılır. Bununla
bərabər Azərbaycanda yetişdirilən meyvə-tərəvəz
məhsulları Moskva, Nijni-Novqorod və Leninqrad (indi
Sankt-Peterburq) şəhərlərinin sakinlərini təmin
edirdi. Əvvəllər Sovet
İttifaqının bir çox guşələrində
yalnız Bakının adı eşidilmişdisə 70-ci illərdə
Azərbaycan Respublikası bütün ölkəyə səs
salmışdı. SSRİ-nin ən ucqar
nöqtələrində belə sadə adamlar Azərbaycan rəhbəri
Heydər Əliyevi tanıyır və şəxsiyyətinə
böyük hörmət bəsləyirdilər. Onların bir çoxu arzulayırdı ki,
SSRİ-nin rəhbəri Heydər Əliyev olsa ölkə
daha varlı, daha güclü olar. Çünki
onlar Azərbaycanın şəxsiyyətinə, siyasətinə,
intellektinə, idarəetmə bacarığına heyran idilər.
Əlbəttə, belə düşünənlər
tamamilə haqlı idilər.
Yaşlı
nəslin yaxşı yadındadır ki, keçən əsrin
70-80-ci illərində Azərbaycandan Rusiyaya və bəzi
ittifaq respublikalarına pomidor, nar, qoz, fındıq, xurma, ərik,
gül , şərab məhsulları daşınırdı.
Bunlar o yerlərdə defisit sayıldığı
üçün yerlilər tərəfindən həm həvəslə,
həm də baha
qiymətə alınırdı. Belədə
eyni zamanda Azərbaycanın imici də yüksəlirdi.
SSRİ-də məşhur olan “Görüş yerini dəyişmək
olmaz” çoxseriyalı bədii filmi yadınıza
düşürmü? Filmdə bir səhnədə masanın
üstündə “Kürdəmir” şərabı göstərilir.
Bu, o demək idi ki, “Kürdəmir”
özünün dadı ilə brend mal kimi
tanınmışdı. Eləcə də
“Ağdam”, “Mədrəsə”, “Hadrut” şərabları və
“Göygöl” konyakı süfrələrin bəzəyi idi.
Tərtərdə, Göyçayda və digər
konserv zavodlarında istehsal edilən dadlı narşərabımız
SSRİ-nin bütün regionlarında milyonlarla alıcı məmnunluğu
qazanmışdı. Ümummilli Liderimiz
Heydər Əliyevin müstəqil Azərbaycanda
apardığı aqrar siyasət nəticəsində torpaq əsl
sahibinə-kəndliyə qaytarıldı. Bu uzaqgörən siyasətin nəticəsidir ki,
indi ölkəmizin kənd təsərrüfatı məhsulları
dünyanın bir çox ölkələrində həvəslə
alınır və dünya bazarının brendlərindən
hesab olunur. Sevimli rəhbərimizin siyasi
varisi Azərbaycan Prezidenti İlham Əliyev Heydər
Əliyevin müəyyənləşdirdiyi uzaqgörən
aqrar siyasətini uğurla davam etdirir. Artıq
bir çox hədəflər qazanılıb, ölkəmizdə
kənd təsərrüfatı məhsullarının
bolluğu təmin edilib, kimsə deyə bilməz ki, nədənsə
çətinlik çəkirik. Ancaq
yolumuz daha da irəliyə, xoşbəxt gələcəyədir.
Mövzumuzu
yekunlaşdırarkən Ulu Öndərin vaxtilə
müdrikliklə söylədiyi bir aforizmin bu gün öz
yerini tutduğunu xatırlatmağımız xoş olar: Azərbaycan
dünyaya Günəş kimi doğacaq!
Ulu
Öndərimizin 100 illik yubileyi mübarək olsun! Dahi rəhbərimiz tariximizdə və qəlbimizdə
gələcək yüzilliklərdə də yaşayacaq,
xalqımızın qürur mənbəyi olacaqdır. Ümummilli Liderimiz bu haqqı altmış iki ildən
artıq müddətdə Vətənimizə və
xalqımıza etdiyi titanik fəaliyyəti ilə qazanıb.
Vəli İlyasov
Yazı Yeni Azərbaycan
Partiyasının "Heydər Əliyev İli" çərçivəsində
jurnalistlər arasında elan edilən "Heydər Əliyev
və yeni Azərbaycan" mövzusunda fərdi yazı
müsabiqəsinə təqdim etmək
üçündür.
İki sahil.- 2023.-
19 may.- S.5.