Akademik Tofiq
Hacıyevin dilçilik məktəbi
Dünyaya göz açan hər kəs ona
verilən bir ömür payına sahibdir. Dünyaya göz
açır, böyüyür, Tanrının ona
böldüyü ömür payını yaşayır və
əbədiyyətə qovuşur, yəni həyatdan
köçür. Lakin elə insanlar vardır ki, Tanrının
ona verdiyi ömür payından elə yararlanır ki, o,
ölmür, özünə əbədilik qazanır.
Xalqının tarixinə elə bir səhifə əlavə
edir ki, o səhifə min illər boyu tarixdən silinmir.
Bu səhifəni oxuyanlar xalqının
tarixində öz ömrünü şama çevirən bir ədəbiyaşarla
tanış olacaq və onun yaratdıqlarından bəhrələnəcəklər. Mənsub olduğu xalqın tarixinin
neçənci minillikdən başlandığından,
dilinin yayıldığı ərazinin genişliyindən, ədəbiyyatının
zənginliyindən xəbərdar olacaqlar.
Belə dahi, əvəzolunmaz, tarixçilərin, ədəbiyyatşünasların, eləcə də ilk növbədə dilçilərin üz tutacağı şəxsiyyətlərdən biri də akademik Tofiq İsmayıl oğlu Hacıyevdir. Bu ad, soyadla dünyaya çoxları gəlsə də, imzası dörd divar arasında qalanlardan fərqli olaraq, onun imzası türk dünyasının sərhədlərini aşaraq, dünyanın bir çox elm mərkəzlərinə yol açdı. Məxsus olduğu xalqın elmi potensialının hansı səviyyədə olduğunu dünya dilçilik məktəbinin öncüllərinin adları qeyd olunan, tarix kitabının ilk səhifələrindən birinə yazdırdı – həkk etdirdi.
Uşaqlığı bütün atasız böyüyən uşaqların uşaqlığına bənzəsə də, dünyaya baxışı, dünyagörüşü ilə digərlərindən tamamilə fərqləndi. Ömrünü, eyni zamanda, bütün elmi yaradıcılığını mənsub olduğu xalqın dilinin tədqiqinə, ədəbiyyatının araşdırılmasına, tarixinin açılmayan qatlarını xalqına dünya xalqlarına təqdim etməyə sərf etdi.
Görkəmli şəxsiyyətin həyatı digər insanların həyatına bənzəsə də, onun yaradıcılığı öz ideya məzmunu, tədqiqat sahəsinin genişliyi ilə digərlərindən fərqləndi. Sorağı gah Türkiyədən, gah Krımdan, gah Özbəkistandan, gah da digər türkdilli ölkələrdə keçirilən konfrans, konqres və yığıncaqlardan gəldi. Harada oldusa, əlli milyonluq vətəndaşı olan Azərbaycanı qürurla təmsil etdi.
Onun haqqında danışan oğlu, elmlər namizədi Azər Tofiq oğlu Hacıyev yazır: “Tofiq İsmayıl oğlu Hacıyev 1 may 1936-cı ildə Qarabağ mahalının Cəbrayıl qəzasındakı Soltanlı kəndində anadan olub. Atası İsmayıl kişini üç yaşında olarkən itirib” (“Tofiq Hacıyev” kitabı, səh.15).
Ailənin sonbeşiyi olduğu üçün özündən yaşca çox böyük olan bacı-qardaşlarının qayğısı ilə əhatə olunub. Böyük bacısı, Soltanlı kəndinin ilk ali təhsilli müəlliməsi olan Şəmayıl xanımın zəhməti və təşviqi sayəsində elmə xüsusi maraq göstərib.
1953-cü ildə Soltanlı kənd onillik orta məktəbini müvəffəq qiymətlərlə başa vurub və həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olub. Orada dövrünün görkəmli alimlərindən olan Mir Cəlal, Muxtar Hüseynzadə, Həmid Araslı, Abbas Zamanov və digərləri ilə tanış olaraq onların mühazirələrinə qulaq asıb. Elmi rəhbəri Məmmədağa Şirəliyevlə bərabər, dövrümüzün ən nüfuzlu elm adamları olan Səlim Cəfərov, Hadi Mirzəzadə, Əbdüləzəl Dəmirçizadə və başqalarının yaradıcılığının izləyicisinə çevrilib.
