BABALARIMIZ OĞUZLAR
(TÜRKMƏNLƏR)
“Oğuzçuluq
ideologiyası” isə qədim, hamı üçün
anlaşıqlı və ən əsası, praqmativ konseptual
görüşlərə əsaslanır: xüsusi
mülkiyyət, iqtisadi-siyasi müstəqillik, ailə, nəsil
və əşirətlərin öz müqəddəratını
azad şəkildə təyin etmə prinsipi, hərəkət
azadlığı və s. Ənənəvi sosial təşkilatlanmanın
mühafizəsini qarşısına ali məqsəd qoyan
köçəri tayfalarla kosmopolit dövlət arasında
qütbləşmə ona gətirib çıxarır ki,
Osmanlının mərkəzləşdirmə
siyasəti türkmən obalarında etirazla
qarşılanır və qətiyyətlə rədd olunur. Açıq
çıxışlar baş verir. Türkmən
tayfalarının Şeyx Səfi dərgahının, sonradan
da Səfəvi dövlətinin tərəfinə keçməsində
bu amil, heç şübhəsiz, həlledici rol oynayır.
Eyni qarşıdurma ovqatı daha sonralar Mavəraünnəhrdə də
müşahidə olunur. Yunus Əmrə Gürbüzün
yazdığına görə, indiki Özbəkistan ərazisində
yaşayan, Şeybani xanın soyundan olan xanlara itaət edən,
əkinçilik, ticarət və sənətkarlıqla məşğul
olanlar ta XX əsrə qədər “özbək” deyəndə
köçəriləri nəzərdə tutur, özlərini
isə “sart” adlandırırlar. Özbək xanı Seyid
Əbülqazinin (1758-1785) Osmanlı sultanı Əbdülhəmidə
(1774-1789) məktublarından birində “ətrafını
saran kafir özbəklər”dən şikayətlənməsi
də buna dəlalət edir. Özbək xanının öz
qövmünü “əhli-küfr özbəklər”
adlandırması ilə bir neçə yüz il qabaq Osmanlı
sarayında heterodoks türkmənlərin “mülhid” (fars
dilində “allahsız”), “zındıq” (“dinsiz, imansız”), “ətraki-biidrak”
(“şüursuz türklər”) sayılmaları, nəticədə
“türk” sözünün yalnız kəndli və
köçəriləri bildirmək üçün işlədilməsi
aşkar bir oxşarlıq və analogiya təşkil edir.
Bir-birlərini məhz həyat tərzinə və
inanclarına görə qəbul etməyən, bu
ayrılığı düşmənçilik səviyyəsinə
qaldıran tərəflərin hər ikisinin- həm
köçərilərin, həm şəhərlilərin
eyni soydan olduğunu göz önündə tutsaq, problemin
etnik deyil, sosio-mədəni müstəvidə yaranıb kəskinləşdiyini
görə bilərik.
Deyilənlər
türk tayfalarının tarixi ilə bağlı məsələlərin
nə qədər mürəkkəb və ziddiyyətli
olduğundan soraq verir. Yaddan çıxarmayaq ki,
ümumtürk tarixini parçalayıb bölənlər,
müştərək keçmişimizi güya bir-birinə
dəxli olmayan, yad, rəqib, hətta düşmən xalqlara
müncər edənlər tayfalarla bağlı
dolaşıqlıqlardan bəs deyincə yararlanıblar.
Tariximizin daha bir başlıca inkişaf vektorunu təşkil
edən tayfalar məsələsi üzərində də
ayrıca dayanmaq, zənnimizcə, bu səbəbdən
çox əhəmiyətlidir.
İlk
növbədə nəzərə almalıyıq ki, tayfalar
yaranma yollarına görə müxtəlif olub əksər
hallarda birgəyaşayış formalarının daha
aşağı pillələrindən (ailə, nəsil, qəbilə
və s.) köklü şəkildə fərqlənir.
