Müstəqillikdən
böyük sərvət yoxdur
28 may 1918-ci ildə bütün
türk-müsəlman dünyasının ilk
müstəqil demokratik respublikası olan Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması ölkəmizin çoxəsrlik
ictimai-siyasi və mədəni
inkişafının, xalqımızın milli
oyanışı və dirçəlişi proseslərinin məntiqi
nəticəsi idi
Azərbaycan
Xalq Cümhuriyyəti məhz
dünyanın siyasi nizamının yenidən
qurulduğu bir vaxtda, XX əsrin əvvəllərində Azərbaycanın
mədəni yüksəliş mərhələsinin məntiqi
yekunu kimi meydana çıxmışdı. Rusiyada çarizmin süqutundan sonra
bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş
imperiya ərazisində mürəkkəb
geosiyasi vəziyyət
yaranmışdı.
Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Bu tarixi sənəd türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılmasından xəbər verirdi. Həmçinin bu Bəyannamə tək bir müstəqil respublikanın yaradılması haqqında sənəd deyil, həmçinin tarixi yüzilliklərə söykənən, bu yüzilliklər ərzində dünyada dövlət quruculuğu tarixinə 40-dan çox dövlət verən bir xalqın mübarizliyinin, azadlıq duyğularının, qədim mədəniyyətinin, humanistliyinin, multikulturallığının təcəssümü idi. Bu dövlət mahiyyət etibarilə milli, demokratik bir dövlət olmaqla Şərq aləmində ilk avropatipli, sivil qanunlarla idarə olunan bir dövlət idi. Siyasi quruluşu dövrün tələblərinə cavab verdiyindən təqib və təzyiqlərə baxmayaraq, tezliklə aparıcı dünya dövlətləri tərəfindən tanınmışdı.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafı istiqamətində önəmli addımlar atıldı. Bir sözlə, Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyəti öz varlığı ilə XX əsr dünya siyasi arenasına səs saldı.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq gərgin, çətin bir şəraitində fəaliyyəti isə həmin tarixin ən şərəf səhifələrindəndir desək yanılmarıq. Tarixçi alimlər qeyd edirlər ki, XX əsrin əvvəllərində, dəqiq desək, cümhuriyyətin qurulmasından başlayaraq onun süqutunadək erməni silahlı birləşmələri Qarabağda, Naxçıvanda, Zəngəzurda dayanmadan Azərbaycan kəndlərini təhdid edirdilər. Qarabağda hər an üsyanlar qaldırırdılar. Yeri gəlmişkən qeyd edək ki, 1919-cu ilin fevral ayında Qarabağ General-Qubernatorluğu da yaradılmışdı və Xosrov Paşa bəy Sultanov Qarabağ general-qubernatoru təyin olunmuşdu. O, Qarabağda ermənilərin avantürist planlarının qarşısının alınmasında çox mühüm işlər görürdü. Lakin erməni və rus təxribatçılarının nəyin bahasına olursa-olsun, cümhuriyyətin məhv edilməsi haqqındakı planları qarşısında bu müstəqillik davam edə bilmədi və cəmi 23 ay yaşayan türk-müsəlman dünyasının ilk demokratik respublikası düşmən qüvvələrin təsiri ilə 1920-ci ilin 27 aprelində iflasa uğradı. Xalq yenidən 70 il müstəmləkə rejimində yaşamaq məcburiyyətində qaldı. 70 ili də beləcə ötən XX əsr, ümumilikdə, tariximizin ən keşməkeşli səhifələrini təşkil edən bir yüzillik kimi tarixə yazıldı.
1991-ci ildə isə müstəqilliyi bərpa olunan respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dalğalanmağa başladı. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqilliyimiz Ümummilli Lider Heydər Əliyevin sayəsində əbədilik qazandı. Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə müstəqil dövlətimizin təməli möhkəmləndirildi. Ulu Öndərin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarmışdı. Ümummilli Lider tərəfindən milli dövlət strukturlarının yaradılması gündəmə gətirildi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə muxtar respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Azərbaycanın yeni Dövlət gerbinin hazırlanması və təsdiqi məsələsinə də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində baxıldı. Üçrəngli milli bayrağın bərpası və qəbulu ilə yanaşı, Dövlət gerbi və Dövlət himninin qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alındı. Bu məsələləri kompleks halda həll etmək üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət olundu. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözlərinin çıxarılması və digər tarixi qərarlar da müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!” fikri indi dünya dövlətləri sırasında günbəgün mövqeyini gücləndirən müstəqil Azərbaycanın simasında bir daha öz təsdiqini tapır.
Müstəqil Azərbaycanın Prezident İlham
Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur isə,
heç şübhəsiz ki, öz gücünə
ərazi bütövlüyünü təmin
etməsidir. Bu, üç
il bundan əvvəl
Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində
qazandığı şanlı Qələbə sayəsində
mümkün oldu.
Artıq üçüncü ildir ki, Azərbaycan öz müstəqilliyinin bərpası
bayramını qalib dövlət kimi qeyd edir.
Prezident İlham
Əliyev qeyd edir: “Rəşadətli
ordumuz döyüş
meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik
nümayiş etdirərək cəmi 44
gündə torpaqlarımızı işğaldan
qurtarmışdır. Azərbaycan xalqının
apardığı Vətən müharibəsi Ermənistanın
kapitulyasiya aktını imzalaması ilə
nəticələnmişdir. Azərbaycanın Vətən
müharibəsindəki Zəfəri regionumuzda
yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin,
həm də bütövlükdə regionun
inkişafında yeni dövrün
başlanğıcıdır”.
Sevinc Azadi
İki sahil.- 2023.- 27 may.- S.17.