1958-ci ildə
həmin universiteti fərqlənmə diplomu ilə bitirərək
aspiranturaya daxil olur. 1962-ci ildə “Azərbaycan dilinin Cəbrayıl
şivəsi” adlı namizədlik, 1969-cu ildə isə “XX əsrin
əvvəllərində Azərbaycan ədəbi dili”
adlı doktorluq dissertasiyalarını müdafiə edir. 1962-1967-ci
illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər
İnstitutunda müəllim işləyir.
1968-ci ildən
ömrünü Bakı Dövlət Universitetinə
bağlayır. 1984-cü ildən ömrünün sonuna qədər
universitetin Türkologiya kafedrasının müdiri vəzifəsində
çalışır. Bununla yanaşı, 1993-cü ildə
Azərbaycanın maarif naziri, 2013-2015-ci illərdə Nəsimi
adına Dilçilik İnstitutunun direktoru vəzifəsində
çalışır.
Bu illər
ərzində göstərdiyi elmi fəaliyyətə və
Azərbaycan dilçiliyinin inkişafındakı əməyinə
görə çoxlu orden, medal, fəxri adlarla
mükafatlandırılmışdır. Biz bu məqalədə
bütün bu təltifləri ümumi şəkildə qeyd
edib, dünyadan akademik kimi köç edən Tofiq
İsmayıl oğlu Hacıyevin yaratdığı
dilçilik məktəbindən, onun yetişdirmələrindən
yığcam şəkildə danışacağıq.
Akademikin
yetişdirib elm aləminə təqdim etdiyi elmi dərəcəlilərin
tərcümeyi-halı ilə tanış olduqda bilirsən
ki, bu məktəbin yetişdirməsi olan alimlərin əksəriyyəti
ya Tofiq müəllimin özünün dərs dediyi, kənddən
gəlib öz bilik və istedadları ilə fərqlənən
tələbələri, ya da hər hansı bir təsadüf
nəticəsində “kəşf etdiyi” insanlardır. Mənə
elə gəlir ki, o, təkcə öz əsərləri və
elmi fəaliyyəti ilə bir xalqı digər xalqların
içərisində sayılıb-seçilən xalqa
çevirməkdə istədiyinə nail olmağın
çətin olduğunu düşünüb, bunun
üçün özü kimi hərtərəfli elmi
dünyagörüşə sahib savadlı, xalqını və
vətənini sevən, öz zəhmətini bu yolda əsirgəməyən
kadrların sıralarının genişlənməsinə
çalışırmış.
Tofiq
müəllimin yetişdirdiyi kadrların fəaliyyəti bu
gün də qabarıq şəkildə görünməkdədir.
Onun qayğısı və təşəbbüsü ilə
dilçilik sahəsində öz qələmini sınayan və
bu yolda saysız uğurlar qazanan akademik Nizami Cəfərovun
adını qeyd etmək, məncə, kifayətdir. Onun
dünya türkoloqları sırasında ən öndə
gedənlərdən biri olmasında Tofiq müəllimin zəhmət
və qayğısını danmaq çətindir.
Tofiq
müəllimin rəhbərliyi ilə müdafiə edib
alimlik dərəcəsi alan dilçilərdən birincisi
1971-ci ildə təsdiqini alıb alim kimi elmi fəaliyyətə
başlayan “Ekspressiv təsdiqlik və ekspessiv inkarlıq”
mövzusunda tədqiqat əsəri yazan Abdullayev Sərxan
Əvəz oğludur. Namizədlik işinin təsdiqinin
alındığı ili əsas götürüb bu işin
mövzu kimi verilməsi tarixini nəzərə alsaq, məlum
olar ki, Tofiq müəllim iddiaçıya mövzu verilən
zaman 30-31 yaşın içində imiş.
Tofiq
müəllim yetişdirdiyi ilk elmi kadr haqqında söhbətlərinin
birində deyirdi ki, mən elmi rəhbər kimi fəaliyyət
göstərməyə ilk dəfə elmi rəhbərim Məmmədağa
Şirəliyevin təkidi ilə başlamışam.
