Ordumuz hər zaman ayıq-sayıqdır!

 

Ermənistanın və havadarlarının bu gücün qarşısında dayana bilməyəcəkləri dəmir yumruqla təsdiqlənib

 

Dövlətçiliyin varlığı, ölkənin siyasi, iqtisadi inkişafı ilə yanaşı müdafiə qüdrəti ilə də bağlıdır. 1918-ci il iyunun 26-da ilk hərbi hissənin – Azərbaycan Əlahiddə Korpusunun yaradılması ilə bağlı qərar verən Azərbaycan Xalq Cümhuriyyətin (AXC) qurucuları milli dövlətçiliyimizin qorunması, ölkənin xarici müdaxilələrdən müdafiəsi üçün ordu quruculuğu istiqamətində müəyyən işlər gördülər.

Lakin Azərbaycanı zorla ilhaq edən Rusiya imperiyası xalqımızın bu istəklərini də yarımçıq qoydu. «Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər» söyləyən Prezident İlham Əliyev əlavə olaraq vurğulayıb ki,1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı ilk günlərdən AXC fədailərinin yarımçıq qalmış işlərini davam etdirən Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlar qarşıdakı onillər üçün nəzərdə tutulmuşdu. Sovetlər dövründə heç bir müttəfiq respublikada olmayan Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış internat məktəbin yaradılması, İttifaqın müxtəlif hərbi məktəblərində azərbaycanlı gənclərin təhsilə cəlb olunması, milli zabit kadrlarının hazırlanması Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsi, Azərbaycanın hərb tarixində yeni bir mərhələnin başlanğıcı oldu.

Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi dövrdə Ulu Öndər sovetlərin 75-ci motoatıcı diviziyasının, SSRİ-nin cənub sərhədlərini qoruyan «yaşıl papaq»lıların hərbi arsenallarının, silah-sursatlarının, texnikalarının muxtar respublikada qalmaqla bütün ordu hissələrinin Naxçıvandan çıxarılmasına nail oldu. Ulu Öndərin təşəbbüsü ilə Naxçıvanda ilk Sərhəd Dəstəsi yaradıldı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu sahədə islahatlarını davam etdirən Ulu Öndərin təşəbbüsü ilə Silahlı Qüvvələrimiz elmi-nəzəri əsaslar üzərində də təkmilləşdirildi. Yüksək ixtisaslı milli zabit kadrların hazırlanması üçün müxtəlif istiqamətli ali məktəblər yaradıldı. Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının təməlini ordumuzun daha da möhkəmləndirilməsində görən Ulu Öndər tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı. Nəticə uğurlu oldu.

 Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu və 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş doğma yurdlarına qayıdan keçmiş köçkünlər ermənilər tərəfindən dağıdılmış evlərini, tarixi abidələrini bərpa etdilər.

Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ümummilli Lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir. Birinci Qarabağ müharibəsində mətanət göstərən Silahlı Qüvvələrimiz Aprel döyüşlərini hərb tariximizə mərdlik nümunəsi kimi yazdılar.

Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı islahatlarının onun siyasi kursunun layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, İkinci Qarabağ müharibəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Paytaxtımızda keçirilən Zəfər paradı

Silahlı Qüvvələrimizin hərbi hazırlığının, müdafiə qüdrətimizin nümayişi kimi dostlarımızı sevindirdi, düşmənlərimizi kədərləndirdi. Adı dünyanın ən qüdrətli 50 ordusu sırasında çəkilən Silahlı Qüvvələrimizin hazırlığının NATO standartları səviyyəsində olması ölkədə aparılan islahatların nəticəsidir. Milli Ordumuzun təminatı üçün yaradılan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətə başlaması ilə Silahlı Qüvvələrimiz daha da gücləndi. Hazırda ordumuz üçün lazım olan bəzi ləvazimatlar, avadanlıqlar, mərmilər, patronlar yerli istehsal hesabına təmin edilir. Nazirliyin müəssisələrində hazırlanan məhsullar ixrac edilməklə 2014 və 2016-cı illərdə Bakıda keçirilən «ADEX» beynəlxalq hərbi müdafiə sərgilərində də maraq doğurdu.

