Ulu Öndərin gender siyasəti:
Hüquq bərabərliyinə
aparan yol
2023 Heydər Əliyev İli
Heydər Əliyevin
imzaladığı bir çox Fərman və sərəncamlar
birbaşa və dolayısı ilə qadın
hüquqlarının müdafiəsinə yönəlmişdir
Bu gün Ümummilli Liderin şah əsəri
və xalqımıza ən böyük mirası olan müasir
müstəqil Azərbaycan onun əbədiyaşar
ideyaları əsasında möhtəşəm nailiyyətlərə
imza ataraq yeni zirvələr fəth edir. Bu reallıq Azərbaycanın
dünəninin, bu gününün və gələcəyinin
Heydər Əliyev irsi və ideyaları ilə bağlı
olduğunu birmənalı şəkildə təsdiqləyir.
İstər
SSRİ dönəmində, istərsə də müstəqilliyin
bərpasından sonra Azərbaycanın inkişaf yoluna nəzər
saldıqda görürük ki, ölkəmizin qurtuluşu və
tərəqqisi bilavasitə Heydər Əliyevin adı və
siyasəti ilə bağlıdır. Azərbaycanın
bütün uğurlarında Ulu Öndərin imzası, irsi və
ideyaları öz əksini tapmışdır. Heydər
Əliyev məqsədyönlü və uzaqgörən siyasət
həyata keçirməklə bütün sahələrdə
parlaq nailiyyətlərin qazanılmasını təmin edərək
yeni Azərbaycan reallığını və ölkəmizin
parlaq gələcəyinin etibarlı bünövrəsini
yaratmışdır. Prezident İlham Əliyevin 2023-cü
ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi
haqqında Sərəncamında qeyd edildiyi kimi, “Müstəqil
Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə
əmanəti, onun zəngin və çoxşaxəli irsi isə
xalqımızın milli sərvətidir.”
Heydər
Əliyev tarixi və siyasi ənənələrə, milli-mənəvi
və ümumbəşəri dəyərlərə
xüsusi önəm verməklə yanaşı,
yenilikçi, mütərəqqi baxışlara əsaslanan
çox mühüm təşəbbüslər irəli
sürüb. Onun xalqımızın zəngin ənənələrinə
və dəyərlərinə, dövlətçilik
maraqlarına uyğun və dövrün
çağırışlarına adekvat cavab verən gender
siyasəti də bu baxımdan xüsusi
vurğulanmalıdır. Gender siyasəti Heydər Əliyevin
demokratik, hüquqi dövlət və müasir cəmiyyət
quruculuğunun, insan hüquqları və
azadlıqlarının qorunması istiqamətində
atılan addımların tərkib hissəsi kimi mühüm əhəmiyyətə
malikdir. Ulu Öndər həmişə gender bərabərliyinə,
qadınların elm, təhsil, mədəniyyət və digər
sahələrdə rolunun artırılmasına, idarəetmənin
müxtəlif istiqamətlərində fəal təmsil
olunmasına xüsusi diqqət yetirib.
Xüsusi
qeyd etmək lazımdır ki, “Azərbaycan qadını
öz ağlı, zəkası, müdrikliyi, sədaqəti,
qəhrəmanlığı, vəfası, yüksək
analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi
daim ucaldıbdır”, - deyən Heydər Əliyev hələ
Sovet İttifaqı dönəmində respublikamıza rəhbərlik
etdiyi vaxt gender bərabərliyinə, qadınların elm, təhsil,
mədəniyyət və digər sahələrdə rolunun
artırılmasına, idarəetmənin müxtəlif istiqamətlərində
fəal təmsil olunmasına xüsusi diqqət yetirmişdir.
Eyni zamanda, öz üzərinə düşən vəzifələri
müvəffəqiyyətlə yerinə yetirərək
respublikanın inkişafına layiqli töhfələr verən
qadınların səmərəli fəaliyyətinin
davamlı olması üçün Heydər Əliyev önəmli
stimullaşdırıcı tədbirlər həyata
keçirmişdir. Peşə fəaliyyətində fərqlənən
qadınların mükafatlandırılması, müxtəlif
adlarla təltif olunması və bir sıra digər
addımlar bu baxımdan böyük əhəmiyyətə
malik olmuşdur.
