Haqdan gələn səs-Dahi
Pedaqoji Kollecdə Ulu Öndərə
həsr olunan tamaşa nümayiş etdirilib
Mayın 25-də
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Ümummilli
Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş
"Haqdan gələn səs-Dahi"
adlı tədbir-tamaşa keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevə həsr olunan və yeni üslubda çəkilmiş rəsm əsərləri ilə tanış olublar. Sərgidə nümayiş etdirilən eksponatlar qonaqlar tərəfindən maraqla qarşılanıb. Nümayiş olunan hər bir əsərdə rəssamların Ulu Öndərə hörmət və ehtiramı öz əksini tapıb.
Kollecin akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında tarixi xidmətlərindən, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində qazandığı böyük Zəfərdən, digər nailiyyətlərimizdən bəhs edən videoçarxlar nümayiş etdirilib.
Daha sonra Xalq artisti Məmmədsəfa Qasımovun quruluşunda kollecin tələbələrinin rol aldıqları "Haqdan gələn səs-Dahi" adlı tamaşa təqdim olunub.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin və mənalı həyatına, siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunmuş tamaşa iştirakçılar tərəfindən sürəkli alqışlarla izlənilib və böyük rəğbətlə qarşılanıb.
Tədbirin davamında tələbələrin ifasında Ulu Öndər Heydər Əliyevə, Vətənə, Qarabağa həsr olunmuş şeirlər, mahnılar səsləndirilib.
Tamaşadan sonra mərasim iştirakçıları qarşısında çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov yaradıcı qrupu təbrik edib, nümayiş olunan tamaşadan məmnunluğunu ifadə edib və kollecin fəaliyyətində uğurlar arzulayıb.
Rektor bildirib ki, dünya şöhrətli siyasətçi və müdrik dövlət xadimi , xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bu tamaşa mənalı və zəngin ömür yolu ilə fəxr etdiyimiz Ulu Öndərin irsinin öyrənilməsi və təbliği baxımından çox əhəmiyyətlidir.
Müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin keçdiyi ömür yoluna nəzər salan C.Cəfərov ölkəmizin tarixində, millətimizin taleyində Onun misilsiz xidmətlərindən bəhs edib: “Heydər Əliyevin adı həyatını xalqının yolunda fədakar xidmətə həsr etmiş dahi şəxsiyyət kimi Azərbaycan tarixinə əbədi həkk olunub. Heydər Əliyevin liderlik keyfiyyətləri, uzaqgörən siyasəti və güclü iradəsi tariximizin ən taleyüklü məqamlarında Ona öz xilaskarlıq missiyasını uğurla həyata keçirməyə imkan verib. Ulu Öndərin müstəqil Azərbaycanın rəhbəri olduğu illərdə həyata keçirdiyi işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qədirbilən xalqımız böyük oğlu Heydər Əliyevin xatirəsini həmişə uca tutur və Onu minnətdarlıqla xatırlayır.”
Çıxışının sonunda rektor tələbələrə elmi yenilikləri dərindən öyrənməyi, bilik və bacarıqlarını artırmağı, müasir düşüncəli gənclər kimi formalaşmağı, fəal və ləyaqətli vətəndaş olmağı, milli-mənəvi dəyərlərimizi yüksək tutmağı, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etməyi tövsiyə edib.
Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dosent İsrayıl İsgəndərov rejissor Məmməd Səfaya və tələbə-gənclərə tamaşanın yüksək səviyyədə təqdimatına görə təşəkkür edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb: “Gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan təhsil ocağımızda tələbələrin təhsil və elmi fəaliyyəti ilə yanaşı, onların asudə vaxtlarının səmərəli keçirilməsi, yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması və gücləndirilməsi məqsədilə müvafiq şəraitin yaradılmasına xüsusi önəm verilir.Bugünkü tamaşanı buna misal kimi göstərmək olar.”
İ.İsgəndərov bildirib ki, Ulu Öndər Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlər göstərib: “Dahi Lider 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra dövlətçiliyi məhv olmaqdan xilas etdi və dövlət quruculuğu ilə bağlı mühüm addımlar atdı. Ulu Öndərin xilaskarlıq missiyasını cənab Prezident İlham Əliyev daha da irəli apararaq ata vəsiyyətini yerinə yetirdi və Qarabağ torpaqlarının Ermənistan işğalından azad edilməsində misilsiz xidmətlər göstərərək Müzəffər Ali Baş Komandan adını qazandı. Buna görə biz əminik ki, Ulu Öndərin ruhu şaddır. Azərbaycan yaşadıqca Ümummilli Liderimizin əziz xatirəsi də insanların ürəyində yaşayacaq, Azərbaycan inkişaf etdikcə Onun ruhu daha da şad olacaqdır.
Tədbir “Qurban olum, Azərbaycan” mahnısının sədaları altında yekunlaşıb.
Sonda xatirə şəkli çəkdirilib.
Y. Aslanova
İki sahil.- 2023.- 26 may.- S.4.