28 may-Türkiyənin, türk

dünyasının yeni yüz ilinin Zəfər günü

 

1453-cü il mayın 28-dən 29-na keçən gecə şanlı Osmanlı türk ordusu Sultan II Mehmedin rəhbərliyi ilə Bizans imperatorluğunun minillik paytaxtı, dünyanın coğrafi mərkəzi hesab edilən Konstantinopolu fəth etdi.

2023-cü il mayın 28-də isə bu tarixi hadisədən 570 il sonra türk demokratiyası bütün dünyanı fəth etdi. Həmin gün azad, demokratik və şəffaf şəkildə keçirilən prezident seçkilərinin ikinci turunda Türkiyə dövləti və cəmiyyəti növbəti uğura imza atdı. Qardaş ölkə bu seçkilərlə plüralist demokratiya prinsiplərinə əməl edilməsinin önəmini, həmçinin demokratik ənənələrə sadiqliyini nümayiş etdirməklə yanaşı, bu ənənələri inamla yaşatdığını bir daha sübut etdi.

Türkiyə xalqı mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda  seçki məntəqələrinə gedərək öz  siyasi iradəsini bir daha ortaya qoydu. Belə ki, seçicilərin böyük əksəriyyəti birinci turda ən yaxın rəqibindən xeyli irəlidə olan “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğana səs verməklə Türkiyənin aydın, işıqlı və firavan sabahına körpü saldılar. İkinci turda 52,16 faiz, təxminən 27 milyon 500 min səs qazanaraq qardaş Türkiyə Cümhuriyyətinin 13-cü prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan mayın 29-da Ankarada meydana toplaşan minlərlə seçicisinə öz minnətdarlığını bildirib: “Prezident seçkilərinin ikinci turunu başa vurduq. İki bayram arasında bizə demokratiya günü yaşadan millətimə minnətdarlığımı bildirirəm. Millətimizin hər iradəsi kimi bu nəticənin də başımızın üstündə yeri var. Qalib yalnız biz deyilik. Qazanan Türkiyə, qazanan bizim demokratiyadır. Bu gün heç kim itirmədi, 85 milyonun hamısı qazandı. İndi milli məqsədlərimiz və milli arzularımız ətrafında birləşmək və inteqrasiya etmək vaxtıdır”.

Mayın 28-də türk xalqı demokratiya sınağından uğurla çıxdı. Məhz o gün güclü demokratiya ənənəsinə sahib olan qardaş ölkənin demokratiya inancına sıx bağlı olan vətəndaşları Türkiyənin aydın, işıqlı və firavan gələcəyinə səs verdilər.

Təbii ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş Türkiyə ötən 21 il ərzində böyük inkişaf yolu keçib. Bütün bunların təzahürü olaraq  yüksək siyasi mədəniyyət nümayiş etdirən türk ictimaiyyəti öz liderinə yenidən etimad göstərib.

Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qazandığı qələbəyə görə  ilk təbrik edən lider Prezident İlham Əliyev oldu. Dövlətimizin başçısı bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin oduğunu bildirib  ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.

Dərin tarixi-mənəvi dəyərlərə söykənən Türkiyə -Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlılığı hər iki ölkənin inkişafına, tərəqqisinə, həmçinin regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələr verdiyi kimi, türk dünyasının birləşməsində həlledici rol oynayır.  Bu bir gerçəklikdir ki, türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir.

İki dost, qardaş ölkə öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını daim qəti şəkildə nümayiş etdiriblər. 2020-ci ilin iyul ayında işğalçı ölkənin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki təxribatları zamanı Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla 85 milyonluq türk xalqı tərəfindən böyük etirazla qarşılandı və nifrətlə qınandı. Qardaş Türkiyə bu təxribatların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu, Xocalı soyqırımından, Dağlıq Qarabağın işğalından başlayan Ermənistanın cinayətkar hərəkətlərinin davamı kimi qiymətləndirdi. Tovuz hadisələrindən sonra Türkiyə liderinin birmənalı, açıq və kəskin açıqlamaları, “Azərbaycana qarşı hər hansı təcavüz, Türkiyəyə qarşı təcavüzdür” bəyanatı Azərbaycan dövləti tərəfindən böyük rəğbət və razılıq hissi ilə qarşılandı.

2020-ci il sentyabrın 27-dən erməni təxribatlarına qarşı şanlı ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı işğaldan azad edərək xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu.  Bu qırx dörd gün müddətində qardaş Türkiyə Cümhuriyyəti hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu. Prezident Rəcəb Tayyib Ərdoğan bunu bütün tribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Eyni zamanda Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi ilə də iki qardaş ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxdı. Məhz buna görə də mayın 28-də Türkiyədə olduğu kimi, Azərbaycanda da insanlar küçələrə axışaraq Zəfər yürüşləri etdilər.

2023-cü il mayın 28-də türk xaqlının düzgün qərarı, doğru seçimi və siyasi iradəsi ilə Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qazandığı qələbə həm də Azərbaycanın və bütünlüklə türk dünyasının Zəfəridir. Əminik ki, dostluğu, qardaşlığı, müttəfiqliyi dərin tarixi kökləri ilə bir-birinə möhkəm bağlı olan iki qardaş ölkə arasındakı münasibətlər prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yeni zirvələr fəth edəcək. Rəcəb Tayyib Ərdoğanın  prezident seçkilərindəki qələbə münasibəti ilə xalqa müraciətində “Azərbaycan qazandı, Qarabağ qazandı” söyləməsi bunun əyani təsdiqidir.

 

Zahid Rza

 

İki sahil.- 2023.- 31 may.- S.16.