Ümummilli
Liderin müstəqillik dövründə ölkəmizə rəhbərlik
etdiyi, sabitlik və inkişaf dönəmi kimi yadda qalan 1993-2003-cü
illərdə də milli-mənəvi dəyərlərə,
milli maraqlara və mütərəqqi beynəlxalq təcrübəyə
əsaslanan məqsədyönlü gender siyasəti həyata
keçirilmişdir. Bütün çətinliklərə
baxmayaraq, Ulu Öndər Azərbaycan qadınını
heç vaxt unutmurdu, qadınların cəmiyyət həyatında
rolunun artırılmasına xüsusi diqqət yetirirdi. Eyni
zamanda, Azərbaycan qadınlarının beynəlxalq
platformalarda təmsilçiliyinə də Heydər Əliyev
xüsusi həssaslıqla yanaşırdı. Ulu Öndər
Heydər Əliyev xalqın təkidli tələbi ilə
ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın
qadın hərəkatında yeni, fəallığı və
yüksəlişi ilə fərqlənən mərhələ
başlanıb: “1994-cü ildə Heydər Əliyev “Pekində
keçiriləcək IV Dünya Qadın Konfransına
hazırlıqla əlaqədar milli komitə yaradılması
haqqında” Fərman imzaladı və Azərbaycan
qadınları bu konfransda yüksək səviyyədə təmsil
olundu. Bu da respublika qadın cəmiyyətinin
formalaşmasına güclü təkan verdi. 1995-ci ilin iyun
ayında ölkəmiz BMT-nin “Qadınlara münasibətdə
hər cür ayrı-seçkiliyin ləğv edilməsi
haqqında” Konvensiyasına qoşuldu və öz üzərinə
müvafiq öhdəliklər götürdü. Daha sonra Heydər
Əliyevin təşəbbüsü ilə ölkəmizdə
insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə
islahatlar həyata keçirildi, qanunvericilik bazası
formalaşdırıldı, səmərəli hüquq
müdafiə mexanizmləri yaradıldı.
Heydər
Əliyevin rəhbərliyi ilə hazırlanan, 12 noyabr 1995-ci
il tarixində keçirilən ümumxalq səsverməsi –
referendum nəticəsində qəbul edilən Azərbaycan
Respublikasının Konstitusiyasında gender siyasətinin
hüquqi əsaslarının təsbit olunmasını bu
kontekstdə xüsusi vurğulamaq lazımdır. Beynəlxalq
hüquqi aktlarda və konvensiyalarda təsbit olunmuş əsas
insan hüquq və azadlıqlarının yer
aldığı Azərbaycan Konstitusiyasında gender məsələləri
də öz əksini tapmışdır. Bununla yanaşı,
Heydər Əliyevin imzaladığı bir çox Fərman
və sərəncamlar birbaşa və dolayısı ilə
qadın hüquqlarının müdafiəsinə yönəlmişdir.
Müdrik
dövlət xadimi Heydər Əliyevin müvafiq fərmanları
ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin
yaradılması, Qadın Problemləri üzrə Milli Fəaliyyət
Planının qəbul edilməsi, Azərbaycanın
“Qadınlara münasibətdə ayrı-seçkiliyin
bütün formalarının ləğvi” Konvensiyasına
qoşulması və digər addımlar gender siyasətinin səmərəliliyini
təmin etmişdir. Bir sözlə, Heydər Əliyev irsinin
tədqiqi deməyə əsas verir ki, Ümummilli Lider
çağdaş gender siyasəti həyata keçirməklə
mütərəqqi nümunə yaratmış və beynəlxalq
birliyə uğurla inteqrasiya edən Azərbaycanın
müasir və demokratik dövlətlər sırasında
layiqli yer tutmasını təmin etmişdir.
Ümummilli
Lider Heydər Əliyev 1969-cu ildə respublikamıza ilk dəfə
rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin
hər dövründə qadın haqlarının müdafiəçisinə
çevrilib. Ulu Öndər müstəqillik dövründə
qadın hüquqlarının qorunması üçün bir
çox hüquqi-normativ aktlar, qanunlar təsdiqləyib,
mühüm Sərəncam və fərmanlar imzalayıb. Azərbaycan
Respublikasının ali hüquqi sənədi olan Konstitusiya
heç bir ayrı-seçkiliyə yol vermədən hər
kəsin hüquq və azadlıqlarının bərabərliyinə
təminat verir. Məhz Heydər Əliyevin müəllifi
olduğu Azərbaycan Konstitusiyasında qadınların
kişilərlə bərabərhüquqlu olması təsdiq
edilib və qeyd olunub ki, ölkədə kişi ilə
qadının eyni hüquq və azadlıqları vardır.
