Ulu Öndər Heydər
Əliyevin neft
strategiyası ilə başlanan uğurlu inkişaf yolu
Ulu Öndər Heydər
Əliyevin xalqımız qarşısındakı xidmətlərini
saymaqla bitirmək mümkün deyil. Bu yazıda onun
çoxsaylı xidmətlərindən yalnız biri – neft
strategiyası haqqında qısa məlumat verilir.
Neft
və təbii qazı çox vaxt planetimizin qara və mavi
qızılı da adlandırırlar. Bu bənzətmə
heç də təsadüfi deyil. Həqiqətən də
müasir insan cəmiyyətini neft və təbii qaz olmadan təsəvvür
etmək mümkün deyil. Bu təbii sərvətlər bir tərəfdən
ölkələrin enerjiyə olan tələbatını
ödədiyi halda, digər tərəfdən neft-kimya sənayesi
üçün ən qiymətli xammal sayılırlar.
Müasir dövrdə həmin xammallar əsasında
alınan və gündəlik məişətimizdən
tutmuş sənaye və texnikanın ən müxtəlif sahələrində
işlədilən maddələr o qədər çoxdur ki,
onların dəqiq sayını söyləmək belə
çətinlik törədir. Elə bu səbəbdəndir
ki, son illərdə praktiki olaraq dünyanın bütün
ölkələrində neft və qaza olan tələbat
durmadan artmaqdadır. Həm də elə bu səbəbdən
beynəlxalq ticarətdə, ən başlıcası isə
siyasətdə neft və qaz amili demək olar ki, ən
aparıcı amilə çevrilmişdir. Bu gün
dünyada, eləcə də bizə yaxın bölgələrdə
baş verən qaynar hadisələrin arxasında əsasən
neft amilinin durduğu hətta siyasətdən uzaq insanlara da bəllidir.
Neft amilinin dünya siyasətinə nə qədər
güclü təsir göstərdiyini keçən əsrin
70-ci illərinin əvvəllərində baş vermiş məlum
hadisələrdən də görmək olar. O vaxtlar Qərb
ölkələrinin istəyinin əksinə olaraq
dünyanın əsas neft ixracatçısı olan Yaxın
və Orta Şərq ölkələrinin və SSRİ-nin
neft hasilatını azaltmaq və onun qiymətini qaldırmaqla
bağlı çıxardıqları qərar həmin Qərb
ölkələrində və ABŞ-da uzun müddət davam
edən enerji böhranına gətirib
çıxarmışdı. Elə son illərdə Rusiya
Federasiyasının neft və qaz amilindən istifadə edərək
Qərb ölkələrinə göstərdiyi təzyiq,
onları özündən enerji asılılığına
salması da deyilənlərə bariz misal ola bilər.
Yuxarıda
söylənilənlərə əsasən belə bir
yanlış fikir formalaşa bilər ki, zəngin karbohidrogen
ehtiyatlarına malik ölkələr mütləq iqtisadi və
siyasi cəhətdən də qüdrətli ölkələr
siyahısında olmalıdırlar. Lakin tarixi təcrübə
göstərir ki, bu fikri heç də neftlə zəngin olan
ölkələrin hamısına aid etmək olmaz. Onların
sırasında elələri də vardır ki, deyilənlərin
əksinə olaraq bu gün istər iqtisadi, istərsə də
siyasi baxımdan ən ağır durumdadırlar. Məsələn,
Nigeriyada olduğu kimi.
Tarixi
təcrübə onu da birmənalı olaraq sübut
etmişdir ki, təbii sərvətlərindən istifadə
ilə bağlı milli maraqlara söykənməyən siyasət
yürüdən ölkələrin taleyi elə Nigerya kimi
ölkələrin taleyindən fərqlənmir. Onların sərvətlərindən
əldə edilən sərmayə öz xalqlarının
firavanlığına deyil, yadellilərə xidmət edir.
