Ulu Öndər Heydər
Əliyev bütün dövrlərdə
öz doğma xalqına sədaqətlə xidmət
edib
2023 Heydər Əliyev İli
Gözlərində
açılır bu millətin səhəri,
Sənin adınla bağlı bu xalqın hər zəfəri.
Qədəmin
dəyən yerdə səhralar da gül açır,
Gülüstana çevrilir yurdun kəndi, şəhəri.
Günəş
doğur elə bil, harda çəkilir adın,
Dosta fəxarət gəlir, gözü kor olur yadın.
Azərbaycan
deyəndə səni düşünürük biz,
Azadlığa inamı xalqa sən
bağışladın.
Yazıma Baba Vəziroğlunun “Sən elə bir zirvəsən”
adlı şeirindən misralarla başladım. Bu şeir səslənəndə
hər birimiz müasir Azərbaycan dövlətinin
xilaskarı, memarı və qurucusu kimi tarixə
düşmüş, xalq üçün yaşadan və
yaradan, milyonların sevimlisi olan Heydər Əliyevi
şüurumuzda və gözlərimizin önündə
canlandırırıq. “Azərbaycan mənim nəfəsimdir,
Azərbaycan mənim həyatımdır” deyən Ümummilli
Lider bütün ömrünü Azərbaycan xalqına xidmətə
həsr etmiş, xalqın xoşbəxt gələcəyi
üçün canından keçməyə belə
hazır olmuşdur. Azərbaycanlı olmağı ilə
fəxr edən dahi, misilsiz fəaliyyəti ilə “Nə qədər
ki Azərbaycan var, mən də varam” kəlamını
reallığa çevirmişdir…
Bütün
dövrlərdə
hər bir xalqın tarixində onun xilaskarı kimi
dərin izlər qoyan və xalqın fəxrinə çevrilən
dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan
xalqının da tarixində xilaskar kimi yadda qalan, böyük fəxrlə
yad etdiyimiz dahi şəxsiyyət
Heydər Əliyevdir. Azərbaycan xalqının nicatı, ictimai-siyasi, iqtisadi
və mədəni həyatının bütün sahələrində
dirçəlişi, demokratik və bəşəri dəyərlərə
sadiq müstəqil bir dövlət kimi formalaşması Ulu
Öndər Heydər Əliyevin uğurlu siyasi fəaliyyətinin
bəhrəsidir. Ulu
Öndər Heydər Əliyev bütün dövrlərdə
öz doğma xalqına sədaqətlə xidmət
etmiş, Azərbaycan dövlətinin müstəqilliyi və
Azərbaycan xalqının rifahı naminə öz həyatını
itirmək təhlükəsi ilə üz-üzə
qoymuş, lakin heç vaxt öz əqidəsindən, müqəddəs
amalından geri çəkilməmişdir. Müstəqil Azərbaycan dövlətinin
memarı, Ulu Öndər Heydər Əliyevin zəngin
dövlətçilik irsi və əbədiyaşar
ideyaları daim xalqımızın firavan həyatının
təmin olunmasına, dövlətimizin güclənməsinə
və qüdrətlənməsinə misilsiz töhfələr
vermişdir. Dahi şəxsiyyətin həyat fəlsəfəsinin
ana xəttini isə öz
xalqına həmişə sədaqətlə
xidmət etmək, Azərbaycan Respublikasını müstəqil
bir dövlət kimi formalaşdırmaq və onu dinamik
inkişaf yoluna qoymaq olmuşdur. Onun fəaliyyətinin ilk dövründən
başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin - bu
məqsədi daşıdığının şahidi oluruq.
Ona görə də
Heydər Əliyev irsini daim öyrənmək,
qorumaq, təbliğ və tətbiq etmək bugünkü və
gələcək nəsillərin qarşısında duran ən
vacib və aktuallığını heç vaxt itirməyən məsələdir.
Heydər Əliyevi fərqləndirən başlıca
xüsusiyyətlər yüksək əzmkarlığı
hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi,
özünə və ətrafındakılara qarşı tələbkarlığı,
reallığı əks etdirən prinsipial mövqe
tutması, üzərinə düşən vəzifəni
maksimum səviyyədə uğurlu nəticə ilə yerinə
yetirməsi olmuşdur. Komitədə işlədiyi dövrdə kəşfiyyat
və əks-kəşfiyyat məsələlərinə dair
ən çətin tapşırıqları Heydər
Əliyev lazımi səviyyədə yüksək peşəkarlıqla
icra edirdi. Heydər Əliyevin sonrakı fəaliyyətini isə
4 mərhələdə, yəni Azərbaycan Respublikasına
birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illəri,
SSRİ rəhbərliyində təmsil olunduğu 1982-1987-ci
illər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatı və sədri olduğu 1990-1993-cü illər və
müstəqil Azərbaycan Respublikasına ikinci dəfə rəhbərlik
etdiyi 1993-2003-cü illəri əhatə edən dövrdəki gördüyü
işlərə əsasən xarakterizə etmək olar.
Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan
rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin
geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda
həyat ritmini büsbütün dəyişdi. Respublikada
görünməmiş canlanma və yüksəliş,
tikinti-quruculuq işləri başlandı. Məhz Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə
bugünkü dövlət müstəqilliyimizin möhkəm
təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi
yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi
istiqamətində qətiyyətli addımlar atıldı.
Hər il yüzlərlə gənc hərbi
ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən
qabaqcıl ali məktəblərinə göndərildi.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul
edilməsi və burada Azərbaycan dilinin dövlət dili kimi
təsbit edilməsi məhz Ümummilli Lider Heydər
Əliyevin müstəsna xidmətlərindəndir.
Sonralar
Ulu Öndər Heydər Əliyevin SSRİ kimi nəhəng
dövlətin rəhbərliyində Siyasi Büronun
üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi
yüksək mövqe və vəzifə tutması
qürurverici hadisə olmaqla, Azərbaycan
üçün xüsusilə böyük önəm kəsb
etdi. Ümummilli Lider artan
nüfuzundan və yüksək vəzifənin
açdığı imkanlardan istifadə edərək, İttifaq
büdcəsindən Azərbaycana daha çox vəsait
ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin
Bakıya yönəldilməsinə nail oldu və nəticədə
Azərbaycan keçmiş ittifaqın qabaqcıl
respublikalarından birinə çevrildi.
1990-cı illərin əvvəllərini, Azərbaycanın
müstəqillik tarixinin ilk illərində dərin
böhranın hökm sürdüyü vaxtları yada salaq. O dövrdə ölkəyə
rəhbərlik edənlərin qətiyyətsizliyi, cəsarətsizliyi,
yaranmış tarixi şansdan istifadə edə bilməmələri
müstəqilliyini yenicə qazanmış Azərbaycanı
addım-addım ağır böhranlı vəziyyətə
yaxınlaşdırırdı. Bir tərəfdən
mənfur qonşularımızın torpaqlarımızı
işğal etməsi, digər tərəfindən ölkə
daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı
ciddi təhlükələrə doğru sürükləyirdi.
Bu təhlükəli vəziyyətdən
ölkəmizi yalnız böyük dövlət xadimi, dahi
şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi.
Və belə bir ağır vəziyyətdə,
dövlətin varlığı, xalqın gələcək
müqəddəratı sual altında qaldığı belə
bir çətin dövrdə – 1993-cü ilin iyununda dahi şəxsiyyət
Heydər Əliyev xalqın təkidli tələbi ilə
Naxçıvandan Bakıya gəldi. Ulu
Öndər Heydər Əliyev xilaskarlıq missiyasını
yerinə yetirərək bütün təhlükələri
dəf etdi və müstəqilliyimizin dönməzliyi təmin
olundu. Daim xalqına arxalanan Ulu Öndər
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə
ölkəmizin müstəqilliyini qorudu, bütün sahələrdə
tüğyan edən ictimai-siyasi böhranı aradan
qaldırdı. Dahi şəxsiyyətin hakimiyyətə
gəlişi ilə dövlət idarəçiliyi mexanizmi
yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı
siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata
keçirildi,xalqımızın milli birliyi və həmrəyliyi
təmin olundu, torpaqlarımızın müdafiəsi ilə
bağlı mühüm addımlar atıldı. 1994-cü
ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət
kəsb edən atəşkəsə nail olundu. Məhz Heydər Əliyevin müdrik və
uzaqgörən siyasəti sayəsində xalqımız
çoxdan arzusunda olduğu əsl müstəqilliyinə
qovuşdu.
Öz fəaliyyətini Azərbaycanın hərtərəfli
inkişafına həsr edən Ulu Öndər, eyni zamanda,
dövlətin hüquqi bazasının möhkəmləndirilməsi
istiqamətində növbəti addımlarını atdı. Məhkəmə
islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin,
Ombudsman təsisatının və digər mühüm
institutların yaradılması, ölüm
hökmünün ləğv edilməsi kimi islahat xarakterli
addımlar ölkədə demokratikləşmə prosesinin
irəliyə aparılmasında mühüm rol oynadı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə
Azərbaycanın gələcəyini müəyyənləşdirən
neft strategiyası işlənib hazırlandı və həyata
keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi
böyük dövlətlərin etirazlarına baxmayaraq Ulu
Öndərin səyi nəticəsində Xəzərin Azərbaycan sektorundakı “Azəri”,
“Çıraq” və “Günəşli” neft
yataqlarının birgə
işlənməsinə
dair öz əhəmiyyətinə görə 20 sentyabr
“Əsrin müqaviləsi” adını almış beynəlxalq
müqavilə dünyanın 8 ölkəsini təmsil edən
13 iri transmilli şirkət tərəfindən
imzalandı. Bundan sonra Azərbaycanın enerji resurslarını dünya bazarlarına
çıxarmaq üçün Bakı- Tbilisi- Ceyhan və
Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin
tikintisinə başlandı. Bütün bunlar
Ümummilli Liderin özünün dediyi kimi, Azərbaycanın
müstəqilliyinin dönməz və əbədi
olmasını təmin edən mühüm addımlar idi.