Bununla da demokratik cəmiyyət quruculuğunda
qadınların iştirakının hüquqi bazası
yaradılıb. Bu isə öz növbəsində
ictimai-siyasi həyatımızın bütün
sferalarında gender siyasətinin güclənməsinə gətirib
çıxarmışdır. Hüquq bərabərliyi bir sıra məcəllələrlə,
o cümlədən Ailə, Mülki, Əmək, Cinayət,
İnzibati Xətalar Məcəlləsində və digər
qanunlarla təsbit olunub.
Ölkəmizdə
qadın hüquqlarının qanunvericilik çərçivəsində
öz həllini tapması üçün beynəlxalq
qanunvericiliyin öyrənilməsi vacib məsələlərdən
biri idi. Müstəqilliyimizin ən çətin
dövründə belə Ulu Öndər bu sahəyə də
xüsusi diqqət ayırırdı. Belə ki, Azərbaycan
bir sıra beynəlxalq konvensiyaları, protokolları qəbul
edərək milli qanunvericiliyimizi
təkmilləşdirib. Onun sözlərinə görə,
qanunvericilik aktlarında qadın hüquqlarının
müdafiəsi, bərabərlik prinsipi, gender yanaşması
daim gözlənilib. Yaxın tarixə nəzər salanda bir
daha şahid oluruq ki, Heydər Əliyevin xalqı, vətəni
yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər,
atdığı addımlar unudula bilməz. O, bütün fəaliyyəti
boyu qabaqcıl və mütərəqqi qüvvələrə
arxa-dayaq olub, xalqı ardınca aparıb.
Ulu
Öndərin zamanında da yüz minlərlə qadın Yeni
Azərbaycan Partiyasına üzv olurdu. Bu proses hazırda
uğurla davam edir. Bu gün isə bütövlükdə Azərbaycan
cəmiyyəti gender bərabərliyi məsələsinə
xüsusi diqqət göstərir. Bu fakt onu göstərir ki,
Azərbaycan cəmiyyəti gender bərabərliyinin təmin
olunmasında nə dərəcədə maraqlıdır.
Bu
gün də Azərbaycanda gender bərabərliyinin təminatına
dövlət qayğısı yüksək səviyyədədir.
Ulu Öndərimiz tərəfindən əsası qoyulan yolun
və siyasətin Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilməsi nəticəsində ölkəmizdə
qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin
təminatı ilə bağlı böyük uğurlara nail
olunub. İnsan hüquqlarının tərkib hissəsi olan
qadın hüquqları, gender bərabərliyi sahəsində
milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni
normativ hüquqi aktların qəbul edilməsi bu sahələrdə
müsbət nəticələrin əldə edilməsinə
səbəb olub. Ölkəmizdə qadın siyasəti sahəsində
strategiyaların uğurla davam etdirilməsinə,
qadınların ictimai həyatda fəal iştirakına və
idarəetməyə cəlb olunmasına xüsusi diqqət
yetirilir. Bu xüsusda Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın dövlət qadın siyasətinin uğurlu
inkişafı istiqamətində həyata keçirdiyi
mühüm fəaliyyət
xüsusi vurğulanmalıdır. Məhz onun rəhbərliyi
ilə qadın hüquqlarının müdafiəsi və
gender bərabərliyinin təminatı məsələsinə
xüsusi önəm verilir, gender problemlərinin, qadınlara
qarşı zorakılıq hallarının aradan
qaldırılması istiqamətində uğurlu layihələr
həyata keçirilir.
Bu
gün ölkəmizdə gender bərabərliyinin təmin
edilməsi istiqamətində atılan addımlar öz bəhrəsini
verməkdədir. Yüksək yaradıcılıq
potensialına malik Azərbaycan qadınları, xüsusən
gənc qızlar göstərilən inam və etimad
müqabilində fəallıq nümayiş etdirirlər. Gələcəyimizə
isə daha optimist, daha böyük ümidlərlə
baxırıq. Çünki Azərbaycan qadınının
möhtəşəm uğurları indidən hər birimizi
fərəhləndirir. Bu inamın əsasında isə
milli-mənəvi dəyərlərə bağlılıqla
müasirliyin ahəngində uğurlar qazanan Mehriban xanım
Əliyevanın timsalında gənc qızlarımıza
örnək olan Azərbaycan qadınları dayanır.
Cavid Əkbərov
Yazı YAP-ın “Heydər
Əliyev İli” çərçivəsində jurnalistlər
arasında elan edilən “Heydər Əliyev və yeni Azərbaycan”
mövzusunda fərdi yazı müsabiqəsinə təqdim
etmək üçündür.
İki sahil.- 2023.- 20 may.- S.10.