Şükürlər
olsun ki, zəngin karbohidrogen ehtiyatlarına malik respublikamızda
müstəqilliyimizin bərpasından sonra neft siyasəti həyata
keçirilərkən bütün bu amillər nəzərə
alınmış, daha rasional yol seçilmişdir. Bu işdə
xalqımızın bəxti onda gətirmişdir ki, ölkəmiz
üçün həlledici olan həmin dövrdə
dünya şöhrətli siyasi xadim, böyük dövlət
adamı, Ulu Öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinə
gəlmişdir. Həmin dövrlərdə respublikamızda
mövcud olan ictimai-siyasi mənzərə güman edirəm
ki, hamımızın gözü önündədir. Müstəqilliyinə
yenicə qovuşmuş ölkəmiz saysız-hesabsız
problemlərlə üz-üzə qalmışdı.
Qeyri-sabit vəziyyətin mövcud olduğu, vətəndaş
müharibəsi təhlükəsinin başımızın
üstünü aldığı, total böhranın hökm
sürdüyü, mənfur qonşularımız və
onların havadarlarının süni şəkildə
yaratdıqları “Dağlıq Qarabağ münaqişəsi”
ilə bağlı yaranmış problemlərin üst-üstə
yığıldığı bir zamanda Azərbaycan müstəqil
ölkə kimi ilk addımlarını atmağa
başlamışdı.Ölkəmizin gələcəyi
üçün lazımi tədbirlərin görülməsi
böyük bir tarixi zərurət idi. Məhz belə bir
çətin dövrdə dövlətimizin və dövlətçiliyimizin
əsasları Ulu Öndər Heydər Əliyevin uzaqgörən
və müdrik siyasəti nəticəsində
formalaşdırılırdı. Hələ o vaxtlar Ulu
Öndər söyləyirdi ki, iqtisadiyyatı möhkəm
olmayan, iqtisadi müstəqilliyi olmayan ölkənin siyasi
müstəqilliyindən danışmaq olmaz. Ölkəmizin
iqtisadi müstəqilliyinin əldə edilməsi
üçün konkret addımlar atılmış, çox
mühüm iqtisadi və siyasi islahatlar həyata keçirilməyə
başlanmışdı. Heç şübhəsiz
onların içərisində ən mühümü və
çox böyük tarixi əhəmiyyət kəsb edəni
1994-cü il sentyabr ayının 20-d “Əsrin müqaviləsi”nin
imzalanması olmuşdur. Belə ki, Ulu Öndər
yaxşı bilirdi ki, neft strategiyasını düzgün
qurmadan qarşıya qoyulmuş möhtəşəm siyasi və
iqtisadi vəzifələri həyata keçirmək
mümkün olmayacaq. Bu isə sonda böyük çətinliklər
və qanlar bahasına əldə etdiyimiz müstəqilliyimizin
itirilməsinə, bizim də mənfur qonşularımız
kimi forpost ölkəyə çevrilməyimizə gətirib
çıxaracaqdır. O da bəlli idi ki, böyük miqdarda
sərbəst maliyyə vəsaitlərinə malik olmadan neft
yataqlarını yerli resurslar hesabına geniş miqyasda
istismar etmək mümkün deyildir. Məhz bu səbəbdən
həmin dövrdə Azərbaycana sərmayə
axınına nail olmaq ölkəmiz üçün həyati
əhəmiyyət kəsb edən bir məsələ idi.
