Babalarımız Oğuzlar
(Türkmənlər)
Əvvəli ötən
sayda
•II
əsrdə yaşamış yunan tarixçiləri Klavdi
Ptolomey və Dionisi Parieget hunların Qafqazda yerləşmələrinə
dair önəmli məlumatlar vermişlər. Parieget Xəzərin qərb sahilində məskunlaşmış boylardan
danışarkən iskit,
hun, kaspi və albanların da adını çəkir.
Ü.Buldukun hunlarla oğuzları yaxın (və ya eyni) etnik
qrup(lar)a aid etməsi təsadüfi sayılmamalıdır.
Oğuzlarla hunların
bağlılığı fikri hələ Bizans tarixçisi və diplomatı Prisk tərəfindən irəli sürülmüşdür.
O, uğor, sarağur və onoğurları (Ü.Buldukun yazdığına
görə, “oğuz”
sözü “oğur” variantında eramızdan əvvəlki dövrlərə
aid Çin mənbələrində də
işlənib) Qafqaz bölgəsində yaşayan
hun boyları arasında sadalayır və V əsrin 60-cı illərində Qafqaza köç edən sabir/suvarların burada həmin boylarla qarşılaşdığını
yazır. Ümumiyyətlə,
erkən orta əsrlərdə bir çox türk tayfalarının hunlara və ya “hun
konqlemeratına” aid edilməsi tarixşünaslıqda
məlum məsələdir.
Məhz bu mülahizə ilə protobulqarların “Qafqazda məskunlaşmış ilk
hun boyu” hesab edilməsi əsassız sayıla bilməz. Yuxarıda D.Kıdırəli və
Q.Babayarovun massagetləri
sak/iskit tayfalarından bildiyini qeyd etmişdik. Burada başqa bir maraqlı faktı da nəzərə
çatdıraq. Qədim
yunan mənbələrində
tez-tez xatırlanan massagetlərin qollarından
biri “augasi” adlanırdı (onların
b.e.ə. V əsrdə
yaşadıqları məlumdur).
1947-ci ildə Orta Asiyada, xüsusən Xarəzmdəki oğuz şəhərlərində qazıntılar
aparmış rus arxeoloqu S.P.Tolstov həmin “augasi”lərin
oğuzlar olduğunu iddia etmişdir.
Eramızın ilk əsrlərində maskutların (massagetlərin)
indiki Azərbaycan ərazisində- Müşkür
düzündə öz
dövlətlərini yaratdıqları
və həmin dövlətin hərbi-siyasi,
etno-mədəni həyatında
hunların önəmli
yer tutduqları da çoxdan məlumdur. Qafqaz Albaniyasının tanınmış
tədqiqatçısı Fəridə Məmmədova
Maskut dövləti ərazisinin “Masaha-hunların
ölkəsi” adlandırıldığı
qaynaqlara rast gəldiyini yazmışdır.
Biz, əlbəttə
ki, burada adıçəkilən tayfaların
etnik baxımdan hunlara mənsub olub-olmadıqlarını araşdırmaq
niyyətində deyilik,
amma onların türk tayfalarından olduğu, müxtəlif dövrlərdə hun ordalarına qatıldığı,
ən əsası isə Azərbaycan ərazilərində yaşadığı
şübhə doğurmur.
Bu sırada sabir/suvarlar (etnonimin sabar/sibir variantlarına da rast gəlmək
olur) və xəzərlər xüsusi
yer tutur.
SABİR/SAVİR VƏ YA SUVARLARın
Xəzər dənizi
və Don çayı arasında yerləşdikləri hələ
eramızın I əsrində
yunan coğrafiyaçısı
Strabon tərəfindən
qeyd edilmişdir. Y.Cəfərov onların daha sonralar Kuma
və Terek çayları arasında
yaşadıqlarını və
dəfələrlə Qafqaza
axın etdiklərini göstərir. Tariq Dostiyev isə V əsrin ortalarında sabirlərin buraya köç etdiklərini,
oğur, sarağur və onoğurları sıxışdıraraq Qafqazda
hakimiyyət qurduqlarını
yazır. (Bu yerdə Aygün Attarın aşağıdakı
mülahizələrini də
xatırlatmaq lazım
gəlir: “İskit və oğur topluluqlarının yayıldıqları
coğrafiyanı diqqətə
alsaq, oğuzların Anadolu və Azərbaycanla təmaslarının
əski dövrlərə
dayandığı aydın
görünür... Ən
azından IV əsrdən
etibarən sözügedən
bölgələr çoxsaylı
oğur/oğuz qövmlərinin nəzarətində
olmuşdur. Bu da Azərbaycan və Şərqi Anadolunun oğuzlarla səlcuqilərdən çox-çox
əvvəl tanış
olduğunu söyləməyə
imkan verir”.) T.Dostiyev həm də sabirlərin başçılıq
etdiyi hun boylarının VI əsrdə
Qafqazda möhkəmləndiklərini
vurğulayır və
yazır ki, Bizans imperiyası ilə Sasanilər dövləti arasında
502-ci ildə başlayan
çoxillik müharibədə
tərəflərin hər
biri onların hərbi-siyasi dəstəyini
almağa çalışmışdır.