 İkinci Qarabağ müharibəsində qazanılan Zəfərimiz Ali Baş Komandan İlham Əliyevin əmrlərini yerinə yetirən Silahlı Qüvvələrimizin döyüş salnaməsinin uğur səhifələridir. Şəhidlərimizin ruhu qarşısında borcumuzdur.

«Mən demişəm ki, biz güc toplayırıq və bu gücü toplamışıq. Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb» sözləri ilə ordumuzun qüdrətini Ali Baş Komandan kimi dünyaya bəyan edən Prezident İlham Əliyev ordu quruculuğu istiqamətində islahatları davam etdirir. Ali Baş Komandanın iştirakı ilə Hadrutda, Kəlbəcərdə yeni hərbi hissələrin açılması, komandoların peşəkarlığının, döyüş qabiliyyətinin artması ilə müdafiə qüdrətimiz daha da möhkəmlənir.

Həqiqət budur ki, Azərbaycan Ordusu təchizat, döyüş qabiliyyəti, müdafiə qüdrəti baxımından da regionda nümunəvidir. Silahlı Qüvvələrimizin ən müasir, beşinci nəsil silah-sursatlarla təmin olunması üçün müqavilələr bağlanılır. Ölkəmizi sudan, qurudan, havadan qoruyacaq texnikalar, hərbi avadanlıqlar alınır, mütəxəssislər hazırlanır. Düşmən kimi havadarları da bilirlər ki, Ermənistanla sərhəddə Azərbaycanın mövqeləri daha möhkəm və etibarlıdır. Belə ki, Ermənistan sərhədlərin müəyyənləşdirilməsi işində əvvəlki vərdişlərindən əl çəkməsə, vaxt uzatmağa çalışsa, dəmir yumruğun daha sarsıdıcı zərbəsi ilə üzləşəcək.

Ermənistan üzərində Qələbəmizdən iki ildən artıq müddət keçməsinə baxmayaraq imzalanan bəyanatlarda üzərinə düşən öhdəliyi yerinə yetirmək məsuliyyətindən yayınan Ermənistanın siyasi-hərbi rəhbərliyi təxribatlar törətməklə sülh sazişinin imzalanmasını ləngidir. İstər münaqişə dövründə, istərsə də İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə Ermənistanı müxtəlif təyinatlı hərbi avadanlıqlarla təmin edən Fransa, İran, 40 il müddətinə hərbi əməkdaşlıq sazişi imzaladığı Rusiya hələ də işğalçını silahlandırırlar. Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının dəstəyinə arxayınlaşan separatçı- terrorçular sərhəd bölgələrindəki Azərbaycanın mövqelərini atəşə tuturlar. Amma havadarlarından nə qədər dəstək alsalar da Azərbaycanın qüdrətli ordusunun gücü qarşısında tab gətirmirlər. Bütün təxribatlarının qarşısı əsgər və zabitlərimizin cəsarəti ilə alınır. Təxribatların törədilməsində Fransanın himayədarlığının heç bir nəticə verməyəcəyini «Onlar bir-birinə bacı deyirlər və onların özü də mən görürəm, yoldaşlar xüsusilə bunu qeyd etdilər. Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər bunlar. Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev anti-Azərbaycan tezislərinin, bəyanatların heç bir nəticə verməyəcəyini də bildirir.

Ermənistandan fərqli olaraq bütün öhdəliklərini yerinə yetirən Azərbaycanın beynəlxalq təşkilatlardakı nüfuzu artır, siyasəti dəstəklənir. Ölkəmizin xarici siyasət konsepsiyasının əsasını təşkil edən əməkdaşlıq, dostluq, qarşılıqlı inam, başqalarının daxili işlərinə qarışmamaq prinsiplərinə hörmətlə yanaşılır. Manipulyasiyalarına son qoymayan Ermənistan unutmamlıdır ki, xalqımızın səbri sonsuz deyil. Tarixi ədaləti bərpa edən Azərbaycan sona qədər istəyinə nail olacaq. Soydaşlarımız doğma torpaqlarına, Qərbi Azərbaycana da qayıdacaqlar. Bunun başqa yolu yoxdur.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2023.- 25 may.- S.7.