Bununla belə, yuxarıda göstərilən səbəblərdən,
eləcə də şimal və cənub
qonşularımızın neft kontraktlarının
imzalanmasına cidd-cəhdlə mane olmağa
çalışmaları (dəfələrlə ölkədə
dövlət çevrilişinə edilən cəhdlər,
Ulu Öndərə qarşı hazırlanan sui-qəsd
planları, Xəzərin sahilyanı ölkələr
arasında pay bölgüsünü aparmadan neft
yataqlarının istismara başlanmasının mümkün
olmadığını iddia etmələri, istismarı nəzərdə
tutulan yataqların perspektivsiz yataqlar olması fikirini ortaya
atmaları və s.) Azərbaycanı dünyada çox riskli
bir dövlət kimi tanıtmışdı. Belə bir vəziyyətdə
xarici investorların ölkəyə dəvət edilməsi və
buna müsbət cavab alınması möcüzə kimi
görünürdü. Lakin Ulu Öndərin fövqəladə
bacarığı bu möcüzəni reallığa
çevirdi. Sözsüz ki, bu hadisə Heydər Əliyev
siyasətinin çox böyük uğuru idi. Şübhə
yoxdur ki, dünyanın nəhəng neft şirkətlərinin
Azərbaycana dəvət edilməsi onlar üçün
lazımi şərait yaradılmadan, qoyulacaq investisyaların
qorunacağına dair etibarlı təminat verilmədən, o
cümlədən qanunvericilik sahəsində lazimi addımlar
atılmadan mümkün düyildi. Bütün bu
sadalananların öhdəsindən Ulu Öndər Heydər
Əliyev layiqincə gələ bildi. Sösüz ki, onun
şəxsi nüfuzu, hələ sovet dövründən
dünyanın söz sahibi ölkələrində qüdrətli
bir dövlət xadimi kimi tanınması bu işdə
çox mühüm amillərdən biri olmuşdur. Beləliklə,
1994-cü il sentyabır ayının 20-də yenicə
müstəqilliyini bərpa etmiş respublikamız
üçün çox böyük tarixi əhəmiyyət
kəsb edən bir hadisə- “Əsrin kontraktı”
imzalandı. Azərbaycanın Xəzər sektorunda yerləşən
“Azəri”, “Çıraq”, “ Günəşli” (AÇG) neft
yataqlarının birgə istifadəsini nəzərdə
tutan bu müqavilə dünyaca məşhur bir çox neft
şirkətləri – BP (Böyük Britanya) , “Amoko” (ABŞ),
“Lukoil” (Rusiya), “Statoil” (Norveç),
“Türkişh Petrolium” (Türkiyə),
“Unokal” (ABŞ), “İtochuco” (Yaponiya), “Ramco” (Böyük
Britaniya), “Delta” (Səudiyyə Ərəbistanı), “Penzoil”
(ABŞ) və “Exon” (ABŞ) şirkətləri ilə Azərbaycan
Respublikası Dövlət Neft şirkəti (ARDNŞ)
arasında 30 il müddətinə imzalanmışdır.
SOCAR 2017-ci ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin
23-cü ildönümündə Bakıda “Azəri-Çıraq-Günəşli”
(AÇG) yataqlar blokunun işlənməsi üzrə
Hasilatın Pay Bölgüsünün düzəliş
edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA)
imzalanmışdır. Yenilənmiş sazişlə
“Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək
uzadıldı. Bu hadisə sözün əsl mənasında
Heydər Əliyev neft strategiyasının böyük təntənəsi
idi. “Əsrin müqaviləsi” həm də ona görə
tarixi hadisə sayılmalıdır ki, xarici şirkətlərlə
əməkdaşlığımızın ilk təcrübəsi
uğurlu olmuşdur. Birinci kontraktdan sonra Azərbaycana maraq
artmış, ölkəmiz özünü dünyada
etibarlı tərafdaş kimi tanıda bilmişdir ki, bu da
sonrakı mərhələlərdə çox vacib idi.
“Əsrin
müqaviləsi“ imzalanmaqla Azərbaycanda nəhəng neft
siyasətinə başlanmış və bu iş Heydər
Əliyev siyasətinin layiqli davamçısı Prezident
İlham Əliyev tərəfindən bu gün də
uğurla davam etdirilir.