•Eramızın ilk əsrlərində maskutların (massagetlərin)
indiki Azərbaycan ərazisində- Müşkür
düzündə öz
dövlətlərini yaratdıqları
və həmin dövlətin hərbi-siyasi,
etno-mədəni həyatında
hunların önəmli
yer tutduqları tarixdən məlumdur. Tanınmış tədqiqatçı
Fəridə Məmmədova
Maskut dövləti ərazisinin “Masaha-hunların
ölkəsi” adlandırıldığı
qaynaqlara rast gəldiyini qeyd edir.
Y.Cəfərov VI əsrin 20-30-cu illərində
sabirlərin bizanslılara
qrşı döyüşdüklərini,
bununla belə Sasani şahlarının onlara qarşı xüsusi demoqrafik siyasət hazırlayıb
həyata keçirdiklərini
də qeyd edir. Bu siyasətin
məğzini isə sabirlərin cənuba doğru yayılmasının, Qafqaz
Albaniyasının şimal-şərq
bölgələrində türklərin
üstünlük qazanmasının
qarşısını almaq
məqsədi ilə Azərbaycan ərazilərinə
farsmənşəli etnosların
köçürülməsi təşkil edirdi. Belə bir siyasətin
həyata keçirilməsi,
əlbəttə ki,
o dövrdə Qafqazda
qərarlaşmış etno-sosial
mənzərəni yanlış
əks etdirən, Azərbaycan xalqının
təşəkkülündə İran ünsürünə ağırlıq
verən nəzəriyyələri
sual altında qoyan kifayət qədər ciddi faktlardan sayıla bilər. Lakin çox keçmədən
Sasani siyasətinin dəyişdiyini göstərən
başqa bir fakt da məlumdur
və bu barədə S.Aşurbəyli
belə yazır: “VI əsr pəhləvi məxəzlərindəki məlumatları
hifz etmiş İbn Misqəveyh (IX əsr) təsdiq edir ki, I Xosrov
Ənuşirəvan (531-579-cu illər) savirlərə qalib gəldikdən sonra Şimali Qafqazın dörd türk tayfasından olan 50 min nəfərdən
ibarət 3 min ailəni Arrana və Azərbaycana köçürdü. İbn
Misqəveyhin dediyinə
görə, türklərin
qafiləsi (dəstəsi)
on fərsəxədək
(təqribən 60 kilometr)
uzanırdı. Başqa
məlumatlara görə,
Azərbaycanda yerləşdirilən
əsirlərin sayı
10 min nəfərə
çatırdı. Savirlərin
bir hissəsi könüllü surətdə
Arrana köçərək,
Bələncər, Gəncə,
Qazax və başqa yerlərdə məskunlaşdı. I Xosrov
Ənuşirəvan Bizansla
müharibədə istifadə
etmək məqsədi
ilə onların Sasani dövlətinə keçmələrinə imkan
verdi. Onlar torpaq payı aldılar, Arran və Azərbaycan
mərzbanlarına tabe
edildilər. Bizans tarixçisi Menandrın məlumatına görə,
savirlər 575-ci ildə
Kür və Araz çayları arasında və Kür boyunca şimal-qərbdə yerləşən
torpaqlara köçürüldülər.
Bu əlaqələr Arran
və Şirvanda türk dilinin yayılmasına əlverişli
şərait yaratdı”.
Düşünmək olar
ki, bütün cidd-cəhdlərinə
baxmayaraq VI əsrdə
yerli demoqrafik mühitdə türklərin
xüsusi çəkisinin
yüksəlməsini dayandırmağa
müvəffəq ola bilməyən
Sasani şahları hərbi zərurəti əsas alaraq, dörd (!) türk tayfasından olan əsirləri, ələlxüsus
da savirləri Azərbaycan
torpaqlarında yerləşdirməyi
daha münasib görmüşlər.
