Litva və Azərbaycan strateji tərəfdaşlar

kimi uğurla bir-biri ilə əməkdaşlıq edir

 

Dövlət başçısı İlham Əliyevin Litvaya rəsmi səfəri çərçivəsində imzalanan sənədlər münasibətlərin yeni prioritetlər üzrə inkişafında öz sözünü deyəcək

 

Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın regiondadünya birliyində mövqeləri daha da möhkəmlənir. Buna əmin olmaq üçün son illərdə  istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişaf dinamikasına diqqət yetirmək kifayətdir. Təbii ki, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi postmünaqişə dövrünün reallıqları ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin mayın 21-də Litvaya rəsmi səfəri də bu baxımdan diqqətçəkəndir. Belə ki, səfər çərçivəsində prezidentlərin məhdud və geniş tərkibdə görüşlərinin keçirilməsi, əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması  iki ölkənin münasibətlərinin gələcək inkişafı barədə aydın təsəvvür yaradır.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev bu ilin fevralında Litva Respublikasının milli bayramı münasibətilə litvalı həmkarı Gitanas Nausedaya ünvanladığı təbrik məktubunda  bildirmişdir ki,  Azərbaycan ilə Litva arasında münasibətlər xoş ənənələrə malikdir  münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk.  Hazırda ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlərin genişlənməsi, əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar formalaşmışdır. Ölkə Prezidenti  Azərbaycan-Litva münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inamını ifadə etmişdir. Cənab İlham Əliyevin bu səfəri qarşıya qoyulan hədəflərə doğru atılan mühüm addım kimi dəyərləndirilir.

Bir mühüm məqam da daim xüsusi vurğulanır ki, qarşılıqlı səfərlər ölkələr arasında münasibətlərin inkişafında stimulverici amildir. Hər bir səfər əməkdaşlıqda yeni səhifənin  açılması kimi dəyərləndirilir.  O da məlumdur ki, ötən ilin bu günlərində Litva Prezidenti Gitanas Nauseda ölkəmizdə rəsmi səfərdə olmuşdur. Həmin səfər çərçivəsində keçirilən biznes forum iki ölkənin iqtisadi imkanlarının təqdimatı və əlaqələrin gələcək inkişafı üçün böyük stimul oldu. Prezidentlərin geniş tərkibdə  keçirilən görüşlərində də bu məqam xüsusi önə çəkildi.  Biznes dairələri arasında birbaşa təmasların qurulmasının vacibliyi qeyd olundu.

Xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Özlüyündə yaranan  «Nəyə görə» sualına cavab olaraq qeyd edə bilərik ki, təkcə  yaxşı investisiya iqliminin olması şərt deyil. Bu sualı cavablandırmaq üçün Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasından sonra ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətə və bu fonda xarici adamlarının tərəddüdlərinə diqqət yetirək. O zaman ölkədəki ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Bu marağın müxtəlif dövrlərdə fərqli olması da inkaredilməzdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  ölkəmizdə sabitliyin yaradılması, həyata keçirilən «açıq qapı» siyasəti investorlarda bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider  bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici adamının üzünə açıqdır. Bu çağırış da edildi ki, investorlar qoyacaqları  vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər. Bunları yenidən təhlil etməyimizə səbəb əvvəldə qeyd etdiyimiz «Nəyə görə» sualını cavablandırmaqdır.  Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Bu inam da səsləndirilir ki,  gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm  Prezidentin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, həm də «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Artıq ölkəmiz işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensial imkanlardan istifadə etmək imkanlarına malikdir. Tezliklə Qarabağımız böyük investisiyalar məkanına çevriləcək.

Dövlət başçısı İlham Əliyevin elə bir səfəri yoxdur ki, postmünaqişə dövrünün reallıqları barədə geniş məlumat verməsin.  Prezidentlərin mətbuata birgə bəyanatlarında cənab İlham Əliyev «Bu gün regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi apardıq» söyləyərək bildirdi ki,  Litva Prezidentini Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandırdım. Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Baxmayaraq ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdü, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb: «Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir.» Cənab İlham Əliyev keçirilən görüşlərdə müzakirə olunan məsələlərin, mətbuata birgə bəyanatda səsləndirilən fikirlərin əsasında əlaqələrimizin gələcək inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirdi.

Əvvəldə də qeyd etdiyimiz kimi,  Azərbaycan və Litva tarixi əlaqələrə malikdir. Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb. Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 41 sənəd imzalanıb. Həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası PrezidentininLitva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur. Azərbaycan, eyni zamanda, Litva üçün Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkə, həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır.

Onu da qeyd edək ki, Litva Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən ölkələrdən biridir. Ölkəmizlə qurum, həmçinin üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Litva Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında mühüm rol oynayır.  Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki,  ötən il Prezident Gitanas  Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu sənəd uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır və artacaq.

Səfər çərçivəsində, həmçinin  Litvada və Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi aparıldı. Hazırkı dövrün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə  investisiyaların yatırılmasıdır. Dövlət başçısı İlham Əliyev çıxışlarında Azərbaycanın bu sahədə mövcud imkanları barədə  geniş məlumat verir.

Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. Yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq. Onu da qeyd edək ki, Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir. 2007-2022-ci illərdə Litva Azərbaycanda keçirilən 26 layihə seçimində iştirak edibonlardan 17-də qalib gəlib. Ümumi dəyəri 20 milyon avro olan bu layihələrdən 12-si artıq reallaşdırılıb, 5-i isə icra mərhələsindədir.

İki ölkənin iqtisadi münasibətlərinə gəldikdə isə  2022-ci ildə Litva ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 33 milyon dollar olub. Azərbaycanda xüsusilə nəqliyyat, tikinti, ticarət, xidmət sahələrində Litva investisiyalı 20 kommersiya qurumu fəaliyyət göstərir. Ümumilikdə Azərbaycandan Litvaya 36 milyon  dollar məbləğində sərmayə qoyulub.

Göründüyü kimi, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, eyni zamanda, investisiya yatıran ölkə kimi nüfuz qazanıb. Bu mühüm amil də ölkəmizin iqtisadi imkanlarının genişliyini təsdiqləyir. Azərbaycan və Litva prezidentlərinin keçirilən görüşündə, mətbuata bəyanatlarında da bu məsələlər diqqətdə oldu. «Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək» söyləyən dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etdi ki,  bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaq: «Biznes qurumlarının birgə fəaliyyəti əminəm ki, ticarət dövriyyəsinin artırılmasına da gətirib çıxaracaq. Onu da bildirməliyəm ki, hər iki tərəfdən çox böyük maraq var və keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda da Litva-Azərbaycan biznes forumu keçirilmişdir

Səfər çərçivəsində imzalanan sənədlər əvvəldə də qeyd etdiyimiz kimi, əlaqələrin inkişafında yeni bir mərhələyə yol açır. Belə ki, Prezident İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi keçirildi.  “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” imzalandı. Hər bir sənəd münasibətlərdə yeni bir səhifədir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2023.- 23 may.- S.5.