Vətənə və Xalqa həsr olunmuş ömür

 

Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan suverenliyini qorumağa qadir olduğunu şanlı Zəfəri ilə sübut etdi

 

100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda böyük təntənə ilə keçirilən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl  dövlətimizi dünyada əsl söz sahibinə çevirdi, Günəş kimi doğmasını şərtləndirdi

 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan  olmasının 100 illiyi ölkəmizdə  böyük təntənə ilə qeyd edilir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin 100 illiyinin bütün  il ərzində  qeyd edilməsinə yönəlib. Təbii ki, Azərbaycanın hər günü, hər bir uğuru  Heydər Əliyev siyasətinin təntənəsidir. Hər bir dövlətin inkişafında Lider amilinin rolunu nəzərə alsaq, Azərbaycanın bu günü üçün kimə borclu olduğumuzun təhlili əsasında dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin miqyasının genişliyini daha dərindən dərk edərik.

Bu reallığı dönə-dönə qeyd edirik ki, Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı,  bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.   Dövlət başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə edir: “1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.”  

Bu gün iqtisadi möcüzələr ölkəsi, islahatçı və xoşbəxt respublika kimi tanınan Azərbaycanın mövcud potensial imkanları məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılıb. Ən əsası azərbaycançılıq məfkurəsi xalqımızın şüurunda əsas yer tutdu, bu ideyanın ətrafında sıx birləşmək zaman-zaman əsas məqsədə, amala çevrildi. Məhz o illərdə milli azadlığın və özünüdərkin təbliği istiqamətində atılan addımlar, yaradılan şərait növbəti illərdə öz bəhrəsini verdi. Ulu Öndər Heydər Əliyevin bu fikrini bir daha xatırlatmaq yerinə düşər: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.

Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görmək istəyini hələ hakimiyyətinin birinci dövründə atdığı biri-birindən önəmli addımları ilə təsdiqləyən Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi xalqımızın tarixi nailiyyəti kimi dəyərləndirərək onun qorunmasını hər kəsin vətəndaşlıq borcu kimi irəli sürdü.  Ulu Öndər Heydər Əliyev  1969-1982-ci illərdə görülən işləri belə xarakterizə edirdi: “O dövrlərdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır”. 1993-cü ildə dahi şəxsiyyət Heydər  Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından   sonra Azərbaycanın imzasını  atdığı davamlı uğurlar Onun  bu fikirlərinin reallığa söykəndiyini bir daha ortaya qoydu. Bu gerçəklik də hər zaman xatırlanır ki, keçmişindən bəhrələnən, bu günü ilə fəxr edən, gələcəyə yeni-yeni hədəflərlə addımlayan dövlətlər, xalqlar daim “tarixin dərsi” kimi qəbul olunan sərt və çətin sınaqlardan şərəflə çıxır, bundan qürur duyur, varlığını təsdiqləyir, beynəlxalq birliyin fəal üzvü kimi cərəyan edən proseslərə təsir imkanlarına malik olur. Azərbaycan dövləti, xalqı bu ilkə də imza atdı. Belə ki, xalqımızın dövlətçilik tarixində mürəkkəb mərhələlərin olduğu hər kəsə məlumdur. Bütün təzyiqlərə, çətinliklərə baxmayaraq, heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməyib. Ulu Öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xidmətlərinin miqyası Onun daim qürurla qeyd etdiyi bu fikirlərini xatırlatmağa ehtiyac yaradır: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”. Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməli formalaşdırdı. Ulu Öndər hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən bir diyara çevirdi. 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşdırılması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan biri-birindən əhəmiyyətli uğurlar Ümummilli Lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Həmin illərdə iqtisadi sahədə əldə olunan uğurlar siyasi müstəqillik yolunda mühüm təməl kimi dəyərləndirilir.

Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə də Onun xilaskarlıq missiyası önə çəkilir. Ulu Öndər qayıdışı ilə Azərbaycanı böyük bəlalardan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.  Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı böyük uçurumun qarşısında qoymuşdu. Xalqın sabaha ümidləri yox idi. Ulu Öndər   Heydər Əliyev “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri ilə həmin dövrün reallıqlarının aydın mənzərəsini yaratmışdı.

