ORADA BİR KƏND VAR…

 

Göyçə mahalının tarixi yüzillərlə ölçülən Daşkənd kəndi iki dəfə erməni vəhşiliyinin qurbanına çevrilib

 

Ədalət hissini itirmiş, erməni yalanlarının ruporuna çevrilmiş bir sıra Qərb dairələri bu gün riyakarcasına Azərbaycanı guya etnik təmizləmə siyasəti həyata keçirməkdə ittiham etməyə çalışırlar. Nə Ermənistanın Azərbaycana qarşı 200 ildən artıq davam edən işğalçılıq siyasətinə, nə də Qərbi Azərbaycandakı tarixi torpaqlarımızdan zorla qovulmuş yüzminlərlə soydaşımızın pozülmüş hüquqlarına münasibət bildirməyən, etiraz etməyənlər indi öz xoşları ilə Qarabağı tərk etmiş ermənilər üçün hay-həşir salmaqda, Azərbaycanın ünvanına iftiralar səsləndirməkdədirlər.

Ancaq tarixin qaranlıq rəflərində ört-basdır edilməyə çalışılan həqiqətlər nəhayət gün işığına çıxmalıdır. Necə ki, çıxır. Gec-tez hətta ermənipərəst Fransa da qəbul etməyə məcbur olacaq ki, ermənilər tarix boyu azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törədib, soydaşlarımızı öz yurdlarından didərgin salıblar. Elə təkcə uzun illərdir Ermənistanda bir nəfər belə azərbaycanlının yaşamaması faktının özü kimin haqlı, kimin haqsız olduğunu sübut edir. Çünki1991-ci ildə soydaşlarımızın vaxtilə əhalisinin mütləq əksəriyyətini təşkil etdikləri indiki Ermənistan ərazisindən tamamilə qovulması başa çatdırıldıqdan sonra həmin torpaqlar ermənilər tərəfindən mənimsənilib. Dünyaya özlərini məzlum xalq kimi sırımağa çalışan bu gəlmə vəhşi tayfalar vəhşiləri tarixi yurd yerlərimizin bir qismində yaşasalar da yüzlərlə kəndlərimiz mədəni irsimizlə birlikdə tamamilə dağıdılaraq xarabalığa çevrilib.

Müxtəlif vasitələrlə dəqiqləşdirilib ki, Ermənistan ərazisində hazırda 450-dən çox kəndimizin xarabalıqları qalmaqdadır. Hər bir kənd xarabalığı isə Qərbi azərbaycanlıların başına gətirilən faciələrdən xəbər verir. Arxiv sənədlərində bu kəndlərin bir çoxunda Cənubi Qafqaza axın edən ermənilər tərəfindən ötən əsrin əvvəllərində kütləvi qətliamların həyata keçirilməsi haqqında məlumatlar mövcuddur. Tarixi faciələrlə dolu belə kəndlərimizdən biri də Qərbi Azərbaycanın Göyçə mahalında yerləşən Daşkənd kəndidir.

Ermənilər nə qədər inkar etməyə çalışsalar da faktdır ki,1948-ci ilə qədər Göyçə gölünün əhatəsində yerləşən Göyçə mahalında azərbaycanlılar yaşayıblar. 1930-cu ildən ərazisi beş inzibati rayona bölünmüş Göyçənin ən böyük rayonu Basarkeçər, həmin rayonun ərazisinə görə ən böyük kəndi isə qədim tarixə malik Daşkənd olmuşdur. Kənd Yuxarı Şorca, Aşağı Şorca, Sarıyaqub, Qayabaşı, Qoşabulaq, Basarkeçər, Qırxbulaq kəndlərinin əhatəsində yerləşib.

Araşdırmaçıların məlumatlarına görə, Daşkəndin adı ilk dəfə 1590-cı ilə məxsus yazılı mənbələrdə çəkilib. 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində, XIX əsrdə isə İrəvan quberniyasının Novobayazid qəzasında Taşkənd kimi qeyd olunub, adı “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın 5 verstlik xəritəsində mövcuddur. “Daşkənd” sözünün ilk başa düşülən mənasının “daşlıq (qayalıq) yerdə kənd” olduğu bilinsə də bəzi araşdırmaçıların fikrincə, toponim qədim türk dilində “xarici”, “kənar”, “uzaq” mənalarında işlənən daş və kənd sözlərinin birləşməsindən əmələ gəlib, “uzaqda, kənarda yerləşən kənd” deməkdir. Ancaq Daşkəndin tarixi adı Qərbi Azərbaycanda mövcud olan digər kənd və şəhərlərimizin aqibətini yaşayıb, erməniləşdirilib. Belə ki, Ermənistan prezidentinin 19 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək Hayrk (ata) qoyulub.

Qeyd edək ki, Daşkənddə mövcud olmuş VI-VII əsrlərə aid oğuz qəbiristanlığı, IX-XII əsrlərə aid alban kilsəsinin xarabalığı burada tarixən türklərin yaşadığını sübut edir. Əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğul olan kənddə orta məktəb, klub, kitabxana, xəstəxana fəaliyyət göstərib.

