Ulu Öndərin Özü qədər inandığı Lider
Prezident İlham Əliyev qüdrətli və qalib Azərbaycanın güvənilən Sərkərdəsi,
tarixi zəfərlərimizin
baş qəhrəmanıdır
Düz 20 il əvvəl Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına tarixi bir müraciət
etdi. Müraciətdə
müstəqil Azərbaycan
dövlətinin daha da inkişafı və qüdrətlənməsi
üçün önəmli
məqamlar var idi: «Üzümü Sizə - həmvətənlərimə
tutaraq, qarşıdan
gələn prezident seçkilərində prezidentliyə
namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl
bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir.
Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Partiyası bundan sonra da xalqımızın
ən layiqli övladlarını öz
ətrafında sıx
birləşdirərək Azərbaycan
dövlətinin inkişafı
və xalqımızın
firavanlığı yolunda
çox işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları,
işləri Sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm».
Məhz Ulu Öndərin bu tarixi müraciətinə yekdilliklə səs verən Azərbaycan xalqı 2003-cü ilin oktyabrın15-də keçirilmiş prezident seçkilərində böyük səs çoxluğu ilə cənab İlham Əliyevə etimad göstərdi. Bununla da Azərbaycan xalqı əmin-amanlığın, inkişafın və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə ölkəmizdə bu siyasətə alternativin olmadığını göstərdi.
Bəli, qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə... Bunlar qətiyyətli siyasətçi və müdrik Lider Prezident İlham Əliyevin son 20 ildə yaratdığı möhtəşəm reallıqlardır. Prezident İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Məhz bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 günlük Vətən savaşında son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Bəli, xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin «güclü dövlət» konsepsiyası ötən 20 ildə uğurla reallaşdı. Bu konsepsiyanın əsasını təşkil edən üç mühüm tendensiyanın- iqtisadi, siyasi, hərbi gücün yaradılması Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu.
Güclü iqtisadiyyat güclü dövlət deməkdir
Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə ilk növbədə güclü iqtisadiyyat formalaşdırıldı. Məhz onun inqilabi xarakterli islahatları ilə Azərbaycan iqtisadi baxımdan qüdrətli dövlətə çevrildi. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirildi. Belə ki, 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi» ilə əsası qoyulan möhtəşəm neft strategiyası sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə çağdaş dünyanın istək və çağırışlarına, həm də milli mənafelərimizə uyğun davam etdirildi. Yəni, 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırıldı. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirildi. TAP layihəsi ilə bağlı işlər yekunlaşdı, həmçinin «Əsrin müqaviləsi» 2050-ci ilə qədər uzadıldı.
Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görüldü, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verildi. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikildi. Bu gün Azərbaycan həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz «Azerspace-1», 2014-cü ildə Yer səthini müşahidə edən «Azersky» peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki – «Azerspace-2» orbitə çıxarıldı. Bütün bunlarla yanaşı, son 20 ildə ölkəmizdə ümumi daxili məhsul 3,5 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib, strateji valyuta ehtiyatlarımız 60 milyard ABŞ dollarını ötüb. Qeyri-neft sektorunun, kənd təsərrüfatının, metallurgiya sənayesinin, yüngül sənayenin inkişafı istiqamətində atılan mühüm addımlar da öz müsbət nəticəsini verməkdədir.
Bu gün
dünyada etibarlı tərəfdaş kimi
tanınan qüdrətli Azərbaycan
mövcuddur
Prezident İlham Əliyevin möhtəşəm siyasi bacarığı Azərbaycan dövlətinin geosiyasi uğurlar qazanmasına da geniş imkanlar açıb. Bu gün dünyada güclü Azərbaycanla hesablaşan xarici qüvvələrin sayı xeyli çoxalıb. Çünki Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada da təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezident İlham Əliyevin beynəlxalq və regional təşəbbüslərinə həmrəyliyini ifadə edir.
Təbii ki, yalnız işğalçı Ermənistan istisna olmaqla, bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirə bilib.
Son 20 ildə beynəlxalq təsisatlarla da səmərəli əməkdaşlıq əlaqələrinin qurulması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edib. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bu sıraya, həmçinin Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri də daxildir.
Tarixi Zəfərimizin şəriksiz
Lideri
1994-cü ildə Azərbaycanla Ermənstan arasında atəşkəs əldə olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri ordu quruculuğu olmuşdu. Bu istiqamət Prezident İlham Əliyevin də güclü dövlət konsepsiyasının tərkib hissəsidir. Ona görə də son 20 ildə peşəkar hərbi qulluqçuların hazırlanması, ordunun maddi-texniki təminatının gücləndirilməsi istiqamətində bütün lazımi addımlar atıldı. İllər ötdükcə ordumuzun arsenalı dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müasir hərbi texnikalar ilə daha da gücləndirildi. Müxtəlif ölkələrlə hərbi əməkdaşlığa dair sənədlər imzalandı, hərbi qulluqçularımızın xarici dövlətlərdə müxtəlif təcrübə proqramlarında, kurslarda iştirakı təmin edildi. Xüsusilə, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bu, Azərbaycan Silahlı Qüvvələrini lazımi müasir silah və hərbi texnika ilə təmin etmək baxımından çox mühüm önəmə malik addım idi. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. Vətən müharibəsinə qədər Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı.
2020-ci ilin sentyabrın 27-də isə düşmən ölkəmizə qarşı növbəti genişmiqyaslı təxribat törətdi. Ali Baş Komandan bu təxribatları önləmək və erməni işğalına birdəfəlik soq qoymaq üçün «Hücum!» əmri verdi. Bununla da müdafiədən hücuma keçməklə cəbhədə hərbi üstünlüyü ələ aldıq. Ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində işğal altındakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. «Dəmir yumruq» əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu. Prezident İlham Əliyevin «Bu gün beynəlxalq münasibətlərdə «kim güclüdür, o da haqlıdır» prinsipi üstünlük təşkil edir» fikri İkinci Qarabağ müharibəsində özünü tamamilə doğrultdu. Xüsusilə Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər günü kimi yazıldı. İşğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. 2023-cü ilin sentyabrın 19-da isə Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda başlatdığı lokal antiterror tədbirləri ilə Xankəndidəki separatçı və terrorçu xuntanın varlığına birdəfəlik son qoyuldu. Ən qürurverici hadisə isə separatçıların qaniçən rəhbərlərinin qandallanaraq Bakıya gətirilməsi oldu. Bununla da 30 ildir doğma Qarabağımızda soyqırımı törədənlərə tarixi dərs verilmiş oldu.
Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı. Ən başlıcası isə güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı. Bir sözlə, Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Bu gün Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsi Azərbaycan dövlətini daha da gücləndirmək, Azərbaycan Bayrağını ən uca zirvələrdə dalğalandırmaqdır. Ona görə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurdakı böyük tikinti-quruculuq işləri, məcburi köçkünlərin öz doğma yurdlarına Böyük Qayıdışı 44 günlük tarixi Zəfərimizin sosial-iqtisadi istiqamətdəki davamıdır.
Elçin Zaman
İki sahil.- 2023.- 13 oktyabr, ¹187.- S.4.