“Əsrin
müqaviləsi” imzalandıqdan cəmi üç il sonra
(1997-ci il) ilk neft hasil olunmuş, beş il sonra (1999- cu il ) isə
mənfəət nefti ixrac olunmağa
başlanmışdır. Bundan sonra qarşıda duran əsas
vəzifələrdən biri, həm də ən
mühümü çıxarılan nefti xarici bazarlara
çatdırmaq üçün neft kəmərlərinin
inşası idi. Doğrudur, bu məqsədlə sovet
dövründən qalan neft kəmərlərindən
(Bakı–Novorossiysk, Bakı-Supsa) müəyyən təmir və
yenidənqurma işləri aparıldıqdan sonra istifadə
edilə bilərdi və edildi də. Lakin Ulu Öndər
gözəl bilirdi ki, Azərbaycan neftinin taleyini yalnız həmin
kəmərlərin öhdəsinə buraxmaq gələcəkdə
böyük problemlər yarada bilər. Buna görə də,
neft kəmərlərinin (sonralar isə həm də qaz kəmərlərinin)
şaxələndirilməsinə (diversifikasiyasına) nail olmaq
müstəsna əhəmiyyət kəsb edən bir problem
kimi qarşıda dururdu. Bu problemin həlli də Heydər
Əliyevin neft strategiyasının ən mühüm tərkib
hissələrindən biri idi. Şükürlər olsun ki,
çoxsaylı, həm də çox ciddi maneələrə
baxmayaraq sonda Ulu Öndərin bu ideyası da reallığa
qovuşdu. Təsadüfi deyil ki, Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin
tikintisi və onun istifadəyə verilməsi elə “Əsrin
müqaviləsi” kimi çox möhtəşəm tarixi hadisə
sayılır. Möhtərəm Prezidentimiz İlham
Əliyevin də qeyd etdiyi kimi,BTC-nın tikilib istifadəyə
verilməsi təkcə ona görə tarixi hadisə
sayılmır ki, o ilk dəfə olaraq Xəzər dənizinin
neftini Aralıq dənizinin bazarlarına çıxardı, həm
də ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz
açdı. Bölgədəki çox çətin
geosiyası vəziyyətə baxmayaraq xarici investorlar bu layihəyə
də böyük vəsait cəlb etdilər , beynəlxalq
maliyyə qurumları isə öz dəstəyini göstərdilər.Bununla
da neft kəmərlərinin şaxələndirilməsi ilə
bağlı ideya da reallaşdırıldı . Bu gün
artıq üç istiqamətdən nəql edilən neftimiz
(BTC əsas istiqamət olmaqla) dünya bazarlarına çox
etibarlı şəkildə çatdırılır.
BTC-nin
reallaşması Heydər Əliyevin neft strategiyasının
ikinci böyük təntənəsi idi. “Əsrin müqaviləsi”
Azərbaycanın iqtisadi müstəqilliyinin və bununla həm
də siyasi müstəqilliyinin məhək daşına
çevrilərək azad iqtisadi mexanizimlərin tətbiqini və
dünya iqtisadiyyatına dinamik inteqrasiyanı təmin edərək
ölkəmizin inkişafında müstəsna əhəmiyyətə
malik rol oynamışdır. Sonrakı mərhələlərdə
xarici investisiyaların, ən müasir avadanlıq və
texnologiyaların, o cümlədən idarəetmə təcrübəsinin
ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə
yüksək kefiyyətli, rəqabət qabiliyyətli məhsulların
istehsal edilməsi, dövlətimizin müəyyən etdiyi
iqtisadi inkişaf strategiyasının mühim tərkib hissəsinə
çevrilmişdir. Neftdən gələn gəlirlərin sayəsində
maliyyələşən daxili investisiyaların artımı
hesabına iqtisadiyyatda tarazlı inkişaf təmin edilmiş,
yüz minlərlə yeni-yeni iş yerlərinin
açılması mümkün olmuşdur. Möhtərəm
Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, məhz bunun nəticəsində
Azərbaycanda yoxsulluq səviyyəsində yaşayanların
sayı ilbəil azalmaqda davam edir. Ölkəmizdə ilbəil
artan büdcə gəlirləri sosial sahələrin
ehtiyaclarının qarşılanmasında əhəmiyyətli
mənbəyə çevrilmişdir. Təhsilə və səhiyyəyə,
ordu quruculuğuna, eləcə də cəmiyyət həyatının
digər sahələrinə yönəldilən vəsaitlər
neft gəlirlərindən səmərəli istifadənin
göstəriciləridir. Artıq ölkəmiz region dövlətləri
arasında istər iqtisadi, istər siyasi, istərsə də
hərbi cəhətdən qüdrətli bir dövlətə
çevrilmişdir. Son illər Azərbaycanın təkcə
müdafiə sahəsinə ayırdığı büdcə
xərcləri təcavüzkar Ermənistanın bütün
xərclərindən yüksək olur. Digər tərəfdən,
Qarabağ həqiqətlərinin dünyaya olduğu kimi
çatdırılmasında da “Əsrin müqaviləsi”nin
müstəsna rolu olmuşdur. İkinci Qarabağ müharibəsində
əldə etdiyimiz möhtəşəm Qələbənin
təməli də Ulu Öndərin neft strategiyası ilə
qoyulmuşdu. “Əsrin müqaviləsi” həm də
Bakının dünyanın neft mərkəzi olmaq
şöhrətini özünə qaytardı. O, Azərbaycanın
bugününü yaratdı, gələcəyini müəyyən
etdi. Həm müasirlərimiz, həm də gələcək
nəsillər üçün Azərbaycan Respublikası
Dövlət Neft Fondunu formalaşdırdı.