Başqa sözlə, tayfa, əksər hallarda qan və
sümük qohumluğuna əsaslansa da, həmişə və
yalnız bu təməl üzərində yaranan sosial birlik
deyil. Misal kimi XIII əsrdə Çingiz xanın müxtəlif
etnik qruplara mənsub şəxslərdən
yaratdığı “onluqlar”ı yada sala bilərik. Məlumdur
ki, “onluq”lar hərbi qabiliyyətlərinə görə bol qənimət
əldə etmək, ordu iyerarxiyasında yüksəlmək
niyyəti ilə könüllü şəkildə öz
obalarından ayrılıb bəlli bir bəyin
(“onbaşı”nın) qulluğuna girən, lakin istədiyi
vaxt bu hərbi “kontrakt”ı pozmaq
hüququnu da özündə saxlayan köçəri
atlı-süvarilərdən- “nökər”lərdən təşkil
olunurdu. “Yüzlük”lərə və onların tərkibində
“minlik”lərə daxil olan hərbi mahiyyətli “onluqlar”ın
icmalar şəklində yaşadığını və tədricən
sosial-etnik səciyyə kəsb etdiyini vurğulayan bir
çox alimlər bu sistemin yaranmasını Avrasiya
xalqları tarixində mühüm ictimai hadisə kimi dəyərləndirirlər.
Onların fikrincə, uzunmüddətli birgəyaşayış
və sıx ünsiyyət prosesində artıq XIV əsrdən
etibarən həmin vahidlərin
bazasında adları o vaxta qədər elmə məlum olmayan
noqay, çağatay, şeybani, özbək kimi yeni
sosial-etnik birliklər əmələ gəlmiş,
Çingizxan dövrünün qövmlərindən bir
çoxu isə sıradan çıxmışdır. Bu
“yeni” birliklərin öz adlarını bağlı
olduqları bəy və sərkərdələrdən
alması qabardılır, onlar üçün irqlərinin,
yaxud etnik mənsubiyyətlərinin deyil, bəylərinin
adları ilə rəmzləşdirdikləri
hərbi keçmişlərinin önəmli olduğu
xüsusi nəzərə çatdırılır. Amma
XIII-XIV əsrlər türk tarixinə nəzər saldıqda
eyni qayda üzrə adlandırılan, lakin Çingizxan
“onluqlar”ına aidiyyəti olmayan sosial-etnik birliklərə də
(səlcuq, qaramanlı, zülqədərli,
hamidoğulları və b.) tez-tez rast gəlirik. Əsasən
hərbi-siyasi xarakterli bu təsisatlar “onluq”lardan fərqli
olaraq eyni zamanda etnik kimlik və sosial mənsubluq
anlayışından da məhrum deyildir.
Tayfalar
yaranma yollarına görə müxtəlif olub əksər
hallarda birgəyaşayış formalarının daha
aşağı pillələrindən (ailə, nəsil, qəbilə
və s.) köklü şəkildə fərqlənir.
Başqa sözlə, tayfa, əksər hallarda qan və
sümük qohumluğuna əsaslansa da, həmişə və
yalnız bu təməl üzərində yaranan sosial birlik
deyil.
“Onluq”
üsulu üzrə əmələ gələn tayfaların ən
bariz nümunəsi kimi “özbək”ləri misal göstərən
alimlər bu tayfanın “əslində, tatar qövmünə
mənsub olduğunu”, Özbək xana qulluq etdiyini və onun
“ardınca getdiyini” (yəni müsəlmanlığa
keçdiyini) vurğulayırlar. Xivə xanı
Əbülqazi Bahadır (1642-1663)
da “özbək” adının meydana
çıxmasını İslamı Qızıl Ordanın
dövlət dini kimi rəsmiləşdirmiş Özbək
xanla bağlayır: “Bundan (Qızıl Ordanın müsəlmanlaşmasından-N.M.)
sonra Cuci xalqının bütün ellərinə “özbək”
deyildi”. Mübaliğəsi öz yerində, amma
Əbülqazi xanın Cuci ulusunda İslamın dövlət
dini elan olunması münasibəti ilə müsəlmanlaşan
tayfaların “özbək” adını götürməsi
fikri həqiqətdən uzaq deyil. Oğuz boylarının müsəlman
olduqdan sonra özlərinə “türkmən” dediklərini
bilirik. İslamı qəbul edib, “özbək” adlananların
etnik cəhətdən “tatar” qövmünə mənsub
olmaları fikrində də ziddiyyət axtarmağına dəyməz.
