Bakı-Tbilisi-Ceyhan: Şərq-Qərb enerji

dəhlizinin əsasını təşkil edən layihə

 

Kəmərə ilk neftin vurulmasından 18 il ötür

 

Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilməsi ilə reallaşanUlu Öndər Heydər Əliyevin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının həlli və uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, qəbul olunur. Əminliklə demək olar ki, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü ötən müddətdə artıq öz təsdiqini tapıb.

Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birinixarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi. Ümummilli lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Ulu Öndərin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu ilin noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə də, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı. BP şirkəti layihənin operatoru seçildi və kəmərin tikintisi, istismarı üçün isə “BTC Ko.” şirkəti yaradıldı.

Nəhayət, 2002-ci il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Bununla da, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsinə başlanıldı.

2003-cü ilin fevral ayında Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verildi. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirildi. 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları İlham Əliyev, Mixeil Saakaşvili və Əhməd Necdət Sezər terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başladı. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına ixracı başlandı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

BTC artıq tam sistem kimi 17 ilə yaxındır - 2006-cı ilin ortalarından fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir. 2023-cü ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə təqribən 53 milyon barel (təxminən 7 milyon ton) xam neft nəql olunub. Bu barədə BP-nin hesabatında bildirilir. Həmçinin, 2022-ci ilin birinci rübündə BTC ilə təqribən 51 milyon barel (təxminən 6,7 milyon ton) xam neft nəql olunmuşdu. Beləliklə, boru kəməri ilə daşınmaların həcmi illik hesablamada 3,9 faiz artıb. 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 4 milyard bareldən çox (539 milyon ton) xam neft nəql edilib və 5314 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neftkondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin texniki-iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan, Gürcüstan və Türkiyəni, bu ölkələrin xalqlarını bir-birinə daha da yaxınlaşdırır, bölgəyə sülhsabitlik gətirir, təhlükəsizliyimizi, ölkələrimizin dünyada mövqeyini möhkəmləndirir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyir. Respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasiiqtisadi inkişafına, rifahına xidmət edir. 2014-cü ilin 20 sentyabr tarixi Azərbaycanın enerji siyasətinə qızıl hərflərlə yazılan yeni bir möhtəşəm hadisə ilə yadda qaldı. “Əsrin müqaviləsi”nin 20 illik yubileyində müxtəlif dövlət və hökumət başçılarının, rəsmi şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin iştirakı ilə Səngəçal terminalında digər nəhəng transmilli layihənin - “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Qeyd etmək lazımdır ki, Səngəçal terminalı öz neftqaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirdi. 14 sentyabr 2017-ci ildə isə “Əsrin müqaviləsi”nin imzalanmasının 23-cü ildönümü ərəfəsində imzalanan yeni sazişlə neft strategiyamızda yeni dövrün əsası qoyuldu. Sazişə əsasən,“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bütün bu amillər isə dövlətimizin maddi imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində rolunu daha da artıracaqdır.

Ümumiyyətlə, Azərbaycanın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasiiqtisadi inkişafına, rifahına xidmət edir. Respublikamızın həyata keçirdiyi neftqaz layihələri bu gün dünyada enerji inkişafının möhkəm bünövrəsidir. Bütün bu uğurların təməli isə “Əsrin müqaviləsi”nə söykənir.

 

Sevinc Azadi

 

İki sahil.- 2023.- 25 may.- S.3.