1971 -
2006-cı illəri əhatə edən otuz beş ildə 15 nəfər
elmlər namizədi və 4 elmlər doktoru (mən doktorluq
dissertasiyamı 2015-ci ildə müdafiə edib təsdiqimi
elmi rəhbərimin sağlığında almışam)
yetişdirən akademikin 2006-cı ildən ömrünün
sonuna qədərki dövrdə rəhbərlik etdiyi namizədlik
və doktorluq işləri haqqında məlumatım yoxdur. 15
nəfər elmlər namizədi, 4 elmlər doktorunu 44 ildə
yetişdirsəydi belə, onun bu nailiyyəti dilçilik
tarixində tək-tək alimlərin tərcümeyi-halına
yazıla bilən uğur sayılmalıdır.
Belə
ki, onun rəhbərliyi ilə 1974-cü ildə Əzizov
Elbrus İslam oğlu “Azərbaycan dili dialekt və şivələrində
saitlər ahəngi” mövzusunda, 1981-ci ildə Mirzəzadə
Çimnaz Hadi qızı “Orta əsr ərəb coğrafi mənbələrində
Azərbaycan toponimləri” mövzusunda, 1984-cü ildə Vəliyeva
Gülxanım Qüdrət qızı “Azərbaycan dili Şərqi
Abşeron şivələrinin leksikası” mövzusunda,
1985-ci ildə Cəfərov Nizami Qulu oğlu “Azərbaycan
dilində sadə cümlənin struktur-semantik inkişafı”
mövzusunda, 1986-cı ildə Vəliyeva Məftunə Vaqif
qızı “Azərbaycan xalq şeirinin poetik fonetikası”
mövzusunda, 1987-ci ildə Abdullayeva Qızılgül Ağəli
qızı “50-ci illər Azərbaycan şeir dili”
mövzusunda, 1989-cu ildə Piriyev Eldar Rizvan oğlu “Kitabi – Dədə
Qorqud”un dilində fars sözləri” mövzusunda, 1990-cı
ildə Həsənzadə Nazim Nəriman oğlu “Kitabi – Dədə
Qorqud”un dilində terminoloji leksika” mövzusunda, 1998-ci ildə
Sadiqova Sevda Muradxan qızı “Dəbistan” uşaq
jurnalının dili” mövzusunda, yenə də 1998-ci ildə
Rəhimova Dürdanə Mirzə qızı “Müasir fars
dilində Azərbaycan – türk sözləri” mövzusunda,
1999-cu ildə Zeynalov Sərdar Səyyad oğlu “Orta məktəbin
“Azərbaycan dili” dərsliklərində dilçilik məsələləri”
mövzusunda, 2001-ci ildə Bəyimxanım Böyükağa
qızı “Rus aksentologiyası: normaları və qeyri-filoloji
ixtisaslı türk tələbələrin nitqində
yayınmalar” mövzusunda, 2002-ci ildə Məmmədova Natəvan
Havar qızı “Rəsul Rzanın dili və sərbəst
şeirin dili məsələsi” mövzusunda, 2006-cı ildə
Rüstəmova Cəmilə Rüfət qızı
“Müasir türk və Azərbaycan dillərində diplomatik
terminlərin struktur-semantik təhlili” mövzusunda namizədlik,
1989-cu ildə Abdullayev Sərxan Əvəz oğlu “Müxtəlif
sistemli dillərdə təsdiq və inkarın variantivliyi
(alman və Azərbaycan dillərinin materialları əsasında)”
mövzusunda, 1990-cı ildə Əzizov Elbrus İslam oğlu
“Azərbaycan dilinin tarixi dialektologiyası” mövzusunda, 2005-ci
ildə Özyürək Rasim Vəli oğlu “Azərbaycanda təhsil
alan türkiyəli tələbələrin dil problemləri”
mövzusunda, 2015-ci ildə Zeynalov Sərdar Səyyad oğlu
“Azərbaycan dili dərsliklərində elmi dilçilik
fikrinin inkişafı” mövzusunda doktorluq dissertasiyası
müdafiə etmişlər. Tofiq Hacıyevin rəhbərliyi
ilə dissertasiya müdafiə edib elmi dərəcə alan
dissetantların siyahısına nəzər salanda görkəmli
dilçi-türkoloqun başqa bir müsbət insani
xüsusiyyəti ortaya çıxır. Hər kəs bilir ki, mövzu
götürüb elm iş müdafiə etməyə can atan
dissertantların bəziləri işin gedişində bəzən
öz elmi rəhbərindən imtina edib, özlərinə
yeni elmi rəhbər seçməyə məcbur olur. Yaxud
namizədlik dissertasiyasını müdafiə etdikdən
sonra doktorluq işini tamamilə başqa bir alimin rəhbərliyi
altında hazırlayıb başa çatdırır.