Çünki Çingiz və oğullarının təbəələrini
ağına-bozuna baxmadan “tatar” adlandıran avropalılardan fərqli
olaraq Özbək xanın hakimiyyəti dövründə
Qızıl Orda ərazilərinə səyyahət etmiş
İbn Batutanın bu geniş kütlələri “türk” deyə
təqdim etdiyi məlumdur. İş bunda deyil, ondadır ki,
müasir özbəkləri həmin “özbəklər”in tək
və şəriksiz, birbaşa varisləri sayan nəzəriyyələr
inandırıcı səslənmir. Əvvəla, türk
tayfalarının adlanma məsələsi hələ də
tarixşünaslığın mübahisəli
mövzularından olaraq qalmaqdadır. Müşahidələr
tarixin müəyyən kəsimlərində qeydə
alınan tayfa adlarının birdən-birə gah itib yox
olduğunu, gah yenidən ortaya
çıxdığını, yaxud da daralıb genişləndiyini,
məzmun və mündəricəsini dəyişdiyini
göstərir. Məlumdur ki, böyük boyların
qolları (oymaqlar) ilk mərhələdə onların
adını daşıyır, artıb-törəyib gücləndikdə
isə mənbələrə artıq özlərinə məxsus
adlarla keçirlər. Misal kimi Şimali Suriyada yurd salan
avşar oymaqlarını göstərə bilərik. Əvvəllər
“Kutlubəyli avşarı”, “Gündüzlü avşarı”,
“Köpəkli avşarı” deyə anılan bu tayfalar müəyyən
müddət sonra böyümüş və sadəcə
“Kutlibəyli”, “Gündüzlü”, “Köpəkli” adları
ilə tanınmışlar. Beləliklə, eyni soydan yaranan,
amma müəyyən mərhələdə öz adları
ilə tanınan etnik vahidlər həm ana tayfanın təsdiqi
(davamçısı), həm də inkarı (rəqibi) kimi
meydana çıxır, eyni etno-coğrafiyanın məhdud
resurslarına iddia edir, yaxud ondan uzaqlaşmağa
üstünlük verirlər.
“Özbək”
adının daşıyıcıları da,
görünür, istisna olmayıb. Mövcud
araşdırmalarda Teymurun səltənət qurması (1370)
ilə müasir Qazaxıstanın şimalında başqa bir
“özbək” qəbiləsinin də ortaya
çıxdığı təsbit edilir. Hətta bəzi
alimlər özbəklərin etnogenezisini məhz həmin qəbilənin
formalaşmasından başlayırlar. Amma o da məlumdur ki,
Özbək xanın ölməsindən sonra onun qəbiləsinin
bir qismi Sibir tərəflərə, Tobol çayının
sahillərinə köçmüş və Şeybani
xanın səltənəti dövründə oradakı digər
türk icmaları ilə birləşmişlər. Nəticədə
Əbülxeyir xanın (1428-1468) ölümündən sonra
“özbək” adında ən azı üç müxtəlif
etnik qrupun varlığından danışmaq
mümkündür: şeybani özbəklər, Sibir “özbəkləri”
və “qazax-özbəklər” (o vaxta qədər “qazax”
adı hər hansı icmaya deyil, yeri-yurdu,
başçısı olmayan, bir qrup nökərlə
dolaşaraq qənimət axtaran bəylərə deyilirdi). Bu
heç də təsadüfi sayıla bilməz. Xatırladaq ki, əski türklərin
ruhi-mənəvi və iqtisadi azadlığa həyati önəm
verdiklərini onların ən mühüm özəlliklərindən
hesab edən İ.Qəfəsoğlu “əski türk ellərində
siyasi birliyi meydana gətirən boyların bir-birlərindən
asanlıqla ayrılmaları və ya başqa bir yerdə yenidən
toplanaraq başqa bir el təşkil edə bilmələri”
üçün məhz bu xüsusiyyətləri əsas
göstərir. Görkəmli türkoloqun fikrincə,
“Əski türk siyasi vahidlərində boyların
sayının tez-tez dəyişməsi də buna görədir”.
