Vətən adlı bir sevdamız var...

 

Üç il əvvəl Cəbrayılın azad edilməsi ilə Azərbaycan xalqında ruh yüksəkliyi, ordumuzda döyüş ruhu və özünə inam hissi daha da artdı

 

Bu günlər Azərbaycan xalqı torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin üçüncü ildönümünü yaşayır. Tariximizin ən şərəfli anları, qələbələri sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür.

Vətən müharibəsinin ilk günündə - 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusu Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini düşmən işğalından azad etdi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl erməni işğalçılarından təmizləndi. Azad olunmuş ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı. Bununla Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji əhəmiyyətli Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsi kimi çağdaş tariximizə düşdü.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə rayon yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 minədək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa edilib. Müharibə başlayandan bir həftə sonra Cəbrayılın azad edilməsi işğalçı Ermənistan ordusunun ilk ən ciddi və böyükmiqyaslı zərbə alması ilə nəticələndi. Bununla da düşmən ordusunda çox böyük ruh düşkünlüyü, inamsızlıq yarandı.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində Zəfər çalmasından 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan Bayrağını qaldırıb. Bunun böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

2020-ci ilin 4 oktyabr tarixi bütün cəbrayıllılar üçün unudulmaz günə çevrilib. Məhz həmin gün 27 illik yurd həsrətinə son qoyulub. 

Cəbrayıl bizimdir, Qarabağ Azərbaycandır!

 

Cavid Əkbərov

 

İki sahil.- 2023.- 4 oktyabr.- S.4.