Ancaq biz
Tofiq müəllimin rəhbərliyi altında elm müdafiə
edib namizədlik və doktorluq işini yerinə yetirənlərin
siyahısına diqqət etsək, görərik ki, görkəmli
dilçinin rəhbərliyi altında namizədlik işini
yerinə yetirənlərin əksəriyyəti onu doktorluq
işində özünə rəhbər – məsləhətçi
seçmiş və hər iki işini onun rəhbərliyi
altında yerinə yetirmişdir.
Məsələn,
Tofiq müəllimin 1971-ci ildə namizədlik dissertasiyası
müdafiə edən Sərxan Abdullayev 1989-cu ildə yenidən
onun rəhbərliyi ilə doktorluq, 1974-cü ildə namizədlik
dissertasiyası müdafiə edən Elbrus Əzizov 1990-cı
ildə, 1985-ci ildə namizədlik dissertasiyası müdafiə
edən Nizami Cəfərov 1991-ci ildə, 1999-cu ildə namizədlik
işini yerinə yetirən Sərdar Zeynalov 2015-ci ildə onun
rəhbərliyi ilə doktorluq işini yazıb müdafiə
etmişlər. Yuxarıda qeyd etdiyimiz kimi, 2006-2015-ci illər ərzində
Tofiq müəllimin rəhbərliyi altında namizədlik və
ya doktorluq işi yazıb müdafiə edənlərin tam
siyahısı əlimizdə yoxdur. Elə başa
düşürəm ki, Tofiq müəllimin rəhbərliyi
altında bu 10 il müddətində dissertasiya müdafiə
edənlərin sayı da az deyil. Onları da siyahıya əlavə
etsək, biz hər alimə qismət olmayan bir göstəricinin
şahidi olacağıq.
Mən bu
fikirdəyəm ki, Tofiq müəllim Azərbaycan
dilçilik elminin qarşısında duran həll olunası
məsələlərin yerinə yetirilməsində təkbaşına
qələm çalmağın yetərsiz olduğunu
düşünüb bu sahəni inkişaf etdirmək
üçün bilə-bilə öz rəhbərliyi
altında bir dilçilər ordusu yaratmış və
dayanmadan bu ordunun sıralarının genişlənməsinə
can atmışdır.
Bu gün
Azərbaycan dilçilərinin arasında filologiya elmləri
doktoru, akademik Tofiq İsmayıl oğlu Hacıyevin yetirmələrinin
adı həmişə ön sıralarda çəkilməkdədir.
O, təkbaşına olaraq saysız qiymətli elmi əsərlər
yazıb çap etdirməklə yanaşı, həm də
öz adına layiq bir dilçilik məktəbi yaratdı –
Tofiq Hacıyev dilçilik məktəbi. Noyabrın 27-də
görkəmli alimin öz yetirmələri ilə əbədi
olaraq ayrıldığı tarixdən 8 il ötür. Biz onu
həmişə olduğu kimi, bu gün də fəxarətlə
anır və ona daima rəhmət oxuyuruq. Nur içində
yatasan, unudulmaz ustad!
Sərdar
Zeynal,
Filologiya
elmləri doktoru,
ADPU-nun
Müasir Azərbaycan
dili
kafedrasının professoru
İki
sahil.- 2023.- 28 noyabr, ¹217.- S.5.