AZƏRBAYCAN SƏHİYYƏSİNİN NURU

 

Yüksək mənəviyyata, mərhəmətli, kövrək qəlbə, ən saf mənəvi dəyərlərə sahib olmuş Zərifə xanım Əliyeva həyatı və əməlləri ilə hələ sağlığında əbədiyyət qazanmış bir şəxsiyyətdir

 

Bəşər tarixində dövlət xadiminin övladı, həyat yoldaşı və anası kimi şöhrətin ən uca mərtəbəsinə yüksəlsə də, özünün qazandığı insanlıq zirvəsini bütün şan-şöhrətlərdən uca tutmağı bacarmaq hər adama qismət olmayan mənəvi keyfiyyətdir. Zərifə xanım Əliyeva məhz belə bir mənəvi keyfiyyətin daşıyıcısı olmuş nadir şəxsiyyətlərdən biridir. O, sağlığında insanlığın zirvəsində qərar tutmuş Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi.

Neçə-neçə gözə şəfa bəxş etmiş, ən ağır, mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını nurlandıran humanist insan, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyeva XX əsr Azərbayca səhiyyəsində heç zaman silinməyəcək iz qoyub getmişdir. Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Həm də ona görə ki, onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara…

 

Gözəl övlad, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana…

 

1923-cü ilin 28 aprel tarixi Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dövrünün görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində onilliklər sonra ailənin adını daha da ucalıqlara qaldıracaq, Vətənə layiqli övlad olacaq, xalqına xidməti hər şeydən ümdə biləcək parlaq bir simanın dünyaya gəlişi ilə yaddaqalan olmuşdu.  Zərifə xanım Əliyeva atasının – görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirmişdir. Zərifə xanım, eyni zamanda, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. İncə təbiətli, bu kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin inam və etibarını hər addımda doğrultmuşdur. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamış, onun dayağına çevrilmişdir. Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən ayrı düşünmək olmazdı. Zərifə xanım analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlmişdir. Onun təmkinliliyi, səbri, ağlı, savadı və digər müsbət xüsusiyyətləri övladları – İlham Əliyevin və Sevil Əliyevanın da  gələcək həyat yollarının nurlanmasına yardımçı olmuşdur.

 

Elm fədaisinin işıqlı çöhrəsinin tibb elminə verdiyi dəyərli töhfələr

 

Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu “əla” qiymətlərlə bitirir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və həyata keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.

Zərifə xanım  nursuz gözlərə işıq paylamaq insanlara həyat eşqini qaytarmaq arzusunda idi. Bu arzu onu Moskva şəhərinə aparır və Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdır. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını davam etdirir. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir. Beləliklə, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir.

Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.

Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən «Şin istehsalında gözün peşə patologiyası», «Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya», «Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası» monoqrafiyalarını çap etdirdi. Bu əsərlər dünyanın elmi ictimaiyyətinin etimadını qazandı.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Zərifə Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Zərifə xanım Əliyeva qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuş maraqlı tədqiqatlar aparmışdır. O, həm də gözün zədələnməsinin profilaktikası və müalicəsi imkanlarını öyrənmişdir. Zərifə Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib.

Oftalmologiya elmi sahəsində əvəzsiz xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə xanım bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir.

 

Nurlu obrazı davamçılarının yolunu işıqlandırır

 

Zərifə xanım Əliyeva elmi-pedaqoji fəaliyyətində təkcə elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, eyni zamanda, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftolmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

Zərifə xanım Əliyeva adını daşıyan Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhər poliklinikası, Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu, küçələr, xəstəxanalar, körpələr evləri, təlim-təhsil ocaqları və s. bu böyük insanın xatirəsinin əbədiləşdirilməsinin layiqli göstəricisi, ona qoyulan hörmətin, bəslənilən rəğbətin, göstərilən ehtiramın nəticəsidir. Bakıda müasir Oftalmologiya Mərkəzinin yaradılması Zərifə xanımın çoxdankı arzularından idi. Bu gün Zərifə Əliyevanın adını daşıyan Oftalmologiya Mərkəzi görmə qabiliyyətində problem olan hər kəsin pənah gətirdiyi yerdir. Klinikanın fəaliyyəti dövründə respublikamızın şəhər və rayonlarından gələn yüz minlərlə xəstəyə yüksək səviyyəli xidmət göstərilmişdir. O cümlədən, yaşadığı müddətdə respublikamızın ən yüksək keyfiyyətli oftalmoloji avadanlıqlarla təchiz edilməsində də Zərifə xanımın misilsiz xidmətləri olmuşdur.

Biri-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, onun zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Tibb aləmində bir çox yeniliklərə imza atmış, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanınmış, yüksək intellekt sahibi, yorulmaz alim, akademik, Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir. Onun zəngin elmi irsi, oftolmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. İnsanlara bitib-tükənməyən sevgi, məhəbbət dolu geniş ürəyə sahib olan, gözlərə işıq, nur bəxş edən, Vətən təəsübünü hər şeydən üstün  tutmağı bacaran, özünün fitri istedadı ilə elmin, insanlığın ən yüksək zirvəsinə ucalan akademik Zərifə xanım Əliyeva bu xüsusiyyətləri ilə həm müasir gənclərə, həm də gələcək nəsillərə nümunə və örnəkdir.

Heç şübhəsiz ki, bütün həyatını insanlara, onların gözlərinə və qəlblərinə nur səpməklə kamillik zirvəsini fəth etmiş Zərifə xanım Əliyevanın xeyirxah əməl dəftəri heç zaman bağlanmayacaq, nur çeşməsi əsla qurumayacaq, əziz xatirəsi isə qürur mənbəyimiz kimi dünya durduqca yüksək tutulacaq.

 

Yaqut Ağaşahqızı, “İki sahil”

 

Yazı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB),  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin və dünya şöhrətli oftalmoloq alim Zərifə xanım Əliyevanın 100 illik yubileyi, eyni zamanda, TƏBİB-in fəaliyyətə başlamasının 5 illiyi ilə bağlı media nümayəndələri arasında “Bir ömür xidmətinizdə…” mövzusunda  keçirdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.

 

İki sahil.- 2023.- 29 noyabr, ¹218.- S.5.