Ər doğulmuş Ərdoğan

 

Daha qüdrətli Türkiyə naminə daha güclü liderlə davam

 

Mayın 14-də qardaş Türkiyədə keçirilən prezident seçkilərində «Cümhur ittifaqı»nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan 49,5 faizlə üstünlük qazansa da bu siyasi yarışmanın qalibi  mayın 28-də keçiriləcək ikinci turda bəlli olacaq. İkinci turda cənab Ərdoğanın qələbə çalmaq ehtimalı daha çoxdur. Bu, ölkədə keçirilən rəy sorğularının nəticələrindən və ümumi ictimai-siyasi ab-havadan da aydın  görünür. Əslində, Türkiyədəki seçkilər bütün dünyanın həyəcanla izlədiyi siyasi hadisədir. Eyni zamanda, qardaş ölkə mayın 14-də keçirilən seçkilərdə seçicilərin kütləviliyinə və hər kəsi əhatə etməsinə görə dünyaya əsl demokratiya dərsi vermiş oldu. Bununla da Türkiyədəki hakimiyyəti antidemokratik adlandıranlar ciddi səhv etmiş olduqlarını anladılar.

Bu, bir reallıqdır ki, Azərbaycan ictimaiyyəti də Rəcəb Tayyib Ərdoğanın yenidən seçkiləri qazanacağına böyük ümidlər bəsləyir. Ona görə ki, məhz onun hakimiyyəti illərində Azərbaycanla Türkiyə dostluğu qardaşlıq zirvəsinə ucaldı. Xüsusilə İkinci Qarabağ müharibəsində qardaş Türkiyənin  ölkəmizə verdiyi mənəvi-siyasi dəstək bu müharibədəki tarixi Qələbəmizi sürətləndirdi. Düzdür, Zəfərin qazanılmasında Azərbaycan Ordusunun və xalqının qətiyyəti, o cümlədən Prezident İlham Əliyevin yüksək diplomatik bacarığı, sərkərdəlik qabiliyyəti öz  sözünü dedi. Lakin həmin dövrdə Azərbaycanın haqlı Zəfərinə mane olmaq istəyən xarici güclərə qarşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Qarabağ məsələsi Türkiyənin də milli məsələsidir» kimi qətiyyətli mövqe sərgiləməsi  onları geri çəkilməyə məcbur etdi. Eyni zamanda, bu dəstək  bütün türk dünyası üçün bir ilham qaynağı oldu

Hazırda Türkiyə öz hərbi gücü, Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı baxımından NATO  dövlətləri arasında ikinci yerdədir. Qardaş ölkə son 20 il ərzində həm siyasi, həm də iqtisadi baxımdan sürətli inkişaf yolu keçərək «Böyük İyirmilik»də (G20) mühüm yerə sahib olub. Dünya sənayesinin 80, ümummilli məhsulun 85, dünya ticarətinin isə 75 faizini təmsil edən «Böyük İyirmilik»də yer alması Türkiyənin əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir.

Təbii ki, Türkiyənin güclənməsi qardaş ölkə kimi bizisevindirir. Xüsusilə 2021-ci ilin 15 iyun tarixində iki dövlət arasında imzalanmış tarixi Şuşa Bəyannaməsi münasibətlərimizdə olduqca əhəmiyyətli bir addımdır. Bu, bütün dünyaya Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını bir daha nümayiş etdirməklə yanaşı, tarixisiyasi əhəmiyyətə malik müttəfiqlik haqqında hüquqi sənəddir. Burada hər iki ölkənin  müdafiə sənayesinin inkişafı, milli təhlükəsizlik  məsələləri öz əksini tapıb.

Bu gün qardaş Türkiyənin inkişafını, güclənməsini istəməyən qüvvələr xüsusilə seçki dönəmində müxtəlif çirkin vasitələrini işə salıblar. Qərbdən gələn müəyyən mesajlar göz önündədir. Onlar gərgin mərhələyə qədəm qoymuş bu seçkidən anti-Türkiyə fəaliyyəti üçün maksimum yararlanmağa çalışırlar. Lakin bu qüvvələr öz istəklərinə nail ola bilməyəcəklər. Birincisi, indi qarşılarında güclü bir dövlət varbu dövlətə təsir göstərmək o qədər də asan deyil. İkincisi, Türkiyə xalqı növbəti beş ildə kimi lideri görmək istəməsinə özü qərar verəcək.

Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident  seçilməsi imkan verəcək ki, növbəti beş ildə qardaş ölkə regional güc olmaq çərçivəsindən çıxıb dünya gücləri sırasına qovuşsun. Çünki  ər doğulmuş Ərdoğan daha qüdrətli Türkiyə naminə daha güclü liderdir.

Xüsusilə Türkiyənin son bir neçə ildə hərbi sənayedə qazandığı ciddi uğurlar dünyanı heyran edir. Belə ki, İkinci Qarabağ müharibəsində ordumuzun Türkiyə istehsalı olan PUA-lardan məharətlə istifadə edərək işğalçı Ermənistan ordusunu darmadağın etməsi hərb tarixinə qızıl hərflərlə yazıldı. Həmin uçuş aparatlarının döyüş tapşırıqlarını dəqiq və vaxtında icra etməsindən sonra dünyanın bir çox ölkələri Türkiyədən bu silahdan almaq üçün növbəyə durdu. Bu gün dünyanın ən qaynar nöqtəsi olan Ukraynanın ordusu Türkiyə istehsalı olan PUA-larla dünyanın surer gücünə qarşı cəsarətlə vuruşur. Qeyd edək ki, 2022-ci ildə Türkiyə yalnız PUA-ların ixracatından 3 milyard dollardan çox gəlir əldə edib.

Digər sevindirici xəbər isə Türkiyənin bu yaxınlarda dünyanın ilk hərbi PUA gəmisi – «TCG Anadolu»nu istifadəyə verməsidir. Gəmi orduda xidmətə tam hazırdır. Qardaş ölkə bu uğurlarını davamlı etmək üçün hərbi büdcəsini də hər il artırır. Belə ki, 2023-cü ildə bu sahəyə 468,7 milyard türk lirəsi (25.2 milyard dollar) ayrılıb. Halbuki bu vəsait 2019-cu ildə 20,6 milyard dollar, 2021-ci ildə isə 15,4 milyard dollar olmuşdu.

Bütün bunlar bir daha göstərir ki, qardaş Türkiyə nəinki dünyanın silah bazarında, hətta geosiyasi məkanında danılmaz gücə çevrilib. Bu isə o deməkdir ki, Türkiyənin hərbi qüvvələri geosiyasi nüfuzu  qədər qüdrətli olacaqsa, Azərbaycan dövləti o qədər güclü olacaqdır. Çünki o inkişafın hər bir məqamından ilk növbədə qardaş ölkə olaraq biz yararlanacağıq.

 

İki sahil.- 2023.- 25 may.- S.7.