Bu, sözün əsil mənasında,
“ömrümün qalan hissəsini də xalqıma
bağışlayıram” deyib, meydana atılan böyük
ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni
qarşısında misilsiz fədakarlığı idi.
Ümummilli Lider daxili və xarici qüvvələrin
dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə
baxmayaraq öz həyatı, sağlamlığı
bahasına gecəli-gündüzlü fədakar əməyi
hesabına müstəqil Azərbaycan dövlətini qurdu və
möhkəmlətdi.
Heydər
Əliyevin xalqımızın qarşısında ən
böyük xidmətlərindən biri cənab İlham
Əliyev kimi lider yetişdirməsi olub
Dahilərin
böyüklüyü
ondadır ki, onlar hər şeyin əvvəlini
bildikləri kimi, sonunu da görür və dərk edirlər.
Heydər Əliyev də məhz belə dahilərdən
idi. Heydər Əliyevin son qərarı əslində
Azərbaycana son borcu, son xidməti idi. Bu qərardan
Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə
yerinə yetirdi. Onun 2003-cü il 1 oktyabr tarixində doğma xalqına
ünvanladığı son müraciəti Vətənə ləyaqətlə
xidmətin son nümunəsi idi. Ulu Öndərin tarixi müraciətinin sonunda
xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə
biləcək dəqiq ünvanı da göstərirdi. Bu
tarixi müraciətdən keçən iyirmi il Onun dediklərinin reallıqla dərindən
uzlaşdığını və söylədiyi fikirlərin
yüksək dərəcədə həqiqət olduğunu
bir daha göstərdi. Prezident İlham Əliyev
Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycan
Respublikasını daha yaxşı gələcəyə
apardığını sübut etdi. Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi
ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan
üzərində qazanılan parlaq Qələbə isə Prezidentinin Azərbaycan xalqına vədini
və ata vəsiyyətini həyata keçirməsi idi.
Yeniləşən, müasirləşən, demokratikləşən
dövlətimizin qazandığı bütün nailiyyətlərin
əsasında Ulu Öndər Heydər Əliyevin
xilaskarlıq missiyası dayanır. Qürurla deyirik ki, Ümummilli Lider
Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna
çıxardığı Azərbaycan indi Ulu Öndərimizn
layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi
ilə tarixinin ən qüdrətli dövrünü
yaşayır, eyni zamanda, dünyanın ən sürətlə
inkişaf edən ölkələri sırasında
addımlayır. Son illərin statistikasına və
siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan
Respublikasının uğurlu inkişaf mənzərəsi hər
kəsin gözü önündə canlansın. Azərbaycanın
sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə
layiqli yer tutması, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz fəaliyyətlərinin nəticəsi kimi qeyd edilir. Ulu Öndər Heydər
Əliyev ölkəmizi müstəqilliyini itirmək,
dünya xəritəsindən silinmək təhlükəsindən
xilas edərək tənəzzüldən inkişaf yoluna
çıxardı. Onun layiqli davamçısı
Prezident İlham Əliyev isə Azərbaycanın daha da inkişafı üçün
geniş imkanlar yaratdı, torpaqlarımızı
işğaldan azad etdi, ölkəmizi inkişafdan-tərəqqiyə,
tərəqqidən-Zəfərə çatdırdı.
Hazırda müstəqil dövlətimizin
qarşısında müqəddəs vəzifələr
dayanır: İlk növbədə, işğaldan azad
edilmiş əraziləri bərpa etmək və insanları o
doğma yurdlarına qaytarmaq. Bu yolda dövlətimiz
qətiyyətli addımlar atır.
“Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda
əbədi olacağam” deyən Heydər Əliyevin ideyaları və əməlləri
yaşayır və Onun adı Azərbaycanla daim qoşa çəkiləcəkdir.
Dövlətçilik salnaməmizdə silinməz
izlər qoymuş, azərbaycanlı olması ilə
ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz
olan Heydər Əliyev bütün dünyada Azərbaycanın
rəmzi kimi qəbul edilir.
Yaqut Ağaşahqızı
Yazı “Tərəqqidən Zəfərə:
Heydər Əliyev ideyaları ilə yeni zirvələrə
doğru” istiqaməti üzrə Yeni Azərbaycan
Partiyasının “Heydər Əliyev İli” çərçivəsində
jurnalistlər arasında elan etdiyi fərdi yazı müsabiqəsinə
təqdim olunur.
İki sahil.-
2023.- 26 may.- S.4.