Tarixi mənbələrdə Daşkənddə 1831-ci ildə 357, 1916-cı ildə isə 1054 nəfər yalnız azərbaycanlının yaşadığı qeyd olunur. 1919-cu il yanvarın 20-23-də ermənilər vəhşicəsinə kəndə hücum edərək qətliamlar törədib. Daha sonra azərbaycanlıları öz ata-baba yurdlarından qovaraq kənddə özləri məskunlaşıblar. Lakin indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıdıb və kənddə yerləşdirilmiş 80 nəfər erməninin çıxarılmasına nail olublar. 1922-ci ildə Daşkənddə 882, 1988-ci ilin noyabr ayının axırlarında soydaşlarımız ikinci dəfə tarixi-etnik torpaqlarından qovulan zaman isə 2100 nəfərdən artıq azərbaycanlı yaşayıb. Təəssüf ki, Qərbi Azərbaycanda olan digər yurd yerlərimiz kimi, indi Daşkənd kəndində də yalnız ermənilər yaşayır…

Qeyd edək ki, daşkəndlilərin hər iki deportasiyası zamanı ermənilər burada yaşayan azərbaycanlılara qarşı amansız qəddarlıqlarla qırğınlar törədiblər. Yazıçı-publisist Salman Vilayətoğlu “Oğuz Elinin müqəddəs ocağı Göyçə” kitabında həmin qırğınlar haqqında bəhs edərək yazır ki, 1918-ci ildə ermənilər öz mənfur niyyətlərini reallaşdırmaq üçün Göyçədə qətliamlara rəvac verəndə Daşkənd ən çox zərərçəkən yurd yerlərindən biri oldu: “Bu tarixi fakt Daşkənd sakinləri Məşədi Qasım Hacı Kərim oğlu və Böyükəli Hacı Mirzə Ələkbər oğlunun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə 23 yanvar 1919-cu il tarixli ərizələrində tam təfsilatı ilə əks olunub (O zaman Göyçənin şərq və şimal-şərq sahilləri rəsmən Azərbaycan Demokratik Cümhuriyyətinin inzibati ərazisinə daxil idi-S.V.). 1919-cu il aprelin 13-20-də daşnakların Göyçəyə növbəti basqını zamanı 22 kənd dağıdıldı, 15 min əhali Cavanşir qəzasının dağlıq ərazilərinə qaçmaq məcburiyyətində qaldı…”

S.Vilayətoğlu yazır ki, ermənilərin Daşkəndə qarşı bu aqressivliyi səbəbsiz deyildi. Çünki aprel qırğınlarından əvvəl daşnaklar burada ciddi məğlubiyyətlə üzləşmişdilər və Andronikin “sağ əli” sayılan Sulikovun öldürülməsində iştirak edənlərdən birinin daşkəndli Aşıq Nəcəf olduğu barədə şayiələr erməniləri təbdən çıxarmışdı. Əslində isə quldur Sulikovun qətlinin Aşıq Nəcəflə heç bir əlaqəsi yox idi. Buna baxmayaraq, ermənilər Aşıq Nəcəfi hədəf seçmişdilər və mahalın ən keçərli söz sahibi olan bu nurlu şəxsiyyəti məhv etməkdə israrlı idilər: “Məhv etdilər də. Hiylə ilə danışığa dəvət edərək Aşıq Nəcəfi və onunla danışığa gedən Səməd ağanı qətlə yetirdilər. Aprel qırğınlarında artıq Aşıq Nəcəf sağ deyildi, amma bu da daşnakların ürəyini soyutmamışdı. Onlar bu haqq aşığının nəslinin qanına susamışdılar… Kənd əhalisinin yarısı qəfil hücum zamanı qırıldı, təxminən 300 nəfər diri-diri yandırıldı və quyulara doldurularaq üstləri torpaqlandı. 1922-ci ildə kəndə qayıdanların sayı cəmi 882 nəfər, yəni 1916-cı ildəki əhalinin 40 faizi həddində idi ki, bu da Daşkəndin 1919-cu ildə yaşadığı faciənin miqyasını tam mənada təsəvvür etməyə imkan verir…”

İki dəfə deportasiyaya məruz qalmış, yüzlərlə sakini ermənilər tərəfindən insanlığa sığmayan qəddarlıqla qətlə yetirilmiş Daşkənd kəndinin sakinləri 1988-ci ildən öz doğma torpaqlarının həsrəti ilə yaşayırlar. Bu həsrətin bitəcəyi, yüzminlərlə soydaşımız kimi, daşkəndlilərin də öz kəndlərinə, ata-baba yurdlarına qayıdacaqları gün gələcək. Çünki bu gün biz hamımız bir nəfər kimi Qərbi azərbaycanlıyıq. Çünki bu gün artıq Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsi, onların ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycan dövlətinin prioritet fəaliyyət istiqamətlərindəndir. Prezident İlham Əliyev ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etdiyi kimi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasına da nail olacaq. Çünki Müzəffər Ali Baş Komandanımız nəyi, nə vaxt necə etməyi yaxşı bilir…

 

Mahir Rəsuloğlu

 

İki sahil.- 2023.- 3 noyabr, ¹202.-S.4.