Hər bir ölkəni inkişafa aparan, imzalar arasında imzasının görünməsini şərtləndirən əsas amil məhz dövlət rəhbərinin idarəçilik sistemi, dövlət maraqlarını hər şeydən öndə tutması, xalqına, ölkəsinə bağlılığıdır. Azərbaycan Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dahi Liderin gücünün, qətiyyətinin, siyasi iradəsinin şahidi oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin tarixi paralellər fonunda bugünkü və gələcək nəslə çatdırılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Yeni Azərbaycan Partiyasının 21 noyabr 2001-ci il tarixində keçirilən II qurultayında Ümummilli Lider bildirmişdir: “Bəziləri indi deyirlər ki, müstəqilliyi biz əldə etmişik. Əgər siz həqiqətən bu müstəqilliyi almısınızsa, bəs bunu nə üçün qoruyub saxlaya bilmirdiniz? Nə üçün? Təxminən 1 il 6-7 ay yaşı olan müstəqil Azərbaycan dövləti artıq dağılırdı, parçalanırdı, vətəndaş müharibəsi başlanmışdı. Təbiidir ki, Azərbaycanın müstəqilliyi böyük təhlükə altında idi… biz müstəqilliyin 10-cu ildönümünü artıq dünyada tanınmış, daxildə ictimai-siyasi vəziyyəti sabitləşdirmiş, ölkəni iqtisadi, sosial, siyasi böhrandan çıxarmış və nəhayət, 1995-ci ildən başlayaraq bütün sahələrdə inkişafı təmin etmiş bir müstəqil Azərbaycan dövləti olaraq qeyd etdik. Bunlara görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası, bizim hamımız və təbiidir ki, Azərbaycanın Prezidenti və partiyanın sədri müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanılmasının yox, Azərbaycanın müstəqil dövlət kimi ağır şəraitdə inkişaf etməsinin təminatçısıdır”.

Uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq qısa müddətdə sabitlik diyarına və böyük investisiyalar məkanına çevrilən Azərbaycanda öz təbii sərvətlərinin əsl sahibi kimi onlardan səmərəli istifadəni təmin etmək üçün biri-birindən önəmli addımlar atıldı. Öncə onu qeyd edək ki, məhz Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 12 may 1994-cü ildə atəşkəs sazişinin imzalanması hər sahədə uğurlu addımlara geniş yol açdı.  Həmin ilin sentyabrın 20-də Ümummilli Liderin  rəhbərliyi ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə olan inamı nümayiş etdirdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 280 milyard dollara yaxındır.  Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə böyük dəyər verməsi onun uzaqgörən siyasətindən irəli gəldi. “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” söyləyən Ulu Öndərin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması da bugünümüzə hesablanmış mühüm addımlar sırasındadır. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi ilə yanaşı, siyasi mövqeyinin də möhkəmlənməsində əhəmiyyətli rol oynadı.   Azərbaycan təkcə neft deyil, təbii qaz ölkəsi kimi də mövqeyini möhkəmləndirdi. Cənab  İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa təbrikində bildirmişdir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi inkişafını və beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsəvvür etmək çətin deyildi.

Ölkədə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması  prioritet məsələlər sırasındadır. Demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə bərqərar olundu. 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə Konstitusiyanın qəbulu Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu yoluna işıq saldı. Konstitusiyada əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Çoxpartiyalı sistem yaradılıb. Ölkədə seçkilərin demokratik, azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi üçün təkmil seçki sistemi formalaşdırılıb. Azad mətbuatın inkişafı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 1998-ci ildə senzuranın ləğvi mətbuatın inkişafında yeni bir mərhələnin təməlini qoydu.  Məhz bu diqqət və qayğının nəticəsi olaraq Ulu Öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Azərbaycan bütün sahələrdə davamlı uğurları ilə diqqətdə olub. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, müstəqillik yolunda ilk addımlarını atan bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri varlığını təsdiqləmək, beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirməkdir. Bir dövlətin xaricdə varlığı kimi diaspor quruculuğu prosesinə xüsusi diqqət yetirildi. Ayrı-ayrı ölkələrdə soydaşlarımızın birliyinə nail olduqdan, mərkəzlər yaradıldıqdan sonra onların vahid mərkəzdən idarə olunması məsələsi gündəmə gətirildi. Məhz Ümummilli Liderin  təşəbbüsü ilə 2001-ci ilin noyabrında  Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu qurultay soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində mühüm hadisə oldu.

Bu gün sıralarında 800 minə yaxın  üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması  Ulu Öndər  Heydər Əliyevin xidmətləri sırasında dayanır. Partiyanın hansı zərurətdən yarandığı məlumdur. Bu, o dövr idi ki, Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Xalqın sabaha ümidi itmişdi. Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciəti, Ümummilli Liderin bu müraciətə müsbət cavabı bugünkü uğurlarımıza yol açdı. Ötən il  Yeni Azərbaycan Partiyasının yaradılmasının   30 illiyi münasibətilə keçirilən tədbirdə dövlət başçısı, YAP Sədri İlham Əliyev «Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik» söyləyərək onu da əlavə etmişdir ki, çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi: «Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.» Heydər  Əliyev ideyalarının, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçıları olan partiyanın hər bir üzvü günbəgün möhkəmlənən, qüdrətini artıran, davamlı uğurlara imza atan Azərbaycanın yeni hədəflərə çatmasına öz töhfələrini vermək üçün birlik, həmrəylik nümayiş etdirir. Məhz bu uğurlara söykənərək cənab İlham Əliyev 2021-ci ildə Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqlarına əsaslanaraq keçirilən VII qurultayında böyük əminliklə bildirmişdir ki, YAP bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. YAP ənənələri olan partiyadır.

Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərindən ən mühümü 2003-cü ildə xalqa tarixi müraciətidir.  Ulu Öndər 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətində bildirmişdir: “Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Məhz bu birlik Azərbaycana davamlı uğurlar qazandırdı, dünya birliyinin layiqli üzvünə çevirdi. Ümummilli Lider müraciətdə bu məqamı xüsusi qeyd etmişdir ki, öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam: “Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var… öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm. Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Son 20 ilə yaxın dövrün  xronologiyasını nəzərdən keçirdikdə Azərbaycanın möhkəm təməl üzərində möhtəşəm uğurlara imza atdığını böyük qürur hissi ilə qeyd edirik. 2003-cü il Prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən bildirdi ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Cənab  İlham Əliyevin 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində söylədiyi kimi, Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr qoyur.

Bu gün qürur hissi ilə qeyd edirik ki, ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu möhtəşəm uğura imza atmaq üçün Azərbaycan böyük yol keçdi, bunun üçün əsl zamanın yetişməsini gözlədi. Ölkəmiz möhkəm təməl üzərində bütün sahələrdə davamlı uğurları, təkmil təcrübəsi ilə diqqətdə oldu, müstəqilliyimizin qarantı kimi dəyərləndirilən Ordumuz  qüdrətlənərək dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan etdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə müharibə variantı istisna edilmir.

Bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycanın yeganə probemi Qarabağ münaqişəsi idi. 2020-ci il sentyabr ayının 27-də  Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması artıq dövlətimizin və xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevdən «Hücum!» əmrini alan Azərbaycanın rəşadətli Ordusu 44 gündə 30 ilin işğalına son qoydu.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə  Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində  “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualını belə cavablandırmışdır ki,  hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl  demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz,  Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm: «Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.”

Dövlətimizin başçısı bu məqamı xüsusi qeyd etmişdir ki, əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik. Ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir: «Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq.”

Müzəffər  Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi. Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. 44 gündə  300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan üçtərəfli  Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi  anın dünyaya təqdimatı oldu.

Noyabrın 8-də, 28 illik həsrətdən sonra Qarabağın ürəyi Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Müharibədə asan qələbə olmur.  Bu Qələbəni  3 minə yaxın şəhidimizin qanı ilə, hərbçilərimizin şücaətləri ilə qazandıq.  Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü,  İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır.

Bu Zəfərin  Sərkərdəsi isə Ali Baş Komandan İlham Əliyevdir. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində xalqımızın nisgilinə son qoyuldu. Azərbaycan tarixinin yeni şərəfli səhifəsi yazıldı. Yuxarıda da qeyd etdiyimiz kimi, bu missiyanın əsası Ulu Öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağı­nı, erməni qəsbkarlığının uzun sürməyəcəyini hər zaman  bildi­rir, hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Bu gün bu fikir böyük qürur hissi ilə qeyd olunur ki, Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyevin adı torpaqlarımızın xilaskarı, ərazi bütövlüyümüzü bərpa edib, yenilməz xalq adını özümüzə qaytaran Lider kimi tarixə yazıldı.

Müzəffər Ali Baş Komandan  İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində  jurnalistin  «Müharibə dövründə liderlər, ali baş komandanlar həmişə diqqət mərkəzində olurlar. Sizin nə dərəcədə sakit, təmkinli və eyni zamanda, inamlı olmağınızı hamı görürdü. Sizin, mən belə deyərdim, qətiyyətiniz, inamınız və təmkinliyiniz nəyə əsaslanırdı? Bu müharibənin tarixən ədalətli olmasını başa düşməyinizə? Sizin Ali Baş Komandan kimi regionda ən yaxşı ordulardan birinə malik olmağınızı başa düşməyinizə? Qarşı tərəfin, yəni, erməni tərəfin “əl-qol atması” fonunda Sizin bu cür müstəsna dərəcədə ləyaqətli, sakit, inamlı davranmağınızın əsası bu idimi» sualına cavabını xatırlatmaq istərdik.  «Bu suala dərhal cavab vermək mənim üçün çətindir. Düşünürəm ki, burada yəqin, hansısa xarakteroloji xüsusiyyətlər rol oynayır. Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalıdır» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, hər bir insanın emosiyaları var və təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam. Hərbi əməliyyatlar aparılan dövrdə  bir dəfə də provokasiyalara uymadıq: «Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar. Düşünürəm ki, sizin söylədiyinizi səciyyələndirən mənim dediyim bu amillər və bir də, əlbəttə, özümün haqlı olmağıma inamımdır.»  Nəticədə qazanılan Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsidir.

Bu gün Azərbaycan həyatının yeni dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevrilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham  Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara hər səfəri Böyük Qayıdışın tam şəkildə reallığa çevrilməsinə xidmət edən addımlarla zəngindir. Bu səfərlər belə bir reallığın təsdiqidir  ki, bu torpaqlar bizimdir və burada əbədi olacağıq.  Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycana möhtəşəm qələbələrə doğru inamla addımlayır. Tarixi ədalətə söykənərək Qərbi Azərbaycana qayıdacağımızı bəyan edirik.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2023.- 10 may.- S.28-29.