Ölkəmizdə,
eləcə də onun ayrılmaz tərkib hissəsi olan
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən
möhtəşəm quruculuq işləri də məhz
“Əsrin müqaviləsi”nin imzalanması, Ulu Öndərin
neft strategiyasının reallaşması sayəsində
mümkün olmuşdu (təkcə son bir neçə ildə
respublikamızda həyata keçirilən quruculuq işləri
bütün sovet dövründə olduğundan daha
çoxdur desək, zənnimcə yanılmarıq).
Qeyd
etmək lazımdır ki, bu gün respublikamızda qeyri-neft
sektorunun inkişafı da sürətlə gedir və buna təkan
verən də məhz neft siyasəti, neft strategiyası
olmuşdur. Onu da qeyd etmək vacibdir ki, “Əsrin kontraktı”
Ulu Öndər Heydər Əliyevin daha bir xidmətinin parlaq
şəkildə üzə çıxmasına səbəb
oldu. Belə ki, vaxtı ilə -1970-ci illərdə Heydər
Əliyev tərəfindən göstərilən təşəbbüslər
nəticəsində yaradılmış infrastruktur
kontraktın sürətlə icra olunmasına xidmət
göstərdi. Əgər Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi birinci dövrdə dərin özüllər zavodunu
tikdirməsəydi müqavilənin icrası çox yubana bilərdi.
Həmin dövrdə Ulu Öndərin Bakıda neft
avadanlıqları zavodunu, neftayırma və neft emalı
zavodlarını və s. tikdirməsi, neftlə zəngin
yataqların istismarını ləngidərək gələcək
nəsillərə saxlaması da kontraktın imzalanmasına təkan
verən amillərdən sayılmalıdır.
Beləliklə,
müstəqillik əldə etdikdən sonra Azərbaycanın
qazandığı bütün uğurlarda Ulu Öndər
Heydər Əliyev siyasi kursunun və onun tərkib hissəsi
olan neft strategiyasının əvəzedilməz rolu
olmuşdur. Bu strategiya beynalxalq birliyin Azərbaycana
inamını, etimadını formalaşdıran əsas
amildir. Bu, həm də iqtisadi amildən siyasi təsir vasitələrinə
çevrilərək ölkəmizin geosiyasi maraqlarını
təmin edən, qlobal məkana inteqrasiyanı
reallaşdıran, Cənubi Qafqazda, eləcə də digər
bölgələrdə enerji təhlükəsizliyini qoruyan və
sabitliyi mühafizə edən, əhalinin sosial təminatını,
dövlətin iqtisadi rifah və tərəqqisini
stimullaşdıran vacib faktordur.
Bu
gün ölkəmizin dinamik sosial-iqtisadi inkişaf yolunda
inamla irəliləməsi, iqtisadi inkişaf tempinə görə
böyük uğurlar qazanması, öz milli
maraqlarını müvəffəqiyyətlə təmin etməyə
qadir bir dövlət kimi müstəqil siyasət
yürütməsi, iri tutumlu layihələri həyata
keçirməsi, büdcə gəlirlərini ildən- ilə
əhəmiyyətli dərəcədə artırması,
müdafiə qüdrətini yüksəltməsi və
İkinci Qarabağ müharibəsində möhtəşəm
qələbə qazanması və s. Ulu Öndər Heydər
Əliyevin böyük uzaqgörənliklə əsasını
qoyduğu neft strategiyası sayəsində mümkün
olmuşdur. Sonralar respublikamızda qaz əsrinin
başlanması, Avropanın enerji təhlükəsizliyinin təminində
oynadığı mühüm rol da Ulu Öndərin neft
strategiyası reallaşmadan mümkün olmazdı.
Şübhə yoxdur ki, bu siyasət bundan sonra da Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdiriləcəkdir.
Tofiq Əliyev,
Azərbaycan Respublikası Elm və
Təhsil Nazirliyi
Təbii Ehtiyatlar İnstitutunun
direktoru,
AMEA-nın müxbir üzvü,
professor
İki sahil.- 2023.- 25 may.- S.6.