Orası da məlumdur ki, həmin ayrılma və yenidən
toplanma proseslərində eyni ailə və nəsillər
müxtəlif qəbilələrin, qəbilələr
ayrı-ayrı tayfaların, tayfalar isə bəzən hətta
bir-birinə düşmən mövqedə duran
konfederasiyaların tərkibində sistemyaradıcı elementlər
kimi təmsil olunmuşdur.
Çox
vaxt hətta eyni adı daşıyan sosial-etnik vahidlərin
belə bir-birindən fərqlənməsi konfiqurasiyaların
tərkibi, yaradıcı ünsürlərinin proporsiya
müxtəlifliyi ilə bağlıdır ki, bu da izafi
qarmaqarışıqlığa səbəb olur, hansı ad
altında kimlərin “gizləndiyini” anlamaq çətinlik
törədir. Bir misal göstərək. Dülqədirlilər
XV-XVI əsrlərə qədər, tutalım, avşarlar,
dodurğalar və ya bayatlar kimi sıravi türkmən birliklərindən
biri idi. XVI əsrdə isə
onların Osmanlı dövləti tərkibində 50
tayfa və 1500-dək camaata bölünmüş ən
böyük türkmən birliyinə çevrildiyinə
şahid oluruq. Ən qəribəsi isə dülqədirlilərin
içində 24 klassik oğuz boyundan 12-sinin adını
daşıyan təşəkküllərin yer
almasıdır. Sənədlərdə bunlardan bayat və
eymürlər iri tayfalar, avşar və yazırlar isə
xırda camaatlar kimi qeydə alınıb. Bu faktlar əski
türkmən boy sisteminin bütünlüklə alt-üst
olduğundan, iyerarxiyanın pozulmasından soraq verir. Yaxud
“Üçok-Bozok” bölgüsünü götürək.
Əsası əfsanəvi Oğuz Kağan tərəfindən
qoyulduğu bildirilən bu təsnifatın monqol
hücumları ilə əlaqədar Şimali Suriyaya
köç edib, orada yenidən təmərküzləşən
türkmənlərin bir-biri ilə
qaynayıb-qarışmaları nəticəsində tamamilə
ortadan qalxdığı məlumdur. Deyilənləri nəzərə
alanda “XI-XIII əsrlərin 24 oğuz tayfasının orta əsrlərin
sonuna doğru təkcə adları qalır”,-qənaətinə
gələn Nizami Cəfərovla razılaşmamaq mümkün
deyil. Bunları bilə-bilə tayfalar haqqında yalnız
onların adlarına görə çıxarıla biləcək
hər hansı etnogenetik nəticə, aydındır ki,
aldadıcı olacaqdır. İstər “türkmən”lər
olsun, istər “qazax”lar və ya “özbək”lər, istərsə
də bir başqaları- qaynaqlarda eyni adla xatırlanan
tayfaların heç də həmişə bir-biri ilə
adekvatlıq təşkil etmədiyi açıq-aşkar
ortadadır.
Əbülxeyir
xanın ölümündən sonra “özbək” adında ən
azı üç müxtəlif etnik qrupun
varlığından danışmaq mümkündür:
“şeybani özbəklər”, Sibir “özbəkləri” və
“qazax-özbəklər”.
N.MUSTAFA
(ardı var)
İki
sahil.- 2023.- 4 noyabr, ¹203.-S.6.