•Sasanilərin sabirlərə
qarşı həyata
keçirdiyi demoqrafik
siyasətin məğzini
onların cənuba doğru yayılmasının, Qafqaz
Albaniyasının şimal-şərq
bölgələrində türklərin
üstünlük qazanmasının
qarşısını almaq
məqsədi ilə Azərbaycan ərazilərinə
farsmənşəli etnosların
köçürülməsi təşkil edirdi. Bu, həmin dövrdə Qafqazda qərarlaşmış
etno-sosial mənzərəni
yanlış əks etdirən, Azərbaycan xalqının təşəkkülündə
İran ünsürünə ağırlıq verən
nəzəriyyələri sual
altında qoyan kifayət qədər ciddi faktlardan sayıla bilər.
Burada diqqəti çəkən
digər bir xüsus isə sabirlərin böyük bir hissəsinin Sasani ordusu tərəfində
döyüşdüyü bir dövrdə onların başqa bir qrupunun Albaniya
ərazilərinə basqınlar
etməsidir. Bu xüsus
görkəmli rus türkoloqu Lev Nikolayeviç
Qumilyovu hətta sabirlərin Albaniyanı işğal etməsi qənaətinə də gətirmişdi. Y.Cəfərov
da əsərində analoji
hadisələrdən bəhs
edir. Alimin yazdığına
görə, Sasani qüvvələri qeyri-bərabər
döyüşlərdə sabirləri məğlubiyyətə
uğratmış və
onları Şabran, Abşeron və Muğan xətti üzərində yerləşdirmişlər.
Ü.Buldukun
515-516-cı illərdə Balak
adlı bir boy öndərinin başçılığı
ilə savirlərin Şərqi Anadoludan Ankaraya qədər torpaqları talan etməsii barədə məlumatı da deyilənlərlə
səsləşir. Bu tipli
hadisələri şərh
edərkən T.Dostiyev yazır: “Sabirlərin bir bölüyünün sasanilərə
dəstək verdiyi bir vaxtda digər
bölüyünün Sasani
hakimiyyətindəki torpaqlara
basqınlar etməsi Şimali Qafqazdakı hunların müstəqil boylar halında yaşamalarından xəbər
verir. Bizans tarixçisi Prokopi Kayseriyelinin dedikləri də bu fikrə
əsas verir ki, hun-sabirlərin sayları olduqca çox idi və onlar
müstəqil qollara ayrılmışdılar”. Fikrimizcə,
belə misallar təsadüfi və ya ixtiyari olmayıb,
türk konfederasiyalarında boyların
nisbi muxtariyyət prinsipindən irəli gəlir və vaxtaşırı təzahür
edir.
•Savirlərin 575-ci ildə Kür və Araz çayları arasında və Kür boyunca şimal-qərbdə yerləşən
torpaqlara köçürülməsi
Arran və Şirvanda türk dilinin yayılmasına əlverişli şərait
yaratdı.
Tarixşünaslıqda sabirlərin Azərbaycan torpaqlarına
550-ci illərdə də
köç etdiklərinə
dair mülahizələr
mövcuddur. Bu ikinci köç dalğası,
əsasən, Mərkəzi
Asiyada jujanların (çinlilərin “juan-juan”
adlandırdıqları bu
etnosa Bizans mənbələrində “avarlar”
deyilir) Göytürklərə
məğlub olmaları
ilə əlaqələndirilir.
Belə ki, V əsrdə
Monqolustan, Altay, Cunqariya/Hunqariya (Macarıstan) ərazilərində, habelə
Şərqi Türküstanın
şimal-şərq bölgələrində
öz imperiyalarını
yaratmış jujanların
552-ci ildə ildə tabeçiliklərində olan
Aşina türk tayfasının üsyanı
nəticəsində hakimiyyəti
itirərək (onun yerini Birinci Göytürk Xaqanlığı
tutur) qərbə, Qafqaza doğru çəkildikləri, burada
isə sabirlərlə
qarşılaşıb onları
sıxışdırdıqları bəlli məsələdir.
(Ardı var)
N.Mustafa
İki sahil.- 2023- cü il.- 14 noyabr.- ¹ 207.- S. 6.